Xocalı faciəsi
sənət əsərlərində yaşayacaq
1985-ci il Böyük Vətən müharibəsinin 40 illiyi münasibəti ilə “Belarusfim” və “Mosfilm” kinostudiyalarının birgə istehsalı olan “Get və bax” (rejissor Elem Klimov) müharibə dramı ekranlara buraxılanda tamaşaçılar kinoteatrları göz yaşları içərisində tərk edirdilər. Film Xatun faciəsinin çox hüznlü mənzərəsini yaratmışdı. O vaxt kimin ağlına gələrdi ki, Belarusun Xatın faciəsi bir vaxtlar Azərbaycanda təkrar olunacaq. Azərbaycan bundan daha dəhşətli soyqırımı faciəsini təkrar yaşadı. Xatun faciəsini alman faşistləri törətmişdisə, Xocalı faciəsini 70 il bir ölkədə yaşadığımız sovetlər birliyinin ordusu, erməni cəlladları ilə birgə həyata keçirmişlər.
Xocalı misli bərabəri olmayan faciə idi. Burada insanlar amansızcasına,
insanlığa sığmayan
vəhşiliklə qətlə
yetirilmişlər. Azərbaycan
xalqı, bütün
mütərəqqi bəşəriyyət bu amansız qətliamı heç zaman unutmamalıdır. Bu faciə
bədii əsərlərdə,
kinofilmlərdə, rəsm,
musiqi əsərlərində gələcək
nəsillərə çatdırılmalıdır.
Azərbaycanın sənət adamları Xocalı hadisələrinin
ilkin bədii nümunələrini artıq
yaratmışlar. Elə hadisədən bir neçə gün sonra Milli Qəhrəman Çingiz Mustafayev həyatını təhlükə
qarşısında qoyaraq amansızlıqla qətlə yetirilmış şəhidlərin cəsədlərini videokameraya köçürə bilmişdi. Azərbaycan xalqının yaddaşının qanlı şəhifəsinə
çevrilən
bu kadrlar sonradan neçə-neçə kino əsərlərinin
çəkilməsinə imkan yaratdı.
“Fəryad” Xocalı soyqırımı haqda ilk bədii kino əsəri oldu. Kinorejissor Vaqif Mustafayevin ssenarisi əsasında mərhum sənətkarımız Ceyhun
Mirzəyevin quruluş
verdiyi və baş rolu ifa
etdiyi film öz zamanı üçün
tarix yazıb desək, heç də yanılmarıq. Texniki meyarları və ümumilikdə, kinodramaturji üstünlükləri
bir yana,
filmdə müharibənin
ağrı-acısı məharətlə
göstərilib.
Xocalı həqiqətlərinin dünyaya
çatdırılmasında böyük xidmətləri olan Nüşabə
Məmmədovanın ssenarisi
əsasında
lentə alınan
“Haray” filmi Xocalı həqiqətlərinin
bəddi kinoda dolğun ifadəsi idi. Rejissor Oruc Qurbanovun quruluşunda ərsəyə
gələn kinolentdə
Xocalıda insanlığa
qarşı törədilmiş tükürpədici
qətliam öz əksini tapıb. Ermənilərin azərbaycanlı
əsirlərə verdikləri
işgəncələrə şahid
olan iki yeniyetmənin baş qəhrəman kimi təqdim edildiyi filmin sonunda bacı və qardaşın intiharı ekran əsərinin finalını çox təsirli edir.
Digər ekran əsəri rejissor Mərahim Fərzəlibəyovun çəkdiyi
“Qırmızı qar”
filmidir. Bu filmi
də sakit seyr etmək mümkün deyil. Bu kadrlar yığınında
da tükürpədici
qışqırıqlar, sərxoş
ermənilərin ikrah
doğuran hərəkətləri,
“ara”larla bitən və başlayan qırıq dialoqlar insanı, sadəcə, dəli edir. Xocalı və Qarabağ mövzusunda daha bir ekran işi
Elxan Qasımovun “Azərbaycanfilm” kinostudiyasında
çəkdiyin “Biz qayıdacağıq”
bədii filmidir.
Film Xocalıdan olan yeniyetmə oğlanın həyatından bəhs edir. Filmdə bir neçə
xronikal kadrdan və quraşdırma səhnələrdən istifadə
olunub. Ekran əsəri Xocalı
soyqırımından daha
çox, məcburi köçkün düşən
insanların ağrılarından
danışır. “Xoca” filmi isə mövzuya
daha da yaxınlaşaraq,
Xocalının
işğal ərəfəsində
və həmin gecə qarşılaşdığı ağrılı məqamların real faktlara söykənən bədii ifadəsidir. Filmin müəllifi Vahid Naxış bədii
kinonun imkanları çərçivəsində Xocalı hadisələrinin
reallıqlarını tamaşaçıya çatdırmağa
çalışıb.
Amma
sənədli kinomuzda Xocalı soyqırımı
ekrana miqyaslı şəkildə gətirmək üçün kifayət
qədər dolğun
film yaradılmayıb. Bu sıradan son ekran əsərlərindən biri
kimi Mədəniyyət
və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında çəkilən
“Dua” sənədli filmini göstərə bilərik. Rejissor Mehriban Ələkbərzadənin
“Xocalı soyqırımı”
adlı sənədli
filmini də qeyd etmək olar. “Azərbaycantelefilm”də
lentə alınan “Xocalı”, “Xocalı soyqırımı”, “Xocalı
şahidləri” kimi nümunələr də maraqlı ekran işləridir. Beləliklə,
Xocalı soyqırımından
bəhs edən sanballı, dünya kinosu standartlarına cavab verən bədii filmimiz hələ ki, yoxdur. Ümid
edək ki, yaxın gələcəkdə
bu mövzuda dəyərli ssenari yazılacaq və “Pianoçu”, “Şindlerin siyahısı” kimi dünya səviyyəli kino əsərləri lentə alınacaq.
Amma
bu mövzuda rəssamlarımız
daha məhsuldar işləmişlər. İlk
növbədə istedadlı
fırça ustası
Vaqif Ucatayın həmin
mövzuda silsilə işlərini, xüsusilə “Xocalı” plakatını qeyd etməliyik. Onun sinəsinə düşmən
xəncəri sancılmış
körpəni əks etdirən bu əsərinin bədii təsir
gücü sayəsində
hər kəsdə şəhidlərə mərhəmət,
faciəni törədənlərə
isə sonsuz nifrət hissi oyanır. Vaqif Ucatayın Qarabağ müharibəsinə
həsr olunmuş “Bax, gör, unutma!” qrafik silsiləsində şahidlərin
xatirələri əsasında
yaradılan Xocalı qətliamı ilə bağlı neçə-neçə
əsər var. Rəssamlardan
Arif Hüseynovun “Xatirə”, Adil Rüstəmovun “Rənglərin
kədər səsi, Qarabağ şikəstəsi...”
qrafik silsiləsi də Xocalı ünvanlı, erməni vəhşiliyini ittiham edən əsərlərdir.
Tanınmış plakat ustası
Həşim Elçiyevin
yaratdığı yeddi
plakatdan ibarət “Qarabağ” silsiləsində
də Xocalı ağrıları özünün
yaddaqalan ifadəsini tapıb.
Rəssamlardan Mayis Əliyevin
“Haray” və “Xocalıya ithaf”, Cəmil Quliyevin “Xocalı”, “Abdulla Ələkbərovun
“Qarabağın sabahı”,
Səbuhi Məmmədovun “Yaralı ana”, “Dəhşət” və “Ayrılıq”, Sabir Çopuroğlunun “Xocalı harayı”, Rövşən Məmmədovun
“Torpağın harayı”
və “O qan yerdə qalmaz”, Vüqar Quliyevin “Sönmüş ocaq” və s. əsərlərində
faciənin ayrı - ayrı məqamlarına işıq salınmaqla, görünənlər təsirli
bədii - psixoloji qaynağa çevrilmişlər.
1992-ci ildən sonra
faciənin abidələşməsi
sahəsində də
mühüm addımlar
atılıb. Bakıdakı Xocalı faciəsi
abidəsi xalqımızın
şəhidlərin əziz
xatirəsinə ehtiramını
əks etdirən sənət əsərindəndir.
Özündə ana kədərini
əks etdirən bu tunc heykəlin
müəllifi tanınmış
tişə ustası Aslan Rüstəmovdur.
Heykəltəraşların
“əsrin faciəsi” kimi qəbul olunan Xocalı qətliamına
həsr etdikləridikləri
digər yaddaqalan sənət nümunələri
sırasında xalq
rəssamı Fuad Salayevin “Döyüşçü”,
Sahib Quliyevin “Qarabağlı
qadın” və “Döyüşən şəhər”,
Məmməd Rəşidovun
“Daşın göz yaşları”, Vüqar Quliyevin “Xocalı” və s. əsərlərin
adını çəkmək
olar. Bu heykəltəraşlıq
nümunələrində faciənin
daha çox ümumiləşdirilmiş təqdimatına
üstünlük verilib.
Fuad Cəfərovun “Ağrı”, Zakir Əhmədovun “Xocalısız
qocalar” və Natiq Əliyevin “Yaralı” kompozisiyalarında
isə daha çox obrazların psixoloji yaşantıları
qabardılıb.
Mərhum fırça ustası Nazim Məmmədov
(1934-2004) ağır xəstə
olmasına baxmayaraq, Xocalı faciəsinə dərhal və davamlı münasibət bildirən sənətkarlarımızdan
olub. Sənətşünas Ziyadxan Əliyev onun əsərlərinə
münasibət bildirərək
yazır: “Onun 2002-ci ildə R.Mustafayev adına Azərbaycan Milli İncəsənət
Muzeyində fərdi
sərgisi oldu. Faciənin 10 illiyinə həsr olunmuş bu ekspozisiyada rəssamın 50-dən çox rəngkarlıq və qrafika əsəri göstərildi.
“25 fevral gecəsi”, “Xocalı Qavroşu”, “Oğul anası”, “Mən yetim qaldım”, “Ailə əsirlikdə”, “Əlif Hacıyevin son döyüşü”,
“Xocalı od içində”, “Erməni
əsirliyində”, “Köməksiz
Xocalı”, “Ata, oğul,ər!
Bizi xilas edin!” və s. lövhələri insanları
duyğulandıran həmin
sərginin məna-məzmununu
özündə hifz edən və erməni vəhşiliyini
ifşa edən nümunələr idi. Rəssam sərgi sonrası faciənin ən önəmli məqamlarını
özündə əks
etdirən bütün
lövhələri muzeyə
hədiyyə etdi."
Öz yaradıcılığında
Qarabağ müharibəsinin
bədiiləşdirilməsinə xüsusi önəm verən Nizami Hüseynovun rəngkarlıq
əsərlərində də
hadisəyə real-rəmzi
münasibət duyulmaqdadır. Onun “Xocalı
qaçqınları”, “Didərginlər”
və “Şəhidlər”
bu bədii-psixoloji məziyyətləri görmək
mümkündür.
Fikrət
İbrahimovun “Gələcək
naminə”, Aydın Tağıyevin “Qaçqınlar”,
Qafar Sarıvəllinin
“Haray”, “Bu qan yerdə qalmaz” və “Olacaqmı bu kədəri dağıdan ?”, Natiq Fərəcullazadənin “Şəhid
önündə”, “Ruhların
gəzintisi” və “Xeyir və Şər”,
Namiq Məmmədovun
“Faciə”, “Qaçan
qadınlar” və Telman Abbasovun “Ana harayı” tablolarında düşmənə nifrətin,
insanların əyilməzlik
ruhunun və gələcəyə inamının
daha qabarıq təqdimatı ilə qarşılaşırıq.
Rəhman
Şıxəliyevin “Şəhər
draması”, İsmayıl
İsmayılovun “Mübariz”,
Dadaş Məmmədovun
“Xocalı soyqırımı”,
Bayram Qasımxanlının
“Təcavüz” və
“Faciələrimiz”, Etibar
Aslanovun “Şəhərin
son günü” və
Vüqar İsmayılovun
“Xocalı faciəsi” lövhələrinin leytmotivində
isə baş vermiş dəhşətli
hadisənin ölçüyəgəlməz
miqyasını göstərmək
istəyi duyuldu. Rəngkar
Nadir Bayrışovun “Şəhid”
və “Məcburi qaçqınlar” tablosunda
da insanların mübarizlik ruhunun ifadəsi rənglərin təzadı ilə göstərildiyindən çox
təsirlidir.
Belə əsərləri yaratmaq isə hər rəssam üçün
öz sənətkarlığını
nümayiş etdirməkdən
çox, özünün
həm də “Vətən daşı” olduğunu sərgiləmək
imkanıdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 26 fevral.- S. 10.