Cəlilabad ötən ilə yekun vurmuşdur

 

Cəlilabad Rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, Cəlilabadda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olmuş, rayonun sosial-iqtisadi inkişafına həsr edilmiş “Sürətli və dinamik inkişaf yolunda” sənədli filmə baxmışlar.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov hesabat məruzəsi ilə çıxış edərək demişdir ki, ötən il Cəlilabad rayonunun həyatında əlamətdar hadisələrlə yadda qalmışdır. Bunlardan ən mühümü Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 4-də Cəlilabada növbəti səfəri olmuşdur.

2003-cü ildən sonra altıncı dəfə rayona səfər edən dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin yeni abidəsinin qoyulduğu parkda yenidənqurma işləri ilə tanış olmuş, 120 çarpayılıq rayon mərkəzi xəstəxanasının, 120 yerlik uşaq bağçasının, 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Dövlətimizin başçısı rayonda görülən işləri yüksək qiymətləndirərək demişdir: “Mən çox şadam ki, son illər ərzində Cəlilabad rayonu doğrudan da öz inkişaf dövrünü yaşayır. Rayon hərtərəfli inkişaf edir, bütün məsələlər öz həllini tapır. Deyə bilərəm ki, biz bütün müsbət meylləri Cəlilabad rayonunda görürük”.

Hesabat ilində rayon iqtisadiyyatının bütün sahələrində inkişaf təmin olunmuş, makroiqtisadi göstəricilər daha da artmış, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilmişdir.

Bu müddətdə ulu öndərin möhtəşəm abidəsinin ucaldıldığı Heydər Parkı əsaslı şəkildə yenidən qurulmuş, 640 şagird yerlik Cəlilabad şəhər 2 nömrəli, 480 şagird yerlik Sabirabad kənd 1 nömrəli, 180 şagird yerlik Soltankənd kənd, 80 şagird yerlik Zəhmətabad kənd, 360 şagird yerlik Həziabad kənd tam orta məktəblərinin tikintisi başa çatdırılmışdır. Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzinin, Göytəpə şəhərində ulu öndərin abidəsinin ucaldılacağı Heydər Əliyev Parkının, mədəniyyət evinin, 220 şagird yerlik Məmmədrzalı və 180 şagird yerlik Cəfərli kənd məktəblərinin, Muğan kəndində 2 min tonluq soyuducu kameranın tikintisi isə davam etdirilir.

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına müvafiq olaraq Cəlilabad şəhərinin sukanalizasiya sisteminin yenidən qurulmasına başlanılmışdır. Rayonun 14 yaşayış məntəqəsini birləşdirən 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı, 21 yaşayış məntəqəsini birləşdirən 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yollarına tam, 45 kilometrlik Cəlilabad-Yardımlı avtomobil yolunun 30 kilometrinə asfalt döşənmişdir.

Hazırda 23 yaşayış məntəqəsini əhatə edən 21,2 kilometrlik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi davam etdirilir. Yaxın günlərdə isə 6 iri yaşayış məntəqəsini əhatə edən 22,4 kilometrlik Alar-Təzəkənd-Üçtəpə-Cəfərxanlı-Əliqasımlı avtomobil yolunun tikintisinə başlanılacaqdır.

İl ərzində ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 2,9 dəfə, 2012-ci ilə nisbətən isə 26,4 faiz artmışdır. Rayon üzrə 5 milyon 219 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2003-cü ildəkindən 8,3 dəfə çoxdur.

Bu dövrdə rayon əhalisinin 82 faizinin məşğul olduğu aqrar bölmənin inkişafına xüsusi diqqət yetirilmiş, bitkiçilik və heyvandarlıq sahələrində uğurlu nəticələr əldə edilmişdir. Ötən il rayonda 139 milyon 519 min manatlıq məhsul istehsal olunmuşdur, bunun da 90 milyon 546 min manatı və ya 47 faizi bitkiçiliyin, 102 milyon 973 min manatı və ya 53 faizi heyvandarlığın payına düşür.

Hesabat dövründə 65 min 550 hektar taxıl sahəsindən 127 min 487 ton taxıl tədarük edilmişdir. Rayonda 82,8 min ton kartof, 9,3 min ton üzüm, 1,3 min ton tərəvəz, 1,4 min ton meyvə, 310 ton bostan və digər kənd təsərrüfatı məhsulları istehsal edilmişdir.

Yığıncaqda çıxış edənlər 2013-cü ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan ətraflı söhbət açmışlar.

Toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Milli Məclisin deputatları Fəzail İbrahimliMalik Həsənov iştirak etmişlər.

Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 23 fevral.- S. 4.