Xalq yazıçısı ElçininŞekspir” əsərinin tamaşası İstanbulun ən nüfuzlu teatr səhnəsində göstərilmişdir

 

 İstanbul Bələdiyyə Teatrlarının ən nüfuzlu Muhsin Erduğrul səhnəsində xalq yazıçısı ElçininŞekspir” əsərinin tamaşası göstərilmişdir.

Elçinin Türkiyənin mədəni həyatında mühüm hadisə olanUlduzlar altında ölüm” (“Qatil”) əsərinin tamaşasının və “Mahmud və Məryəm” filminin premyerasından sonra daha bir əsərinin - “Şekspirin tamaşası böyük əks-səda doğurmuşdur. Tamaşada xalq yazıçısı, müəllif Elçin Əfəndiyev, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, İstanbul valisi Hüseyn Avni Mutlu, diplomatlarımız, qardaş ölkənin ictimai xadimləri, sənət adamları olmuşlar.

İstanbul Bələdiyyəsi Teatrlarının müdiri Hilmi Zafer Şahin AzərTAc-a bildirmişdir ki, “Şekspirpyesini Türkiyədə səhnələşdirmək ideyası “Qatil” tamaşasını Bakıda nümayiş etdirdiyimiz zaman professor Nərgiz Paşayevanın istanbullu aktyorları “ÜNS” Yaradıcılıq Səhnəsinə dəvət etməsindən sonra yaranmışdı. Burada rejissor Bəhram Osmanovun quruluşunda tamaşaya baxdıqdan sonra mən bu maraqlı əsəri Türkiyədə tərcümə etmək və səhnələşdirmək istədiyimi bildirdim. Teatrın bədii şurası da əsəri repertuara daxil etdikdən sonra gərgin səylərimiz nəticəsində belə gözəl tamaşanı ərsəyə gətirdik.

Tamaşanın quruluşçu rejissoru, aktrisa Məlahət Abbasova dörd il əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrının Muhsin Ertuğrul səhnəsində böyük uğurla göstərilən “Qatil” tamaşasının da quruluşunu vermiş, habelə İstanbul teatrlarında xalq yazıçısı Anarın “Təhminə və Zaur”, xalq şairi Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərlərini də səhnələşdirmişdir. Onun sözlərinə görə, bəşəri ideyalar daşıyan, insanlığın əzəli və əbədi problemlərinə toxunanŞekspir” tamaşasının onların arasında xüsusi yeri vardır.

Türkiyənin tanınmış dramaturqu Tuncer Cücenoğlu xalq yazıçısı Elçini on beş ildir tanıdığını, onun hər əsərinin Türkiyədə səhnələşdirilməsinin mədəni həyatda əlamətdar hadisə olduğunu demişdir. Özünün də pyeslərinin Azərbaycanda səhnələşdirildiyini qeyd edən türkiyəli yazıçı vurğulamışdır ki, iki qardaş ölkə dramaturqlarının əsərlərinin təbliği xalqlarımızın mədəniyyət sahəsində əməkdaşlığının bir örnəyidir. Artıq Türkiyə və Şimali Kipr teatrsevərləri Elçini öz dramaturqları kimi tanıyır və sevirlər.

Türkiyənin tanınmış aktrisası Suna Keskinböyük həvəslə tamaşa etdiyi bu əsərdə təqdim olunan bəşəri mövzuların hər bir insanı ömür boyu düşündürdüyünü söyləmişdir. Onun sözlərinə görə, hər bir sənətçi üçün tamaşaçını düşündürən rolu oynamaq olduqca maraqlıdır. Məhz bu tamaşada belə rollar çoxdur və türkiyəli aktyorlar azərbaycanlı dramaturqun düşüncələrini tamaşaçıya məharətlə çatdırdılar.

Türkiyənin tanınmış səhnə ustaları  - Sezai Aydın, Hakan Arlı, Selma Kutluğ və digərlərinin əsərə və ifalarına yaradıcı münasibətləri tamaşaçıların sürəkli alqışları ilə qarşılanmışdır. Ayhan Aydoğanın səhnə tərtibatı da əsərin fəlsəfi-psixoloji missiyasını gözəl şəkildə tamamlamışdır. Səhnədəki böyük beyin maketi, onun açılmasından sonra ortaya çıxan zaman məfhumu və fələyin çarxını xatırladan orijinal üslub yüksək peşəkarlıq nümunəsidir.

Hadisələrin cərəyan etdiyi ruhi əsəb xəstəxanası, müəllifin buradaStalin”, “Sara Bernar” və yad planetli adlandıran ruhi xəstələrin adından tamaşaçıya təqdim etdiyi fəlsəfi özünüdərk postulatı bütün dinlərdən və millətlərdən olanları düşündürən məsələlərdir.

Hakan Arlının ustalıqla yaratdığı baş həkim obrazı bir ictimai-siyasi formasiyadan digərinə keçid dövründə yaşadığı dərin mənəvi-psixoloji problemlərin yaratdığı sarsıntıdan ruhi xəstələrə həsəd aparan həkimin faciəsinin səhnə təcəssümüdür.

Aktyor Sezai Aydının canlandırdığı “Stalin” ləqəbli xəstənin dilindən isə dünyanın böyük bir hissəsində insanlığın məruz qaldığı cinayət, kataklizmtragikomik hadisələr təqdim olunur.

Bəstəkar Aygün Səmədzadənin tamaşaya yazdığı mistik musiqi səhnə əsərini daha baxımlı edir.

İstanbul teatrsevərlərinin rəğbətlə qarşıladığı “Şekspir” tamaşası İstanbul Bələdiyyə Teatrlarının ÜsküdarÜmraniye səhnələrində də göstərilmişdir.

Tamaşanın aprel-may aylarında Bakıda da nümayiş etdirilməsi planlaşdırılır.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 19 fevral.- S. 4.