Nürnberq şəhərində Xocalı soyqırımına həsr olunmuş yürüş-mitinq

 

 Azərbaycan diaspor təşkilatları fevralın 22-də Almaniyanın Nürnberq şəhərindəki mərkəzi meydanda Jakobsplatsda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçirmişlər. Xocalı qurbanlarının ruhunun bir dəqiqəlik sükutla anılması və Azərbaycanın dövlət himninin ifası ilə başlayan aksiya 2 saat davam etmişdir.

 Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, aksiyada Azərbaycan diasporunun fəal üzvlərindən olan Yeganə Məmmədzadə alman dilində ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında məlumat vermişdir. Azərbaycan və Türk icmalarının nümayəndələri çıxış edərək Avropanı 20-ci əsrin ən dəhşətli qətliamlarından biri - Xocalı soyqırımına, eləcə də, BMT qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına biganə qalmamağa çağırmışlar.

Mitinqdə şəhər sakinlərinə Xocalı faciəsini əks etdirən  foto və məlumatlar olan broşürlər paylanmış, onlara soyqırımı haqqında məlumatlar verilmişdir.

Daha sonra aksiya yürüşlə davam etdirilmişdir. Əllərində qətliam qurbanlarının fotolarını, Azərbaycan, Türkiyə, Almaniya bayraqları və plakatlar tutan mitinq iştirakçıları Nürnberqin mərkəzi küçələri ilə yürüş edərək “Xocalıya ədalət!”, “Qarabağa Azadlıq!” “Avropa, Qarabağın işğalına susma!” kimi şüarlar səsləndiriblər.

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Odlar Yurdu Azərbaycan-Alman Dostluq və Mədəniyyət Cəmiyyəti və Azərbaycan diasporunun fəalı Akif Məmmədovun təşkilatçılığı ilə baş tutan aksiyaya digər türkdilli xalqların təmsilçiləri də qatılaraq soydaşlarımıza dəstək nümayiş etdirmişlər. Balkan Türkləri Birliyi, Avropa Batı Trakya Türkləri Federasiyası, Türk Günü Dərnəyi, Türk Ocaqları, Türk Vəlilər Dərnəyinin üzvləri  aksiya iştirakçıları arasında olmuşlar

 

Samirə ƏLİYEVA

 

Xalq qəzeti.- 2014.- 25 fevral.- S. 2.