Naxçıvan
şəhər 11 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir
Fevralın 24-də Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmişdir.
Məktəbin direktoru Elmira Həsənova çıxış edərək demişdir ki, muxtar respublikada təhsil müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi və informasiya-kommunikasiya texnologiyaları ilə təminat diqqət mərkəzindədir. Bu gün Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbi də müasir təhsil müəssisələrinin sırasına qoşulur. Yeni bina və yaradılan hərtərəfli şərait məktəbin müəllim və şagird kollektivi üçün əvəzsiz töhfə, eyni zamanda yeni vəzifələr deməkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 11 nömrəli tam orta məktəbin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, onlara tədrisdə uğurlar arzulamışdır.
Ümummilli liderimiz Heydər Əliyevin “Gəncləri təhsilli etməklə Azərbaycanın gələcəyi üçün yaxşı əsas yaradırıq”, fikrini xatırladan Ali Məclisin sədri demişdir: Təhsilin inkişafı ölkənin inkişafı və gələcəyi deməkdir. Bu mənada hər bir xalqın gələcəyi məktəblərdə yetişən gənclikdən asılıdır. Təhsilin müasir tələblər səviyyəsində təşkili, müəllim-şagird münasibətlərinin qarşılıqlı anlaşma və tələbkarlıq üzərində qurulması, gənclərə xalqımızın milli dəyərlərinin öyrədilməsi isə sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Bu gün Azərbaycanda sabitlik və inkişaf vardır. Dövlət tərəfindən təhsilin inkişafına, məktəb işinə hərtərəfli qayğı göstərilir, təhsil sahəsində uğurlu nailiyyətlər qazanılır. Bütün bunları 11 nömrəli tam orta məktəbin timsalında da görmək mümkündür. Məktəbin uğurlu təhsil ənənələri vardır. Ötən tədris ilində ali məktəblərə qəbulda göstərilən nəticələr də bunu bir daha təsdiq etdi. Yaradılan şərait gələcəkdə nailiyyətləri daha da artırmağa imkan verəcəkdir.
Ali Məclisin sədri 11 nömrəli tam orta məktəbin Xocalı soyqırımı ərəfəsində istifadəyə verildiyini bildirərək demişdir ki, gənclərimiz tariximizi dərindən öyrənməli, xalqımıza qarşı törədilmiş soyqrımları unutmamalı, vətənpərvər ruhda böyüməli, dövlətimiz üçün yararlı vətəndaş olmalıdırlar.
O, qazanılan nailiyyətlərə görə kollektivə təşəkkürünü bildirmiş, Naxçıvan şəhər ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə etmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin sədri məktəbdə tədrisin təşkili ilə maraqlanmışdır. Qeyd olunmuşdur ki, 4 mərtəbəli məktəb binası 1100 şagird yerlikdir. Binada yaradılan müasir sinif otaqları, laboratoriyalar, hərbi kabinə, kompyuter otaqları, kitabxana, elektron lövhəli siniflər və idman zalı tədrisin müasir metodlarla təşkilinə imkan verəcəkdir. Məktəbdə şagirdlərin dərslik, bədii və elmi ədəbiyyatlarla təminatına, eləcə də onların mütaliəsinə xüsusi diqqət yetirilmiş, 17 mindən artıq kitab fondu olan kitabxana yaradılmışdır.
Hazırda məktəbin birinci sinfində 68 şagird təhsil alır. Onların təlim-tərbiyəsinə,
eləcə də ibtidai təhsilin əsas şərti olan azyaşlıların psixoloji hazırlıqlarına
xüsusi diqqət yetirilir.
Məktəbdə şahmat otağı yaradılmış, şagirdlərin
zehni idman oyununa olan marağının
artırılması diqqət
mərkəzində saxlanılmışdır. Bu istiqamətdə görülən
işlərin nəticəsidir
ki, məktəbin şagirdləri ölkəmizdə
və muxtar respublikada keçirilən
bir çox müsabiqə və yarışların qalibi olmuşlar.
Kimya, biologiya
və fizika laboratoriyalarında sınaq-təcrübə
avadanlıqları quraşdırılmışdır. Elektron dərsliklərlə
təminat isə mövzu üzrə müxtəlif mənbələrdən,
o cümlədən internet resurslarından istifadə
olunmasına və dərslərin daha əhatəli öyrədilməsinə
imkan verəcəkdir.
11 nömrəli tam orta məktəbdə 4 kompyuter və 4 elektron lövhəli sinif vardır. Kompyuter otaqlarında 76 kompyuter dəsti quraşdırılmışdır.
Sürətli internetə çıxış
imkanı kompüyuterlərdən
və elektron lövhələrdən səmərəli
istifadəyə, elektron
tədris mübadiləsinə
və beləliklə,
distant təhsilin inkişafına
geniş imkanlar açmışdır.
Ali Məclisin sədri
11 nömrəli tam orta
məktəb ilə Şərur rayonunun Aralıq kənd tam orta məktəbi arasında video-bağlantı
vasitəsilə keçirilən
dərsi izləmişdir.
Ali Məclisin sədri
müəllimlərlə söhbət
zamanı demişdir ki, təhsilin səviyyəsinin yüksəldilməsində
pedaqoji kollektivin üzərinə mühüm
vəzifələr düşür. Hər bir
müəllim çalışmalıdır
ki, təhsilli və vətənpərvər
gənclər yetişdirsin.
Qeyd olunanlara nail olmaq üçünsə,
müasir tədris infrastrukturu olmalıdır.
Artıq
11 nömrəli tam orta
məktəbdə bu,
yaradılmışdır. Müəllimlər qeyd etmişlər
ki, təhsilin inkişafı pedaqoji kollektiv üçün yeni imkanlar açır.
11 nömrəli məktəbin müəllim
heyəti bundan sonra da öz
fəaliyyətləri ilə
göstərilən etimada
layiq olmağa çalışacaqlar.
Binanın həyətində də abadlıq işləri aparılmış, mini-futbol
meydançası yaradılmış,
yaşıllıq sahələrinin
suvarılması üçün
830 metr uzunluğunda su xətti çəkilmişdir.
Xalq qəzeti.- 2014.- 25 fevral.- S. 3.