“Antikorrupsiya siyasəti dövlətin
davamlı iradəsidir” kitabının təqdimatı
keçirilmişdir
Fevralın
19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
İnsan Hüquqları İnstitutunda “Antikorrupsiya siyasəti
dövlətin davamlı iradəsidir” kitabının təqdimatı
keçirilmişdir.
Tədbirdə
Milli Məclisin deputatları, aidiyyəti nazirlik və komitələrin
nümayəndələri, beynəlxalq təşkilatların
təmsilçiləri, alimlər və kütləvi
informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
AMEA
İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin
deputatı Aytən Mustafayeva ölkəmizdə insan
hüquqlarının inkişafına böyük diqqət
göstərildiyini, eyni zamanda, qlobal bəlaya çevrilən
korrupsiyaya qarşı dövlət səviyyəsində ciddi
tədbirlər görüldüyünü
vurğulamışdır. A.Mustafayeva bildirmişdir ki, ölkəmizdə
korrupsiya ilə mübarizə sahəsində sanballı
hüquqi baza yaradılmışdır. “Korrupsiyaya
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanunu korrupsiya ilə əlaqədar
hüquqpozmaların aşkar edilməsi,
qarşısının alınması və nəticələrinin
aradan qaldırılmasına, sosial ədalətin, insan və
vətəndaş hüquqlarının və
azadlıqlarının müdafiə olunmasına,
iqtisadiyyatın inkişafı üçün əlverişli
şəraitin yaradılmasına, dövlət
orqanlarının və yerli özünüidarəetmə
orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin
qanuniliyinin, şəffaflığının və səmərəliliyinin
təmin edilməsinə yönəlmişdir.
İnstitutun
direktoru Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı
ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizəyə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı”nın əhəmiyyətini qeyd etmişdir. Sənəddə
dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi,
məhkəmə qərarlarının icrasının səmərəliliyinin
təmin edilməsi, korrupsiya ilə bağlı milli
qanunvericiliyin beynəlxalq hüquq normalarına
uyğunlaşdırılması məsələlərinin əksini
tapdığı vurğulanmışdır. Bildirilmişdir
ki, ümummilli lider Heydər
Əliyev 1993-cü ildə xalqın təkidi ilə Azərbaycanda
ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra
ölkədə bütün istiqamətlərdə olduğu
kimi, korrupsiyaya qarşı mübarizə sahəsində də əsaslı
islahatlara başlanılmışdır. Hazırda bu proses
uğurla davam etdirilir.
Azərbaycan
Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin şöbə rəisi
Vüqar Əliyev bəşəriyyətin ən böyük
bəlasına çevrilmiş korrupsiyanın hər bir
dövlətin iqtisadi inkişafında başlıca maneə
olduğunu, milli sərhədləri aşaraq transmilli xarakter
daşıdığını, vətəndaşların
dövlət təsisatlarına inamını zəiflətdiyini
vurğulamışdır. Şöbə rəisi
bildirmişdir ki, Azərbaycanda korrupsiyaya qarşı
mübarizə tədbirlərinin həyata keçirilməsinə
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
başlanmışdır. Hazırda Prezident İlham
Əliyevin uğurla davam etdirdiyi mübarizə tədbirlərinin
miqyası daha da genişlənmişdir. V.Əliyev təmsil
etdiyi idarənin korrupsiyaya qarşı mübarizə istiqamətində
qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığa
böyük önəm verdiyini qeyd etmişdir. “Antikorrupsiya
siyasəti dövlətin davamlı iradəsidir”
kitabının bu problemlə mübarizə sahəsində və
hüquqi maarifləndirmə baxımından böyük əhəmiyyəti
qeyd edilmişdir.
Kitabın
müəlliflərindən biri - tarix üzrə elmlər
doktoru, professor Namiq Axundov bildirmişdir ki, hazırda
dünyanın praktik olaraq bütün ölkələrində
korrupsiya vardır. Azərbaycan bu qlobal bəlaya qarşı
çox ciddi konsepsiyaya və strateji layihələrə
malikdir. Alim demişdir ki, ölkəmiz korrupsiya ilə
mübarizədə beynəlxalq sistemə qoşulmuşdur,
antikorrupsiya siyasətində öz xəttini və kursunu davam
etdirməkdədir. Artıq beynəlxalq təşkilatlar tərəfindən
korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış
qurumun Azərbaycan modeli müsbət qəbul edilərək
nümunə kimi təqdim olunur.
Nəşrin
həmmüəllifi - İnsan Hüquqları İnstitutunun
şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə
doktoru, professor Rövşən Vəlizadə korrupsiyanın
təhlükəli xüsusiyyətlərindən danışmış,
rüşvət və korrupsiyanın dövlətçilik
prinsiplərinə zidd olduğunu vurğulamışdır.
Tədbirdə
çıxış edənlər “Antikorrupsiya siyasəti
dövlətin davamlı iradəsidir” kitabının Azərbaycanda
korrupsiya problemi ilə mübarizədə mühüm əhəmiyyət
kəsb edən növbəti addım olduğunu
vurğulamışlar. Natiqlər professorlar Namiq Axundov və
Rövşən Vəlizadənin birgə qələmə
aldıqları kitabın məziyyətindən, müasir
dövrdə aktuallığından və əhəmiyyətindən
danışmış, müəlliflərin bu sahədəki
fəaliyyətlərini təqdirəlayiq hesab etmişlər.
Xalq qəzeti.- 2014.- 20 fevral.- S. 5.