Samirə
PATZER-İSMAYILOVA: “Xocalı soyqırımının
tanıdılması ilə bağlı ciddi
səy göstəririk”
Azərbaycan xalqının XX əsrdə yaşadığı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının təbliğ olunmasında və tanıdılmasında Qərbi Avropa ölkələrində fəaliyyət göstərən diasporumuz fəallıq nümayiş etdirir. Hər il olduğu kimi, bu il də Azərbaycan diasporu, xarici dövlətlərdəki diplomatik korpuslarımız və Diasporla İş üzrə Dövlət Komitəsi soyqırımının təbliği və tanıdılması istiqamətində ciddi addımlar atmışdır.
Son illər dünya ictimaiyyətində Xocalı soyqırımı ilə bağlı informasiya blokadasının yarılması və həqiqətlərin çatdırılması istiqamətində xeyli iş görülmüşdür. Bunun da bir qismi Avropa Azərbaycanlıları Konqresinin (AAK) payına düşür. Builki tədbirlər planı və görülən işlərlə bağlı qurumun rəhbəri Samirə Patzer İsmayılova ilə müsahibə apardıq.
– Samirə xanım, AAK builki ildönümlə bağlı konkret olaraq hansı planlarını icra etmişdir ?
– AAK 2014-cü ilin fevral ayında “1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli” ilə bağlı Avropa Parlamentinin Xarici siyasət komitəsinin sədri Elmar Brok və İnsan hüqüqları komitəsinin üzvü Elizabet Yeqqleyə bəyanat və sorğu ilə müraciət etmişdir. Eyni zamanda, AAK Avropa Parlamentinin 300-ə qədər üzvünə ünvanlanmış müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirmək, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı aparılmış kütləvi qırğının insanlığa qarşı törədilmiş soyqırımı kimi qiymətləndirməsini tələb etmişdir.
Bundan əlavə, müraciətdə Xocalı soyqırımının beynəlxalq ekspetlər komissiyası tərəfindən araşdırılması, ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin başçılarından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli yolunda və sülhün əldə edilməsində cəhd göstərmələri istənilmişdir. Müraciətin sonunda bildirmişik ki, sülh Cənubi Qafqazda ortaq coğrafi mövqeyə, təbii sərvətlərə və çoxəsrlik mədəni irsə malik xalqların birgə yaşaması və inkişafına təkan verəcək yeganə vasitədir. Bu baxımdan biz bu münaqişənin həlli ilə bağlı indiyə qədər qəbul edilmiş qərar və bəyanatlara istinad edərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək məqsədilə Avropa Parlamenti tərəfindən diqqətlə qəbul ediləcəyimizə ümidimizi və istəyimizi ifadə etmişik.
— Siz həm də 40-a qədər Azərbaycan cəmiyyətinin daxil olduğu Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzində (AAKM) icraçı direktorsunuz. Fevralın 22-də Berlin şəhərində bu qurumun da təşkilatçı qismində iştirak etdiyi Xocalı faciəsini yadetmə mərasimi təşkil olundu. Mümkünsə, tədbir barədə məlumat verərdiniz...
– Biz fevralın 22-də Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi və AAKM-ın və Berlin-Brandenburg Atatürkçü Düşüncə Dərnəyinin birgə əməkdaşlığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Berlindəki “Türk evi”ndə yadetmə mərasimi təşkil etdik. Mərasim zamanı Berlindəki Xocalı abidəsi ziyarət olundu. Tədbirdə Milli Məclisin deputatı Azay Quliyev, professor, tarixçi Qasım Hacıyev, Xocalı soyqırımının canlı şahidi yazıçı və jurnalist Səriyyə Cəfərova, professor Hakkı Kəskin, Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışlar etmişlər.
– Almaniyadakı Azərbaycan diasporu fevralın 26-da hansı tədbirləri keçirməyi planlaşdırır?
– Hər il olduğu kimi, Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və diasporu bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini müxtəlif aksiya və tədbirlərlə yad etməkdədir və bu tədbirlər fevralın 26-da xüsusi olaraq davam edəcəkdir. Belə aksiyalardan biri də Berlindəki “Azərbaycan evi” ilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) birgə olaraq keçirəcəyi etiraz nümayişidir. Nümayiş Berlinin mərkəzində yerləşən məşhur “Brandenburq qapıları” qarşısında olacaqdır.
Nümayişdə Xocalı faciəsini əks etdirən fotomateriallar, erməni şovinistlərinin qanlı hərəkətlərini pisləyən plakat və “Xocalıya Ədalət” kampaniyasının şüarlarından istifadə olunacaqdır. Nümayişdə meqafon vasitəsilə Xocalı soyqırımı haqqında, eləcə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanmasına dair ictimaiyyətə məlumat veriləcək, alman və ingilis dillərində Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsinə dair kitabçalar, informativ vərəqələr şəhər sakinlərinə və turistlərə paylanacaqdır. Nümayişdən sonra AAKM, “Azəbaycan evi”, Azərbaycan Tələbə Şəbəkəsinin birgə əməkdaşlığı ilə “Unudulmaz ağrı” adlı anım mərasimi keçiriləcəkdir.
– Builki təbliğat və tanıtım kampaniyasından hansı gözləntiləriniz var ?
– Azərbaycan diasporu hər il daha
da güclənir. Bunun səbəblərindən biri
də şübhəsiz
ki, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi
diqqət və qayğıdır. Bu həm də Azərbaycan dövlətinin
son illər qazandığı
uğurlarla da əlaqəlidir. Soydaşlarımız
atılan addımların
uğurlu nəticəsini
görərək qürurlanır
və daha sıx birləşməyi Vətən üçün bir borc hesab edirlər.
Hər il
qan yaddaşımızla
bağlı günlərdə
diasporumuz fəallıq
nümayiş etdirir. Biz artıq bunun
uğurlu nəticəsini
görürük. Meksika,
Kolumbiya, Pakistan, Çexiya,
Bosniya və Hersoqovina, Honduras kimi dövlətlərin Xocalı
soyqırımını tanıması
bu sahədə erməni lobbisinin informasiya blokadasının
artıq yarıldığının
göstəricisidir.
Azərbaycan dövlətinin prinsipial, vətənpərvər siyasəti
nəticəsində və
diasporumuzun fəallığı
da daxil olmaqla həqiqətlərimizin
tanıdılması prosesi
uğurla gedir. İnanıram
ki, bu il
Almaniyada həyata keçirdiyimiz tədbirlər
silsiləsi də bu ölkə rəhbərliyi tərəfindən
nəzərə alınacaq və xalqımızın haqlı
olması alman ictimaiyyəti tərəfindən
qiymətləndiriləcəkdir. İstər Avropa Azərbaycanlıları
Konqresi, istərsə
də Almaniya Azərbaycanlılarının Koordinasiya
Mərkəzi Xocalı
soyqırımının tanıdılması
və təbliği ilə bağlı bütün səylərini
nümayiş etdirir.
Anar TURAN
Xalq qəzeti.- 2014.- 26 fevral.- S. 7.