Ruhun şad olsun, qrossmeyster
Artıq 40 gündür ki, əbədiyyətə
qovuşmuş Vüqar
Həşimov bu
gözəl həyatı çox tez, amma dünyanın ən
parlaq zəka sahiblərindən, ən
hörmətli şahmatçılarından biri
kimi tərk etdi
Onun ən mahir qrossmeysterlərlə gərgin görüşlərdəki kimi ağır xəstəliklə mübarizədən də qalib ayrılacağına, yenidən mötəbər yarışlarda müxtəlif şahmat saytlarının köməyi ilə çıxışlarını böyük maraq və xoş bir həyəcanla izləyəcəyimizə ümid etdiyimiz bir vaxtda gözlənilmədən aldığımız xəbər hər şeyi alt-üst etdi: Vüqar Həşimov 2014-cü il yanvarın 11-də uzun müddət idi ki, müalicə olunduğu Almaniya klinikalarından birində vəfat etmişdir. Cəmi 27 yaşında...
Gözlənilməz və dəqiq gedişləri ilə şahmat taxtası arxasında rəqiblərini dəfələrlə çıxılmaz vəziyyətə salıb mat qoyan Vüqarın taleyin amansız zərbəsinə məruz qalması təkcə vətəni Azərbaycanda deyil, bütün beynəlxalq şahmat dairələrində dərin kədərə səbəb oldu. O, Bakı ilə yanaşı, Moskva və Pekində, Paris və Novi-Sadda, İstanbul və Antalyada, Roma və Drezdendə, Sofiya, Praqa və daha neçə-neçə şəhərdə özünə minlərlə pərəstişkar qazanmışdı. Rusiyalı qrossmeysterlər Sergey Karyakin və Aleksandr Qrişuk, Veselin Topalov (Bolqarıstan) və Vasili İvançuk (Ukrayna), Hikaru Nakamura (ABŞ), Arkadi Naydiç (Almaniya) və bir çox başqaları, əminəm ki, istənilən anda Vüqar haqqında, onun oyunu və insani keyfiyyətləri barədə istədiyin qədər xoş sözlər söyləyə bilərlər.
Yuxarıda Novi-Sadı xatırladıq. 2009-cu ilin payızında Serbiyanın bu şəhərində keçirilmiş Avropa çempionatı şahmat pərəstişkarlarının yaxşı yadında olar. Azərbaycan milli komandası tarixində ilk dəfə qitə çempionu adını məhz Novi-Sadda qazanmışdır. Çempionatın sonuncu, doqquzuncu turunda qrossmeysterlərimiz qızıl medalların sevincini yaşamaq üçün Hollandiya komandası ilə matçda qalib gəlməli idilər. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov öz görüşlərini heç-heçə başa vurduqdan sonra bütün nəzərlər Vüqar Həşimova dikilmişdi. Əgər o, ikinci taxtada Daniel Stelvagenə qalib gəlməyi bacarsaydı, millimiz matçda 2,5:1,5 hesabı ilə qələbə qazanıb fəxri kürsünün zirvəsində çempionluğunu bayram edəcəkdi.
Bacardı da! Rəqib nə qədər ciddi müqavimət göstərsə də, görüş nə qədər uzansa da, Vüqarın növbəti dəqiq gedişindən sonra məğlubiyyət təhlükəsi ilə üz-üzə qalan Stelvagen uduzduğunu etiraf etdi. Azərbaycan komandası neçə-neçə ölkəni, o cümlədən Rusiya, Ukrayna, Almaniya, Fransa, Ermənistan, Polşa və Macarıstanı geridə qoyaraq respublikamızda bu növün bütün inkişaf tarixi ərzində ilk dəfə Avropa çempionu oldu. Böyük qələbədə baş rolu isə Vüqar oynadı.
Futbol ictimaiyyətimizin yaşlı nəsl nümayəndələri keçmiş SSRİ çempionatlarında Maşallah Əhmədov–İqor Ponomaryov–İsgəndər Cavadov üçlüyünün necə güclü və məşhur bir zərbə qüvvəsi olduğunu unutmayıblar. Bu üçlüyün sürətli hücumları, rəngarəng kombinasiyaları, aldadıcı fəndləri və qapıya doğru həlledici dəqiq zərbələri hətta rəqib komandaların azarkeşləri tərəfindən də alqışlarla qarşılanırdı. Novi-Sadda Avropa çempionatından bəri isə şahmat yığmamız Şəhriyar Məmmədyarov-Teymur Rəcəbov-Vüqar Həşimov üçlüyü ilə ad çıxarmışdı. Mütəxəssislər belə bir fikir söyləyirlər ki, dünya və Avropa çempionatlarında, ümumdünya olimpiadalarında qalib olmaq arzusu ilə yaşayan komandaların heyətində üç mahir usta, üç lider olmalıdır. Azərbaycan yığması istənilən ölkənin komandası üçün çətin rəqib hesab olunurdu. Çünki Şəhriyar, Teymur və Vüqar kimi qrossmeysterləri olan heyətə qalib gəlmək hər komandanın işi deyildi.
Düzdür, 2013-cü ilin noyabrında Azərbaycan millisi Varşavada da Avropa çempionatının qızıl komandası adını qazandı. Ancaq bu dəfə Həşimovsuz. Novi-Sad-2009-dakından fərqli olaraq, Polşa paytaxtında heyətdə məcburi dəyişiklik edilmiş, onun yerini Eltac Səfərli tutmuşdu. Amma yığmamızın bu böyük nailiyyətində Həşimovun da xidməti az olmamışdır. Bir vaxtlar komanda yoldaşları ilə birgə keçirdiyi təlim-məşq toplanışları və görüşlər öz sözünü demişdi. Təsadüfi deyil ki, çempionat başa çatan kimi qalib həmvətənlərimiz Şəhriyar, Teymur, Eltac, Rauf və Qədir qələbəni Vüqar Həşimova həsr etdiklərini bildirdilər.
Bu da dərin rəmzi məna daşıyır ki, Vüqar şahmatda ən böyük nailiyyətlərindən birini, bəlkə də, birincisini altı il əvvəl, dəqiq desək, 2008-ci ilin baharında doğma Bakıda qazanmışdı. Onda FİDE-nin “Qran-Pri” yarışlarının bir mərhələsinin təşkili paytaxtımıza həvalə olunmuşdu. Həşimov, Məmmədyarov və Rəcəbovun qonaqları isə Aleksandr Qrişuk, Pyotr Svidler, Ernesto İnarkiyev (hər üçü Rusiya), çinli Van Yue, ingilis Maykl Adams, həmin illərdə Ukraynanı təmsil edən Sergey Karyakin, bu gün artıq dünya şahmat tacının sahibi olan norveçli Maqnus Karlsen, bolqar İvan Çeparinov və çexiyalı David Navara kimi məşhur qrossmeysterlər idi.
“Qran-Pri”nin qalibi
məhz Həşimov
oldu. Yue və Karlsen Vüqarla eyni miqdarda, 8 xal toplasalar da, şahmatçımız əlavə
göstəricilərə görə
onları üstələdi
və Bakı turniri azərbaycanlı qrossmeysterin böyük zəfəri ilə əlamətdar oldu.
Bu bir çoxları
üçün gözlənilməz
uğur idi. Elə İspaniyanın 24 TV kanalı
da Həşimovun qələbəsini FİDE “Qran-Pri”sinin
Bakı mərhələsinin
başlıca sürprizi
adlandırmışdı: “Vüqardan heç kim heç
nə gözləmirdi,
amma o, liderlər üçün problemə
çevrildi. Onu turnirin kəşfi hesab etmək olar”
Ulu öndər
Heydər Əliyev
1998-ci ildə Azərbaycanın
uşaq şahmatçılarına
qayğının artırılması
haqqında iki sərəncam imzalamışdı. Hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, yeniyetmə şahmatçılarımız
ümummilli liderin bu qayğısına cavab olaraq durmadan
öz bacarıqlarını
artırıb planetin sayılıb-seçilən qrossmeysterləri,
başqa sözlərlə
desək, şahmat elitası sırasında özlərinə layiqli yer etdilər. Təəssüf, çox
təəssüf ki, Vüqar Həşimov istedadının yenicə
parlamağa, “Qran-Pri”lərdə,
digər beynəlxalq turnirlərdə, Avropa çempionatında medallar
qazanmağa başladığı
bir vaxtda bütün şahmat dünyası-qrossmeysterlər, qədim
və müdrik oyunun milyonlarla pərəstişkarı, ağ-qara
rəngli şahlar, vəzirlər, toplar... piyadalar onsuz qaldılar. Şahmat dünyası üçün
böyük itkidir.
Vüqar Həşimov hələ yeniyetmə yaşlarında
mütəxəssislərin diqqətini cəlb etməyə başlamışdı. Ikiqat
SSRİ çempionu rusiyalı
Vitali Seşkovski müsahibələrindən birində
onun haqqında demişdi: “Əsl vulkandır, gözləri
alışıb- yanır,
məşq zamanı taxta üzərində hər hansı mövqe qurularkən dərhal müxtəif variantlar yağdırır”.
İki keçmiş dünya çempionu bolqar Veselin Topalov və ukraynalı Ruslan Ponomaryovun meneceri olmuş Silvio Danailov (Bolqarıstan) qrossmeysterimizin
vəfatından sonra onu belə xatırlamışdır:
“Vüqar Həşimovun
böyük potensialı
var idi. Ruhu şad olsun. Onun ölümü dünya şahmatı üçün
böyük faciədir.
Vüqar
istedadlı oyunçu
və gözəl insan idi”.
Bu yaxınlarda, fevralın
əvvəlində Braziliyada
altı komandanın iştirakı ilə keçirilmiş turnirdə
yerli komandalardan biri “Həşimov” adı altında çıxış etmişdir.
İki aydan sonra, aprelin üçüncü ongünlüyündə
Şəmkirdə Vüqar
Həşimovun xatirəsinə
həsr olunmuş beynəlxalq turnir keçiriləcəkdir. Məmmədyarovla
Rəcəbovun da iştirak edəcəkləri
bu turnirdə Vüqarın əziz xatirəsini yad etmək üçün bir görün, Azərbaycana kimlər gələcək-dünya çempionu
Karlsen, iddiaçıların
martda Xantı-Mansiyskdə
(Rusiya) təşkil olunacaq turnirinin iştirakçısı Karyakin,
italiyalı zəka sahibi Fabiano Karuana, reytinqə görə hazırda dünyanın yeddinci şahmatçısı Nakamura (ABŞ). Idman ictimaiyyətimizin hədsiz
maraqla gözlədiyi
qarşıdakı turnir
görkəmli azərbaycanlı
qrossmeysterin unudulmaz xatirəsinə böyük
hörmət və dərin ehtiramın ifadəsi olacaq.
Həqiqətən, heç vaxt çöhrəsindən təbəssüm
əskik olmayan Vüqar Həşimov yaddaşlarda artıq qırx gündür ki, əbədi tərk etdiyi şahmat aləminin sevimlisi kimi yaşayacaq.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2014.- 22 fevral.- S. 7.