Ermənistan terrorizmi və etnik
separatizmi dəstəkləyən dövlətdir
Tarixən,
qonşu dövlətlərə qarşı məkrli ərazi
iddialarını gerçəkləşdirmək,
“Böyük Ermənistan” yaratmaq xülyası ilə
yaşayan erməni millətçiləri bütövlükdə
bəşəriyyətə və insanlığa
qarşı yönəlmiş soyqırımı, terror siyasəti
həyata keçirmiş, dəhşətli cinayətlərə
əl atmışlar. Faktlar göstərir ki, bədnam
qonşularımız bu qeyri-hüquqi iddialarını
reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini
“milli mübarizə” yoluna çevirərək dövlət səviyyəsində
dəstəkləmiş, bu zaman müəyyən xarici
qüvvələrin maraqlarının ifadəçisinə
çevrilmişlər.
Bəzi aparıcı dövlətlər isə Cənubi
Qafqaz və Qərbi Asiyada möhkəmlənmək
üçün tarixən “erməni məsələsi”ndən
öz mənafelərinə uyğun şəkildə istifadə
etməyə çalışmışlar. Bu məqsədlə
mərhələlərlə həyata keçirilən terror
və soyqırımı siyasətinin qanlı fəsadları
təkcə böyük türk dünyasının deyil,
bütün bəşəriyyətin başı
üstünü qara kabus kimi bürüməklə, əsrlər
boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının
qan yaddaşında dərin izlər buraxmışdır.
Bəşəriyyət
üçün qlobal təhdid
XIX əsrin 2-ci yarısından ermənilərin azərbaycanlılara
qarşı soyqırımı təşkilatlanmış və
planlı siyasət kimi aparılmış, Azərbaycan,
Türkiyə və Gürcüstan ərazisində
“Böyük Ermənistan” dövləti qurmaq xülyasına
düşmüş ermənilər “Qnçaq” (1887-ci ildə
Cenevrədə qurulub), “Daşnaksütyun” (1890, Tiflis), “Erməni
Vətənpərvərləri İttifaqı”, (1895, Nyu-York)
kimi siyasi-terror təşkilatlarını bu istiqamətə
yönəltmişdilər. Sözügedən təşkilatların
fəaliyyət proqramında azərbaycanlılara qarşı
ardıcıl terror və qırğın aksiyaları həyata
keçirmək məramı əsas yer tuturdu.
Rus tarixçisi Nikolay Şavrov “Zaqafqaziyada Rusiya işlərinə
yeni təhlükə” adlı kitabında qeyd edirdi ki,
1864-cü ildə Qafqaz idarələrində çoxluq təşkil
edən erməni və gürcülərdə millətçilik
fəaliyyəti oyandı. Erməni və gürcü
çarlıqlarını yenidən dirçəltmək
ideyası Londonda ustalıqla onların rəhbər şəxslərinin
beyninə yeridildi. Bu, əslində, tarixi
torpaqlara malik olmayan ermənilərin Zaqafqaziyada mümkün qədər
çox ərazi ilhaqına həvəsləndirilməsi idi.
Sonralar isə “Dənizdən dənizə Ermənistan”
yaratmaq ideyası “Daşnaksütyun” partiyasının
başlıca siyasətinə çevrildi. Erməni burjua-millətçi partiyası kimi,
1890-cı ildə Tiflisdə yaradılan “Daşnaksütyun”
Türkiyə ermənilərinin azad edilməsi, Rusiya və
Türkiyə ermənilərinin “vahid, ümumi vətəni”
— “Böyük Ermənistan” yaradılması kimi avantürist
ideya irəli sürərək, təbliğatını da bu
istiqamətdə qurmuşdur.
Görkəmli tarixçilər İ.Dyakonov, B.Piotrovski
və başqaları zorla qədim tarix yaratmaq istəyən
saxtakar erməni alimlərini dəfələrlə ifşa
etmişlər. Lakin Z.Balayan, S.Xanzadyan, S.Ayvazyan və
başqaları Azərbaycanı,
İranın bir hissəsini, Türkiyənin xeyli hissəsini,
Gürcüstanın bir hissəsini (Tiflislə birlikdə),
Quzey Qafqazı, Rostovu və Voronejə qədər əraziləri
“öz tarixi torpaqları” kimi qələmə verirlər.
Z.Balayanın 1990-cı il yanvarın 18-də
SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahında
çıxışı da bunu bir daha sübut edir. Ermənistanın rəsmi dairələri 1988-ci ildə
törədilən cinayətlərin, azərbaycanlıların
zorla evlərindən çıxarılmasının,
öldürülməsinin, döyülməsinin və təhqir
olunmalarının “Daşnaksütyun” və başqa təcavüzkar
partiya və millətçi qrupların əməli
olduğunu ört-basdır etməyə
çalışırdılar. Ermənistan
KP MK katibləri O.Lobov və B.Qaloyan kimiləri də
çıxışlarında millətçi-ekstremist hərəkətləri
pərdələməyə, milli-azadlıq hərəkatı
kimi qələmə verməyə
çalışırdılar.
Tarixin sonrakı dövrlərində də daşnaklar
müxtəlif qüvvələrə, dövlətlərə,
siyasətlərə qulluq göstərərək öz
xalqlarını yaxın qonşularla yeni düşmənçiliyə
sürükləmiş, nahaq qanların axıdılmasına
səbəb olmuşlar. Vaxtilə S.Şaumyan siyasi bicliklə yazırdı:
“Erməni xalqı taleyin hökmü ilə qeyri-adi
zülmkarların - qanlı çar və sultanın hakimiyyəti
altında yaşamışdır. O eyni zamanda Türkiyədə
özündən xeyli geridə qalmış kürdlərlə,
Rusiyada isə tatar və gürcülərlə əhatə
olunmuşdur. Siyasət gəmisini elə idarə
etmək lazımdır ki, bu aralıqda o əzilməsin”.
“Arqumentı i faktı” qəzetində (1986-cı il)
jurnalist Q.Kotoyanın “Qonaqsevərlik qanunlarını pozaraq”
adlı məqaləsində 1957-ci ildən başlayaraq,
Yerevanda oxumağa gələn xarici vətəndaşlar
arasında daşnak təbliğatı aparanların
çoxalmasından söhbət gedirdi. Müəllif o zaman Ermənistanda
20 ölkədən 700 tələbə oxuduğunu qeyd edir və
göstərirdi ki, daşnak təbliğatçıları
qara yaxır, siyasi səbat və yetkinliyi olmayanların milli
duyğuları ilə oynayır, xalqların dostluq və
qardaşlığına böhtan atırlar. Bu
təbliğatçılar ilk növbədə, “özlərini
erməni məsələsinin həllinə imkan yaradan
qüvvə” hesab edir, “tarixi saxtalaşdırır”, “ərazi
iddiaları irəli sürürlər”.
Ümumiyyətlə, bir çox erməni müəllifləri
son dövrlərədək “Daşnaksütyun”
partiyasının xalqa zidd siyasətini düzgün mövqedən
açıqlayan məqalələrlə
çıxış etmişlər.
XX əsrdə Azərbaycan ərazilərinin ilhaqı məqsədi
ilə terrorizmi və separatizmi özünə başlıca
vasitə seçən və dövlət səviyyəsində
dəstəkləyən ermənilər 1988-ci ildən bəri
Azərbaycanda izləri Ermənistana və Qarabağ
separatçılarına gedib çıxan 373 terror aktı
törətmişlər. Nəticədə,
1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər
yaralanmışdır. Terror aktları nəticəsində
həlak olanların böyük əksəriyyətini
qadın, uşaq və qocalar təşkil edir. 1988-ci ildən
etibarən bu mənfur siyasətin hansı faciələrlə
nəticələndiyi bir sıra dövlətlər və
beynəlxalq təşkilatlar tərəfindən etiraf olunsa
da, hərbi qarşıdurma zonasından yüz kilometrlərlə
aralıda yerləşən yaşayış məntəqələrində
erməni separatçıları tərəfindən törədilən
və minlərlə dinc insanın - müsəlmanın,
türkün məhvi ilə nəticələnən
çoxsaylı terror aktlarına yanaşmada “ikili
standartlar”ın mövcudluğu ciddi narahatlıq doğurur.
Ümumiyyətlə,
ötən əsrin 90-cı illərinin əvvəlində
Ermənistanın rəsmi dairələri “Daşnaksütyun”,
ASALA, MAQ, “Erməni birliyi”, “Erməni Azadlıq Cəbhəsi”
və digər “məşhur” terror təşkilatlarının
fəallarının reabilitasiyası məqsədi ilə
genişmiqyaslı kampaniyaya başlamış, onlara
sığınacaq vermiş, yaşayış və fəaliyyətləri
üçün şərait yaratmış, lazımi maliyyə
dəstəyi göstərmişlər. 1983-cü ilin iyun
ayında Parisdə Orli aeroportunda 8 nəfərin
ölümü və 50-dək insanın yaralanması ilə
nəticələnmiş terror aktına görə
ömürlük həbs cəzasına məhkum edilmiş
terrorçu Varocyan Qarabedyanın azad olunması
üçün Ermənistanda dövlət səviyyəsində
imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci
ilin aprelində Fransa məhkəməsi tərəfindən
azad olunan terrorçu Ermənistanda rəsmi
sığınacaq tapmışdır.
“Məşhur” terrorçu, Qərbi Avropada “ASALA-nın
inqilabi hərəkatı” adlı qruplaşmasının rəhbəri,
1981-ci ildə Türkiyənin Romadakı səfirinə sui-qəsd
etdiyinə görə həbs olunmuş Monte Melkonyan
1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana
gəlmiş və terror fəaliyyətini davam etdirmək
üçün Dağlıq Qarabağa göndərilmişdir.
Digər
“tanınmış” terrorçu, “Daşnaksütyun”
partiyasının “Dro” terror qrupunun üzvü Qrant Markaryan
Dağlıq Qarabağda terrorçu dəstələri
yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə
buradakı terrorçu qrupların
silahlandırılmasında fəal iştirak edənlərdən
biri olmuşdur.
1981-ci ildə Parisdə Türkiyə səfirliyinə
basqının təşkilatçısı Vazgen Sislyan
1992-ci ildə Yerevandan Xankəndinə göndərilmişdir. O, azərbaycanlılara
qarşı terror aktlarının keçirilməsində fəal
iştirakına görə Ermənistan prezidenti Robert
Köçəryan tərəfindən “Qarabağ müharibəsinin
qəhrəmanı” adına layiq
görülmüşdür.
Ərazi ilhaqı cəhdlərinin
yeni dalğası
Ermənistanın 1987-1988-ci illərdən başlayaraq
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı tutduğu mövqe və atdığı hər
bir addım beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq
etməyə, digər dövlətin ərazisini ilhaq etməyə
əsaslanır. 1988-ci ildən ortaya atılan qondarma
Dağlıq Qarabağ münaqişəsinin əsasında
da məhz bu ərazinin müəyyən bəhanələrlə
Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi
məqsədi dayanır.
Ermənistanın
1987-1988-ci illərdə Azərbaycanın tarixi Dağlıq
Qarabağ torpağına başlanan əsassız ərazi
iddiası - separatçı hərəkətləri beynəlxalq
hüquq və normalara, o cümlədən BMT-nin, ATƏT-in,
Avropa Şurasının nizamnamələrinə, Helsinki Bəyannaməsinə
tamamilə ziddir. Beynəlxalq hüququn əsas
normalarından biri də təcavüzkarlığa yol verməmək,
zor işlətməmək və ya zor işlətməklə
hədələməmək prinsipidir. BMT-nin 1993-cü il tarixli London konfransında verilən izaha əsasən,
“Münaqişədə səbəbindən asılı
olmayaraq, digər dövlətə qarşı birinci olaraq
silahlı qüvvədən istifadə etmiş tərəf təcavüzkar
hesab edilir”.
Müasir beynəlxalq hüquqda dövlət sərhədlərinin
toxunulmazlığı prinsipi dünya dövlətlərinin
təhlükəsizliyini təmin etməyin ən mühüm
əsaslarından biridir. Sərhədlərin pozulmazlığı bir sıra
beynəlxalq və ikitərəfli sənədlərdə əksini
tapmış, onun əsas məzmunu üç mühüm
elementdə cəmlənmişdir: mövcud sərhədlərin
beynəlxalq hüquqa uyğun qurulduğunu qəbul etmək;
indi və gələcəkdə hər hansı ərazi
iddialarından imtina etmək; sərhədlərin pozulması
və ya zorla dəyişdirilməsi cəhdlərindən
imtina etmək.
ATƏT-in
1975-ci il avqustun 1-də imzalanmış
yekun sənədini Avropanın 33 dövləti, o cümlədən
ABŞ və Kanada da təsdiqləmişdir. Bu
prinsip eyni zamanda, hər hansı suveren dövlətin öz sərhədlərinə
nəzarət etməsini və onun pozulmasına qarşı tədbirlər
görməsini nəzərdə tutur. Sərhədlərin
pozulmazlığı və toxunulmazlığı prinsipi
bütün qitələrə və dövlətlərə
aid olmaqla, BMT Nizamnaməsinin qəbul edilməsi ilə təsbit
olunmuş və inkişaf etdirilmişdir. Hansısa
dövlətin ərazisi zor tətbiq etməklə hərbi təcavüz
obyekti ola bilməz. BMT
Nizamnaməsinə və ATƏT prinsiplərinə görə,
iştirakçı dövlətlər bir-birlərinin ərazi
bütövlüyünə hörmətlə
yanaşmalıdırlar. Azərbaycan
dövləti bütün dövlətlərin ərazi
bütövlüyünə hörmət edir ə
özünə qarşı da məhz bu cür sivil
münasibəti tələb edir.
Ermənistanın Azərbaycan torpaqlarını
işğal yolu ilə Dağlıq Qarabağda
separatçı rejim, nəzarətsiz zona
formalaşdırması regionda və Avropada sülhə və
təhlükəsizliyə ən böyük təhdidlərdən
biridir. Məhz
bu reallıqdan çıxış edən Azərbaycan
Prezidenti İlham Əliyev bildirir ki, separatçılıq fəaliyyətinin
“Dağlıq Qarabağ xalqının öz müqəddəratını
təyin etmək” arzusu kimi qələmə verilməsi tamamilə
absurd və beynəlxalq hüquq norma və
prinsiplərinə ziddir. SSRİ-nin
dağılmasından sonra bir sıra postsovet
respublikalarında baş qaldıran münaqişələrin
kökündə məhz eyni amil - terrorçuluğun
başlıca səbəblərindən biri olan təcavüzkar
separatizm dayanır. “...Gürcüstan, Moldova və Azərbaycan
ərazilərində separatizmlə bağlı baş
vermiş proseslərin mənşəyi, dinamikası və nəticəsi
eynidir. Etnik təmizləmə siyasəti ilə
müşayiət olunmuş təcavüzkar separatizm ölkələrimizin
ərazi bütövlüyünün pozulmasına gətirib
çıxarmışdır”, - deyə cənab İlham
Əliyev qətiyyətlə vurğulamışdır.
Azərbaycanın
Dağlıq Qarabağ və ətraf rayonlarının
işğaldan azad edilməsi barədə BMT-nin Təhlükəsizlik
Şurasının 4 məlum qətnaməsinin icra edilməməsi
isə acı təəssüf hiss doğurur.
Görünür, xristian təəssübkeşliyindən
tutmuş supergüclərin geosiyasi maraqlarına qədər
çeşidli səbəblər bu qətnamələrin icra
edilməməsi, Azərbaycanın dünya birliyi tərəfindən
hamılıqla tanınmış ərazisinin 20 faizinin
işğal altında saxlanılmasının davam etdirilməsi
və bir milyondan artıq soydaşımızın öz
doğma yurdlarına qayıtmasına yol verilməməsini
şərtləndirir.
Buna baxmayaraq, Ermənistan tərəfi ermənilərin
öz müqəddəratını təyinetmə
hüququnu əsas gətirərək Dağlıq
Qarabağın müstəqil dövlət kimi
tanınmasına çalışır. Ancaq ermənilər
öz müqəddəratını təyinetmə
hüququndan hələ XX əsrin əvvəllərində ən
yüksək səviyyədə istifadə edərək
özlərinin müstəqil dövlətini - Ermənistan
Respublikasını yaratmışlar. Dövlət
başçısı İlham Əliyev
çıxışlarında dəfələrlə bəyan
etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci
ildə qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan
xanlığı və Zəngəzur mahalı ərazilərində
yaradılmışdır.
Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən
işlənməsini, xüsusilə də Təhlükəsizlik
Şurasının daimi üzvlərinin veto hüququna yenidən
baxılmasını təklif etmişdir. Belə ki, Azərbaycan
beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və
mövcud problemlərin həllində daha təsirli tədbirlərin
görülməsinə nail olmaq üçün əlavə
addımların atılması zərurətini BMT Baş Məclisinin
2004-cü ilin sentyabrında keçirilən 59-cu
sessiyasında yenidən gündəmə gətirmişdi.
Sessiyada çıxış edən Prezident İlham
Əliyev Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi 4 qətnamənin hələ
də icra edilmədiyini bəyan etmiş və onların həyata
keçirilməsinin işlək mexanizminin
yaradılmasını vacib məsələ kimi irəli
sürmüşdür. Eyni zamanda, Azərbaycanın dövlət
başçısı bildirmişdir ki, “Təkmilləşdirilmiş
Təhlükəsizlik Şurası daha geniş tərkibli,
daha çox məsuliyyətli və demokratik, onun iş
metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri,
riskləri və təhlükələrinə daha operativ
cavab verilməlidir”.
BMT 70 ilə yaxın müddətdə əsasən hərbi-siyasi
təşkilat kimi tanınmışdır. Onun müəyyən
prosesləri tənzimləmək üçün güc tətbiq
etmək təcrübəsi mövcuddur. 1945-ci
ilin oktyabrında yaradılmış bu qurumun Nizamnaməsinin
51-ci maddəsində göstərilir ki, hər bir dövlət
özünün ərazi bütövlüyünü
müdafiə etmək üçün istənilən anda hərbi
yoldan istifadə edə bilər və hər bir dövlətin
də özünümüdafiə hüququ var.
Xocalı soyqırımı - bəşəriyyətə
qarşı qanlı cinayət
1992-ci
ilin 26 fevralında ermənilər Azərbaycan
Respublikasının Xocalı şəhərinin əhalisinə
misli görünməyən divan tutmuş, tarixə Xocalı
soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə
azərbaycanlının məhv edilməsi, əsir
alınması, şəhərin yerlə yeksan edilməsı
ilə nəticələnmişdir. 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla
törədilmiş Xocalı soyqırımı 200 ilə
yaxın müddətdə erməni şovinist-millətçilərinin
azərbaycanlılara qarşı iki əsrdən artıq
müddətdə həyata keçirdiyi etnik təmizləmə
və soyqırımı siyasətinin davamı, qanlı səhifəsidir.
Xocalı faciəsi Ermənistanın
Dağlıq Qarabağı işğal etmək məqsədi
ilə apardığı işğalçılıq
müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə
qarşı törədilmiş soyqırımı cinayətlərinin
miqyasca ən dəhşətlisidir.
Erməni qəsbkarlarının törətdikləri bu
vəhşilik və vandalizm aktı tərəqqipərvər
bəşəriyyətin soyqırımı kimi
tanıdığı Xatın və Sonqmi faciələri ilə
eyni səviyyədə qiymətləndirilir. Ermənistan silahlı birləşmələri,
Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə
uzun illər beynəlxalq ictimaiyyətə “sülhsevər”
ordu kimi təqdim edilmiş keçmiş sovet ordusunun
366-cı motoatıcı alayı Xocalı şəhərini
sakinləri ilə birlikdə gülləbaran edərək,
insanlığa silinməz ləkə olan soyqırımı
aktını törətmişlər. Erməni
qəsbkarları azərbaycanlıları qətlə yetirmək
üçün hətta faşistlərin belə istifadə
etmədikləri ən qəddar, tükürpədici
üsullardan istifadə etmişlər.
Beynəlxalq hüquq normaları Xocalı faciəsinin
soyqırımı cinayəti kimi tövsifi üçün
kifayət qədər ciddi əsaslar verir. Beynəlxalq
hüquqa görə, soyqırımı sülh və bəşəriyyət
əleyhinə yönələn əməl olmaqla, müharibə
cinayəti sayılır. Soyqırımı
hər hansı milli, irqi, etnik və dini əlamətlərinə
görə fərqlənən xüsusi bir qrupun tamamilə və
ya qismən məhv edilməsinə yönəlmiş hərəkətlərə
deyilir.
Xocalı
soyqırımı ilə bağlı aparılmış
istintaqla müəyyən edilmişdir ki, bu əməldə
Birləşmiş Millətlər Təşkilatının
Baş Məclisinin “Soyqırımı cinayətinin
qarşısının alınması və ona görə cəzalandırma
haqqında” 1948-ci il 9 dekabr tarixli konvensiyasında
və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində
nəzərdə tutulmuş soyqırımı cinayətinin
tərkibi vardır. Həmçinin cinayət işi öyrənilərkən
müəyyən edilmişdir ki, Xocalı
soyqırımını həyata keçirən Ermənistanın
hərbi birləşmələri, Dağlıq Qarabağdakı
silahlı separatçı birləşmələr və
MDB-nin Xankəndidə yerləşən 366-cı
alayının hərbçiləri tərəfindən
dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq
hüquq normalarına da riayət edilməmişdir. Konkret
olaraq 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı
qüvvələrdə yaralıların və xəstələrin
vəziyyətinin yaxşılaşdırılması
haqqında”, “Hərbi əsirlərlə rəftar haqqında”
və “Müharibə zamanı mülki əhalinin qorunması
haqqında” Cenevrə konvensiyalarının müvafiq maddələrində
nəzərdə tutulan tələblər kobud surətdə
pozulmuşdur.
Belə bir deyim var - keçmişini unudanların onu
yenidən yaşamaq məcburiyyətində qalması tarixin
ibrət dərsidir. Bu mənada, Azərbaycan xalqı da XX əsrin
sonlarına təsadüf edən bu vəhşəti unutmur,
onun dünyada tanıdılması istiqamətində fəal
iqş aparır. Ümummilli liderin təşəbbüsü
ilə Milli Məclis 1994-cü il
fevralın 24-də “Xocalı soyqırımı günü
haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə
hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı
ilə açıqlanmışdır. Ulu öndərin
“Xocalı soyqırımı qurbanlarının xatirəsinə
sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral
1997-ci il tarixli sərəncamı ilə hər
il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan
Respublikasının ərazisində Xocalı
soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad
edilir.
Bu siyasəti davam etdirən möhtərəm Prezident
İlham Əliyev ilk gündən “Biz müdafiədə
deyil, hücumda olmalıyıq”–deyərək bədnam erməni
lobbisinə qarşı effektiv əks-hücumun təşkilini
mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Dövlət
başçısının Xocalı
soyqırımının 20-ci ildönümü ilə
bağlı sərəncamında vurğuladığı
kimi, “Azərbaycanlılara qarşı erməni şovinist
dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ
həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib
hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər
dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə
çatdırılmalı, Azərbaycan xalqının və
ümumən insanlığın əleyhinə yönəldilmiş
bu son dərəcə ağır hərbi cinayət beynəlxalq
miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
“Xocalıya ədalət”
Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri
ilə yanaşı, ayrı-ayrı ictimai qurumların - dərnəklərin,
qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin
də bu prosesdə iştirakının intensiv xarakter
alması təqdirəlayiqdir. Milli mənafelərə xidmət edən
strateji əhəmiyyətli layihələri uğurla reallaşdıran,
cəmiyyətin böyük rəğbətini və dəstəyini
qazanan Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması,
ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında
tanıdılması istiqamətindəki ardıcıl və
sistemli fəaliyyəti bu baxımdan xüsusi əhəmiyyətə
malikdir. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin
beynəlxalq ictimaiyyətə çatdırılması Heydər
Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən
biridir.
Bu istiqamətdə ilk layihə “Qarabağ həqiqətləri”
toplusunun hazırlanmasından ibarət olmuşdur. Qısa, lakin
bütün mahiyyəti əks etdirən bu toplu bir neçə
dilə tərcümə olunmuşdur.
Xaricdəki
diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız
və digər kanallarla bütün dünyaya
yayılmış “Qarabağ həqiqətləri” toplusu,
“Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ
münaqişəsinin başlanması”, “Xocalı
soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün
nəticələri”, “Erməni terror təşkilatlarının
Azərbaycana qarşı fəaliyyəti”
kitabçalarından ibarətdir. Qarabağın
daha qədim tarixini əks etdirən ikinci topluda isə Qafqaz
Albaniyasından başlayaraq Azərbaycan SSR-dək dövrdə
Qarabağın tarixi öz əksini tapmışdır.
Azərbaycan
həqiqətlərini və Ermənistan—Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini
beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi
önəm verən Heydər Əliyev Fondu 2007-ci ildən
başlayaraq hər il dünyanın bir sıra böyük
şəhərlərində – Moskvada, Berlində, Strasburqda,
Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə,
Vaşinqtonda, Nyu-Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev
və Tbilisidə Xocalı soyqırımının
ildönümünə həsr olunmuş aksiyalar keçirir.
Xarici ölkələrdə təşkil olunan
bu tədbirlərə müxtəlif qurumların, diplomatik
missiyaların nümayəndələri, şəhər
sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin
nümayəndələri dəvət olunur.
“Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat
kampaniyası – Xocalı soyqırımı haqqında həqiqətin
bütün dünyaya çatdırılması, bu faciənin
Azərbaycan xalqına qarşı soyqırımı aktı
kimi tanınması üçün həyata keçirilən
məqsədyönlü fəaliyyət istiqamətlərindən
biridir. “Xocalıya ədalət” beynəlxalq kampaniyası
2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam
Konfransı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi Leyla
Əliyevanın təşəbbüsü ilə
başlanmışdır.
“Xocalıya ədalət” kampaniyası indi təkcə
İKT ölkələrində yox, dünyanın əksər
məkanlarında, Avropada, ABŞ-da da keçirilir. Xocalı həqiqətlərinə
dair fotoşəkillər, filmlər əks etdirilir, qətliam
qurbanlarının anım mərasimləri təşkil edilərək
soyqırımı kəskin şəkildə pisləyən
şüarlar səsləndirilir.
Fondun Qarabağ həqiqətlərinin yayılması
sahəsində növbəti mühüm addımı isə
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan
Hüquqları İnstitutunun mütəxəssisləri ilə
birgə “Pirlər və müharibə” kitabının
hazırlanmasıdır. Kitabda Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunmuş Azərbaycan ərazilərində –
Şuşa, Laçın, Kəlbəcər, Ağdam,
Füzuli və digər rayonlarda düşmən
tapdağı altında qalan ziyarətgahlar,
dağıdılmış tarixi memarlıq abidələri,
pirlər haqqında ətraflı məlumatlar verilmişdir.
Bu gün Xocalı həqiqətlərinin dünya
ictimaiyyətinə dolğunluğu ilə
çatdırılması zərurəti həm də onunla
şərtlənir ki, bədnam qonşularımız son illərə
qədər bizi bu sahədə üstələmişlər. Təəssüflə
vurğulamaq lazımdır ki, uydurduqları yalanlara, sanki,
özləri də inanmış kimi görünən ermənilər
bu gün də yığcam yaşadıqları bütün
dövlətlərdə “soyqırımına məruz
qalmış millət” olduqlarını iddia edir, saxta təbliğatlarının
real nəticələr verməsi üçün dəridən-qabıqdan
çıxırlar. Halbuki, ötən əsrin əvvəllərində
havadarlarının himayəsinə sığınaraq onlardan
hər cür dəstək alan ermənilər
özləri qonşu xalqların tarixi əraziləri
hesabına dövlət qurmaq üçün azərbaycanlılara
və türklərə qarşı misli görünməmiş
soyqırım və terror aktları törətmişlər.
Dünyada
gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə
çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas
norma və prinsiplərinə
etinasızlıq göstərməkdə davam etməklə
özünü ifşa edir, strateji layihələrdən kənarda
saxlayır. Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin Cənubi
Qafqazın ən ciddi problemi kimi indiyə qədər həllini
tapmaması bütövlükdə Xəzər hövzəsi
regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa
potensial təhdid kimi çıxış edir. Azərbaycanın 20 faizdən artıq ərazisini
işğal altında saxlayan bu təcavüzkar dövlətin
ən müxtəlif səviyyələrdə ifşası,
erməni lobbisinin türk dünyasına qarşı
apardığı bədnam təbliğata qarşı səmərəli
əks-hücumun təşkili prosesində bütün
türkdilli dövlətlərin iştirakı olduqca vacibdir.
Aytən
MUSTAFAYEVA,
AMEA İnsan Hüquqları
üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, hüquq
üzrə fəlsəfə doktoru, Milli Məclisin
deputatı
Xalq qəzeti.- 2014.- 26 fevral.- S. 5.