Naxçıvanda
Xocalı faciəsinin anım mərasimi keçirilmişdir
Fevralın
26-da Xocalı soyqırımının 22-ci
ildönümü ilə əlaqədar Naxçıvan şəhərindəki
xatirə kompleksində mərasim keçirilmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
Xatirə kompleksindəki soyqırımı abidəsinin
önünə gül qoymuş, Xocalı soyqırımı
qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
Nazirlik,
komitə, idarə, müəssisə və təşkilatların
rəhbərləri, hərbi hissələrin komandirləri,
ziyalılar, ictimaiyyətin nümayəndələri də
Xocalıda erməni vəhşiliklərinin qurbanı
olmuş soydaşlarımızın xatirəsini yad etmiş,
soyqırımı abidəsinin önünə gül
qoymuşlar.
Anım mərasimində qeyd edilmişdir ki, erməni millətçiləri əzəli Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün dəfələrlə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçirmişlər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı bu siyasətin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı barədə demişdir: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının, Xocalı həqiqətlərinin dünyada tanıdılması, Ermənistanın həyata keçirdiyi bu cinayətin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülmüşdür. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi tərəfindən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası təsis olunmuşdur. 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv ölkələrin parlamentləri “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir. Bu istiqamətdə görülən işlərin davam etdirilməsi və “Xocalıya ədalət!” kampaniyasının beynəlxalq səviyyədə genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il fevralın 13-də “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalamışdır.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində
də Xocalı soyqırımının 22-ci ildönümü
ilə bağlı tədbirlər keçirilmişdir.
Xalq qəzeti.- 2014.- 27 fevral.- S. 3.