Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması

 

2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə keçirilmiş 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyası Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan etmişdir. Qətnamə layihəsində İƏT GF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına dair xüsusi bənd yer almışdır. Həmin bənddə deyilir: “İƏT XİNŞ ”Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırımı aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır".

Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, Xocalı soyqırımının 14-cü, 15-ci və 16-cı ildönümü Moskvada, Almaniyada, ABŞ-da, Türkiyədə, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd olunmuşdur.

2005-ci ilin fevralında, 2006-cı il fevralın 23-də və 2007-ci ilin fevralında Türkiyə Böyük Millət Məclisinin xüsusi iclaslarında Xocalı soyqırımı ilə bağlı məsələ geniş müzakirə olunmuşdur. 2011-ci il fevralın 19-dan 26-dək isə Türkiyənin ayrı-ayrı şəhərlərində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmişdirbu tədbirlər hər il davam etdirilir. Dünyanın bir sıra şəhərlərində də artıq bu tədbirlər geniş miqyas almışdır.

2011-ci ildə Xocalı soyqırımının 19-cu ildönümü ABŞ Konqresinin Nümayəndələr Palatasında anılmış, 2012-ci ildə isə konqresmenlər Stiv Koen və Dən Boren ayrı-ayrılıqda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış edərək ermənilər tərəfindən qadın, uşaq və yaşlı insanlara qarşı zorakılıq və işgəncələri “təsviredilməz” adlandırmışdır. Xocalı soyqırımının Amerika ştatları çərçivəsində tanınması istiqamətində ilk addım kimi 2010-cu il fevralın 25-də ABŞ-n Massaçusets ştatının Nümayəndələr Palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. 2011-ci il iyunun 11-də isə ABŞ-ın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır. Bu ştatın Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın bu şəhərinin erməni işğalından qaçaraq yaxa qurtarmağa çalışan dinc sakinlərinin Ermənistan silahlı qüvvələri və Rusiya ordusunun hissələri tərəfindən qırğına məruz qalması pislənilir.

Bu prosesin davamı olaraq 2012-ci il fevralın 23-də Nyu-Cersi ştatı, daha sonra isə Corciya ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul etmişdir. Ştatın Nümayəndələr Palatasında 1594 saylı qətnamə Azərbaycan və türk diasporunun həyata keçirdiyi güclü kampaniya nəticəsində qəbul edilmişdir. 2012-ci il martın 23-də isə daha bir Amerika ştatı - Men ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdir.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması 2013-cü ildə daha geniş vüsət aldı. Belə ki, yanvarın 28-də Nyu-Meksiko ştatının əvvəlcə senatında, sonra isə Nümayəndələr Palatasında Xocalı soyqırmının tanınmasına dair qətnamə qəbul edilmişdir. Nyu-Meksiko parlamentinin hər iki palatası Xocalı faciəsini tanımışdır. Bunun ardınca, ABŞ-ın Arkanzas ştatının Nümayəndələr Palatası fevralın 8-də, senatı isə fevralın 11-də Xocalı soyqırımına dair qətnamələr qəbul etmişdir. Daha sonra martın 4-də Oklahoma ştatı, 8-də İndiana ştatı, 18-də Pensilvaniya ştatının Baş Assambleyası və Tennesi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında, aprelin 3-də  Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı qətnamə qəbul edilmiş, mayın 3-də isə Konnektikut ştatının baş assambleyası Xocalı qətliamını rəsmən tanımışdır. Bunun ardınca ABŞ-ın Konnektikut ştatının baş assambleyası Xocalı qətliamını rəsmən tanımışdır. Ştat senatının birinci sessiyasında  Xocalı qətliamının tanınması  barədə   qətnamə qəbul edilmişdir.

2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalını, xüsusilə də Xocalıda soyqırımı törədilməsini kəskin pisləyən qərar qəbul etmişdir. 2012-ci il fevralın 1-də Pakistan Senatı Xocalı soyqırımının tanıması barədə qətnamə qəbul etmişdir. Qətnamədə Xarici Əlaqələr Komitəsi ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləmişdir. Latın Amerikası ölkələri arasında Meksikadan sonra Kolumbiya da Xocalıda baş verən hadisələrə soyqırımı kimi qiymət vermişdir. Belə ki, 2012-ci il aprelin 23-də qəbul edilmiş qərar Senatdan öncə onun II Konstitusional Daimi Komitəsində (Müdafiə və Xarici İşlər üzrə Komitə) irəli sürülmüş, sənədin təsdiqi üçün tələb olunan 102 səs toplanmış və sənəd yekdilliklə qəbul olunmuşdur. Bütün bunlarla yanaşı, may ayının 28-də İordaniya Senatı Xocalı soyqırımı ilə əlaqədar bəyanat qəbul etmiş, iyunun 13-də Peru parlamenti, iyulun 30-da isə Kolumbiya Konqresinin Nümayəndələr Komitəsi də   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair  qərarlar qəbul etmişdir.

Artıq Xocalı soyqırımı Avropa ölkələrinin parlamentlərində də müzakirə olunaraq siyasi sənədlər qəbul edilmişdir. 2013-cü il fevralın 12-də Rumıniya parlamentində Demokrat Liberal Partiyası fraksiyası tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” adlı siyasi bəyanat verilmişdir. Siyasi bəyanatı sözügedən fraksiyadan deputat Luçian Militaru parlamentin kürsüsündən səsləndirmişdir. Deputat çıxışında Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunmuş, hazırda Dağlıq Qarabağ və ətrafındakı 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olduğunu diqqətə çatdırmışdır. L.Militaru milliyyətçilik və etnik ayrı-seçkilik zəminində 25-26 fevral 1992-ci il tarixində Xocalı şəhərində xüsusi amansızlıqla azərbaycanlılara qarşı qırğın törədildiyini qeyd edərək, soyqırımı qurbanları haqda məlumat vermiş, beynəlxalq ictimaiyyət tərəfindən bu aktın insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyini vurğulamışdır.

Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olmuşdur. Bu il fevralın 7-də ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl “erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə” Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Sənəddə qeyd olunur ki, “Bu qırğın haqqında dünyanın bir çox kütləvi informasiya vasitələri məlumat yaymış və bu hadisə ”Human Rights Watch/Helsinski" təşkilatı tərəfindən erməni hərbi qoşunlarının münaqişə zonalarında dinc əhaliyə münasibətdə beynəlxalq hüququn adi normalarının pozulması kimi bəyan edilmişdir". Sənəddə xüsusi vurğulanır ki, “insanlığa qarşı törədilən bu cinayəti bir çox dünya hökumətləri də pisləmişlər”.

Beləliklə, Çexiya parlamenti Avropa İttifaqında Ermənistanı Xocalıda bəşəriyyət əleyhinə törətdiyi cinayətlərə görə pisləyən ilk qanunverici orqan olmuşdur. Çexiya bu qətnamə ilə Dağlıq Qarabağ regionunu Azərbaycan Respublikasının tərkib hissəsi kimi, Ermənistanı isə bu ərazini işğal etmiş, Xocalıda ən ağır cinayətin törədilməsində təqsirkar olan dövlət kimi tanıdığını bir daha rəsmən təsdiq etmişdir. Daha sonra Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının 2013-cü il fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qətnamə qəbul olunmuşdur.

Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və günahkarların cəzalandırılması” adlı konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz  bu konvensiyanı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü haqqında imzaladığı sərəncamda deyilir ki, “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.

 

 

(əvvəli ötən sayımızda)

 

Elçin ƏHMƏDOV,

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası  beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri 

 

Xalq qəzeti.- 2014.- 27 fevral.- S. 4.