Torpaqlarımızın müharibə yaraları necə sağaldılır?

 

Müharibələr insanlar kimi torpaqları da yaralayır, şikəst edir, yararsız hala salır. Dağlıq Qarabağ müharibəsi zamanı məhvedici bombaların, mərmilərin partladığı yerlər “ölü nöqtələr” kimi adi ot da bitirmir. Saysız-hesabsız minalar, partlamamış qumbara, mərmi və digər ölümsaçan hərbi sursat isə müharibə getmiş ərazilərdə, keçmiş sovet hərbi bazalarının ətrafında insan həyatı üçün ciddi təhlükə mənbəyidir.

 Ərazilərin minalardan təmizlənməsi işinə zəruri önəm vermiş ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 15 il əvvəl yaradılmış belə bir milli agentlik ötən illərdə son dərəcə gərəkli fəaliyyəti ilə nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə çevik, təcrübəli mülki müdafiə qurumu kimi tanınmışdır. Bu il Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) NATO ilə faydalı əməkdaşlığının da 10 ili tamam olur.

 Ötən müddətdə ANAMA NATO-nun dəstəyi ilə ölkəmizdə və ondan kənarda bir sıra mühüm layihələr həyata keçirmişdir. Bu il yanvarın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında NATO-nun Baş katibi Andres Foq Rasmussen ANAMA-dan NATO-nun “ən yaxın tərəfdaşı” kimi söz açıb. Respublikamızın rəhbəri də NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda gerçəkləşdirilən  layihələrin önəmini vurğulayıb.

ANAMA-nın kollektivi yaradılmasının 15, NATO ilə əməkdaşlığının isə 10 illiyini cəbhə bölgəsinin əhalisi, onların fəaliyyətini qədirbilənliklə yad edən geniş ictimaiyyətlə birlikdə əlamətdar hadisə kimi qeyd edir. ANAMA-nın direktoru Nazim İsmayılov rəhbərlik etdiyi qurumun keçdiyi yol, qazandığı uğurlar və qarşıda duran işlər barədə söhbət açaraq bildirdi:

– Əvvəla, ötən ay Brüsseldə NATO-nun baş katibi ilə görüş zamanı bu alyansda “ən yaxın tərəfdaş” olaraq dəyərləndirilən ANAMA barədə Prezident İlham Əliyevin söylədiyi xoş sözlərə,  əvvəllər də fəaliyyətimizə verdiyi qiymətə, göstərdiyi diqqət və qayğıya görə kollektivimiz adından möhtərəm dövlət başçımıza dərin minnətdarlığımızı bildirirəm. Dövlətimizin fəal dəstəyi işimizi həmişə yüksək səviyyədə qurmağa əlverişli şərait yaradıb və biz bundan sonra da qarşımıza qoyulmuş vəzifəni dəqiq, vicdanla yerinə yetirəcəyik.

ANAMA  1998-ci ildə yaransa da, 2000-ci ildə fəaliyyətə başlayıb və ilk vaxtlar  sırf mina sahəsində işlər həyata keçirib. Lakin əməliyyat və tədqiqatlar zamanı  cəbhə bölgəsində,  işğaldan azad edilmiş ərazilərdə və digər hərbi fəaliyyət obyektlərində partlamamış hərbi sursat problemi ilə də rastlaşdıq. Sovet Ordusunun Ağstafada, Hacı Zeynalabdin Tağıyev, Güzdək qəsəbələrində və s. yerlərdəki hərbi bazaları, böyük sursat anbarları yerləşirdi. Sovet Ordusu 1990-cı illərin əvvəllərində Azərbaycanı tərk edən zaman, müqaviləyə əsasən, buradakı inventarın hamısı Azərbaycana qalmalı idi.

 Həmin anbarlar Azərbaycana verilsəydi, bizim bir neçə on il ərzində döyüş sursatı almağımıza ehtiyac qalmırdı. Məhz bu səbəbdən bədxahlarımız hərbi bazalarda yanğınlar təşkil etdilər. Ağstafada 140 depodan ibarət Saloğlu, Bakı yaxınlığında isə Güzdək bazası tam yararsız vəziyyətə düşdü. Partlayış zamanı nəinki bazalar dağıldı, ətraf ərazilərə ciddi ziyan dəydi. İnsanlar xəsarət aldılar, həlak oldular. Ən dəhşətlisi isə odur ki, sonradan ətrafa dağılan sursatı əlvan metal kimi toplayan zaman baş vermiş partlayışlarda dinc əhalidən yaralanan  ölənlər oldu.

İlk illərdə bu problemin öhdəsindən necə gələcəyimizi bilmirdik. Potensialımız, texnologiyamız yox idi. 2003-cü ildə vəziyyəti hökumətə bildirdik. Təklif elədik ki, bu işin öhdəsindən gəlməkdə bizə NATO-nun keçmiş NAMSA agentliyi (indiki NSPA agentliyi) dəstək ola bilər. O zaman NAMSA MoldovaUkraynada elə işlər həyata keçirirdi. NATO-ya müraciət olunduqdan sonra oradan nümayəndə heyəti Azərbaycana gəldi. Fəaliyyətimizlə tanışlıqdan sonra qərar qəbul edildi, layihə hazırlandı. 15 nəfərdən ibarət ilk qrupumuz yaradıldı və NATO mütəxəssisləri tərəfindən onlara 6 aylıq təlim keçirildi.

 NATO bizə qədər 40-dan artıq ölkədə mina və partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi sahəsində müxtəlif layihələr həyata keçirib. NATO Azərbaycanda dünyada analoqu olmayan bir layihə reallaşdırdı. 2004-cü ildə işləməyə başladıq. “Saloğlu” layihəsi ilə bağlı SNT Etimad Fondu (PfP Trust Fund) yaradıldı, donorlar cəlb olundu. Başlanğıcda Azərbaycan hökuməti layihənin 10 faizini, donorlar isə qalan hissəsini maliyyələşdirdilər. Beləliklə, 2005-ci ildə biz Saloğluda işlərə başladıq.

 İlk tədqiqatlarda işlərin 2 il içində başa çatdırılması nəzərdə tutulsa da, sonra nəinki yerin üstündə, eləcə də torpağın dərinliklərində çox sayda sursat aşkarlandı. Texnologiya, avadanlıq yox idi. Ancaq qazıntı yolu ilə işləyirdik. Buna görə də potensialımızı artırmağa başladıq və heyətin sayı 60 nəfərə çatdırıldı. Beş il ərzində biz Saloğluda çox ağır şəraitdə işlədik, öyrəndik. 600 mindən artıq, 240 növ sursatı taparaq zərərsizləşdirdik. Ona görə də cənab Rasmussen deyir ki, NATO dünyada ən ağır layihələrdən birini ANAMA ilə birgə həyata keçirib.

– NATO artıq sizin təcrübənizi başqaları üçün də gərəkli bilir, ANAMA-nı xarici layihələrə cəlb edir.

– 5 il ərzində bizim mütəxəssislər elə bir təcrübə qazandılar ki, NATO bu potensialdan nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə istifadə olunmasını təklif etdi.  Saloğludan sonraCeyrançöl” layihəsinə başladıq. Buna paralel olaraq NATO bizi Gürcüstanda milli potensialın hazırlanması proqramına cəlb elədi. ANAMA NATO-nun tenderində qalib oldu. Gürcüstan ordusunun 60 zabitinə Göygöl Beynəlxalq Təlim Bazasında 3 və 6 aylıq təlim kursları keçdik. Ondan sonra bizim mütəxəssislər Gürcüstanda minatəmizləmə əməliyyatlarının  monitorinqini apardılar. Məhz bu layihə ilə ANAMA–NATO əməkdaşlığı Azərbaycan sərhədlərindən kənara çıxdı.

Qeyd olunan işlərin davamı olaraq Türkiyədən də təkliflər aldıq. Bir vaxtlar SNT Etimad Fondu çərçivəsində ANAMA-ya yardım ayıran Türkiyə onun potensialından istifadə etməyə maraq göstərdi. Bu çərçivədə biz MKE kimi nüfuzlu bir təşkilatın 15 nəfər yüksək vəzifəli əməkdaşına təlim keçib sertifikat verdik. Beləliklə, NATO ilə əməkdaşlığımız ANAMA-nın regional minatəmizləmə mərkəzinə çevrilməsinə yol açmış oldu. Biz NATO-dan istifadə edib öz milli potensialımızı yaratmışıq, müasir avadanlıq almışıq. Bizdə ən müasir minatəmizləyən maşınlar, 6 metr dərinlikdəki sursatı belə aşkarlayan avadanlıq mövcuddur.

– Deyəsən, Əfqanıstanla bağlı layihəyə də cəlb olunm usunuz...

– NATO mütəxəssisləri ANAMA-nı  Əfqanıstanda minatəmizləmə işlərini təşkil edəcək yeganə qurum hesab edirlər. Xatırladım ki, biz dövlət başçımızın tapşırığı əsasında Əfqanıstana qeyri-hərbi yardımların göstərilməsi sahəsində iki ildən çoxdur işləyirik. Humanitar minatəmizləmə ilə yanaşı, Əfqanıstan Daxili İşlər Nazirliyinin 60 əməkdaşına döyüş sursatının zərərsizləşdirilməsi təlimləri də  keçəcəyik. Əfqanıstanda illərlə davam edən əməkdaşlıq nəzərdə tutulur.

Başqa hansı layihələriniz var?

 – Layihələrimiz çoxdur. Ölkəmizdə əvvəlki illərdə başladığımız işlərin yeni mərhələləri davam etdiriləcək. NATO-nun marağındadır ki, ANAMA Gürcüstanda həyata keçirilən layihələrdə aktiv iştirak etsin. Bu gün Azərbaycan hökumətinin Afrika ölkələri ilə bağlı humanitar proqramları mövcuddur. Biz humanitar minatəmizləmə sahəsində o regionda müəyyən layihələr reallaşdıra bilərik. Eləcə də bəzi ərəb ölkələri bizimlə birgə layihələr həyata keçirməyə maraqlı olduqlarını açıqlayıblar. Türkiyədə də yeni layihələr gözlənilir. Ən önəmlisi Türkiyə–Suriya sərhədinin minalardan təmizlənməsidir. Türkiyənin  Ermənistan və İran sərhədində də mina problemi var.  Bu günədək ANAMA qardaş ölkədə 4 layihə həyata keçirib.

– Nəhayət, ANAMA-da hansı yeniliklər gözlənilir?

Biz bu yaxınlarda minalı ərazilərin kəşfiyyatını aparmaq üçün pilotsuz uçuş aparatı alacağıq. İsveçrənin “Sense Fly” şirkətinin istehsalı olan bu uçan qurğu 150-200 metr hündürlükdən təhlükəli minalı ərazilərin görüntülərini əldə etməyə imkan verir. Sentyabr ayında isə Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sərgisində iştiraka hazırlaşırıq. Bu il ANAMA-nın yaranmasının 15 illiyi tamam olduğundan çalışırıq ki, gözəl bir pavilyon yaradaqöz imkanlarımızı orada nümayiş etdirək.

– Düşmənlərin ana torpağımıza vurduğu yaraları sağaldan, onu dinc əhalinin istifadəsi üçün yararlı hala salan ANAMA kollektivinə vacib humanitar fəaliyyətində yeni uğurlar arzulayırıq.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2014.- 23 fevral.- S. 8.