Zeytunçuluğun inkişafı Azərbaycanda
prioritet sahələrdən biridir
Beynəlxalq Zeytun Təşkilatının
rəhbərliyi də bu qənaətdədir
Zeytun dünyanın subtropik ölkələrində qədimdən
becərilən qiymətli bitkidir. O, hələ eramızdan 2500 il əvvəl
qədim misirlilər tərəfindən becərilmiş, meyvələrindən
və yağından bir sıra xəstəliklərə
qarşı (revmatizm, yanıq, göz xəstəlikləri və
s.), həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli
ədviyyat kimi istifadə edilmişdir. Cənubi Avropa, Afrika ,
Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik
zonalarında yayılmış və 20-yə yaxın
növü olan bu bitkinin qədim tarixə malik olmasından və
əhəmiyyətindən söhbət açmazdan əvvəl
müqəddəs “Qurani-Kərim”in Ənam surəsi nin 99-cu
ayəsindən sitat gətirmək istərdik. Həmin ayədə
zeytun haqqında belə bir kəlam var: “Göydən suyu endirən
odur. Onunla hər növ bitkini
çıxardıq. Bunlar meyvələndikləri zaman
meyvələrinin yetkinləşməsinə baxın! Bunlarda insani bir cəmiyyət üçün ibrətlər
vardır”.
Müqəddəs
kitabımız – Qurani-Kərimdə zeytun bitkisinin adı ən
azı altı dəfə çəkilib. Bundan sonra bu əhəmiyyətli bitkinin insan
övladı üçün gərəkliyinə, müqəddəsliyinə
şübhə yeri qalmır. İslam
Peyğəmbəri və məsum imamlarımız da öz
müdrik kəlamlarında zeytun bitkisinin əhəmiyyətindən,
insan üçün faydalarından bəhs etmişlər.
Məsələn, Həzrət Əli (ə.s.) buyurub: “Zeytun
yaxşı qidadır. Ağızda xoş qoxu
yaradır, üzə təravət verir, əsəb sistemini
gücləndirir, qəzəb alovunu söndürür”.
Bütün yüksək keyfiyyətlərinə
görə, müqəddəs Qurani-Kərimdə zeytun
“mübarək ağac” adlandırılır.
Mütəxəssislərin
fikrincə, zeytunçuluq kənd təsərrüfatının
gəlirli sahələrindən biridir. Aparılan
uzunmüddətli araşdırmalar da bunu təsdiqləyir.
Bu meyvəyə maraq və tələbat
artdıqca tanınmış bioloqlar və alimlər zeytunun sənaye
əhəmiyyətini, tibbi dəyərini üzə
çıxarıblar. Əgər bu bitki
belə yüksək dəyərə və əhəmiyyətə
malik olmasaydı, dünyanın bir sıra inkişaf etmiş
dövlətləri zeytunçuluğun inkişafına bu qədər
önəm verməz, milyonlarla hektar sahəni zeytun
bağlarına ayırmazdılar. Hazırda Türkiyə,
Yunanıstan, İspaniya və İtaliya zeytunçuluqdan
milyardlarla dollar gəlir əldə edirlər. Ümumiyyətlə,
Aralıq dənizi hövzəsində yerləşən
ölkələr zeytunçuluğun inkişafına
böyük önəm verir. Son məlumatlara görə,
İtaliyada 2 milyon, İspaniyada 1,5 milyon, Yunanıstanda və
Türkiyədə isə 1 milyon hektar ərazidə zeytun
bağları salınıb.
Azərbaycanda
30-40 il bundan əvvəl zeytunun qiymətli
bitki olduğunu az adam bilirdi. O vaxt zeytun ağacı əsasən
Abşeronda əkilib - becərilirdi. Bu qiymətli bitki
Abşeronun bağlarına, parklarına, Bakı şəhərinin
küçələrinə xüsusi görkəm verir,
onları yaşıl dona
bürüyürdu. Böyük fərəh
hissiylə qeyd etməliyik ki, əsl vətəni Aralıq dənizi
sahilləri olmasına baxmayaraq, zeytun Abşeronda özünə
daha əlverişli mühit – ikinci vətən
tapmışdır. Həmişəyaşıl bitki
olan zeytun Abşerona təbii gözəllik, sərinlik verməklə
yanaşı, ondan hazırlanan yağ,
turşu, çoxçeşidli konservlər də keyfiyyəti
ilə seçilir, əhali tərəfindən yüksək
qarşılanır.
Abşeron yarımadasının təbii iqlim şəraiti,
coğrafi mövqeyi və münbit torpağı
zeytunçuluğun inkişaf etdirilməsi üçün
olduqca əlverişlidir. Zeytun uzunömürlülüyü və
quraqlığa davamlılığı ilə digər meyvə
ağaclarından fərqlənir, kökləri
torpağın daha dərin qatlarına nüfuz etdiyindən
iqlimi quraqlıq keçən bölgələrdə bitir.
Məhz buna görə də zeytunçuluq təsərrüfatı
səmərəliliyinə görə ilk olaraq məhz
Abşeronda salınmışdır. Getdikcə
bu ərazi daha da genişləndirilmiş və
zeytunçuluq sovxozu yaradılmışdır.
Bakının Bilgəh, Maştağa, Buzovna
yaşayış massivlərində və buraya yaxın ərazilərdə
zeytun bağları daha da genişləndirilmişdir. Abşeron rayonu ərazisində salınmış
zeytun bağları 3 min hektar sahəni əhatə edirdi.
Amma Sovet İttifaqının süqutundan sonra müstəqillik
qazanmış Azərbaycanda ilk illər hakimiyyətsizlik,
özbaşınalıq və anarxiya baş alıb gedirdi. Bu da
respublikanın bütün sahələri kimi kənd təsərrüfatına
da öz mənfi təsirini göstərdi. Ölkədə yaranmış belə gərgin vəziyyətdən
istifadə edən bəzi “işbazlar” zeytun bağları sahəsinə
də göz dikdilər. Tez - tez dəyişən
hakimiyyət rəhbərləri əllərinə
düşmüş fürsətdən öz maddi
maraqları naminə yararlanaraq var - dövlər toplamaqla məşğul
idilər. Bu dövrdə
zeytunçuluğun inkişafı da unuduldu. Onların
“işgüzarlığı”nın, xalqa “qayğıkeşliyinin”
nəticəsində zeytun bağlarını əhatə edən
sahələr sürətlə azaldı və nəticədə
Bakıda 1500 hektar zeytun bağı qaldı. Bu
da əvvəlki illərlə müqayisədə
yarıbayrı azalma deməkdir.
Bir vaxtlar əzab - əziyyətlə
salınmış geniş zeytun bağları yavaş -
yavaş “seyrəldi”. Elə təkcə
Zığdakı zeytun plantasiyalarının yerində
ucaldılan mülklər və digər kommersiya obyektləri
bu ağacları böyük zəhmət hesabına becərənləri
yandırıb - yaxırdı. Ancaq sən
saydığını say, gör
“işbazlar” nə sayır. Onlar 30-40 ilin zeytun
bağlarını insafsızcasına məhv edir, yerlərini
isə özləri üçün gəlir mənbəyinə
çevirirdilər. Alimlər, bioloqlar, kənd
təsərrüfatı mütəxəssisləri nə qədər
həyəcan təbili çalsalar da, onların səsini, fəryadını
eşidən olmadı. Həmişəyaşıl
zeytun ağaclarının qənimləri izi itirmək
üçün məhsuldar ağacları gecə vaxtı kəsib
məhv etdikdən sonra yerini də yandırırdılar.
Sonra da belə bir şayiə yayırdılar
ki, guya bu ağaclar susuzluqdan və baxımsızlıqdan məhv
olublar. Yerində yenisini əkmək əvəzinə,
şəxsi yaşayış binalar ucaldılırdı.
Azərbaycanda 1993-cü ilin iyunundan sonra həyat öz
axarına düşəndə digər sahələrdə
olduğu kimi, zeytunçuluq kimi mühüm sahənin yenidən
inkişafı sahəsində də zəruri tədbirlər
həyata keçirildi. Zeytun bağlarının ciddi fəlakətlərdən
xilas edilməsi üşün bir sıra vacib işlər
görülüdü, zeytun bağlarını məhv etmək
istəyənlərin qarşısı tədricən
alındı.
Azərbaycan Prezidenti İlham Əliyev ağacların
qanunsuz kəsilməsinə, yaşıllığın məhv
edilməsinə kəskin münasibət bildirdikdən sonra
“işbazlar” zeytun bağlarından əl çəkdilər. Dövlətimizin
başçısı ağacları kəsənlərə,
bağları məhv edənlərə ciddi xəbərdarlıq
edərək dedi: “Mənə verilən məlumatlara görə,
bəzi hallarda Bakıda hansısa obyektin tikintisi
üçün ağaclar məhv edilir, kəsilir. Yerlər alınır, hasarlanır və ondan sonra
hasarın dalında bütün ağaclar məhv edilir.
Ondan sonra orada binalar - fərdi yaşayış
evləri, yaxud da çoxmərtəbəli binalar tikilir.
Bu siqnallar mənə dəfələrlə
daxil olubdur. Həm yerli icra orqanlarına, həm
də vəzifədən istifadə edən şəxslərə
sonuncu dəfə xəbərdarlıq edirəm ki, bunu
yığışdırsınlar. Mən
Bakıda və Azərbaycanda ağacların kəsilməsinə
qadağa qoyuram. Ancaq o şərtlə ağac kəsilə
bilər: əgər hansısa infrastruktur layihəsi icra
olunur, yol genişlənir. Yaxud da ki, hansısa
dövlət əhəmiyyətli tədbirin keçirilməsi
üçün, məsələnin həlli
üçün əgər bu lazımdırsa, o zaman
ağaclar çıxarıla bilər”.
Son illər Azərbaycanda zeytunçuluğun
inkişafı prioritet sahələrdən birinə
çevrilib.
Hazırda zeytunu Abşeronun hər güşəsində
görmək olar. İndi demək olar ki,
hamı bu qiymətli bitkinin meyvələrinin müalicə əhəmiyyətini
bilir və ondan geniş istifadə edir. Hətta,
bu dəyərli bitkinin meyvəsi ilə yanaşı
yarpaqlarının da böyük müalicəvi əhəmiyyəti
aşkarlanıb. Son illərdə zeytun
ağacının yarpaqlarından ürək-damar sistemi xəstəliklərinin
müalicəsində, xüsusən, hipertoniya xəstəliyində
dəmləmə və duru spirtli ekstrakt formada daxilə qəbul
edilir.
Statistik məlumatlara görə, hazırda Azərbaycanda
1900 hektara yaxın zeytun sahəsi var. Bunun 1556 hektarı bar
verir. İndi Azərbaycanda ildə 60 ton zeytun yağı
istehsal olunur və bu rəqəmin sürətlə
artacağı bildirilir. Çünki indi
ölkəmizdə zeytunçuluğun inkişafı beynəlxalq
aləmdə də diqqəti cəlb edib. Bu
işdə “Azersun Holdinq” Şirkətlər Qrupunun fəaliyyəti
xüsusi qeyd edilməlidir. Yüksək
çeşiddə hazırlanmış zeytun yağları və
digər məhsullar müştərilər tərəfindən
rəğbətlə qarşılanır. Məhz bunun nəticəsidir ki, son vaxtlar zeytun
bağlarının salınması üçün müraciət
edən sahibkarların sayı getdikcə artır.
Bu yaxınlarda Bakıda keçirilmiş “Caspian-Aqro” III
beynəlxalq kənd təsərrüfatı, ərzaq
emalı və qablaşdırma sərgisində Beynəlxalq
Zeytun Təşkilatının rəhbərinin şəxsən
iştirak etməsi təsadüfi deyildi. Onun sözlərinə
görə, həmin təşkilatın nümayəndələri
ilə Azərbaycanda zeytunçuluğun inkişaf etdirilməsi
ilə bağlı müzakirələr aparılacaq.
Beynəlxalq Zeytun Təşkilatının rəhbəri
bir neçə gün Bakıda görüşlər
keçirmişdir. Təşkilatın nümayəndələri
ilə fermerlərin görüşü də təşkil
olunmuş, həmin görüşdə zeytunçuluğun
inkişafı, fermerlərin bununla bağlı təklifləri
müzakirə edilmişdir. Bu
görüş Azərbaycanda zeytunçuluğun
inkişafının, ölkəmizdə istehsal olunan zeytun məhsullarının
artıq dünya bazarında diqqət cəlb etməsinin nəticəsidir.
Zeytunçuluqla məşğul olanlar çox
yaxşı bilirlər ki, bar verən zeytun bağları
uzunömürlü olurlar. Kənd təsərrüfatının
bu sahəsi çox məhsuldardır və
zeytunçuluğa çəkilən zəhmət öz bəhrəsini
verir. Məhz bu amillərə görə
Azərbaycanda zeytunçuluğun inkişafı prioritet sahə
kimi diqqət mərkəzində saxlanılr.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 23 fevral.- S. 6.