Xaçmaz: inkişaf və
yüksəlişin yeni mərhələsi
Xaçmazda keçirilmiş hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilmişdir. Məruzədə qeyd olunduğu kimi, 2008-2013-cü illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində Xaçmaz rayonunda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, yol təsərrüfatı, təbii qaz təminatı, təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin tikintisi və digər istiqamətlərdə kifayət qədər böyük həcmli işlər görülmüşdür.
Həyata keçirilmiş tədbirlər nəticəsində son beş ildə rayonda 7598 yeni iş yeri açılmışdır ki, bunlardan 4519-u daimi iş yerləridir. Təkcə hesabat ilində 1353 yeni iş yeri açılmışdır ki, bunun da 1158-i daimi iş yeridir. 2013-cü ildə rayon üzrə ümumi daxili məhsul istehsalı 351,9 milyon manat, sənaye məhsulu istehsalı 33,6 milyon manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 180,3 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 70,5 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 283,5 milyon manat təşkil etmişdir. Bu gün rayon üzrə sənaye sahəsində çalışan 1450 nəfərin 777 nəfəri dövlət sektorunu təmsil edir. Sənayedə işləyənlərin orta aylıq əmək haqqı 2012-ci illə müqayisədə 10 faiz artaraq 338,4 manata, tikintidə çalışanların orta aylıq əmək haqqı isə ötən illərə nisbətən 19,3 faiz artaraq 293,1 manata çatmışdır. Ümumilikdə, rayon üzrə orta aylıq əmək haqqı 3,3 faiz artaraq 301 manatdan çox olmuşdur. İl ərzində rayonda ümumi sahəsi 17,732 kvadratmetr olan mənzil tikilib istifadəyə verilmişdir.
İl ərzində rayon üzrə əsas kapitala qoyulan investisiyaların həcmi 24,5 milyon manat olmuşdur ki, bunun da 23,1 milyon manatı tikinti sektorunun payına düşür.
Məlum olduğu kimi, ötən il iyul ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikanın şimal bölgəsinə səfəri çərçivəsində Xaçmaz rayonunda da olmuş, görülən işlərlə yerində tanış olaraq, inşası başa çatmış, bir sıra mühüm obyektlərin açılışını həyata keçirmişdir.
Ölkə Prezidentinin açılışında iştirak etdiyi mühüm obyektlərdən biri rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasıdır. Xatırladaq ki, muzeyin tikintisinə 2013-cü ilin əvvəlində başlanılmış və 6 ay ərzində inşaat işləri tam şəkildə başa çatdırılmışdır. Bina xüsusi memarlıq üslubunda tikilmiş, üzərinə böyük Nizami Gəncəvi mərkəzdə olmaqla, Azərbaycanın 7 dahi şəxsiyyətinin abidəsi qoyulmuşdur. Bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqlarla təchiz edilmiş, foyedə ulu öndər Heydər Əliyevin müxtəlif illərdə Xaçmaz rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Prezident rayon ictimaiyyəti ilə görüşü zamanı muzey haqqında çox yüksək rəy bildirərək demişdir: “Xaçmaz indi parklar şəhəridir. Gözəl abidələr tikilir, bu gün biz Tarix-Diyarşünaslıq Muzeyinin açılışını qeyd etdik. Çox möhtəşəm binadır, memarlıq baxımından çox gözəldir və daxili tərtibatı da çox yaxşıdır. Deyə bilərəm ki, rayonlarımızda mövcud olan tarix-diyarşünaslıq muzeyləri arasında bunun xüsusi yeri var, bəlkə də, ən böyüyüdür və ən gözəlidir desəm, səhv etmərəm”.
Prezident İlham Əliyev Xaçmaza səfəri çərçivəsində həmçinin Olimpiya İdman Kompleksinin və Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin binasının açılış mərasimində iştirak etmişdir.
Rayonda aparılmış tikinti, abadlıq və quruculuq işlərindən bəhs edərkən “Çənlibel” seyrəngahında genişləndirmə işlərinin və Şəxsiyyətlər muzeyinin başdan-başa yenidən qurulduğunu da xüsusi olaraq qeyd etməyə dəyər.
İl ərzində Xaçmaz şəhərinin H.Z.Tağıyev küçəsində və Yeni Azərbaycan Partiyası inzibati binasının yaxınlığında milli üslubda 2 ədəd gümbəz tikilərək istifadəyə verilmişdir.
Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə görkəmli oftalmoloq alimin adını daşıyan muzey yenidən qurulmuş və onun 90 illik yubileyində qonşu Dağıstan Respublikasının nümayəndə heyətinin iştirakı ilə açılışı həyata keçirilmişdir.
Xaçmaz şəhərinin H.Z.Tağıyev küçəsində faşizm üzərində Qələbənin simvolu olan yeni abidə tikilmiş və may ayının 9-da həmin abidənin açılışı həyata keçirilmişdir. Heydər Əliyev parkı ərazisində şəhərin ahıl sakinlərinin, ağsaqqal və veteranların istirahəti üçün keçmiş “Xəzər” kinoteatrının bir neçə otağı təmir olunmuş, lazımi inventar və avadanlıqlarla təchiz edilmiş və onların istifadəsinə verilmişdir.
Rayon rabitə evi qarşısında görkəmli ictimai-siyasi və dövlət xadimi, böyük alim Əziz Əliyevin xatirəsinə respublikamızda ilk dəfə olaraq muzey tikilmişdir. Əziz Əliyevin anadan olmasının 117-ci ildönümü ərəfəsində Azərbaycanın və Rusiya Federasiyasının çox nüfuzlu nümayəndə heyətlərinin iştirakı ilə muzeyin təntənəli açılışı olmuşdur.
İl ərzində Heydər Əliyev prospektində tikinti və abadlıq işləri sürətlə davam etdirilmiş, orada Ədliyyə Nazirliyinin regional şöbəsinin dördmərtəbəli binası istifadəyə verilmiş, daha sonra isə həmin ərazidə 60 yerlik uşaq bağçasının tikintisinə başlanıb.
Şəhərin “Bakı” prospektində də abadlıq və quruculuq işləri davam etdirilmiş, Heydər Əliyev seyrəngahı ərazisində bir sıra yeni memarlıq və bəzək elementləri ilə diqqət çəkən 16 metr hündürlüyündə qədim lampa, şəlalə və fəvvarələr kompleksi tikilmişdir. Bunlardan əlavə, Xaçmaz şəhərində 1, Xudat şəhərində 3 çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, bir neçə binaya üzlük vurulmuşdur. Hesabat dövründə həmçinin ölkə Prezidentinin sərəncamı ilə 10 kilometr uzunluğunda Qımılqışlaq - Mollabürhanlı və 12 kilometr uzunluqda olan Qusarçay - Dədəli - Kiçik Baraxum və Yalama - Xanoba yolunun tikintisi keyfiyyətlə başa çatdırılmışdır. Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Xaçmaz şəhərini Köhnə Xaçmaz kəndi ilə birləşdirən 58 metr uzunluğunda piyada körpüsü tikilib istifadəyə verilmişdir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə Xudat şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 500 min manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına Xudat şəhərində 3 küçəyə asfalt vurulmuş, M.F.Axundov küçəsinin işıqlandırma sistemi yenidən qurulmuş, Heydər Əliyev parkında yenidənqurma işləri aparılmış, şəhərin bir neçə məhəlləsinə içməli su çəkilmiş və digər abadlıq işləri görülmüşdür. İcra başçısının hesabat məruzəsində 2013-cü ildə xaçmazlıların sənaye, kənd təsərrüfatı və xidmət ətrafında qazandıqları yeniliklər və qarşıda duran vəzifələr barədə də ətraflı bəhs olunmuşdur.
Hesabat yığıncağında çıxış edən natiqlər yekdilliklə görülən işləri və əldə olunan uğurları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın tərəqqisi və inkişafı naminə fədakar əməyinin, Xaçmaz rayonuna xüsusi diqqət və qayğısının nəticəsi kimi dəyərləndirmişlər. Məhz bunlara görə də xaçmazlılar Heydər Əliyev siyasətinə və bu siyasi xətti uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə qəlbən minnətdardırlar.
Məruzə ətrafında müzakirələrdə YAP rayon təşkilatının sədri, rayon mədəniyyət və turizm şöbəsinin müdiri N.Ağayev, təhsil şöbəsinin müdiri M.Nurməmmədova, mərkəzi rayon xəstəxanasının baş həkimi S.Tağıyev, Z.Əliyeva adına orta məktəbin müəllimi E.Ağayeva, Xaçmazdan seçilmiş millət vəkilləri İ.Əliyev, A.Əşrəfov və Prezident Administrasiyasının məsul işçisi A.Novruzov çıxış etmişlər.
Q.CƏFƏROĞLU
Xalq qəzeti.- 2014.- 22 fevral.- S. 6.