Səbailin mahir nişançıları Xocalının intiqamını almağa hazırdırlar

 

Yeniyetmə və gənclərin vətənpərvərlik    ibtidai hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, Vətənin gələcək müdafiəçilərinin atıcılıq bacarığının artırılması məqsədilə Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Gənclər və İdman İdarəsi, Müharibə Veteranları Birliyi rayon şöbəsi məktəblilərin Xocalı soyqırımının ildönümünə həsr olunmuş ənənəvi “Mahir nişançı” güllə atıcılığı yarışını keçirmişlər.

Yarış iştirakçıları  qonaqlar Şəhidlər Xiyabanını ziyarət etmiş, Vətən torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın və Xocalıdan olan  şəhidlərin məzarları önünə tər çiçəklər düzmüşlər.

 Yarışda Səbail rayonunun 16 orta məktəbinin komandası iştirak etmişdir. 5 nəfərdən - 3 oğlan və 2 qızdan ibarət olan komandaların hər biri növbə ilə atıcılıq xəttinə çıxmış və müasir kiçik çaplı pnevmatik snayper tüfənglərdən 5 dəfə atəş açmışlar. Təşkilatçı-münsiflər yarışmanın gedişini diqqətlə izləmiş, komandaların topladıqları xalları müəyyən etmişlər.

Final turniri Dövlət Bədən Tərbiyəsi  İdman Akademiyasında keçirilmiş, son mərhələyə vəsiqə qazanmış 3 məktəbin komandası atəş xəttinə çıxaraq öz məharətldərini göstərmişlər. I yerə 7 saylı, II yerə 50 saylı, III yerə isə 163 saylı orta məktəblərin komandaları layiq görülmüşlər.  Mükafatlandırma mərasimində  çıxış edən Səbail  Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Xocalı faciəsinin dəhşətlərindən, şəhidlərin intiqamını alacaq, torpaqlarımızı işğaldan azad edəcək hər bir gəncin mahir atıcı olmasının zəruriliyindən danışmış, bu gün gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin əhəmiyyətindən söz açmışdır. Başçı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu bildirmiş, mahir atıcılar nəslinin lazım gələrsə döyüş əmrinə hazır olmasının önəmini vurğulamışdır.

Milli Məclisin deputatı, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev qalibləri təbrik etmiş, yeniyetmə və gəncləri öz döyüş qabiliyyətləri ilə xalqımızın qanına susamış düşməndən üstün olmağa səsləmişdir.  Yarışda  I, II və III yerləri tutmuş komandalar  diplomlara və qiymətli hədiyyələrə layiq görülmüşlər.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 28 fevral.- S. 6.