İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak edən 53 dövlətin parlamentinin nümayəndələri Xocalı faciəsinin soyqırımı kimi tanınmasında həmrəy olmuşlar

 

Xəbər verdiyimiz kimi, fevralın 18-19-da İranın paytaxtı Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçirilmişdir.

Sessiyada iştirak edən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) Beynəlxalq katibliyinin rəhbəri Elmeddin Mehdiyev AzərTAc-a bildirmişdir ki, bu beynəlxalq görüşdə 53 üzv dövlətin parlament nümayəndələri iştirak etmişlər. Nümayəndə heyətlərinin bir çoxuna parlament sədrləri rəhbərlik etmişdir. Sessiyada “İƏT Parlamentlər İttifaqı ilə İKGF arasında əməkdaşlıq” adlı qətnamədə növbəti dəfə Xocalı faciəsi “soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət” kimi qiymətləndirilmişdir.

İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində irəli sürülən bu qətnamə layihəsi İttifaqın proseduruna  uyğun olaraq Azərbaycan Milli Məclisi tərəfindən dəstəklənmiş və İƏT-in katibliyinə təqdim edilmişdir. Sessiyanın birinci günündə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov İKGF tərəfindən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini vurğulamış və üzv dövlətləri kampaniyanın fəaliyyətinə dəstək verməyə, həmçinin irəli sürülən qətnaməni dəstəkləməklə Xocalı soyqırımının tanınması kimi mühüm məsələdə həmrəylik nümayiş etdirməyə çağırmışdır.

 İƏT Gənclər Forumunun təmsilçisi qəbul olunmuş sənədin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, İKGFnin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət!” kampaniyasının fəaliyyətinin bu il 5 ili tamam olurbu müddət ərzində kampaniyanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün İKGF müxtəlif səviyyələrdə geniş aparmışdır. Bu baxımdan, Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə nail olmaq üçün Gənclər Forumu  faciənin beynəlxalq sənədlərdə insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasını kampaniya çərçivəsində əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.

Beynəlxalq sənədlərin kampaniyanın ölkələr səviyyəsində fəaliyyəti üçün mühüm olduğunu qeyd edən E.Mehdiyev ötən 5 il ərzində aparılan nəticəsində İƏT çərçivəsində bütün səviyyələrdə, o cümlədən İƏT-in ali orqanı olan dövlət başçılarının sammiti səviyyəsində Xocalı faciəsinin soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanındığını bildirmişdir. Sessiyanın işində iştirak edən deputat Cavanşir Paşazadə qətnamənin siyasi əhəmiyyətini qeyd edərək, görülən işləri məhz “Xocalıya ədalət!” kampaniyasının mühüm beynəlxalq uğuru kimi qiymətləndirmişdir. Deputat qətnamənin prosedura uyğun qəbul olunmasında Milli Məclisin sessiyalarında iştirak edən İKGF nümayəndələrinin birgə üzv ölkələrin nümayəndə heyətləri ilə apardıqları işin nəticəsində sənədin yekdilliklə qəbul olunmasını xüsusi vurğulamışdır.

C.Paşazadə qeyd etmişdir ki, sənəd istər Milli Məclis, istər Kampaniya xətti ilə, istərsə də səfirliklərimiz tərəfindən İƏT-in üzvü olan ölkələrin parlamentlərində Xocalı soyqırımının milli səviyyələrdə tanıdılması istiqamətində işin aparılması üçün yaxşı zəmin yaradır.

Qeyd edək ki, baş qərargahı Tehranda yerləşən İƏT üzvlərinin Parlament İttifaqı 53 dövlətin parlamentini öz sıralarında birləşdirir. 20 beynəlxalq təşkilat, o cümlədən İKGF qurumda müşahidəçi statusuna malikdir.

 

Xalq qəzeti.- 2014.- 20 fevral.- S. 6.