Azərbaycanda söz azadlığı
imkanları boğulmur,
əksinə genişlənir
Fevralın 21-də “Azadlıq” radiosunun Vaşinqton ofisində “Azərbaycanda araşdırma
jurnalistikası” mövzusunda
brifinq keçirilmişdir. ABŞ-ın
Azərbaycandakı sabiq
səfiri Riçard Kozlariçin moderatorluq etdiyi brifinqdə “Azadlıq” radiosunun Azərbaycan xidmətinin reportyoru Nüşabə Fətullayeva, Beynəlxalq
Jurnalistika Mərkəzinin
proqramlar müşaviri
Hans Stayger və müzakirələrə Bosniya
və Herseqovinanın
paytaxtı Sarayevodan qatılan Mütəşəkkil
Cinayətkarlıq və
Korrupsiya üzrə Araşdırmaların Aparılması
Layihəsinin redaktoru Drü Sallivan çıxış etmişlər.
Panel iştirakçıları araşdırma jurnalistikasının,
korrupsiyanın üzə
çıxarılmasının əhəmiyyəti, söz
azadlığının boğulması
elementləri barədə
öz nöqteyi-nəzərlərini
bildirmişlər. “Azadlıq” radiosu və bəzi hüquq müdafiə təşkilatları üçün
ənənəvi tərzdə
mətbuat azadlığının
boğulması ilə
bağlı Azərbaycan
hökumətinin ünvanına
ittihamlar səslənmişdir.
AzərTAc-ın xüsusi müxbiri
informasiyanın təqdim
olunmasında və yayılmasında, xüsusən,
əlçatanlığına və istifadəsinə görə Azərbaycanda ənənəvi mətbuatı
geridə qoyan sosial şəbəkələrdə
internetin rolunun əhəmiyyəti və
imkanları barədə
sual vermiş və internetin “Azadlıq” radiosu kimi təşkilatlara və bütövlükdə müxalifətə
nə dərəcədə
geniş platforma yaratması barədə maraqlanmışdır. Cavablar internetin
əhəmiyyət daşımaması
və televiziya kanallarının üstünlüyü
barədə arqumentlərin
gətirilməsi ilə
yekunlaşmışdır.
Mətbuat azadlığının boğulmasında kimsə
ittiham olunursa, onda Azərbaycanda
əhalinin 65 faizindən
çoxunun istifadə
etdiyi azad və senzurasız
internetdən nə üçün danışılmır?!
Yəni,
informasiyalar və xəbərlər tamamilə
əlyetərli olmasaydı,
onda informasiyanın yayılmasına qadağa
qoyulması və mətbuat azadlığının
boğulması barədə
mühakimə yürütmək
olardı.
Azərbaycan hökuməti azad medianı təkidlə və qərəzlə boğmaq istəsəydi, Azərbaycan vətəndaşlarının
internetdən sərbəst
istifadə etmək imkanlarını
genişləndirməzdi. Əksinə,
Azərbaycan Prezidenti İlham Əliyev son illər telekommunikasiya texnologiyaları sahəsində mühüm
layihələrin təşəbbüskarı
olmuş, ölkədə
azad mətbuatın inkişafına və informasiyadan istifadənin genişləndirilməsinə öz
töhfəsini vermişdir.
Azərbaycan ötən ilin
fevralında “Azerspace/Africasat-1a”
birinci telekommunikasiya peykini orbitə çıxarmışdır və
yaxın illərdə
daha iki peyki orbitə çıxarmağa hazırlaşır.
Bu, Azərbaycana gələcəkdə
telekommunikasiya layihələrinin mərkəzi
olmaq, ölkənin nüfuzunu qaldırmaq, daxili bazarda internetin və digər kommunikasiyaların
qiymətlərini ucuzlaşdırmaq,
Azərbaycan vətəndaşının
imkanlarını, o cümlədən
istər respublikada, istərsə də onun hüdudlarından kənarda müxtəlif informasiyalardan istifadə imkanlarını genişləndirmək
fürsəti
verəcəkdir.
Belə olan halda bəs
nə üçün
bəzi beynəlxalq təşkilatlar vəziyyəti
elə təqdim etməyə çalışırlar
ki, guya Azərbaycan hökuməti
informasiyadan istifadəni
və onun yayılmasını məhdudlaşdırır?! Respublikada
minlərlə bloqqer,
vikipediyaçı, forumçu
və sosial şəbəkələrinin milyonlarla,
o cümlədən “Facebook”un
1,2 milyondan çox istifadəçisi vardır.
Təkcə “Facebook”da
yüz minlərlə
azərbaycanlı Dağlıq
Qarabağ münaqişəsindən
tutmuş xırda məişət məsələlərinədək
müxtəlif növ
problemləri müzakirə
edir. Bloqqerlər ictimai
diskussiyalar və fikir mübadiləsi aparmaq üçün özlərinin
“informasiya kanallarını”
yaradırlar. Bəli, televiziya
və radionun mövcud olması əhəmiyyətlidir, qloballaşma
qarşılıqlı informasiya
mübadiləsinin ənənəvi
növlərini yavaş-yavaş
arxa plana keçirir, internet isə
əksinə, irəli
çıxır. Biz elə bir dünyada
yaşayırıq ki, “Washington Post” kimi mötəbər bir qəzet pullarını məhz
internet vasitəsilə qazanan
“Amazon”a cəmi 250 milyon dollara satılıb. Çünki ənənəvi
mətbuatın populyarlığı
itir, qəzet abunəçilərinin sayı
isə durmadan azalır. Biz elə bir dünyada yaşayırıq ki, burada hələ 2005-ci ildə işə salınmış siyasiyönümlü “The Huffington Post” elektron bloqu dövriyyəsi 100 milyon
dollar olan informasiya portalına və multimilyonluq biznesə çevrilib. İnternetin imkanları hüdudsuzdur və əlçatan, azad internetdə söz azadlığı məhdudlaşdırıla
bilməz. Yəni, Azərbaycanda əhalinin
65 faizi (bu isə 6 milyon 45 min vətəndaş
deməkdir) internetdən
istifadə edirsə, ölkədə söz azadlığının boğulmasından
danışmaq olarmı?!
Hökumət vətəndaşların,
xüsusən, gənclərin informasiyadan sərbəst istifadə etməsinin əleyhinədirsə,
onda peyklər buraxmaq və kommunikasiyaların imkanlarını
genişləndirmək Azərbaycan
Prezidentinin nəyinə
gərəkdir?!
Məntiqsizlik yaranır. Prezident
İlham Əliyev 2013-cü ili “İnformasiya-Kommunikasiya Texnologiyaları İli” elan etmişdi. “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASIM) layihəsi
işə salınmışdı.
İnternet azadlığı, heç
şübhəsiz, imkanları
genişləndirir, istər
müxalifətə, istərsə
də müxalifət
qəzetlərinə platforma
verir. Tədbirin keçirildiyi
“Azadlıq” radiosu eynitipli təşkilatlarla
bərabər, öz informasiyasını alternativ
auditoriyaya çatdırmaq
üçün “Youtube”
kanalından, öz saytından və sosial şəbəkələrdən
maneəsiz istifadə
edir. Bəs hanı söz
azadlığının boğulması?!
Maraqlıdır ki, AzərTAc-ın xüsusi müxbirinin sualına cavab verən Drü Sallivan bildirmişdir ki, internetdə yalan informasiya da tapmaq olur. Bəli, internetdə
yalan informasiya çoxdur, lakin belə informasiya televiziyada da çoxdur. İstər televiziyada, istərsə
də mətbuat və internetdə olsun, etibarlı informasiya vaxt gələndə yüksək
nüfuz qazanır və böyük auditoriya toplayır.
Acınacaqlı haldır ki, Azərbaycana qarşı ittihamlar irəli sürən “Azadlıq”
radiosu Azərbaycanı müntəzəm
olaraq qərəzli şəkildə tənqid
edən “Freedom House” kimi
təşkilatın hesabatına
istinad edir. “Freedom House”
məhz o təşkilatdır
ki, bir tərəfdən
Azərbaycanı “azad
olmayan” dövlət adlandırır, eyni zamanda, öz əməkdaşlarını Azərbaycanın
işğal olunmuş
ərazilərinə göndərərək,
Azərbaycanın zəbt
edilmiş torpaqlarında
mövcud olan qondarma rejimi və onun Ermənistandakı
ağalarını “yarımazad”
elan edir. 25 min azərbaycanlının qanı,
evindən-eşiyindən didərgin
salınmış 1 milyondan
çox region sakininin
fəlakəti üzərində
qurulmuş həmin qurumun “yarımazad” olmasından necə danışmaq olar?! Azadlıq yüz minlərlə insanı ata-baba yurdundan zorla qovub çıxarmaq,
fundamental hüquq və
azadlıqları kobud
şəkildə pozmaqdırmı?! Ermənistanda vətəndaşların paytaxt küçələrində
güllələndiyi bir
vaxtda bu ölkənin “yarımazad”,
Azərbaycanın isə
“azad olmamasından” necə danışmaq olar?!
Tənqidə və ittihamlara baxmayaraq, Azərbaycan inkişaf edir və edəcəkdir. Brifinq iştirakçılarından birinin
qeyd etdiyi kimi,
Azərbaycan özünün
problemləri olan gənc dövlətdir. Lakin hansı dövlətdə
problemlər yoxdur?!
ABŞ Prezidenti Barak Obamanın
bu ilin yanvarında
“Ölkədə vəziyyət
haqqında” ənənəvi
müraciətində dediyi
sözlər yada düşür: “Bizim azadlığımız, bizim
demokratiya heç vaxt bizə asanlıqla başa gəlməyib. Bəzən geri çəkilirik,
səhvlərə yol
veririk, məyus oluruq və ya ruhdan düşürük.
Lakin yaratmaq, qurmaq və hər bir insanın imkanlarını genişləndirmək
üçün biz iki
yüz ildən çoxdur ki, bütün bunları bir kənara qoyub tərəqqinin çarxını birgə
səylərlə hərəkətə
gətiririk ki, banilərimizin kağız
üzərində yazdıqları
sözləri hər bir vətəndaş üçün reallığa
çevrilsin”. Əgər
ABŞ iki yüz ildən çox müddət ərzində
tam demokratiyaya və azadlıqlara
nail olmayıbsa, Amerika
hələ də səhvlərə yol verirsə, deməli, bu, hər hansı
digər ölkədə,
o cümlədən inkişaf
etməkdə olan Azərbaycanda da mümkündür.
Yusif BABANLI
Xalq qəzeti.- 2014.-
23 fevral.- S. 3.