Tərtər: uğurlar arxayınçılıq
yaratmır
Tərtər Rayon İcra Hakimiyyətinin ötən ilin sosial-iqtisadi yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat konfransında belə bir inam ucadan səsləndi: Prezident İlham Əliyevin Nazirlər Kabinetinin geniş islasında qeyd etdiyi kimi, əvvəlki illərdə qəbul edilmiş möhtəşəm dövlət proqramları və həyata keçirilmiş əzəmətli layihələr imkan verəcək ki, biz cari ili də uğurla başa vuraq.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov hesabat məruzəsində bildirdi ki, 2013-cü ildə ölkəmizdə olduğu kimi, Tərtər rayonunda da iqtisadiyyatın bütün sahələrində yüksək nailiyyətlər əldə olunmuşdur. Prezident İlham Əliyevin bölgələrə olan diqqət və qayğısı Tərtər rayonunun inkişafına xüsusi təsir göstərmiş, tikinti, abadlıq və quruculuq işləri vüsət almışdır.
Rayon mərkəzinin Heydər Əliyev prospektində 4500 kvadratmetr, Şıxəli Qurbanov küçəsində 1500 kvadratmetr, Rasim Mürsəlov küçəsində 1700 kvadratmetr istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənmişdir. Bu prospekt və küçələrdə kommunikasiya xətləri yeniləri ilə əvəz olunmuş, 230 müasir tipli işıq dirəkləri quraşdırılmışdır. Dövlət Bayrağı meydanının ərazisi 1,7 hektar genişləndirilmiş, Bərdə–Tərtər istiqamətində əzəmətli giriş qapısı quraşdırılmışdır. Burada böyuk fəvvarə yaradılmış, 180 kvadratmetrlik müasir memarlıq üslubunda panno tikilmiş və mərkəzində ulu öndər Heydər Əliyevin böyük portreti quraşdırılmışdır.
Rayonun Qapanlı kəndində 220 şagird yerlik tam orta məktəbin binası tikilib istifadəyə verilmişdir. Mərkəzi Rayon Xəstəxanası və Mədəniyyət Evi əsaslı təmir edilmiş, yoluxucu xəstəliklər şöbəsi üçün yeni korpus tikilərək müasir inventar və avadanlıqlarla təchiz olunmuşdur.
Yerli və respublika əhəmiyyətli yollarda və küçələrdə əsaslı təmir işlərinin aparılması ötən il də diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2013-cü il tarixli 3036 saylı sərəncamı ilə 5 min nəfərdən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 13 kilometr olan Cəmilli-Dəmirçilər kəndlərarası avtomobil yolu yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Yolun girişində hündürlüyü 7 metr olan giriş qapısı tikilir.
Keçən il Tərtər şəhərində 9 çoxmərtəbəli kommunal yaşayış evlərinin su və kanalizasiya sistemlərində 106,8 min manatlıq bərpa işləri görülmüşdür. M.P.Vaqif, H.Aslanov və M.Ə.Sabir küçələrində 22 min 414 kvadratmetr həcmində yola, Bərdə–İstisu avtomobil yolunun 6,8 kilometr uzunluğu olan hissəsində 61 min 200 kvadratmetr sahəyə ikinci qat asfalt-beton örtüyü salınmışdır.
Rayonda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə 38 min müxtəlif növ ağac, 6850 gül kolu əkilmiş, 2100 kvadratmetr sahədə yaşıllıq zolağı salınmışdır.
Bu il rayonda Olimpiya İdman Kompleksi, məcburi köçkünlər üçün qəsəbə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni binalar, şəhərin su-kanalizasiya sistemi tikiləcəkdir. Suya olan tələbatı yaxşılaşdırmaq üçün 26 subartezian quyusu qazılacaq, tikinti-quruculuq işləri davam etdiriləcək və digər işlər görüləcəkdir.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə rayonumuzun sosial-iqtisadi inkişafı sahəsində əvvəlki illərdə görülən işlər 2013-cü ildə də uğurla davam etdirilmiş, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilmişdir.
İstehsal və xidmət sahəsində əldə edilmiş uğurlardan
danışan məruzəçi bildirdi ki, hesabat ilində rayonda 109,4 milyon manat dəyərində ümumi
məhsul, 5 milyon 156 min
manat dəyərində sənaye, 44 milyon 795 min manat dəyərində kənd təsərrüfatı
məhsulları istehsal edilmişdir.
Əsas kapitala 19 milyon 607 min manat investisiya yönəldilmişdir.
Nəqliyyat sektorunda 463 min ton yük daşınmışdır.
392,8 min manatlıq rabitə
xidməti göstərilmiş,
əhaliyə 108 milyon
128 min manat dəyərində
mallar satılmış,
23 milyon 160,2 min manatlıq
pullu xidmətlər göstərilmişdir.
Başçı
sonda bildirdi ki, ötən il bir sıra
uğurlar əldə
edilsə də, qarşıda daha mühüm vəzifələr
durur. Aparılan təhlillər göstərir
ki, hələ də nöqsan və çatışmazlıqlar,
həllini gözləyən
məsələlər var. Onların aradan qaldırılması üçün
cari ildə qüvvələr səfərbər
olunmalı, kompleks tədbirlər həyata keçirilməlidir. Məruzə ətrafında müzakirələrdə
ayrı-ayrı sahələrdə
qazanılmış uğurlardan,
qarşıda duran vəzifələrdən geniş
söhbət açıldı.
Prezident İlham Əliyevə ünvanlanmış müraciətdə
isə bildirildi ki, tərtərlilər
2014-cü ildə qarşıda
duran vəzifələrin
yerinə yetirilməsi
üçün bütün
bacarıq və səylərini sərf edəcək, daha uğurlu nəticələr
qazanacaq və dövlət başçısının
Tərtər rayonuna göstərdiyi diqqət və qayğıya əməli işlə cavab verəcəklər. Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
məsul işçisi
Rüfət Əliyev
konfransda iştirak etmişdir.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 28 fevral.- S. 6.