Bolonya prosesinin əsas
tələblərindən biri
tədrisin Avropa Kredit Transfer Sisteminə uyğun təşkil olunmasıdır
Bolonya Bəyannaməsinin əsas
tələblərindən biri tədris prosesinin Avropa Kredit Transfer Sisteminə uyğun olaraq təşkil edilməsidir. Bu sistem tədris planlarının
şəffaflığını təmin etməklə, təhsil proqramlarının
ölkə daxilində
və xaricində akademik tanınmasına imkan verir, tələbələrə
digər ali
təhsil müəssisələrində
təhsillərini davam
etdirməyə şərait
yaradır və beləliklə də tələbələrin əmək
bazarında rəqabətədavamlılığını
artırır.
Təhsil
Nazirliyindən aldığımız
məlumatda deyilir ki, bu sistemin
tətbiqi 2006/2007-ci tədris
ilindən mərhələli
şəkildə olaraq
ölkəmizin bir neçə ali
məktəbində müəyyən
ixtisaslar üzrə başlamış, hal-hazırda
isə bütün ali təhsil müəssisələrini əhatə
edir. Ölkəmizin ali təhsil
müəssisələrində kredit sisteminin tətbiqi ilə bağlı Təhsil Nazirliyi tərəfindən
bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş,
2006-cı ildən başlayaraq
müvafiq normativ-hüquqi
aktlar hazırlanıb
təsdiq edilmişdir.
Ölkəmizin ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasını
surətləndirmək, diplomların
qarşılıqlı tanınmasını
təmin etmək və tələbə-müəllim
mobilliyini inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr
2013-cü il tarixli,
348 nömrəli qərarı
ilə “Ali təhsil müəssisələrinin bakalavriat
və magistratura səviyyələrində kredit
sistemi ilə tədrisin təşkili Qaydaları” təsdiq olunmuşdur. Qaydalar əvvəlki sənədlərin
əsasında, Azərbaycan
Respublikasının Qanunvericiliyinə
və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış və
müvafiq dövlət
qurumları ilə razılaşdırılmışdır.
Tənzimləyici çərçivə sənədi kimi müasir dövrdə Avropa ölkələrinin
təhsil sistemlərinə
inteqrasiya və ümumavropa ali
təhsil məkanına
qoşulmaq baxımından
bu qaydalar mühüm əhəmiyyət
kəsb edir.
Qaydalar akademik uğursuzluğa görə
tələbələrin universitetdən
xaric olunmasını aradan qaldırır və tələbə universitetin kontingentində
qalır. Bu isə
tələbələrin xaric
və bərpa olunma prosesi zamanı yarana biləcək bütün
neqativ halları aradan qaldırır.
Köhnə qaydalardan fərqli
olaraq yeni qaydalara əsasən tələbə ixtisas proqramı üzrə nəzərdə tutulan müddətdə lazım
olan kreditləri toplaya bilmədikdə növbəti illərdə
onlar bu kreditlərin toplanması üçün illik təhsil haqqı deyil, yalnız akademik borcu olan fənnin yenidən dinlənilməsi
üçün əlavə
ödəniş edir.
Bu ödəniş illik təhsil haqqı ilə müqayisədə nəzərəçarpacaq
dərəcədə kiçikdir.
Lakin yeni qaydaların tələbələrə düzgün
izah olunmaması səbəbindən bəzi
hallarda bu şərt narazılığa
səbəb olmuşdur.
Bununla əlaqədar qeyd olunmalıdır ki, bəzi ali
təhsil müəssisələri
tələbənin biliyinin
qiymətləndirilməsi zamanı
imtahana görə balların hesablanmasında
Təhsil Nazirliyi tərəfindən təsdiq
olunmuş Əsasnaməyə
əməl etmir, daha yüksək keçid balı müəyyənləşdirir, bu isə öz
növbəsində akademik
borcların artımına
gətirib çıxarır. Digər hallarda isə ali təhsil
müəssisələrində ixtisas üzrə tədris planlarının
düzgün tərtib
olunmaması, bəzən
semestr ərzində lüzum olmadan 30-dan artıq kreditin toplanmasını zəruri
edir və bu da əlavə
vəsaitin ödənilməsi
tələbinə səbəb
olur.
Bununla bağlı Təhsil Nazirliyi bir daha
bildirir ki, tələbələrin biliyi
qiymətləndirilərkən minimal məqbul göstərici, imtahandan toplanan bal üzrə 17, ümumilikdə fənn üzrə 51 bal müəyyənləşdirilmişdir.
Ali təhsil müəssisələri
tərəfindən tələbələrin
biliyinin qiymətləndirilməsi
üzrə göstərilən
bu qaydalardan fərqli qaydaların tətbiqi (ixtisasın və ya fənnin
xüsusiyyəti nəzərə
alınmaqla) yalnız
Təhsil Nazirliyi ilə razılaşdırılmaqla
həyata keçirilə
bilər.
Məlumatda daha sonra bildirilir ki, qeyd olunan halları
aradan qaldırmaq üçün Təhsil
Nazirliyi tərəfindən
bütün ali
təhsil müəssisələrinə
müvafiq tapşırıq
və tövsiyələr
verilmişdir.
Eyni zamanda, Təhsil Nazirliyi diqqətə çatdırır ki, hər hansı ali təhsil
müəssisəsi tərəfindən
qanunvericiliklə müəyyən
edilmiş qaydaların
tətbiqində qeyri-dürüstlüyə
yol verilməməli, onlar tələbələrə
düzgün və aydın şəkildə
şərh edilməlidir.
Tələb olunan minimal bal toplamayan
tələbələr üçün
kredit borclarının
sayından, onları təkrar yığmaq vaxtından və imkanından asılı olmayaraq istənilən halda ödənişsiz olması tələbləri
də əsassızdır
və heç bir normativ-hüquqi akta, sadə məntiqə və beynəlxalq təcrübəyə
əsaslanmır.
Təhsil
Nazirliyi vurğulayır
ki, ali
təhsil sahəsində
aparılmış islahatlar
nəticəsində bütün
ali təhsil müəssisələri maliyyə
muxtariyyətı əldə
etmişlər. Belə
olan təqdirdə, ali təhsil
müəssisələri öz
maliyyə imkanlarından
asılı olaraq müəyyən kateqoriya
tələbələrin (aztəminatlı
ailələrin üzvləri,
əlaçılar və
sair) təhsil haqqlarının ödənilməsi
məqsədilə öz
büdcələrində xüsusi
fondların yaradılması
məsələsinə baxa
bilərlər.
Təhsil
Nazirliyi bildirir ki, 24-28 fevral 2014-cü il tarixlərində
ali təhsillə bağlı, o cümlədən
qaydaların tətbiqi
ilə bağlı bütün suallar nazirliyin facebook səhifəsində operativ
şəkildə cavablandırılacaqdır.
Samirə
ƏLİYEVA
Xalq qəzeti.- 2014.- 25 fevral.- S. 6.