Xalqımız
Xocalı soyqırımı qurbanlarının xatirəsini
ehtiramla yad edir
Nəsimi rayonu
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Nəsimi rayonunda anım mərasimi keçirildi. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı, Xocalının müdafiəsi zamanı həlak olmuş Aqil Quliyevin Nizami küçəsində yaşadığı binadakı xatirə lövhəsinin önünə gül dəstələri düzdülər.
Anım mərasimi 1 saylı tam orta məktəbdə keçirildi. Mərasim iştirakçıları Xocalı faciəsinə həsr olunmuş kitab, rəsm əsərləri, plakat və fotoşəkillərdən ibarət sərgiyə tamaşa etdilər. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasimdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev dedi ki, 22 il əvvəl xalqımız 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qaldı. Həmin müdhiş gün yüzlərlə soydaşımız qəddarlıqla qətlə yetirildi, şikəst edildi, işgəncələrə məruz qaldı. Lakin soyqırımını törədən erməni cəlladları və onların havadarları çirkin məqsədlərinə çatmadılar. Bu hadisədən sonra xalqımız öz azadlığı uğrunda mübarizədən nəinki çəkindi, əksinə, əsrlərlə arzusunda olduğu müstəqillik yolunda mücadilədə daha əzmkar oldu. Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq və doğma Qarabağımızı azad etməklə bütün şəhidlərimizin qisasını alacaq.
H.Sarabski adına Mədəniyyət Evi kollektivinin ifasında Xocalı faciəsi mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Nəsimi rayonunda məskunlaşmış 55 Xocalı ailəsinə maddi yardım verildi.
Ayaz
HƏMİDOĞLU
Xalq qəzeti.- 2014.- 26 fevral.- S. 11.