Masallıda inkişaf proqramları uğurla həyata keçirilir

 

Cənub bölgəsinin gözəl  diyarları arasında Masallının ayrıca yeri var. Qədim yaşayış məntəqəsinin təbii gözəllikləri göz-könül sevindirdiyi kimi, insan əllərinin qüdrətilə yaradılanlar da fərəh doğurur.

 İndilər başından duman əskik olmayan dağlarının fonunda daha da əsrarəngiz və möhtəşəm görünən Masallı şəhəri, yaraşıqlı binalar, geniş və işıqlı küçələr, yerli floranın çoxillik ağacları və yeni dekorativ əkinlər nüsafirlərin diqqətini çəkməyə bilmir.

Son illərdə bu rayon daha da inkişaf etmiş, kənd və qəsəbələr abadlaşdırılmış, şəhərdə zəruri infrastruktur yaradılmışdır. Əhalinin həyatı və məişət şəraiti xeyli yaxşılaşmışdır. N.Gəncəvi adına Mədəniyyət Mərkəzində sosial-iqtisadi inkişafın illik yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bu barədə ətraflı danışılmışdır.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.  Qonaqlar yerli istehsala aid  kənd təsərrüfatı və sənaye məhsullarının mərkəzin foyesində təşkil edilmiş sərgisi ilə maraqla tanış oldular.

Ötən il rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş sənədli film nümayiş etdirildi. Kadrlar bir-birini əvəzlədikcə Masallıda əldə olunmuş nailiyyətlərin geniş mənzərəsi gözlər önündə canlanır, hər kəsdə haqlı qürur hissi yaradırdı.

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov hesabat məruzəsi ilə çıxış edərək dedi ki, 2013-cü il Masallıda xüsusilə uğurlu il kimi yadda qalmışdır. Sentyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev rayona   səfəri zamanı Heydər Əliyev Mərkəzinin, Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin, YAP Masallı rayon təşkilatı inzibati binasının, taekvondoboks mərkəzlərinin açılışında iştirak etmiş, yenidən qurulan Heydər Əliyev Parkında, həmçinin Qəhrəmanlar Parkında görülən işlərlə tanış olmuşdur.

 Dövlətimizin başçısının sərəncamı ilə Masallı Tarix-Diyarşünaslıq MuzeyininUşaq İncəsənət Məktəbinin tikintisi, rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi və uzunluğu 23,8 kilometr olan kəndarası yolların çəkilməsi məqsədilə ümumilikdə 10,7 milyon manat vəsait ayrılmışdır.

Sakinlər  bunu dövlətimizin başçısının Masallıya diqqətinin bariz təzahürü sayırlar.   Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq rayonda nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Hesabat dövründə Masallı şəhərində Heydər Əliyev Mərkəzi yenidən qurulmuş, rayon icra hakimiyyətinin inzibati binasında əsaslı təmir, Zərifə Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində geniş abadlıq və quruculuq işləri aparılmışdır. Bu dövrdə 6 məktəb binası, 1 uşaq bağçası və 2 tibb məntəqəsi istifadəyə verilmişdir. Hazırda mərkəzi rayon xəstəxanasının, Kalinovka kənd və Boradigah qəsəbə sahə xəstəxanalarının əsaslı təmiri, rayonun müxtəlif ərazilərində 6 tibb məntəqəsinin tikintisi aparılır. Bundan əlavə, 3 məktəbin əsaslı təmiri, 5 məktəb və bir uşaq bağçasının, həmçinin Masallı Tarix Diyarşünaslıq MuzeyininUşaq İncəsənət Məktəbinin tikintisi davam etdirilir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Seybətin-Səmidxan, Musaküçə-Lürən və Qodman-Qəriblər yollarının əsaslı təmiri başa çatdırılmışdır.Eyni zamanda, 6 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 14 kilometr olan Kolatan-Sığdaş və ümumi uzunluğu 4 kilometr olan Bambaşı-Yeyənkənd yolunun çəkilişi sona yetmişdir.

R.Hüseynov diqqətə çatdırdı ki, ötən il rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi 3,9 faiz artaraq 439 milyon manat olmuşdur. Hesabat dövründə adambaşına düşən pul gəlirləri 2072 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 261,2 manat təşkil etmişdir. Rayonda 439 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 2,4 faiz çoxdur. Rayonda sənaye məhsullarının həcmi 6,8, kənd təsərrüfatı məhsullarının həcmi 0,7, əhaliyə göstərilən xidmətlərin həcmi 1,7, orta aylıq əmək haqqı 1,6 faiz artmışdır.

2013-cü ildə Masallıda 24 min 953 hektar əkin sahəsindən 17 min 536 hektarında əkin aparılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalının həcmi əvvəlki illə müqayisədə 0,7, heyvandarlıq məhsullarının istehsalı 10,6, bitkiçilik məhsullarının istehsalı 11,90 faiz artmışdır.

Rayonda əkilmiş 7 min 604 hektar buğda sahəsindən 17 min 895 ton, 2 min 430 hektar arpa sahəsindən 5 min 282 ton, 2805,7 hektar tərəvəz sahəsindən 70 min 299 ton, 1477 hektar kartof sahəsindən 32 min 175 ton, 586,5 hektar bostan əkini sahəsindən isə 6 min 909 ton məhsul istehsal edilmişdir.

Bu dövrdə rayonda iri buynuzlu mal-qara 73 min 664 başa, davarlar 83 min 098 başa, süd istehsalı 48 min 570 tona, ət istehsalı 5 min 678 tona, yumurta istehsalı 55 min 200 ədədə çatdırılmışdır.

Yığıncaqda çıxış edənlər 2013-cü ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışdılar, işgüzar təkliflər səsləndirdilər. Geniş şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olundu. Ötən il rayonun ictimai-siyasi həyatında fərqlənənlərin bir qrupuna fəxri-fərmanlar və mükafatlar təqdim edildi.

 Toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Milli Məclisin deputatları Elmira Axundova, Fəzail İbrahimli və Nəriman Əliyev iştirak edirdilər. Onların da çıxışları maraqla dinlənildi.

Yekunlar sevindirici olsa da, həllini gözləyən bəzi məsələlər də var. Elə qarşıya qoyulan vəzifələr məhz gündəmdə olan həmin qayğıların tezliklə çözülməsindən və beləliklə sakinlərin həyatının daha da gözəlləşdirilməsindən ibarətdir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 25 fevral.- S. 6.