Sumqayıt hadisələrinin ibrət dərsləri

 

Zaman keçdikcə 1988-ci il fevral ayının son günlərində sovet DTK-sının və erməni millətçi təşkilatlarının təhriki ilə Sumqayıtda törədilmiş hadisələrin yeni-yeni gizlinləri üzə çıxır. Elə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdikləri ənənəvi müzakirələr də həmin hadisələrin ibrət dərslərinə həsr olunmuşdu.

Sumqayıtın Tarix Muzeyində keçirilən tədbiri icra hakimiyyəti başçısının müavini Elgin Həbibullayev açaraq gənc nəslin tarixi keçmişimizi dərindən bilməsinin vacibliyini nəzərə çatdırdı. Düz 26 il öncə Qarabağ hadisələri ərəfəsində keçmiş SSRİ rəhbərliyinin “xeyir-dua”sı ilə erməni separatçılarının həyata keçirdikləri Sumqayıt olaylarından gənclərin doğru-düzgün nəticələr çıxarması baxımından bu kimi tədbirlərin önəmini açıqladı. Azərbaycanın hazırkı sürətli yüksəlişi, sosial-iqtisadi inkişafı zəminində yaxın tarixi keçmişimiz barədə ən dəqiq və səhih məlumatların dünya ictimaiyyətinə çatdırılmasına yaranan hərtərəfli imkandan, müasir informasiya texnologiyalarından səmərəli istifadə zərurətinə diqqəti cəlb edən natiq dedi ki, bu yöndəki fəaliyyətdə ziyalıların da üzərinə böyük məsuliyyət düşür. Məhz onlar canlı şahidi olduqları və araşdırdıqları gerçəkləri böyüməkdə olan nəslə çatdırmalı, əsl həqiqətdə kimlərin Azərbaycanın dostu və düşmənləri olduğunu gənclərin şüurlaırna yeritməlidirlər.

Uzun illərdən bəri Sumqayıt hadisələrini araşdıran əməkdar jurnalist Eyruz Məmmədov hadisələrin mahiyyəti, həmçinin ingilis, rus və Azərbaycan dillərində yenicə çap olunan “Sumqayıt,1988” kitabı barədə məlumat verdi. SDU-nun professoru Ramazan Məmmədov, şair-publisist Əvəz Mahmud Lələdağ , Sumqayıt Dövlət Texniki Kollecinin tarix müəllimi Ülvi Məmmədov öz çıxışlarında erməni millətçilərinin, terror təşkilatlarının Azərbaycana qarşı həyata keçirdikləri planlı soyqırımı və deportasiya siyasətindən, onların havadarlarının ikiüzlü davranışlarından konkret faktlar əsasında söhbət açdılar.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov müzakirələri yekunlaşdıraraq tədbirin təşkilində zəhməti olanlara minnətdarlıq etdi.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 28 fevral.- S. 5.