Dövlət İdarəçilik Akademiyasında

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və  Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı soyqırımı: ədalət harayında” adlı elmi-praktik konfrans keçirilmişdir. Soyqırımı qurbanlarıın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransı akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq, 1992-ci il fevralın 25-dən  26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş Xocalı soyqırımını törətmələri, Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisinin müasir hərbi texnika ilə silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qalması, yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsi, qoca, qadın, uşaq və körpələrin ən dəhşətli  vasitələrlə qətlə yetirilmələri, əhalinin əksəriyyətinin girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşdiklərini xatırlatdı. Bu tarixi hər bir vətəndaşın, xüsusilə gənclərin bilməsini tövsiyə edərək, eyni zamanda, bu hadisələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin əsası və qəhrəmanlığının nümayişi kimi xatırlamağın əhəmiyyətini bildirdi.

Rektor qeyd etdi ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. O, diqqətə çatdırdi ki, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlər artıq beynəlxalq ictimayyət tərəfindən tanınmaqdadır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində bir çox effektiv təbliğat işləri həyata keçirilməkdədir. Bütün bunların nəticəsidir ki, bir sıra ölkələrin parlamentləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi  soyqırım kimi tanınıb.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən, onların tarix boyu həyata keçirdikləri məkrli planlardan danışmış və   diqqətə çatdırmışdır ki, Ermənistanın soyqırımı siyasəti həyata keçirdiyi artıq beynəlxalq aləmdə də  sübut olunmuşdur.

Elmi-praktik konfransda Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətlərdən hesab olunan Xocalı soyqırımının həm də bəşəriyyətə qarşı törədilmiş bir hadisə olduğu qeyd edildi.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Xocalı soyqırımı Ermənistanın total hücumunun nümunəsi kimi”, DİA-nın tarix kafedrasının müəllimi, tarix elmləri doktoru, professor Həvva Məmmədova “Xocalı soyqırımı insanlığın faciəsidir”, beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti Elçin Əhmədov “Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması” mövzularında məruzələrlə çıxış etmişlər.

Çıxış edənlər ermənilərin Xocalı da daxil olmaqla Dağlıq Qarabağ münaqişəsi barədə gənc nəsil arasında Azərbaycanın yaxın tarixi keçmişində xalqımıza qarşı törədilmiş aktların əsl səbəbləri barədə geniş izahat işlərinin aparılmasının, həqiqətlərin dünya ictimaiyyətinə hərtərəfli çatdırılmasının, bundan sonra da ciddi və məqsədyönlü aparılmasının vacibliyini diqqətə çatdırdılar.

 

 Ə.BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 26 fevral.- S. 11.