Sən həmişə bizimləsən, ustad

 

İlyas Əfəndiyev - 100

 

Azərbaycan ədəbiyyatının klassiklərindən biri, milli nəsrimizin, dramaturgiyamızın, lirik - psixoloji üslubun, teatr sənətimizin, ədəbi - ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan, ədəbiyyat tarixində silinməz iz qoymuş görkəmli xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyev yaradıcılıq axtarışlarının ardıcıllığı, həyati mövqeyinin fəallığı və ideya baxışının aydınlığı ilə seçilən sənətkardır.

Onun müasir Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil edən dramaturgiyası qabaqcıl sənət ənənələri əsasında boy ata-ata mənalı yol keçmiş, ideya-estetik vüsət tapmış, dərin müasirlik keyfiyyəti qazanmış və “İlyas Əfəndiyev teatrı”nı yaratmışdır. Aktual problemlər qaldırmaq cəsarəti, hadisələrə ayıq sənətkar münasibəti, fəal prinsipiallıq və vətəndaşlıq mövqeyi, habelə digər ideya-bədii məziyyətlər təkcə onun dramaturgiyasını deyil, bütövlükdə yaradıcılığını səciyyələndirən amillərdəndir. Çoxşaxəli bədii yaradıcılığı ilə ümumxalq məhəbbəti qazanan ustad sənətkar dünya miqyaslı bir yazıçı, dramaturq kimi şöhrətlənmişdir.

Ədib altmış illik yaradıcılığı dövründə altı roman – “Söyüdlü arx” (1958), “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1976), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981), beş povest – “Kənddən məktublar” (1939), “Aydınlıq gecələr” (1941), “Torpağın sahibi” (1952), “Qaçaq Süleymanın ölümü” (1993), “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” (1996), qırx yeddi hekayə, oçerklər, xatirələr və esselər yazıb. İlyas Əfəndiyevin yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulubbu pyeslər çağdaş teatrın inkişafına güclü təsir göstərib. 50 ildən çox teatrlarımızın repertuar ağırlığını çiynində daşıyan qüdrətli sənətkarın dram əsərləri teatr tariximizdə yeni rejissoraktyor nəslini formalaşdırdı. Görkəmli sənət adamları sənət talelərindəki uğurlara görə bu böyük şəxsiyyətin həm özünün, həm də dramaturgiyasının müstəsna rolundan fərəh hissi ilə söz açırlar.

İlyas Əfəndiyev yaradıcılığının estetik özülündə milliliklə bəşəriliyin vəhdəti durur. Xalq yazıçısı bədii yaradıcılığında özünü novatororijinal bir sənətkar kimi tanıtdı. Bədii yaradıcılıqda yenilikçiorijinal olmaq isə əslində mədəniyyətin avanqardına çevrilib onu irəli aparmaq deməkdir. XX əsr Azərbaycan teatr tarixində “İlyas Əfəndiyev teatrı” ifadəsi, anlayışı və praktiki təzahürü danılmaz kulturoloji faktdır. İlyas Əfəndiyevin tarixi dramlarında əsas aparıcı xətt qəhrəmanlıq motivləridir. Onun keçən əsrin 70-90-cı illərində qələmə aldığı “Mahnı dağlarda qaldı” (1971), “Xurşidbanu Natəvan” (1981), “Şeyx Xiyabani” (1986), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə ağacı” (1991), “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1994) dramları tarixə yeni təfəkkürlə yanaşması, yeni münasibəti, xalqımızın azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlıdır.

İlyas Əfəndiyev tarixə müraciət edəndə yaşadığı dövr haqqında fəlsəfi mühakimələr aparmaq, müasiri olan insanların mənəvi-əxlaqi dünyasını araşdırmaq, cəmiyyət və fərd, insanzaman arasında münasibətləri aydınlaşdırmaq üçün keçmişə doğru tarixin pillələrinə enir, dövrün ictimai-fəlsəfi mənzərəsini tarixi müstəvidə verməyə çalışır.

Ümummilli lider Heydər Əliyev xalq yazıçısı İlyas Əfəndiyevin ədəbiyyat tarixindəki mövqeyini və xidmətlərini daim yüksək dəyərləndirmiş, bəzi dram əsərlərinin tamaşalarında şəxsən iştirak etmişyubileyi münasibətilə onu təbrik etmişdir. Ulu öndərin 24 may 1994-cü il tarixli sərəncamı ilə xalq yazıçısı Azərbaycan dramaturgiyasının və nəsrinin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Azərbaycanın mədəniyyət xadimlərinə mükafatlar təqdim edərkən ulu öndər ustad sənətkarımızın yaradıcılığına yüksək qiymət vermişdir: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İlyas Əfəndiyev “Azərbaycanın xalq yazıçısı” fəxri adına layiq görülmüşdür. İlyas Əfəndiyev təxminən əlli ildir ki, Azərbaycan ədəbiyyatında fəaliyyət göstərir, bütün istedadlı yaradıcılığı ilə ona bağlıdır. Bir çox romanların və pyeslərin müəllifi olan İlyas Əfəndiyev respublikada yazıçı və dramaturq kimi xalq tərəfindən tanınmış, bəyənilmiş və sevilmişdir”. Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev ümummilli liderə həsr etdiyi “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı monoqrafiyasında yazır: “Mən onun İlyas Əfəndiyevə göstərdiyi böyük diqqətinin şahidi kimi onu deyə bilərəm ki, Heydər Əliyev qayğısı sayəsində insanlar şəfa tapırdılar. İlyas Əfəndiyev Moskvada xəstəxanada yatarkən Heydər Əliyevin ona baş çəkməsi, qayğı göstərməsi bu günə qədər bizim xatirimizdədir və biz həmişə ulu öndərimizi şükranlıqla xatırlayırıq. Bu qayğı təkcə İlyas Əfəndiyevlə bağlı deyildi. Onun Süleyman Rüstəmə, Mirzə İbrahimova, Rəşid Behbudova, Qara Qarayevə, Fikrət Əmirova, Hökümə Bülluriyə, Yusif Səmədoğluna göstərdiyi qayğı xalqımızın yaddaşındadır”. Ulu öndər qüdrətli söz ustadının 80 illik yubileyi münasibətilə təbrikində İlyas Əfəndiyevi sənət zirvəsinə ucalmış fədakar sənətkar adlandıraraq yazmışdır: “Dünya mədəniyyətinə ölməz dühalar bəxş etmiş qədim Odlar diyarında xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz. Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz, milli teatrımızın səhnəsində tamaşaya qoyulan pyesləriniz bunu parlaq şəkildə sübut edir. Sizin yaratdığınız obrazlar xalqımızın övladlarına mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminəm ki, müstəqil Azərbaycanımızın hələ neçə-neçə nəsli bu zəngin mənbədən faydalanacaqdır”.

İlyas Əfəndiyevin tarixi dramları özünün bədii - fəlsəfi fikir dərinliyi ilə sənətkarın yaradıcılığında xüsusi yer tutur. Yüksək ideya - bədii səviyyəsinə, tarixi hadisələrin real təsvirinə və müvəffəqiyyətli səhnə təcəssümünə görə dramaturqunXurşidbanu Natəvan” əsəri həm oxucuların, həm də tamaşaçıların dərin marağına səbəb olmuşdur. Natəvan dramda təkcə bir şairə kimi göstərilməyib, o, həm də şairlikdən çox Qarabağ bölgəsinin hökmdarı, xanı kimi göstərilib. Dövrün ziyalıları ilə ünsiyyətində, xalqın mədəni tərəqqisində, bütün məsələlərdə o, güclü görünür, müsahiblərini üstələyir. Pyesin bütün fəsilləri dərin fəlsəfi fikirlər üzərində qurulmuşdur: “Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz Vətəninə, öz mənliyinə, öz ləyaqətinə sahib olmasındadır. Mən azadlığın qüdrətinə inanıram. İnsanın gözəl hisslərinin, gözəl fikirlərinin pərvazı üçün, insan ləyaqətinin yüksəlişi üçün həqiqi vicdan azadlığı lazımdır”. Bu sözlər dramın leytmotividir. Şairə, ictimai xadim Natəvan üçün Azərbaycanın birliyi, azadlığı, xalqın mədəniyyəti, dili, milli müstəqilliyi onun əsas amalıdır. Natəvanın nəzərində ikili Azərbaycan yoxdur, bütöv Azərbaycan var. İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri XIX əsrin əvəllərində Qarabağda hökmdarlıq etmiş İbrahim xanın həyat və fəaliyyətinə, Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrundakı mübarizəsinə həsr edilmişdir. İbrahim xan yalnız öz xanlığının taleyini düşünmür, bütün Azərbaycanı düşünür. İki güclü dövlətin – İran və Rusiyanın təzyiqi şəraitində İbrahim xan çıxış yolu axtarır. Fəqət bu yolu tapmaq mümkün deyildir. Qəhrəmanın tragizmi də bundadır və bu, dramda çox real və təsirli göstərilmişdir.

1997-ci il sentyabrın 20-də ulu öndər Türk dünyasının böyük alimi, professor İhsan Doğramacı ilə birlikdə xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin tamaşasına baxmış və tamaşadan sonra İlyas Əfəndiyev dramaturgiyasını təhlil edərək dəyərli fikirlər söyləmişdir: “İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, birona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini, ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir.

Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdirbu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda, yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu aşılamışdır”. Dahi öndər bu mövzunu aktual hesab edərək tamaşaya yüksək qiymət vermiş, onu həyatımız üçün çox dəyərli və lazımlı əsər kimi qiymətləndirmişdir.

1996-cı il oktyabrın 4-də Azərbaycan xalqı unudulmaz sənətkarımız İlyas Əfəndiyevi son mənzilə yola saldı. Ümummilli lider xalq yazıçısı İlyas Əfəndiyevlə vida mərasimində iştirak etmək üçün Şəhriyar adına Mədəniyyət Mərkəzinə gəldi və mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verdi.

Ümummilli lider unudulmaz ədibimiz, xalq yazıçısı İlyas Əfəndiyevin layiq görüldüyü “Şöhrət” ordenini oğlu, xalq yazıçısı Elçinə təqdim edərkən demişdir: “Heyf ki, mən bu ordeni İlyas Əfəndiyevin özünə təqdim edə bilmədim, çox təəssüf edirəm. Çünki o vaxt sadəcə, bizim bu nişanlarımız hazır deyildi. Ancaq, eyni zamanda, mən məmnunam ki, Elçin, sən - oğlu, onun yaradıcılığını davam etdirirsən. Həm oğul kimi, həm də Azərbaycanın mədəniyyət xadimi kimi, sənin İlyas Əfəndiyevə məxsus olan ordeni almağa tam hüququn var”.

Ümummilli lider xalq yazıçısının xatirəsinin əbədiləşdirilməsi haqqında 9 mart 2001-ci ildə xüsusi sərəncam imzaladı. Həmin sərəncamda paytaxtımızdakı küçələrdən birinə İlyas Əfəndiyevin adının verilməsi, yaşadığı binaya (Hüsü Hacıyev küçəsi, 19) xatirə lövhəsinin vurulması, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi, orta məktəblərdən birinə onun adının verilməsi, əsərlərindən ibarət oncildliyin nəşr edilməsi və “Hökmdar və qızı” əsəri əsasında iki seriyalı bədii filmin çəkilməsi qeyd edilirdi. Ümummilli liderin sərəncamında göstərilən bütün məsələlər artıq həll edilmişdir. Bütün bunlar görkəmli dövlət xadiminin ədəbiyyatımızın və teatrımızın inkişafında tarixi xidmətləri olan, xalqımızın yaddaşına əbədi həkk olunmuş unudulmaz sənətkarımız İlyas Əfəndiyev şəxsiyyətinə və sənətinə verilən ən yüksək dəyərdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər bir sahədə olduğu kimi, mədəniyyət, elm, təhsil və incəsənət sahəsində də Heydər Əliyev siyasi kursunu uğurla davaminkişaf etdirir. Ölkə başıçısının qayğısı sayəsində elm, təhsil və mədəniyyətin ayrı - ayrı problemlərinə həsr olunmuş çoxsaylı proqramlar hazırlanıb təsdiq olunmuşdur. Məhz İlham Əliyevin sərəncamı ilə xalq yazıçısı İlyas Əfəndiyevin 90 illik yubileyi geniş şəkildə qeyd olunmuş, əsərlərinin üç cildliyi nəşr edilmişdir.

16 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, “İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur”.

Öz əsərlərində xalqımızın milli azadlıq mübarizəsini, müstəqilliyini, istiqlaliyyətini tərənnüm edən və bu yolda inadından dönməyən, xalqın məhəbbətini qazanan əbədiyaşar sənətkarımız müstəqil Azərbaycanın “Şöhrət” ordenini alan ilk yazıçımız oldu. 82 illik mənalı ömrünün 60 ilini yaradıcılığa həsr etmiş görkəmli sənətkarın həmişə müasir əsərləri fəlsəfi-estetik təravətini və məna çalarını saxlamaqla bizi milli-mənəvi birliyə səsləyir. Həmişəyaşar sənət dünyamızın parlaq siması, unudulmaz sənətkarımız İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi idi. O, öz yaradıcılığında azadlığımızı, milli suverenliyimizi və istiqlalımızı həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın və doğulduğu Füzuli şəhərinin erməni faşistləri tərəfindən işğalı ona böyük dərd oldu. Və özüylə birlikdə Qarabağ nisgili apardı. Müsahibələrinin birində dramaturq yazırdı: “Füzuli şəhəri, Füzuli rayonu, bir tərəfdən sovet imperiyasının zülmünə, repressiyasına məruz qaldı, digər tərəfdən də erməni işğalçılarının. Deməli, Füzuli şəhəri iki dəfə qarət edildi. Bunun necə böyük dərd olduğunu demək çətindir”.

Bu, bir həqiqətdir ki, çox yazan deyil, istedadlı və gözəl yazan əbədi yaşayır. İlyas Əfəndiyev həmişə müasir olan ədəbi simalardandır. O, həm də gələcəyin yazıçısıdır. Ədəbiyyatımızın qüdrətli ustadı, unudulmaz sənətkarımız 100 yaşlı İlyas Əfəndiyevin çoxmilyonlu oxucularının və tamaşaçılarının qəlbində daima bir nida səslənəcək: “Sən həmişə bizimləsən, ustad!”

 

Vəfa XANOĞLAN

 

Xalq qəzeti.- 2014.- 1 iyul.- S.10.