Buz meydanda idman rəqsləri - ifa edir Azərbaycan fiqurlu
konkisürənləri
Rusiyanın
Soçi şəhərində davam edən XXII Qış
Olimpiya Oyunlarının növbəti yarış
günündə fiqurlu konkisürənlərin
çıxışları böyük maraqla izlənilmişdir.
Qısa proqram üzrə mübarizə aparıb idman rəqslərində
ustalığını nümayiş etdirən 24
cütlük arasında Azərbaycanın Yuliya Zlobina-Aleksey
Sitnikov dueti də olmuşdur.
Təmsilçilərimiz
proqramı kifayət qədər inamla yerinə yetirmiş və
hakimlər onların çıxışlarını 58,15
balla qiymətləndirmişlər. Bu isə yekunda 14-cü nəticə
olmuşdur. İlk üç yeri ABŞ
idmançıları Meril Devis və Çarli Uayt (78,89),
kanadalılar Tessa Virtu-Skott Moyr cütlüyü (76,33) və
Rusiyanın Yelena İlyınıx-Nikita Katsalapov (73,04) dueti tutmuşlar.
Türkiyə təmsilçiləri Alisa Aqafonova və Alper
Uçarın (49,84 bal)
22-ci nəticə göstərdiklərini
də qeyd edək.
Fiqurlu
konkisürənlərin yarışlarında çempion və
mükafatçılar iki proqram üzrə
çıxışların yekununda müəyyənləşdirilir.
Dünən axşam bu turnirin iştirakçıları sərbəst
proqramı yerinə yetirmişlər. Olimpiadanın
medallarını hansı cütlüklərin
qazanacağı da bu startlardan sonra məlum olacaqdı.
Oyunların
proqramında ən populyar növlərdən biri olan kişilərin
xokkey turnirində növbəti görüşlər belə
nəticələnmişdir: Rusiya-Slovakiya-1:0, Avstriya-Norveç-3:1,
Sloveniya-ABŞ-1:5, Finlandiya-Kanada-1:2. Dörddəbir finala ilk dörd vəsiqəni
öz qruplarında birinci yeri tutan İsveç, ABŞ, Kanada
və Finlandiya komandaları qazanmışlar.
Olimpiadanın ümumkomanda hesabında əvvəlkitək Almaniya liderdir. Bu ölkənin idmançıları dünənki startlaradək 12 medal-7 qızıl, 3 gümüş və 2 bürünc mükafata sahib olmuşlar. Medal qazanmış ölkələrin siyahısında onların ən yaxın izləyiciləri Hollandiya (5 qızıl, 5 gümüş və 7 bürünc mükafat) və Norveçdir (5+3+6). Rusiya olimpiyaçıları 4 qızıl, 7 gümüş və 5 bürünc medalla beşinci mövqedədirlər. Digər yaxın xaric ölkələrindən Belarusun (10-cu yer) 3 qızıl, 1 bürünc, Latviyanın (22- ci yer) 1 gümüş, 2 bürünc, müvafiq surətdə 25-ci və 26-cı pillələrdə olan Qazaxıstanla Ukraynanın hərəyə 1 bürünc mükafatı vardır.
Dünən XXII Qış Olimpiya Oyunlarının iştirakçıları daha yeddi dəst medal uğrunda mübarizə aparmışlar. Onu da xatırladaq ki, bu gün Azərbaycanın daha bir idmançısı Qaya Bassani mübarizəyə qoşulub dağ xizəkçiliyi məsafəsinə çıxacaq. Bu növdə digər təmsilçimiz də artıq start ərəfəsindədir. Patrik Braxner sabah ustalığını nümayiş etdirəcək.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2014.- 18 fevral.- S. 7.