İsrailin 10 şəhərində “Xocalıya ədalət!” sərgisi keçirilib

 

Heydər Əliyev Fondunun dəstəyi və  “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (“Azİz”) təşkilatçılığı ilə  baş tutan “Xocalıya ədalət!” sərgisi İsraildə böyük maraqla izlənilib. Faciənin 22-ci ildönümü ərəfəsində   İsrailin müxtəlif guşələrindən olan insanlar bir il əvvəl açılmış “Xocalıya ədalət!” fotosərgisinin bağlanış mərasimində iştirak etmək və 1992-ci il fevralın 25-dən 26-na keçən o müdhiş gecədə əvəzedilməz itkilər vermiş Azərbaycan xalqı ilə həmrəy olduqlarını bir daha nümayiş etdirmək üçünŞimon Peres Dünya Mərkəzi”nə gəliblər.

Azİz” Beynəlxalq Assosiasiyasının mətbuat katibi Arye Guddan aldığımız məlumata əsasən,   “Xocalıya ədalət” sərgisi ötən il İsrailin 10 şəhərini dolaşıb. Sərgi ilə minlərlə israilli tanış olub. Onların arasında faciə barədə məlumatı olanlar da olub, barəsində ilk dəfə eşidənlər də. Buna baxmayaraq, sərgi istisnasız olaraq hər kəsdə silinməz təəssürat oyadıb və bir daha sübut edib ki, mərhəmətin və insanlığın nə milliyyəti, nə də dini vardır.

Sərginin bağlanış mərasimində İsrail daxili işlər nazirinin müavini Faina Kirşenbaum, Knessetin deputatları Yoel Razvozov, Rina Frenkel, Fuad Ben-Eliezer, elmi və yaradıcı ziyalıların, KİV-lərin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fuad Muradov  tədbirdə iştirak etmək üçün İsrailə gəlib.

Gecəni “Azİz” Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açıb. Çıxışının birinci hissəsini Xocalı faciəsinə həsr edən Y. Salman ikinci hissədə “Azİz” Assosiasiyasının ötən il gördüyü işlərdən danışıb. Xanım Salman Sofa Landverə və Faina Kirşenbauma, habelə sərginin şəhərlər üzrə bütün təşkilatçılarına minnətdarlığını bildirib.

SonraAzİzin prezidenti Aleks Miller çıxış edərək deyib: “Bu gün biz bura Xocalı şəhərinin xüsusi amansızlıqla məhv edilmiş dinc sakinlərinin xatirəsini anmağa toplaşmışıq. Dünya bu faciə barədə həqiqəti bilməlidir. Ümidvaram ki, İsraildə bizim, buna bənzər təşkilatların başqa ölkələrdə gördükləri bütün işlər Azərbaycan xalqının ədalətə nail olmasına, sülh və əmin-amanlıq əldə etməsinə kömək edəcəkdir”.  A. Miller İsrail və Azərbaycan xalqlarının yaxınlaşması üçünAzİz” fəallarına minnətdarlığını bildirib. O, çıxışının sonunda sərgiyə gələnlərin ürək sözlərini yazdıqları “Rəy kitabı”nı təntənəli şəkildə Fuad Muradova təqdim edib.

Çıxışında sərgi təşkil etmək ideyasının necə yarandığını xatırladan Milli Məclisin deputatı Fuad Muradov Azərbaycanın düşdüyü geosiyasi vəziyyət və həmin vəziyyətin günahsız qurbanları barədə həqiqi informasiyanın dünya xalqlarına çatdırılması üçün mümkün olan hər şeyi etmiş Heydər Əliyev Fondununfondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” kampaniyasının gördüyü böyük işdən danışıb.  O deyib: Biz heç nə zəbt etməmişik və başqasının heç nəyi bizə lazım deyildir. Ölkədə bir milyondan artıq qaçqın var və onların yaşaması üçün az-çox münasib şərait yaratmağa yalnız bu yaxınlarda nail olmuşuq. Lakin onların hamısı doğma yurd-yuvalarına qayıtmaq istəyir...

Təcavüzkarlıq və zorakılıq Ermənistana yaxşı heç nə verməmişdir. Bu gün bu respublika müflisləşmək həddindədir. Biz erməni xalqının pisliyini istəmirik. Ona yalnız yaxşılıq və əmin-amanlıq arzulayırıq. Lakin korrupsiyaya qurşananlar və təcavüzkarlar Ermənistanda hakimiyyət başında olduqca, xalqın rifahı və Azərbaycan xalqı ilə sülh böyük sual altındadır. Biz dialoqa hazırıq. Lakin bu gün Azərbaycanın və Ermənistanın dinc yanaşı yaşamasında maraqlı olmayan çoxsaylı qüvvələr vardır. Həmin qüvvələr bilməlidirlər ki, Azərbaycan əvvəlki deyildir və yenidən vətəndaşlarının qanının tökülməsinə yol verməyəcəkdir".

Sonra Litva rejissoru Mindauqas Urbanoviçyusun çəkdiyi “The Endless Korridor” (“Sonsuz dəhliz”) sənədli filmi nümayiş etdirilib. Gecənin sonunda İsrail Yazıçılar İttifaqının üzvü, şairə Batsion Abramovanın Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirləri səslənib, həlak olanların ruhuna dualar oxunub.

 

Rauf  KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2014.- 27 fevral.- S. 2.