ABŞ-ın Arkanzas ştatı Senatının binası
qarşısında Azərbaycan və Türkiyə
bayraqları ucaldılıb
Arkanzas-Türk
Dünyası dostluq günü çərçivəsində
Arkanzas ştatı Kapitoli binasının (Arkanzas ştatı
Senatı və Nümayəndələr Palatasının yerləşdiyi
bina) qarşısında təntənəli şəkildə
Azərbaycan və Türkiyə bayraqları ucaldılıb.
Azərbaycanın
ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata
görə, ABŞ-ın Arkanzas ştatının paytaxtı
Litl Rok şəhərində “Amerikalı və
Avrasiyalıların Turkuaz Şurası” (Turquoise Council of
Americans and Eurasians) adlı ABŞ türk icması təşkilatı
tərəfindən Arkanzas-Türk Dünyası dostluğuna
həsr olunmuş ziyafət təşkil olunub.
Tədbirdə Arkanzas ştatının dövlət katibi Mark Martin, Arkanzas ştatı Senatı və Nümayəndələr Palatasının çoxsaylı üzvləri, Arkanzas ştatından digər rəsmilər iştirak edib. Azərbaycanı tədbirdə Vaşinqtondakı səfirliyimizin müşaviri Məmməd Talıbov təmsil edib. M.Talıbov çıxışında Azərbaycanla ABŞ arasında strateji xarakter daşıyan tərəfdaşlıq, regionun liderinə çevrilmiş Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələrin həyata keçirilməsində önəmli rolu barədə, həmçinin Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə danışıb. Azərbaycanlı diplomat regiondakı təhlükəsizliyə təhdid olan yeganə problemin–Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qaldığını vurğulayaraq, münaqişə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bu kontekstdə o, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və ölkəmizin ABŞ-la strateji əməkdaşlığına davamlı dəstəyə çağıran qətnamənin qəbul edilməsinə görə Arkanzas Senatı üzvlərinə təşəkkürünü bildirib.
Azərbaycan təmsilçisi xalqımızın 26 fevral tarixində erməni təcavüzkarları tərəfindən Xocalı şəhərinin işğalı zamanı törədilmiş qətliamın 22-ci ildönümünü qeyd etdiyini bildirərək, Arkanzas ştatının keçən il Xocalı qətliamını tanıyan ABŞ ştatlarına qoşulmasına görə tədbir iştirakçılarına minnətdarlığını bildirib. O qeyd edib ki, son zamanlar bir sıra ölkə və ABŞ ştatları tərəfindən Xocalı qətliamının tanınması ədalətin bərqərar olacağına ümid etməyə imkan verir.
Azərbaycan nümayəndəsi Arkanzas ştatı dövlət katibi, Senat və Nümayəndələr
Palatasının üzvləri ilə görüşlər də
keçirib.
Xalq qəzeti.- 2014.- 28 fevral.- S. 5.