“Azərsu” ASC
kadrların peşəkarlıq səviyyəsinin
artırılmasına xüsusi diqqət yetirir
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində həyata keçirilmiş növbəti layihə yekunlaşmışdır. Türkiyənin “TeknoYapı” şirkəti ilə əməkdaşlıq çərçivəsində 2013-cü ildə İstanbul şəhərində keçirilmiş təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş 160 mütəxəssisə sertifikatlar verilmişdir.
Bununla əlaqədar keçirilən tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkədə gənclər siyasətinin dövlətin prioritet məqsədlərindən olduğunu xatırladaraq səhmdar cəmiyyətdə gənc mütəxəssislərin işə qəbuluna, onların fəaliyyətinə xüsusi diqqət yetirildiyini bildirmişdir. Cəmiyyətin sədri ölkədə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək işlərin keyfiyyətli icrasını təmin etmək məqsədilə yeni texnologiyalardan və yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırmışdır. Gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, iş təcrübəsinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verən səhmdar cəmiyyətin sədri ötən il müxtəlif sahələri əhatə etməklə 54 təlim kursunun keçirildiyini xatırlatmışdır. Səhmdar cəmiyyətin həmin təlimlərdə iştirak etmiş 1102 əməkdaşı və mütəxəssislər həm yerli, həm də Türkiyə, Avstriya, Yaponiya, Koreya Respublikası, Filippin və Sinqapurda keçirilmiş təlimlərin iştirakçısı olmuşlar.
Ötən il “Azərsu” ASC-nin 160 gənc mütəxəssisi Türkiyə Su İnstitutu, İstanbul Şəhər Sukanal İdarəsi və digər təşkilatlarda təlimlərdə iştirak etmişlər. Təlim çərçivəsində səhmdar cəmiyyətin mexanika, energetika, avtomatika, içməli su və çirkab sutəmizləyici qurğuların istismarı, abonent işləri, informasiya kommunikasiya texnologiyaları, tikinti və digər sahələr üzrə mütəxəssisləri istehsalat sahələri ilə tanış olmaq imkanı qazanmışlar. Türkiyəyə ezam olunmuş mütəxəssislər təlimləri uğurla başa vurmuş və müvafiq sertifikatlara layiq görülmüşlər. Təlimlərin Türkiyənin yüksək ixtisaslı alimləri və mütəxəssisləri tərəfindən keçirildiyini diqqətə çatdıran Q. Hüseynov bildirmişdir ki, istehsalat sahələrində olan əməkdaşlara texnoloji proseslərin incəlikləri əyani şəkildə izah edilmiş, İstanbul Şəhər Sukanal İdarəsi, Türkiyə Su İnstitutu və “TeknoYapı” şirkəti təlimlərin yüksək səviyyədə təşkilinə böyük dəstək göstərmişdir. Bunun nəticəsidir ki, 2012-ci ildə Türkiyədə keçirilmiş təlimlərdə 80 nəfər gənc mütəxəssis iştirak etmişdisə, ötən il qarşılıqlı razılıq əsasında təlimlərin sayı artırılmış və 160 mütəxəssis Türkiyəyə ezam olunmuşdur. Qeyd edilmişdir ki, sözügedən tədbirlər təcrübə mübadiləsi və karyera yüksəlişi baxımından da əhəmiyyətli olmuş, qazanılmış təcrübə, səmərəli fəaliyyət və digər amillər nəzərə alınaraq ötənilki təlimlərdə iştirak etmiş əməkdaşlardan bəziləri şöbə rəisi, sahə rəisi və növbə rəisi vəzifələrinə irəli çəkilmişlər. “Azərsu” ASC-nin sədri, həmçinin qeyd etmişdir ki, su təchizatı və kanalizasiya sektorunda yeni texnologiyaların tətbiqi əsas götürülərək gənc mütəxəssislərin xarici ölkələrə təcrübə kurslarına göndərilməsi gələcəkdə də davam etdiriləcəkdir.
Tədbirdə iştirak edən Türkiyə Su İnstitutunun sədri Ahmet Saatçı təlimlərdə iştirak etmiş azərbaycanlı mütəxəssislərin bilik və təcrübə səviyyəsindən razı qaldığını bildirərək qeyd etmişdir ki, tədris prosesində əldə olunan uğurlar onların peşəkar kadr kimi formalaşmasına müsbət təsir göstərəcək. İştirakçıların təlim prosesində yeni texnologiyaların və qabaqcıl təcrübələrin öyrənilməsinə böyük həvəs və maraq göstərdiklərinin şahidi olduğunu diqqətə çatdıran qonaq gənclərin təlimlərdə qazandıqları təcrübəni gələcək fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə əminliyini ifadə etmişdir.
Türkiyənin “TeknoYapı” şirkətinin idarə heyətinin üzvü Həsən Sarıkaya təlimlərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlardan istifadə olunduğunu bildirmişdir. O, tədris prosesində “Azərsu” ASC-nin əməkdaşlarının böyük marağının şahidi olduğunu qeyd etmiş, müxtəlif sahələr üzrə keçirilən təlimlərdə kadrların hərtərəfli bilgi əldə etməsi üçün su təchizatı və kanalizasiya infrastrukturunun bütün incəlikləri barədə məlumat verdiklərini diqqətə çatdırmışdır.
Təlimlər iştirakçılarından Azər Fərzəliyev, Sənginur Quliyeva və Samir İlyasov tədris prosesində qazandıqları bilik və təcrübənin gələcək fəaliyyətlərində tətbiq edəcəklərini bildirmişlər.
Tədbirin sonunda təlimlərdə iştirak etmiş gənc mütəxəssislərə sertifikatlar təqdim olunmuşdur.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 20 fevral.- S. 7.