Soyqırımı abidə kompleksləri yaddaşımızın ağrılı anlarının təcəssümüdür

 

Dünyanın bir çox ölkələrində soyqırımı abidə kompleksləri ucaldılmış və insanlar məruz qaldıqları qətliamları bu abidələri ziyarət etməklə böyük hüznlə yad edirlər.

Azərbaycanda da belə adbidələr çoxdur, onların hər biri sənət adamlarının ürək ağrısı ilə yaratdığı qiymətli əsərlər kimi tariximizin ağrılı anlarını yaşadır. Bəs bu abidələrin yaradılmasına qoyulan tələblər hansılardır? Həmin abidələrlə bağlı bu və digər suallarımızı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, Beynəlxalq Reklamçılar İttifaqının üzvü, memar Cahid Həsənov cavablandırır:

– Cahid müəllim, soyqırımı abidə kompleksləri hansı zərurətdən yaranır?

– Soyqırımı abidə kompleksləri şəhərsalmanın mühüm atributlarındandır. Bu formatda olan komplekslərin yaradılmasında məqsəd faciənin mahiyyətini həm yerli əhaliyə, həm də xarici qonaqlara intensiv surətdə çatdırmaqdan ibarətdir. Hələ sovetlər birliyi dövründə İkinci Dünya müharibəsinin törətdiyi faciələr, bu faciələrin yeniyetmələrə, gənclərə çatdırılması, onların hafizəsində həkk olunması üçün bu mövzuda abidə komplekslərinin yaradılmasına xüsusi önəm verilirdi. O vaxtlar Sovet İttifaqının tərkibində olan respublikaların, o cümlədən Azərbaycanın da bütün şəhər və rayonlarında , hətta kənd və qəsəbələrində 1941-1945-ci illərdə həlak olmuş insanların xatirəsinə abidə kompleksləri ucaldılırdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində bir neçə respublikada, eləcə də Azərbaycanda qətliamlar törədilmişdir. 20 Yanvar və Xocalıda belə faciələrdən idi. Bu qırğınları törədənlər isə bizimlə bir yerdə 70 il yaşamış, hər vaxt dost, qardaş dediyimiz ermənilər və onların havadarları idi. Xocalı faciəsini Xatın qətliamı ilə müqayisə edirlər. Bu gün Xatına həsr olunmuş abidələr kimi Xocalı faciəsinə də böyük komplekslər ucaldılır. İstər 20 Yanvar, istər müharibə qurbanları, istərsə də Xocalı ilə bağlı ucaldılan komplekslər ona görə qiymətlidir ki, onlar bizim tarixi ağrılarımızın rəmzləridir, eyni zamanda, həmin ağrıları gələcək nəslə daşıyan, onları xəbərdar edən daş salnamələrdir.

– Bu gün Azərbaycanda inşa olunmuş komplekslərin fərqləndirici elementləri hansılardır?

– Bakıda cox möhtəşəm Şəhidlər Xiyabanı abidə kompleksi yaradılmışdır. Xiyabanda ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və tövsiyələri əsasında qurulan bu kompleks öz quruluşuna və formasına görə cox orijinaldır. Şəhidlər Xiyabanı, adından göründüyü kimi, ağrılı, əzəmərli bir məkandır. Ona görə də burada ucaldılan abidə də öz məzmun və formatına görə bunu özündə əks etdirir. Ümumiyyətlə, bizim bu tip abidə kompleksləri öz bütövlüyü, tamlığı ilə fərqlənir. Soyqırımı abidə kompleksləri təkcə faciəvi məkan xarakteri daşımamalıdır. Bu abidələr seyrçiyə faciənin mahiyyəti barədə nəsə deməlidir. Əslində burada çağırış elementləri üstünlük təşkil etməlidir. Abidələrin yaranmasdında memar təxəyyülündən çox şey asılıdır. Memar gərək hadisənın mahiyyətini bütün çalarları ılə abidə kompleksdə verməyə çalışsın. Xocalı faciə kompleksi bu mənada cox diqqətəlayiqdir.

– Siz Lənkərandakı soyqırımı abidə kompleksinin layihə müəllifisiniz. Bu layihədə hansı məqamları daha qabarıq verməyə çalışmısınız?

– Lənkəran şəhərinin mərkəzi ərazisində, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidə kompleksi yanında Soyqırımı abidə kompleksinin layihəsini vermişəm. Məhz bu layihədə, mən tarixi fotolar əsasında Xocalı qurbanlarının fotolarını xronoloji ardıcıllıqla park boyu yerləşdirmişəm. Burada ilk dəfə idi ki, abidə ilə yanaşı, yuxarıda dediyim plakat janrı bir yerdə tərənnüm olunur. Bu da həmin əraziyə gələn insanları psixoloji baxımdan yormur. Bilirsiniz, şəhərsalmanın öz qanunları var. Bu abidələr elə qoyulmalıdir ki, şəhərin ümumi memarlıq ahənginə xələl gətirilməsin.

– Cahid müəllim, soyqırımı hadisələri ilə bağlı reklam materialları, sizcə, bu faciələrin mahiyyətinin xalqa çatdırılmasında müəyyən rol oynaya bilərmi?

– Əlbəttə, açıq hava reklamları bu məsələdə böyük əhəmiyyətə malikdir. Əhalinin daha gur olduğu yerlərdə soyqırımı, ümumiyyətlə, vətənpərvərlik mövzusunda bir çox formatda sosial reklamlar yerləşdirmək lazımdır. Əsasən məktəb və insistitutların ərazilərində belə reklamlar daha əhəmiyyətli təsirə malikdir.

Faciə ilə əlaqədar sosial reklamlar vətənpərvərlik hissini oyatmağa qadirdir. Burada seçilmiş obraz mühüm əhəmiyyət kəsb edir. Əsas məsələ bu obrazların tapılmasıdır. Faciənin şahidi olmuş fotomuxbirlərimizin çəkdiyi şəkillər əsasında təsirli reklam materialları hazırlana bilər. Bunlardan istifadə edən rəssamlarımız, memarlarımız, dizaynerlərimiz həmin reklam materialları ilə faciələrimizin miqyasını dünya ictimaiyyətinə çatdıra bilərlər. Böyük Vətən müharibəsi illərində gürcü rəssamı İrakli Toidzenin çəkdiyi məşhur “Ana Vətən çağırır” plakatı nəinki 1941-1945-ci illərdə, hətta ondan sonrakı dövrlərdə də ictimaiyyətə böyük ruh yüksəkliyi verə bilirdi. Mən Azərbaycan rəssamlarının faciələrimizi dünya ictimaiyyətinə çatdıra biləcək bu səviyyəli plakatlar yaradacağına inanıram.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 23 fevral.- S. 7.