Azərbaycan
iqtisadiyyatına yatırılan investisiyalar artır
Azərbaycan adambaşına düşən ümumu daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur. Dünya İqtisadi Forumuna görə, respublikamız hazırda ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir. Ötən ilin əlamətdar hadisələrindən biri də Azərbaycanın dünyada 40 rəqabətli ölkə arasında yer almasıdır.
Bu gün dünyanın əksər
aparıcı ölkələri hələ də böhran
problemlərini aradan qaldırmağa
çalışdığı bir vaxtda, Azərbaycan
dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələri
həyata keçirməkdədir. Ölkə makroiqtisadi
dayanıqlıq göstəricilərinə görə
dünyada ilk onluqda qərarlaşmışdır. Milli iqtisadiyyat yüksək məşğulluq həddində
fəaliyyət göstərir. Ölkədə yüz minlərlə
yeni iş yerləri açılmış, regionların sosial-iqtisadi
inkişafı sürətlənmişdir. 2013-cü ildə
Azərbaycanın xarici iqtisadi mövqeyi daha da möhkəmlənmiş,
ilkin qiymətləndirməyə görə ixracın həcmi
30 milyard ABŞ dollarını, tədiyyə balansının
cari hesabında profisit isə 10 milyard dolları
ötmüşdür. Milli iqtisadiyyat istənilən
şokları qarşılamağa imkan verən valyuta
ehtiyatlarına malikdir. Strateji valyuta ehtiyatları 50 milyard
ABŞ dollarından çox olmaqla ÜDM-in 70 faizinə
ekvivalentdir.
Ötən il ölkə iqtisadiyyatı 5,8
faiz artım nümayiş etdirmiş, qeyri-neft
iqtisadiyyatında artım 10 faiz olmuşdur.
2013-cü
ildə Azərbaycanda bütün maliyyə mənbələrindən
iqtisadiyyatın və sosial sahələrin inkişafına 17,87 milyard manat və ya 2012-ci ildəkindən
15,1 faiz çox vəsait yönəldilmişdir. Dövlət
Statistika Komitəsindən verilən məlumata görə,
tikinti-quraşdırma işlərinə yatırılan
investisiyaların həcmi investisiyaların ümumi həcminin
66,3 faizini təşkil etmişdir.
2013-cü ildə istehsalat yönümlü obyektlərin
tikintisinə 8 635,7 milyon manat,
qeyri-istehsalat obyektlərinə isə 9 236,4 milyon manat sərmayə
qoyulmuşdur.
Əsas
kapitala qoyulmuş vəsaitlərdən 73 faiz (13 047,3 milyon manat) qeyri-neft sektorunun inkişafına
yönəldilmişdir. Ölkənin neft sektoruna isə 4 824,8
milyon manat (27 faiz) sərmayə qoyulmuşdur, 2012-ci ilin analoji
dövründə isə bu rəqəm 430,5 milyon manata bərabər
olmuşdur. Azərbaycanın sənaye sahələrinə
yatırılmış kapital qoyuluşları təqribən
4,7 milyard manat təşkil etmişdir ki,
bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən
20,6 faiz çoxdur.
Qeyri-neft sektorunda ən iri layihələrdən olan
Sumqayıt Kimya Sənaye Parkına (SKSP) investisiyaların cəlb
edilməsi istiqamətində kompleks tədbirlər davam
etdirilir. SKSP-nin mütəxəssislərinin
iştirakı ilə Sənaye Parkında fəaliyyət
göstərmək istəyən potensial investorlara dəstək
məqsədilə inşaat, lak-boya, şüşə,
karton və digər sənaye sahələrini əhatə edən
nümunəvi investisiya layihələri
hazırlanmışdır. Bu zaman
dünya kimya bazarının aparıcı tendensiyaları nəzərə
alınmışdır. Qeyd edək ki,
investisiya layihələri çərçivəsində
istehsal olunacaq məhsullara həm ölkədə, həm də
regionda böyük tələbat vardır.
Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb
olunması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə
“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən
yerli və xarici şirkətlərlə işgüzar
görüşlər keçirilir, ölkə daxilində və
beynəlxalq tədbirlərdə Sumqayıt Kimya Sənaye
Parkının təqdimatları təşkil edilir, ikitərəfli
danışıqlar aparılır.
Son illər sənayenin inkişafına mühüm
önəm verilməsinin nəticəsi kimi bir neçə
fakta diqqət yetirək. Ötən il qeyri-neft sektorunun inkişafına
xüsusi diqqət yetirilməsi irimiqyaslı infrastruktur layihələrinin
həyata keçirilməsinə əlverişli şərait
yaratmışdır. Bakı və Sumqayıt şəhərlərinin
içməli su təchizatının
yaxşılaşdırılması üçün
Samur-Abşeron suvarma sistemi yenidən qurulmuş,
Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik
Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik
Stansiyası istifadəyə verilmiş, regionların elektrik,
qaz, su, kanalizasiya şəbəkələrinin inşası və
yenidən qurulması üzrə işlər geniş vüsət
almışdır.
Böyük
İpək Yolunun bərpasına və
canlandırılmasına xidmət edəcək və
transregional əhəmiyyətə malik olan yeni Bakı Dəniz
Limanının, Bakı-Böyük kəsik dəmir yolunun
yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun
tikintisi layihələri üzrə işlərin davam etdirilməsi
üçün dövlət büdcəsinin vəsaiti, həmçinin
xaricdən cəlb edilmiş kreditlər hesabına maliyyələşmələr
reallaşdırılmışdır.
Azərbaycanda yaradılan yeni sənaye müəssisələri
həm də beynəlxalq standartlara uyğun qurulması ilə
diqqəti cəlb edir. Məsələn, qeyri-neft sənayesi
üçün böyük əhəmiyyət kəsb edən
Bərk məişət tullantılarının
yandırılması zavodu istehsal gücünə görə
Şərqi Avropada və MDB məkanında ən iri bu tipli
müəssisədir. Dördüncü nəsil
(4G) texnologiyalarının tətbiqi ilə qurulmuş bu zavod
Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində
ən sərt normativlərinə tam cavab verir. 20 hektar ərazidə
inşa olunmuş və illik emal gücü 500 min ton məişət
tullantısı və 10 min ton tibbi tullantı olan zavodun fəaliyyəti
nəticəsində ildə 60 milyon kubmetrdən artıq təbii
qaz ekvivalentində enerjiyə qənaət olunacaq, 231,5 milyon
kilovat saat elektrik enerjisi istehsal ediləcək. Bu
isə on minlərlə ailənin elektrik enerjisi ilə təmin
olunmasına imkan verəcəkdir.
Yaxud, başqa bir misal. “DET AL Alüminium”
MMC-nin Gəncə alüminium zavodunda ildə 50 min ton ilkin
alüminium istehsal edəcək 84 elektroliz təknəsi
quraşdırılmışdır. Bu təknələrdə yüksək keyfiyyətli A-8,
A-7E, A-7, A-6 markalı texniki baxımdan təmiz ilkin alüminium
əldə edilir və müasir quru qaztəmizləmə
sistemləri vasitəsilə atmosferə atılan
tullantıların 98,5 faiz təmizlənməsi həyata
keçirilir. Birinci mərhələdə ilkin
alüminium istehsalı üçün tələb olunan
bütün obyektlərin tikintisi başa
çatdırılmış və bu layihə çərçivəsində
Gəncə Gil-Torpaq Zavodunun istehsal fəaliyyəti bərpa
olunmuşdur.
Onu da deyək
ki, yaxın və uzunmüddətli perspektivdə
texnoparkların inkişafını stimullaşdırmaq
üçün ölkənin vergi qanunvericiliyində sənaye
və texnologiyalar parkında çalışan fiziki və
hüquqi şəxslərə, eləcə də
parkların idarəedici təşkilat və operatorlarına gəlir,
mənfəət, ƏDV, əmlak və torpaq vergiləri
üzrə 7 illik güzəştlər nəzərdə
tutulmuşdur.
Prezident
İlham Əliyev Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı dövlət
proqramlarının icrasına həsr olunmuş konfransda
demişdir: “Daxili sərmayələr artıq xarici sərmayələri
üstələyir. Bu da çox müsbət
haldır. Düzdür, daxili sərmayələrin
tərkibində dövlət investisiya xərcləri hələ
ki, üstünlük təşkil edir. Bu
da təbiidir. Çünki infrastruktur
layihələri və ölkə iqtisadiyyatı
üçün lazım olan digər proqramlar icra edilir.
Ancaq özəl sektor da Azərbaycana investisiya
qoyuluşunu artırır. Bu da ilk növbədə,
ölkəmizdə hökm sürən sabitliyin
hesabınadır və özəl sektorun Azərbaycanın gələcəyinə
inamının təzahürüdür. Ona
görə əminəm ki, gələcək illərdə
investisiyanın həcmi, qoyulan sərmayə azalmayacaqdır.
Çünki görüləsi işlər
çoxdur. Ümumiyyətlə, 160 milyard
dollar həcmində qoyulan sərmayə Azərbaycan
iqtisadiyyatına böyük təkan vermişdir. Bu müsbət meyillər güclənir. Gələcəkdə həm dövlət, həm
özəl, həm xarici və daxili sərmayələrin
qoyuluşu gözlənilir”.
Azərbaycanda əsas neft kontraktları
imzalanmasına baxmayaraq, hazırda
ölkəmiz xarici iş adamları üçün cəlbedici
dövlət kimi çox maraqlıdır. Bu
gün daha çox qeyri-neft sektorunun inkişafına vəsait
qoyulur. Bir sözlə, ölkəmizdə
yaradılan investisiya iqlimi çox müsbətdir. Adambaşına düşən birbaşa xarici sərmayələrin
qoyuluşuna görə Azərbaycan MDB məkanında ön
sıralardadır.
Azərbaycanda
son on il ərzində, eyni zamanda,
sahibkarlığın inkişafına çox böyük
diqqət göstərilmişdir. Xüsusilə
sahibkarların ölkə iqtisadiyyatına sərmayə
qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən
konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb
edilmişdir. Sahibkarlığa Kömək Milli Fondu hesabına 1
milyard 200 milyon manat investisiya qoyulmuşdur. Sahibkarlara
güzəştli şərtlərlə kreditlər
verilmişdir. Özəl bölmənin inkişafı
üçün xüsusi tövsiyə planları tərtib edilmişdir. Ölkə iqtisadiyyatında ən çox lazım
olan sahələri inkişaf etdirmək üçün
artıq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
kreditlər ayrılır.
Azərbaycan İnvestisiya Şirkəti də regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görmüş, “Milk Pro”, “Ağstafa Aqroservis”, “Azərtoxum” və “Dəvəçi broyler”də həyata keçirilən layihələrdə iştirak etmişdir. Bu tədbirlər nəticəsində hesabat dövründə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxmış, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, nəticədə ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür.
Müasir tələblərə cavab verən minlərlə infrastruktur və sosial obyektlərin inşası ilə bərabər, biznes və investisiya mühitinin yaxşılaşdırılması regionların iqtisadi potensialını gücləndirməklə, ümumilikdə, iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə, qeyri-neft sektorunun və ixracının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir. Belə ki, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlamışdır. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilmiş, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilmiş, 24-ü üzrə işlər davam etdirilir. 2014-cü ilin “Sənaye ili” elan olunması bu sahədə aparılan işləri daha da genişləndirəcək və sənayeləşməni sürətləndirəcəkdir.
Hazırda tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri uğurla başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın...”.
Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 20 fevral.- S. 1.