Neft strategiyasının
uğurları Azərbaycanın iqtisadi
qüdrətini artırır
Azərbaycanın neft strategiyası çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaratmışdır. Ötən illər ərzində özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir.
Artıq bir neçə ildir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edir. Eyni zamanda, neft və qaz ixracından əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması ilə əsası qoyulmuş Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaratmışdır. Bu da öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olur.
Azərbaycanda neft-qaz sektoru hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır. Yeri gəlmişkən, 2013-cü ildə ölkəmizdə qaz kondensatı da daxil olmaqla 43 milyon 83,3 min ton xam neft hasil edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 0,2 faiz çoxdur. Ötən il Azərbaycanın yeni neft strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsi” çərçivəsində də bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur. “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru olan bp-Azərbaycan şirkətinin 2013-cü ilin nəticələrinə dair hesabatına əsasən, il ərzində konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 772 milyon dollar, əsaslı məsrəflərinə isə 2 milyard 833 milyon dollar xərclənmişdir.
2013-cü ildə konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda istismar edilən beş hasilat platformasından ümumilikdə 32,2 milyon ton neft hasil olunmuşdur. Həmin platformalar üzrə ümumi orta gündəlik neft hasilatı isə 655 min 370 barrel təşkil etmişdir. Bunun da 69 min 670 barreli “Çıraq”, 151 min 760 barreli “Mərkəzi Azəri”, 188 min 160 barreli “Qərbi Azəri”, 106 min 700 barreli “Şərqi Azəri”, 139 min 80 barreli isə “Dərinsulu Günəşli” platformalarının payına düşür. Bütövlükdə isə 1997-ci ilin noyabr ayında “Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin hasilatına başlanıldığı andan 2013-cü ilin sonunadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 325 milyon tondan artıq neft çıxarılmışdır.
2013-cü ildə müqavilə sahəsində 81 hasilat quyusundan neft çıxarılmışdır. Bundan əlavə, daha 37 quyudan isə texniki məqsədlər üçün istifadə olunmuşdur ki, bu da hasilat quyularının sabit rejimdə işləməsini təmin etmişdir.
“Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, “Azəri”, “Çıraq” və “Günəşli” (dərinsulu hissəsi) yataqlarında neftlə bərabər, çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru olan bp şirkəti 2013-cü ildə “Azəri” yatağındakı üç hasilat platformasından səmt qazının 28 düyməlik sualtı kəmər vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün ölkənin qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Bununla yanaşı, “Çıraq” platformasından hasil edilmiş səmt qazının da bir hissəsi mövcud 16 düyməlik sualtı kəmər vasitəsilə ARDNŞ-in Neft Daşlarındakı kompressor stansiyasına nəql olunmuşdur. İl ərzində konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 9,1 milyon kubmetr olmaqla 2,19 milyard kubmetr səmt qazı təhvil verilmişdir. “Azəri” yatağından çıxarılan səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı boru kəmərləri ilə “Mərkəzi Azəri” platformasına körpü vasitəsilə birləşdirilmiş kompressor və suvurma platformasına göndərilmişdir. Hazırda adıçəkilən platforma vasitəsilə beş quyudan laya qazvurma əməliyyatları davam edir.
Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16" ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. Yeri gəlmişkən, konsorsium iştirakçıları “Çıraq” platformasında qazın məşəldə yandırılmasını azaltmaq və Azərbaycanın qazpaylama şəbəkəsinə çatdırılan səmt qazının həcmini maksimum dərəcədə artırmaq üçün Dövlət Neft Şirkəti ilə sıx əməkdaşlığını davam etdirir. Bu səylərin bir hissəsi kimi bp buxarlanan qazlar kompressorunda təkmilləşdirmə işlərini başa çatdıraraq üçüncü rübdə qurğunu uğurla yenidən işə salmışdır. Xatırladaq ki, 2013-cü ilin sonunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda səmt qazının məşəldə yandırılması 2,6 faiz təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 45 faiz azalma deməkdir. Bütövlükdə isə digər təkmilləşdirmə tədbirləri nəticəsində səmt qazının utilizasiya dərəcəsi 97,4 faizə çatdırılmışdır. Bu isə ən yaxşı Avropa standartlarına uyğundur.
Ötən il “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində qazma işləri uğurla davam etdirilmişdir. Belə ki, il ərzində müqavilə sahəsində 12 hasilat, 1 qaz injektor və 3 suvurma quyusu qazılaraq istismara verilmişdir. Eyni zamanda, məlumat əldə etmək məqsədilə daha bir quyu qazılmışdır. 2013-cü ilin aprel ayında “Çıraq” platformasından A16w hasilat quyusu qazılaraq istismara verildikdən sonra A09 quyusunda intervensiya əməliyyatları aparılmış, mayda isə A14u yanaqazma hasilat quyusunun qazılmasına başlanılmışdır. Avqustun 31-də həmin quyuda işlər tamamlandıqdan sonra üç quyuda intervensiya əməliyyatları aparılmışdır. Daha sonra isə A10 quyusunda yenidən tamamlanma əməliyyatları aparılmış və qazma qurğusunun profilaktikası keçirilmişdir. Bundan əlavə, dekabrın sonunda yeni A06x hasilat quyusunun qazılmasına start verilmişdir. Həmin quyuda qazma işləri cari ilin birinci rübündə başa çatdırılacaq.
İlin ilk ayında “Mərkəzi Azəri” platformasında iki quyuda intervensiya əməliyyatları aparılmış, qazılmasına başlanmış B23z hasilat quyusu aprel ayında istismara verilmişdir. Bundan sonra isə mövcud iki quyuda intervensiya əməliyyatları aparılmışdır. Mayın əvvəllərində yeni B26 qaz injektor quyusunda qazma işlərinə start verilmiş və quyu sentyabrın sonunda təhvil verilmişdir. Daha sonra üç quyuda intervensiya əməliyyatları aparılmış, platformada bir sıra vacib profilaktika işləri aparılmış və üç quyu ağızlarında ötürücülər quraşdırılmışdır. Dekabr ayında B27 hasilat quyusu istismara verildikdən sonra yeni bir quyuda qazma işlərinə başlanılmışdır. Həmin quyunun 2014-cü ilin üçüncü rübündə təhvil veriləcəyi gözlənilir.
2013-cü ildə “Azəri” yatağının qərb və şərq hissələrində də uğurlu qazma işləri həyata keçirilmişdir. “Qərbi Azəri” platformasında C27 hasilat quyusu tamamlanaraq martın 31-də istismara verilmişdir. Sonra isə iki quyuda intervensiya əməliyyatları aparılmış, mayın əvvəlində qazılmasına başlanmış yeni hasilat quyusu iyul ayında təhvil verilmişdir. Quyularda intervensiya əməliyyatları ilə yanaşı, qazma qurğusunda zəruri profilaktika işləri aparılmış və noyabr ayında daha bir hasilat quyusu təhvil verilmişdir. Dekabr ayında isə C25 quyusunda yenidən tamamlanma işləri ilə yanaşı, C28 yeni hasilat quyusunu qazılmasına start verilmişdir. Quyunun 2014-cü ilin ikinci rübündə istismara veriləcəyi planlaşdırılır. İl ərzində “Şərqi Azəri” platformasında bir hasilat və bir suvurma quyusu qazılaraq istismara verilmiş, bəzi quyularda isə intervensiya və təftiş işləri aparılmışdır.
“Dərinsulu Günəşli” platformasında yanvar ayında E01 quyusunda intervensiya əməliyyatları başa çatdırıldıqdan sonra yeni hasilat quyusu qazılaraq may ayında təhvil verilmiş, eləcə də qazma qurğusunda beş ildən bir nəzərdə tutulan profilaktik işlər aparılmışdır. Bundan əlavə, bir sıra quyularda lazımi intervensiya əməliyyatları həyata keçirilmiş, ilin son ayında E18 hasilat quyusu təhvil verilmişdir.
2013-cü ildə “Dədə Qorqud” qazma qurğusu vasitəsilə burada iki sualtı suvurma quyusu təhvil verilmiş və bunun ardınca qurğunun profilaktikası və manifold dirəkləri quraşdırılmışdır. Bundan əlavə, məlumat toplamaq üçün nəzərdə tutulmuş pilot quyusunda qazma işləri iyul ayının sonunda başa çatdırılmışdır. Dekabr ayında yeni bir suvurma quyusunun qazılmasına başlanılmışdır. Yeri gəlmişkən, “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində Xəzər dənizində ilk dəfə olaraq sualtı suvurma əməliyyatlarının həyata keçirilməsi üçün lazımi infrastruktur yaradılmışdır. Xatırladaq ki, “Dərinsulu Günəşli” platformasından 3,2 və 5,2 kilometr aralıda yerləşən üç sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə kollektora gündə təqribən 400 min barrel su vurmaq mümkün olacaq. Qeyd etdiyimiz kimi, bu, Xəzər dənizində ilk mühüm sualtı işlənmə layihəsidir və gələcəkdə digər yataqlarda da analoji proqramın tətbiqinə geniş yol açır.
2013-cü ildə “Çıraq” neft layihəsi çərçivəsində tikinti işləri təhlükəsiz şəkildə davam etdirilmiş və bu sahədə mühüm irəliləyiş əldə olunmuşdur. Belə ki, aprel ayında “Qərbi Çıraq” platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti-quraşdırma sahəsindən yola salınaraq öz daimi yerində əvvəlcədən quraşdırılmış dayaq tavasının üzərində təhlükəsiz şəkildə quraşdırılmışdır. Xatırladaq ki, dayaq blokunun dənizə daşınması, suya endirilməsi və quraşdırılması əməliyyatları ətraflı planlaşdırılaraq 45 günə başa çatdırılmışdır. Ötən ilin üçüncu rübündə AMEK-TEKFEN-AZFEN tikinti-quraşdırma sahəsində “Qərbi Çıraq” platformasının üst modullarının inşası uğurla tamamlanmışdır. Sentyabrın 12-də isə üst modullar dənizə yola salınmış və iki gün ərzində dayaq blokunun üzərində təhlükəsiz şəkildə quraşdırılmışdır. Bunun ardınca dənizdə aparılan sazlama, işəsalma və istismar sınaqlarına başlanılmış və bu işlər cari ilin yanvar ayınadək davam etmişdir. 2014-cü il yanvarın 28-də isə “Qərbi Çıraq” platforması vasitəsilə J05 quyusundan ilk neftin əldə olunması ilə dörd il əvvəl sanksiya verilmiş “Çıraq” neft layihəsi başa çatdı. Xatırladaq ki, bu il ərzində digər öncəqazma quyularının işə düşməsi ilə neft hasilatı tədricən artacaq.
Ötən il “Əsrin
müqaviləsi” çərçivəsində ixrac əməliyyatları da
uğurla davam etdirilmişdir. Xatırladaq ki,
“Azəri-Çıraq-Günəşli” yataqlar
blokundan çıxarılan neft və səmt qazı sualtı boru kəmərləri vasitəsilə Səngəçal
sahil terminalına nəql olunur.
Terminalın texniki emal
sistemlərinin gücü isə gün ərzində
1,2 milyon barrel nefti qəbul edib ixraca yönəltməyə imkan
verir. 2013-cü ildə Səngəçal
terminalından 286,2 milyon barrel
neft ixrac olunmuşdur. Xam neftin 248,7 milyon barreli Bakı-Tbilisi-Ceyhan, 29,9 milyon
barreli Bakı-Supsa kəmərləri, 5,7
milyon barreli isə dəmir
yolu vasitəsilə
daşınmışdır. Bundan əlavə, il ərzində Azərbaycandan 1,9 milyon barrel kondensat ixrac edilmişdir. Səngəçal terminalından
ötən il gün ərzində dünya bazarına 26,6 milyon kubmetr
qaz ixrac olunmuşdur.
Yeri gəlmişkən, Azərbaycan
neftini dünya bazarına daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin uğurlu
fəaliyyəti nəticəsində
ölkəmizin ixrac imkanları getdikcə genişlənir. Artıq adıçəkilən kəmərin
gündəlik ötürmə
gücü 1,2 milyon barrelə çatdırılmışdır. 2013-cü ildə Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əsaslı xərclərə
75 milyon dollar sərf olunmuşdur. Ötən
il kəmərlə
nəql olunmuş 33 milyon ton xam neft 329 tankerə yüklənərək dünya
bazarına yola salınmışdır. Bütövlükdə
isə 2006-cı il iyun ayının 4-də
ilk tankerin Türkiyənin
Ceyhan limanından yola salınmasından indiyədək kəmər vasitəsilə
nəql edilmiş
245,4 milyon ton xam neft 2390 tanker vasitəsilə
dünya bazarlarına
göndərilmişdir. Bakı-Tbilisi-Ceyhan kəmərinin bir gün üçün
ən yüksək ötürmə gücü
isə 1 milyon 44 min
barrel təşkil etmişdir.
“Azəri-Çıraq-Günəşli”
layihəsi üzrə
xam neftin və “Şahdəniz” yatağından hasil edilən kondensatın nəqlini həyata keçirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
ilə 2010-cu ilin iyul ayında imzalanmış yeni sazişə əsasən,
Türkmənistan nefti
də daşınır.
Bununla yanaşı, ötən ilin oktyabr ayından etibarən adıçəkilən
kəmərlə Qazaxıstanın
“Tengiz” yatağından
çıxarılan neftin
ixracı da bərpa olunmuşdur. Bütün bunlar isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin rentabelli, həm də uzunmüddətli fəaliyyəti üçün
geniş imkan yaradır. Göründüyü kimi, Azərbaycanda
“Əsrin müqaviləsi”
çərçivəsində hasil olunan neftin
dünya bazarına çıxarılması üçün
ölkəmizdə son dərəcə
etibarlı və geniş imkanlara malik ixrac sistemi
mövcuddur. Bu isə
ölkəmizin dünya
arenasında etibarlı
tərəfdaş kimi
mövqeyinin ilbəil
möhkəmlənməsinə geniş imkanlar yaradır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 22 fevral.- S. 1.