Xocalı
soyqırımı – vəhşiliyin görünməmiş
təzahürü
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri ermənilərin azərbaycanlılara qarşı, Xocalıda törətdiyi soyqırımı olmuşdur. Bu hadisə XX əsrin ən dəhşətli faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqmı faciələri ilə eyni səviyyədə durur.
Xocalının əhalisi 7000 (yeddi min) nəfər olmuşdur. Xocalı soyqırımı nəticəsində dövlətə və fiziki şəxslərə hal-hazırkı bazar qiymətləri ilə təxminən 1 milyard dollar maddi zərər dəymişdir. Ermənilər tərəfindən 1920 fərdi yaşayış evi, 2 məktəb, 2 natamam orta məktəb, 1 toxuculuq fabriki, 4 uşaq bağçası, 1 xəstəxana, 1 poliklinika, 2 kitabxana, Xocalı qəsəbə statusu aldıqdan sonra yeni tikilmiş bütün beşmərtəbəli binalar, 10-dan çox iaşə və məişət xidməti obyektləri, habelə mağazalar, dövlət müəssisələrinin binaları, həmçinin Xocalı aeroportu dağıdılmışdır.
Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq sakin müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində insanlığa yaraşmayan təhqiramiz hərəkətlər edilmişdir. Həyatdan məhrum edilmiş azərbaycanlıların yeganə günahı onların azərbaycanlı olmaları idi. Xocalıda Ümumdünya İnsan Hüquqları Ümumi Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) 2-ci maddəsində öz əksini tapmış insan hüquqları kobud şəkildə pozulmuşdur. Anaların yanında uşaqlarına işgəncə verilmiş və qəddarlıqda öldürülmüşdür. Naxçıvanik kəndində qadın, uşaq və qoca meyitlərindən ibarət təpə yaranmışdır. Hətta alman faşistləri belə qadın və uşaqlara qarşı belə qəddarlıq etməmişlər.
Ötən əsrin sonlarında dünyanın gözü qarşısında baş vermiş tarixdə analoqu olmayan Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə, bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Bu qətliamların müəllifləri isə özlərini dünyaya “əzabkeş” kimi təqdim edən erməni millətçiləridir. Amansız qətillərlə dünya tarixində silinməz izlər buraxan bu faciə, əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı qəddarlığı idi.
Xocalı soyqırımı beynəlxalq cinayətdir. Beynəlxalq cinayət - ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud və ya kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir.
Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsifi üçün hüquqi əsaslar aşağıdakılar hesab olunmalıdır:
1) BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmişdir);
2) Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur);
3) Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə 4);
4) Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (maddə l);
5) Beynəlxalq Cinayət Məhkəməsinin Statusu
(mad. 6);
6) Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi
(mad. 103);
7) Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycanlıların
soyqırımı haqqında”
26 mart 1998-ci il tarixli fərmanı.
“Soyqırımı cinayətinin
qarşısının alınması
və cəzalandırılması
haqqında” Konvensiyanın
2-ci maddəsinə uyğun
olaraq “soyqırımı”
dedikdə, hər hansı milli, etnik, irqi, yaxud
dini qrupu tam və ya qismən
məhv etmək məqsədilə törədilən
aşağıdakı hərəkətlər
başa düşülür:
a) Bu cür qrupun üzvlərinin öldürülməsi;
b) bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər yetirilməsi; c) hər hansı qrup üçün qəsdən
onun tam, yaxud qismən fiziki məhvini nəzərdə
tutan həyat şəraiti yaradılması;
d) bu cür qrupda doğumun qarşısını almağa
yönəldilmiş tədbirlərin
görülməsi; e) uşaqların
zorla bir insan qrupundan alınıb başqasına
verilməsi.
Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli
qanunla qeyd olunan konvensiyaya qoşulmuşdur. Xocalıya
hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə, o cümlədən,
qadın və uşaqlara qarşı hərəkətləri Cenevrə
Konvensiyasına, həmçinin
Ümumdünya İnsan
Hüquqları Ümumi
Bəyannaməsinin aşağıdakı
maddələrinə kobud
qaydada ziddir:
– Hər bir şəxs
dilindən, ... dinindən, ... milliyyətindən və digər səbəbdən,
fərq qoyulmadan bu bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
– Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunalmazlıq hüququ vardır.
– İnsan ləyaqətini
alçaldan, insaniyyətlikdən
kənar və qəddar hərəkətlər
qadağandır.
– Özbaşına həbslər,
saxlanılmalar və ya qovulmalar qadağandır.
– Hər bir insanın
əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum
edilməsi qadağandır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycan parlamenti
26 fevralı Xocalı
Soyqırımı Günü
kimi qəbul etmişdir. Ulu öndər Heydər Əliyev demişdir: “Xalqımızın qəhrəman,
igid övladları torpaqlarımızın müdafiəsi
uğrunda vuruşaraq
şəhid oldular. Ancaq bütün
bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir
ki, bir tərəfdən,
bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə
sədaqətinin nümunəsidir.
İkinci tərəfdən
də, Ermənistanın
millətçi, vəhşi
qüvvələri tərəfindən
Azərbaycana qarşı
edilən soyqırımıdır
- vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Ölkəmizin dünya birliyinə
inteqrasiyası, respublikamızın
tərəqqisi, xalqımızın
rifah halının daha da yaxşılaşdırılması
istiqamətində ulu
öndərin müəyyənləşdirdiyi
siyasətin tədqiq edilməsinə, təşviqatına,
tarixi şəxsiyyətin
ümummmilli ideyalarının
reallaşdırılmasına dəstək verən Heydər Əliyev Fondu Azərbaycanın bütün sahələrdə
dinamik inkişafına,
ölkəmizdə vətəndaş
cəmiyyəti quruculuğu
prosesinin sürətləndirilməsinə
layiqli töhfə verir. Xocalı faciəsi ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə fondun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çox böyük xidmətləri
vardır. Fond Xocalı soyqırımının
dünya ictimaiyyətinə
çatdırılması və erməni vəhşiliklərini əks
etdirən materialların
beynəlxalq təşkilatlar
qarşısında nümayiş
etdirilməsi məqsədilə
xarici ölkələrdə
bir sıra tədbirlər həyata keçirmişdir. Heydər Əliyev
Fondu Xocalı soyqırımı ilə
bağlı 100-dək materialın
xaricdə sərgisini
təşkil etmişdir.
Fondun həyata keçirdiyi Qarabağ
həqiqətləri silsiləsi
və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin
dağıdılması ilə
bağlı ingilis dilində nəşr olunan kitab və
bukletlər də xaricdə yayımlanmışdır.
Fondun Xocalı soyqırımı
haqqında ingilis dilində hazırladığı
film də disk şəklində
xarici ölkələrdə
nümayiş etdirilir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə
fəaliyyətə başlamış
“Xocalıya ədalət”
beynəlxalq kampaniyası
uğurla davam etmiş, bu aksiyaya dünyanın əksər ölkələrində
könüllülər qoşulmuşdur.
Leyla Əliyevanın təşəbbüsü
soyqırımı faktının
xaricdə tanınması
prosesinə böyük
töhfə verimişdir.
Qeyd etmək istərdik ki, 2011-ci ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsinin
Böyük Palatasında
“Çıraqov və
başqaları Ermənistana
qarşı” işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi
köçkünlərin iddiası
ilə bağlı məhkəmənin ilkin qərarı açıqlanıb.
Böyük Palata bu şikayəti qəbuledilən
hesab edərək, işi məhkəmənin
icraatına götürüb.
Məhkəmə bundan
sonra bu iş haqda qərarını
verməlidir. Ermənistanı Avropa Məhkəməsinə
verən Laçından
olan məcburi köçkünlərin iddiasına
2010-cu ilin sentyabrın
15-də Strasburqda keçirilmiş
məhkəmə prosesində
baxılıb. Laçın
rayonundan olan iddiaçılar 6 məcburi
köçkün Fəxrəddin
Paşayev, Ramiz Cəbrayılov, Sağatel
Cəbrayılov, Akif Həsənov, Adışirin
Çıraqov və
Elxan Çıraqov işğalçı Ermənistan
tərəfindən onlara
vurulan maddi və mənəvi ziyanın ödənilməsini
tələb ediblər.
Laçınlıların şikayət məktubunda
yer alan
əsas müddəalardan
biri onların doğma torpaqlarına qayıtmaq tələbidir.
Onlar, həmçinin məhkəmədən
ermənilərin Azərbaycana
və digər azərbaycanlılara vurduğu
maddi-mənəvi ziyanın
ödənilməsini də
tələb ediblər.
İddiaçılar 1992-ci il mayın
17-də zorla evlərindən
qovulub, onların mülkiyyəti ermənilərin
əlinə keçib.
Həmin
şəxslər iddia
ərizələrində bildiriblər
ki, Laçına qayıda bilmədiklərinə
görə öz mülkiyyətlərindən istifadə
edə bilmirlər.
Ermənistan hakimiyyəti isə
buna rəğmən,
onların məruz qaldığı zərəri
kompensasiya etməyib.
İddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun
1-ci (mülkiyyətin toxunulmazlığı),
8-ci (şəxsi həyatın
toxunulmazlığı), 6-cı (ədalətli mühakimə
hüququ) maddələrinə
əsaslanır. İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə
(14-cü maddə) məruz
qaldıqlarını bildirərək
qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onlar evlərini tərk etməyə məcbur edilməzdilər.
Şikayət ərizəsi
Avropa İnsan Haqları Məhkəməsinə
2005-ci il aprelin 6-da daxil olmuşdur.
Avropa Məhkəməsinin
həssas məsələlərə
dair qərar vermək təcrübəsi
var. Bu fikirləri Avropa
İnsan Hüquqları
Məhkəməsinin sədri
Nikolas Bratza “Çıraqov
və başqaları
Ermənistana qarşı”
işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin
iddiası ilə bağlı məhkəmənin
ilkin qərarına münasibət bildirərkən
deyib. Avropa Məhkəməsinin sədri Yuxarı Palatanın bununla bağlı yanvarın əvvəlində qərar
çıxardığını və bunun çox
həssas bir məsələ olduğunu
qeyd etmişdir.
Xocalı hadisələrini bir sıra ölkələr soyqırımı kimi tanımışdır.
Həmçinin göstərmək istərdik
ki, BMT Təhlükəsizlik
Şurasının Dağlıq
Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan
bu günə qədər yerinə yetirməmişdir.
Daxil KƏRİMOV,
Şirvan şəhər 1 saylı notariat kontorunun notariusu, hüquq üzrə
fəlsəfə doktoru
Xalq qəzeti.- 2014.- 25 fevral.- S. 5.