Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində bəşəriyyətə qarşı ən ağır cinayətlərdən olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkil etdiyi tədbirə Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının üzvləri, Almaniya parlamentinin deputatları dəvət edilmişdilər. Əvvəlcə Xocalı faciəsi ilə bağlı film nümayiş etdirildi.

Beynəlxalq konfransı Milli Məclisin deputatı Xanhüseyn Kazımlı açaraq Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımıza qarşı ərazi iddiası irəli sürən erməni faşizmini ifşa etmək üçün geniş miqyaslı işlər görülür. Eyni zamanda, erməni terrorizminin viran qoyduğu rayon və kəndlərimizə vurulmuş maddi və mənəvi zərərin hesablanması istiqamətində də ciddi tədbirlər həyata keçirilir. Bu işə xarici ölkələrin qiymətləndiriciləri də cəlb edilib. Hazırda Azərbaycan Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının müxtəlif ölkələrdən olan mütəxəssislərinin iştirakı ilə Ermənistanın təcavüzü nəticəsində ölkəmizə dəymiş zərəri hesablamaqla məşğuldur. İndiyədək apalımış hesablamalara görə, Ermənistanın işğalı nəticəsində Azərbaycana 300 milyard dollardan artıq ziyan vurulub. Bu başa çatdırıldıqdan sonra Azərbaycan hökuməti müvafiq məlumatı Ermənistana təqdim edəcək və zərərin ödənilməsini tələb edəcək.

Almaniya Sosial Demokrat Partiyasının üzvü Volkan Baran çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin dörd qətnamə qəbul etdiyini, lakin bu sənədlərin indiyədək yerinə yetirilmədiyini, dünya ictimaiyyətinin ermənilərin azğın hərəkətlərinə göz yumduğunu bildirdi. Ancaq artıq bir sıra ölkələr Azərbaycanın ədalətli mövqeyini anlamağa başlayıb. Bu işdə Azərbaycan və türk diasporları böyük işlər görür.

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev rəhbərlik etdiyi qurumda təkcə Xocalıda deyil, ermənilər tərəfindən bütün Azərbaycan ərazilərində törədilmiş soyqırımı, deportasiyas. cinayətlər üzrə istintaq aparıldığını bəyan etdi. Onun sözlərinə görə, istintaq əsasən üç istiqamət üzrə aparılır: birincisi, Xocalı, Meşəli, Quşçular, Bağanis-Ayrım və digər yaşayış məntəqələrimizdə törədilmiş cinayətlər, ikincisi, nəqliyyat vasitələrində, Bakı metrosunda və digər yerlərdə ermənilər tərəfindən təşkil olunmuş terror aktları, üçüncüsü, silahsız mülki əhaliyə, əsir və girovlara verilmiş işgəncələr. Əhaliyə vurulmuş ziyan üzrə də istintaq işləri davam etdirilir. X.Vəliyev bildirdi ki, artıq bu cinayətləri törətməkdə təqsirli bilinən 289 nəfər müəyyən olunub. Vaxt gələcək bu cinayətkarlar öz layiqli cəzalarını alacaqlar və Azərbaycan xalqı itirilmiş torpaqlarına qayıdacaq.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin öz havadarlarının köməyi ilə artıq 2 əsrdir ki, Azərbaycan türklərinə qarşı soyqırımı aktları törətdiyi, azərbaycanlıların çörəyini yeyərək torpaqlarına sahib çıxdığı, bu xalqa qarşı ağlasığmaz cinayətlər törətdiyi barədə ətraflı məlumat verdi. Onun sözlərinə görə, Azərbaycan dövləti, hökuməti, diplomatik korpusu, QHT-lər bu faktları beynəlxalq ictimaiyyətə çatdırıblar. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində böyük işlər görülür. Artıq dünyanın bir neçə ölkəsində Xocalı soyqırımı rəsmən tanınıb. Bu proses davam edir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ordumuz regionun ən güclü ordusuna çevrilib. Azərbaycan istədiyi vaxt öz torpaqlarını azad etməyə qadirdir. Ancaq qan tökülməsini istəmirik. Bunu ermənilər də yaxşı anlamalı, işğalçı qoşunları Azərbaycan torpaqlarından çıxarmalıdır.

Sonra Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının baş direktoru Nikolay Trifonov, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Bakı Dövlət Universitetinin professoru Tapdıq Həsənov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov çıxış edərək Xocalı soyqırımının bəşəriyyət əleyhinə cinayət olduğunubu cinayəti törədənlərin cəzasız qalmayacağını bildirdilər.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2014.- 25 fevral.- S. 3.