Riçard Morninqstar:
ABŞ Azərbaycanla strateji tərəfdaşlığı
yüksək qiymətləndirir
ABŞ-ın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın Trend-ə müsahibəsi
–
ABŞ və Azərbaycan arasında münasibətləri və
əməkdaşlıq perspektivlərini necə dəyərləndirirsiniz?
– Öncə vurğulamaq istərdim ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir. Biz Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasına dəstək olmaq istəyirik və hesab edirik ki, bu, çox vacibdir. Bizim demokratik, iqtisadi və təhlükəsizlik islahatları, Dağlıq Qarabağ, Əfqanıstan və terrorizmlə mübarizə məsələlərində bir sıra ümumi maraqlarımız var. Hesab edirəm ki, enerji sahəsində də güclü ümumi marağımız var. Biz həmçinin Azərbaycanın qeyri-enerji iqtisadiyyatının inkişafına kömək etmək istəyirik. Hesab edirik ki, Azərbaycanın gələcəyi davamlı demokratik və iqtisadi islahatlar, eləcə də demokratik ölkələrimizin güclü tərəfdaşlığı əsasında daha yaxşı qurulacaq. Biz bu məsələlər üzərində işləməyə davam edəcəyik. Eyni zamanda, qeyd etdiyim digər məsələlər üzərində də işləməyimiz çox vacibdir. Nümunə kimi deyə bilərəm ki, biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsini təşviq edirik. Düşünürük ki, biz bu məsələdə kömək edə bilərik və bunu qeyri-enerji iqtisadiyyatının inkişafı üçün əsas amil hesab edirik. Strateji tərəfdən isə, biz Azərbaycanın öz hərbi qüvvələri ilə Əfqanıstandakı əməkdaşlığını yüksək qiymətləndiririk. Eyni zamanda, 2014-cü ildən sonra NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanacağı vaxt Azərbaycanın köməyi məsələsi çox vacibdir və qeyri-hərbi yüklərin daşınması Azərbaycan ərazisi vasitəsilə həyata keçiriləcək.
Beləliklə, üzərində işləməli və işləməyə davam etməli olduğumuz bir çox məsələlər var. Hesab edirəm ki, bizim çox dərin tərəfdaşlığımız ola bilər.
– ATƏT-in Minsk qrupunun üzvü kimi, ABŞ-ın Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginliyə münasibəti necədir?
- Biz bundan çox narahatıq və həm Azərbaycan, həm də Ermənistana aydın şəkildə bildirmişik ki, təmas xəttində vəziyyətin gərginləşməsinin heç bir faydası yoxdur. Əslində, bu, sülh prosesini sarsıdır. Həmçinin bunun gözlənilməz nəticələri ola bilər ki, bu da daha böyük ədavətə gətirib çıxara bilər. Eyni zamanda, hazırda gərginliyin azalması bizi ruhlandırır. Son bir neçə həftə ərzində daha az insident baş verib, halbuki ondan öncəki həftələrdə insidentlərin sayı həddən artıq çox idi. Prezidentlərin noyabr ayında keçirilən görüşü də bizi ruhlandırdı. Hesab edirik ki, sözügedən görüş konstruktiv oldu. Ümid edirik ki, bu görüşlər davam edəcək. Münaqişəni həll etməyin ən yaxşı və yeganə yolu iki prezidentin danışıqlar masası arxasında oturması və münaqişənin həlli istiqamətində konkret addımlar atmasıdır. Bu, bütün azərbaycanlıların və ermənilərin maraqlarına cavab verəcək.
– İndiyədək ATƏT-in Minsk qrupuna üzv olan ölkələr Ermənistanı təcavüzkar ölkə kimi tanımamışlar. Necə düşünürsünüz, bu, vasitəçilərin obyektivliyini şübhə altına salmırmı?
– Biz vasitəçilərik. Minsk qrupunun həmsədri kimi biz vasitəçilik edə, yardımçı ola bilərik və hər iki prezidentə münaqişənin həlli istiqamətində irəliləyiş üçün ideyalar verə bilərik. Lakin biz nə Ermənistanı, nə də Azərbaycanı təcavüzkar adlandıra bilmərik, çünki bu, vasitəçi kimi xidmət göstərməyi tamamilə mümkünsüz edir. Bu, o demək deyil ki, təmas xəttində vəziyyət gərginləşdiyi zaman biz tərəfləri bunu dayandırmağa çağırmırıq. İstənilən həmsədrin ölkələrdən hər hansı birini təcavüzkar adlandırmaq istəməsi sülh danışıqları üçün səmərəli olmaz.
– ABŞ-ın “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tamamən ləğvi məsələsinə necə baxırsınız?
– Bildiyiniz kimi, hər il ABŞ Prezidenti tərəfindən 907-ci düzəlişin fəaliyyəti dayandırılır. Bu isə bizə Azərbaycana yardım üçün zəruri olanı etmək imkanı verir. Düzəlişin tamamilə ləğvinə gəldikdə isə, bu, Konqresin işidir. Amma bir daha vurğulamaq istərdim ki, 907-ci düzəliş on ildən çoxdur ki, hər il Prezident tərəfindən dayandırılır.
– ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsinın artırılması üçün hansı addımlar atılır?
– Bunun üçün bir çox işlər görülür. Hər şeydən öncə, biz şirkətləri bura gəlib Azərbaycan haqqında öyrənməyə təşviq edirik. Noyabr ayında bizim ticarət missiyamız burada olub. ABŞ-ın Türkiyədə fəaliyyət göstərən şirkətləri Azərbaycan haqqında daha çox öyrənmək üçün bura gəliblər. “Bakutel” sərgisi keçirilərkən, bizim bir sıra telekommunikasiya, informasiya texnologiyaları şirkətlərimiz gəlib buradakı imkanlarla maraqlanıblar. Hesab edirəm ki, burada işləməyə çox maraqlı olan şirkətlər var. Eyni zamanda, Azərbaycanın investisiyalar üçün daha da əlverişli olması məqsədilə addımlar atması çox vacibdir. Biz hökumətlə kiçik və orta biznesin inkişafını asanlaşdıracaq gömrük, vergi islahatı və rəqabətin artırılması kimi məsələlər üzərində işləyirik. Biz hökumətlə ÜTT-yə üzvlük məsələsi üzərində də işləyirik ki, bu da bizə yardımçı olmağa imkan verir.
- Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?
- Bu, çox vacibdir. Bu, mənim 1998-ci ildə Bakı-Tbilisi-Ceyhan kəməri üzərində işləyərkən məşğul olduğum bir işdir. Hesab edirəm ki, ötən il çox mühüm addımlar atılıb- Avropaya qaz nəqli üçün kəmər seçilib. Türkiyə ərazisi ilə Trans-Anadolu kəməri (TANAP) və əlbəttə ki, Şah Dəniz qaz layihəsinin ikinci fazasına dair yekun qərarın qəbul edilməsi mühüm və əsas addımlardır. Bu, Azərbaycana məqsədlərinə çatmaqda çox kömək etdiyimiz bir sahədir. Azərbaycanda enerji sektorunun inkişafı ölkənin müstəqilliyini və suverenliyini qoruyur. Bu da, öncə qeyd etdiyim kimi, bizim siyasətimizin əsas hissəsidir.
- Azərbaycan
şirkətləri xaricə aktiv şəkildə
sərmayə yatırır. ABŞ Azərbaycan
investisiyalarına maraq
göstərirmi?
- Biz
ABŞ-a xarici sərmayələrin
yatırılmasını təqdir
edirik. Çünki bunun nəticəsində ölkədə daha çox iş
yerləri açılır.
Eyni zamanda, biz ABŞ şirkətlərini
bura gəlib Azərbaycanın uzunmüddətli
potensialını nəzərdən
keçirməyə çağırırıq.
– Terrorizmə qarşı mübarizədə Azərbaycanın
töhfəsini necə
qiymətləndirirsiniz?
– Bu, bizim tərəfdaşlığımızın əsas sahələrindən
biridir. Biz terrorizmlə
mübarizədə Azərbaycanla
müxtəlif formalarda
çox yaxşı əməkdaşlıq edirik.
Bir çox işləri görməli olduğumuz və hesab edirəm
ki, bu işləri
görəcəyimiz mühüm
sahələrdən biri
infrastrukturu, xüsusilə
də enerji infrastrukturunu potensial terror
hücumlarından qorumaqdır.
Azərbaycan hökuməti ilə
bu kimi məsələlər
üzrə danışıqları
davam etdiririk. Biz Azərbaycanı terrorizmlə mübarizədə
tərəfdaş kimi
görürük. Əlbəttə, bu kimi narahatlıqlardan
biri sayılan Əfqanıstan məsələsində
də Azərbaycan çox yardımçı
olub.
– ABŞ Azərbaycanın beynəlxalq
sülhməramlı səylərdə
geniş şəkildə
iştirakını görmək
istərdimi?
– Əlbəttə, bu,
Azərbaycan hökumətinin
qərarıdır. Biz Azərbaycanın töhfəsini
yüksək qiymətləndiririk.
- Siz həmçinin
ABŞ-ın dövlət
katibinin Avrasiya enerji məsələləri
üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərmisiniz.
Sanksiyaların aradan qaldırılacağı
halda İranın Qərbin qaz layihələrində və
bazarlarında orta və uzunmüddətli rolunu necə qiymətləndirirsiniz?
– Bunu zaman göstərəcək. Lakin
hal-hazırda İranın Qərbin qaz
layihələrində iştirakı mümkünsüz
görünür. Nüvə
danışıqlarında və münasibətlər normallaşarsa, nə olacağını
görəcəyik. Bunun baş
verəcəyini demək üçün
hələ çox tezdir.
Lakin biz növbəti
aylarda və illərdə nələrin baş verəcəyinin şahidi
olacağıq.
Xalq qəzeti.- 2014.- 25 fevral.- S. 2.