Xocalı faciəsi xalqımızın qan yaddaşından heç zaman silinməyəcəkdir

 

Binəqədi rayonu

 

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələrində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir.

Biləcəri qəsəbəsində milli qəhrəmanların şərəfinə ucaldılmış  abidənin açılış mərasimi olmuşdur. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda sinələrini sipər etmiş qəhrəman həmvətənlərimizin daim dövlətin diqqətində saxlanıldığını, onların keçdiyi şərəfli həyat yolunun gənc nəsillər üçün örnək olduğunu vurğulamışdır.

İlqar Süleymanov demişdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur.

Mərasimdə çıxış edənlər  qəhrəman Vətən övladlarının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq etmişlər. Onlar bu parkın açılışı və büstlərin qoyulmasını qeyd olunan ehtiramın bariz göstəricisi kimi səciyyələndirmişlər.

Tədbirdə 299 saylı orta məktəb şagirdlərinin ifasında ağrılı-acılı müharibə illərini canlandıran səhnələr nümayiş etdirilmiş, milli qəhrəmanların həyat yolu barədə tədbir iştirakçılarına məlumat verilmiş və məktəblilərin ifasında vətənpərvərlik ruhunda musiqi parçaları dinlənilmişdir.

“Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının Azərbaycan üzrə milli əlaqələndiricisi Sevinc İsgəndərova, YAP rayon təşkilatının sədri Ramiz Göyüşov,  “Xocalı Soyqırımını Tanıtma” İB-nin  rayon şöbəsinin sədri Ayna NovruzovaVüsal Qurbanov soyqırımın dünyada tanınmasından, bu istiqamətdə görülən işlər və nəticələrdən danışmışlar.

Sonda “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının “Sosial həmrəylik” layihəsi çərçivəsində Xocalının işğalı zamanı hər iki valideynini itirmiş iki nəfər Xocalı sakininə icra hakimiyyəti tərəfindən hər ay maddi yardım olunacağı elan edilmişdir.

Daha sonra Xocalı soyqırımının canlı şahidi Sahil Həsənov bu cinayət barədə acı xatirələrini danışmışdır. Mərasimdə  rayon Gənclər və İdman İdarəsinin keçirdiyi rəsm və  inşa müsabiqələrinin qalibləri  fəxri fərmanlarla təltif olunmuşlar.

Rayon icra hakimiyyəti tərəfindən Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında məskunlaşmış Xocalıdan olan 140 şəhid və aztəminatlı ailəyə maddi    humanitar yardım göstərilməsi də razılıqla qarşılanmışdır.

Tədbirlərdə Milli Məclisin deputatları Madər MusayevHüseynbala Mirələmov iştirak etmişlər.

 

Neft Akademiyasında

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Akademiyanın tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov bildirdi ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqının tarixində deyil, bütün bəşəriyyətin tarixində ən amansız soyqırımı aktlarından biridir, onu iyirminci əsrdə baş vermiş Xirosima, Naqasaki, Sonqmi kimi bəşəri cinayətlərlə müqayisə etmək olar.

Q. Məmmədovun sözlərinə görə,  ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən sonra aparılan uzun illik mübarizə öz nəticələrini verib və Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırılıb. Son illərdə Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində isə Azərbaycan xalqının aparıdığı haqlı mübarizə dünya ölkələrinin dəstəyini qazanmaqdadır. Artıq bir çox ölkələr Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Professor Camal Mustafayev öz çıxışında əsasən ermənilərin Rusiya imperiyası tərəfindən Cənubi Qafqaza köçürülməsi faktları üzərində dayandı. Qeyd olundu ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Artıq dünya istər Xocalı soyqırımının, istərsə də Azərbaycana qarşı ermənilərin apardığı müharibənin ərazi iddialarından doğduğunu anlayır. Bunun nəticəsidir ki, ABŞ-ın 14 ştatı, Meksika, Pakistan, Honduras, Bosniya-Hersoqovina kimi ölkələr Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıblar. Bu proses davam etməkdədir. Professor əmin olduğunu bildirdi ki, Azərbaycanın apardığı siyasət son nəticədə qələbə ilə nəticələnəcək və xalqımız öz tarixi torpaqlarına qayıdacaq.

Əslən Xocalıdan olan tələbə, “Xocalıya ədalət” kampaniyasının fəal iştirakçısı Şiraslan Əsədli ermənilərin Xocalıda törətdiyi qətliamın detalları haqqında, eyni zamanda, faciənin soyqırımı aktı kimi tanınması istiqamətində aparılan işlərdən danışdı. Onun sözlərinə görə, ermənilər Azərbaycan ərazilərini işğal etməklə ölkəmizə 300 milyard dollar həcmində ziyan vurublarbu zərərin ödənməsi isitiqamətində də işlər aparılır.

Sonda “Xocalı soyqırımı” filmi nümayiş etdirildi.

 

 Qax rayonu

 

Bəşəriyyət tarixində misli görünməmiş qəddarlıqla, insanlığa sığmayan üsullarla törədilmiş Xocalı soyqırımının 22-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Qax rayonu da geniş qeyd olunmuşdur. Rayon icra hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq təhsil, mədəniyyət ocaqlarında, idarə-müəssisə kollektivlərində ermənilərin xalqımıza qarşı yürütdüyü etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiyalar, sərgilər, anma mərasimləri, dəyirmi masalar, konfranslar, müsabiqələr təşkil olunmuşdur.

Bu dəhşətli faciənin 22-ci ildönümü ilə bağlı ümumrayon anma mərasimlərinin keçirilməsinə isə fevralın 26-da Şəhidlər Xiyabanında torpaqlarımız uğrunda şəhid olanların məzarlarının ziyarəti ilə başlandı. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev başda olmaqla hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə kollektivləri, ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarına, müstəqilliyimiz, sərhədlərimizin toxunulmazlığı uğrunda həlak olanların xatirəsinə ucaldılmış “Ana” abidəsinin önünə tər gül-çiçək düzərək hörmət və ehtiramlarını bildirdilər. Şəhidlərin ruhuna dualar oxudular.

Anma mərasiminin davamı olararq YAP Qax rayon təşkilatının inzibati binasında dəyirmi masa ətrafında keçirilən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin  başçısı Musa Şəkiliyev qeyd etdi ki, Xocalı soyqırımı əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri qətliamların ən dəhşətlisidir. Qeyd olundu ki, yalnız xalqın təkidli tələbi ilə 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu qanlı faciənin əsl mahiyyətinin, ermənilərin üzünün, məkrli niyyətlərinin dünya ictimaiyyətinə çatdırılması, hadisəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atıldı. Hazırda ulu öndərin siyasi kursunun layiqli davamçısı  Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın haqq səsinin, ermənilərin işğalçılıq siyasətinin, iyrənc əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Artıq dünyanın bir çox aparıcı dövlətlərinin parlamentləri, ABŞ-ın əksər ştatları, beynəlxalq qurumlar Xocalı soyqırımını pisləyən qətnamələr qəbul etmişdir. Heydər Əliyev Fondunun ölkəmizin diplomatik nümayəndələri ilə birlikdə həyata keçirdiyi silsilə tədbirlər, aparılan təşviqat-təbliğat kampaniyası nəticəsində dünyanın əksər ölkələrində Xocalı soyqırımına həsr olunmuş kütləvi tədbirlər, anma mərasimləri təşkil olunur. RİH başçısı Musa Şəkiliyev Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anma mərasimini açıq elan etdi. Xocalı faciəsinin qurbanlarının, müstəqilliyimiz və torpaqlarımızın toxunulmazlığı uğrunda həlak olan digər şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xocalı soyqırımı barədə təəssüratlarını bölüşən digər tədbir iştirakçıları qeyd etdilər ki, ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, həmçinin Xocalıda törətdikləri vəhşiliklər heç vaxt yaddaşlardan silinməyəcəkdir, faciə qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş etdirildi.

 

Vaqif BAYRAMOV,

 

Paşa ƏMİRCANOV,

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2014.- 27 fevral.- S. 6.