Prezident İlham
ƏLİYEV:
Azərbaycan Ordusu bölgədə, hətta
dünyada ən güclü ordulardan biridir
Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali
Baş Komandanı
Silahlı
Qüvvələrimizin yaradılmasından 96 il
keçir. Bu münasibətlə
Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin
birləşmə və hissələrinin irimiqyaslı birgə
əməliyyat-taktiki təlimi bir daha sübut etdi ki, Azərbaycan
Ordusu müasir dünyanın ən nizamlı və qüdrətli
ordularından biridir. Azərbaycan Demokratik Respublikasının
1918-ci il may ayının 28-də qəbul
etdiyi İstiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan
özünü xarici müdaxilələrdən müdafiə
etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək
üçün nizami orduya malik olmalı, özünün
silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlət
həmişə yadellilərin təhlükəsi altında
yaşamağa məhkumdur. Bu zərurətlə
bağlı 1918-ci il may ayının 28-də
yaradılan ilk kabinetdə Azərbaycan hökumətinin
müdafiə naziri vəzifəsinə general Xosrov bəy
Sultanov təyin edilmişdi. Azərbaycan Demokratik
Respublikasının ordu quruculuğu haqqında tədbirlər
planına müvafiq olaraq 1919-cu il noyabr
ayının 1-nə qədər ordunun ən mühüm
struktur bölmələri və hissələri
yaradılıb başa çatdırılmalı idi.
Azərbaycan Xalq Cümhuriyyəti
yaradıldığı ilk dövrlərdə onun hərbi
qüvvələri 600 nəfərlik könüllü dəstələrdən
ibarət idi. Hökumət 1918-ci il
iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət
elan etdi. Azərbaycan Respublikasının
1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman
vətəndaşları hərbi qulluğa
çağırıldılar. 1920-ci ildə
Azərbaycan Sovet Rusiyası tərəfindən işğal
edildikdən sonra respublikanın hərbi nazirliyi rəsmən
ləğv edilərək, həmin funksiya Xalq Hərbi
Komissarlığına verildi. Milli Ordunun
21 generalından 15-i bolşeviklər tərəfindən
güllələndi.
Çox təssüf ki, Azərbaycan
müstəqilliyini bərpa etdiyi ilk illərdə də biz
orduda problemlərin şahidi olduq. Dövlət
müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi
sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın
qarşısında duran əsas vəzifə ərazi
bütövlüyümüzün qorunması uğrunda gedən
döyüşlərdə vəziyyəti nəzarət
altına almaq idi. Həmin dövrdə bu
vəzifələr çox çətinliklə həyata
keçirilirdi. Çünki ölkədə
Milli Ordu formalaşmamışdı və hakimiyyətdə
olanlar bu işin öhdəsindən gələ bilmirdi. Ayrı-ayrı şəxslərə xidmət edən
qeyri-qanuni silahlı qruplaşmalar tam sərbəst hərəkət
edir və sərhədlərimizdən çox xidmət
göstərdikləri şəxslərin mənafelərini
qoruyurdular.
AXC-Müsavat hakimiyyəti dövründə
ölkədə baş alıb gedən
özbaşınalıq, anarxiya, mənəm-mənəmlik,
intizamsızlıq orduya da sirayət etmişdi. Ayrı-ayrı şəxslərin tabeçiliyində
olan silahlı qruplaşmalar düşmənin hərbi təcavüzünün
qarşısını almaq, sərhədlərimizi qorumaq əvəzinə,
hakimiyyəti ələ keçirmək uğrunda mübarizə
aparır, silahlı qarşıdurma yaradırdılar.
AXC-Müsavat iqtidarının Milli Qəhrəman səviyyəsinə
yüksəltdiyi, hətta, korpus komandiri təyin etdiyi Surət
Hüseynov tabeçiliyində olan silahlı əsgər və
zabitləri sərhəd bölgələrindən geri
çağıraraq Bakıya istiqamətləndirmiş,
hakimiyyəti ələ almaq üçün ciddi
münaqişə yaratmışdı. Ordunun
maddi-texniki təminatı ciddi problemlərlə müşayiət
edilirdi. Torpaqlarımız hissə-hissə
işğal olunurdu. Ermənilərin
hücumlarının qarşısını almaqda aciz qalan
hakimiyyət rəhbərləri ümidlərini
könüllü batalyonlara bağlamışdılar. Burada isə nizam-intizamın olmaması ölkəni
uçuruma aparırdı.
1993-cü ildə Heydər Əliyevin
siyasi hakimiyyətə qayıdışı ilə orduya olan
münasibət tamam dəyişdi. Ordunun hər bir
dövlətin müstəqilliyi üçün həlledici
amil olduğunu daim diqqət mərkəzində saxlayan
ümummilli liderimiz hələ XX əsrin 70-ci illərindən
başlayaraq Azərbaycan xalqının unudulmaqda olan hərbi ənənələrini
dirçəltmiş, azərbaycanlı gənclərin hərbi
məktəblərə, ali hərbi təhsilə cəlb
edilmələri, orduya çağırışların
bayramsayağı qeyd olunması barədə dövlət
orqanlarına xüsusi tapşırıqlar vermiş, dövlət
və ordu quruculuğunun möhkəm əsaslarını və
ənənələrini yaratmışdı. Təəssüf
ki, 1987-1993-cü illərdə Azərbaycanda bu ənənələr
unuduldu. Həmin illərdə ölkədə
yaranmış anarxiya, özbaşınalıq və xaos
torpaqlarımızın 20 faizinin işğalına gətirib
çıxardı. Nizami ordu əvəzinə,
bir milyondan çox qaçqın və köçkünlər
“ordusu” yarandı. Bütün bunlar ölkəmizin
siyasi taleyinə birbaşa təsir göstərirdi.
Məhz ulu öndərin ciddi səylərindən
sonra – 1993-cü ilin sonlarında ölkəmizdə peşəkar
ordu quruculuğunun əsası qoyuldu. Həmin
vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə
yanaşıldı, Silahlı Qüvvələr pərakəndəlikdən
xilas oldu, ordudakı siyasiləşməyə, qruplaşmaya,
qeyri-qanuni silahlı dəstələrə son qoyuldu. Heydər Əliyev həm Prezident, həm də Ali
Baş Komandan olaraq, Milli Ordunun
formalaşdırılmasını və qüdrətli
olmasını prioritet vəzivə kimi qarşıya qoydu.
Ulu öndər müstəqil Azərbaycan
dövlətinin qurucusu və memarı olduğu kimi, ölkəmizdə
ordu quruculuğunun, Silahlı Qüvvələrin də
yaradıcısıdır. Bu, bir
faktdır ki, Heydər Əliyevin sarsılmaz iradəsi
olmasaydı, Azərbaycan Silahlı Qüvvələri
bugünkü səviyyəyə gəlib çata bilməzdi.
Ümummilli lider Heydər Əliyev deyirdi:
“İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir”. Güclü iqtisadiyyatı
olan ölkənin güclü orduya malik olması onun
mövqelərini daha da möhkəmləndirir, gücləndirir,
dünya birliyindəki nüfuzunu artırır, milli
maraqlarının qorunmasında böyük rol oynayır.
Güclü ordu isə güclü dövlət
deməkdir. Məhz bu baxımdan Azərbaycan
Prezidenti dövlət üçün xüsusi əhəmiyyət
kəsb edən ordu quruculuğu sahəsinə xüsusi diqqət
yetirir, müdafiə və təhlükəsizlik məsələlərini
daim ön plana çəkirdi.
Silahlı Qüvvələrdə həyata
keçirilən quruculuq işləri, struktur dəyişiklikləri,
döyüş əməliyyatlarının vahid rəhbərlik
altında planlaşdırılması, hissələrin hərb
elminin tələblərinə uyğun idarə edilməsi,
kadrların saflaşdırılması, qoşun hissələrinin
təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi
Azərbaycan Ordusunu keyfiyyətcə yeniləşdirdi.
Doxsanıncı illərin ortalarından başlayaraq Azərbaycan
və NATO arasında sıx və səmərəli əməkdaşlığın
yaradılması ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə,
Silahlı Qüvvələrimizin modernləşdirilməsinə,
müasir standartlara uyğunlaşdırılmasına gətirib
çıxardı. Ulu öndərimizin uzaqgörən siyasəti
nəticəsində 1994-cü ilin əvvəllərində
Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq”
proqramına, bu əməkdaşlığın davamı
olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi”
proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat Planı”na
qoşuldu.
1997-ci ildən Azərbaycanın hərbi
təhsil müəssisələri NATO standartlarına
keçmişdir. Silahlı Qüvvələrimizin
tərkibində yaradılan sülhməramlı bölük,
daha sonra isə sülhməramlı tabor NATO xəttilə həyata
keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak
edir, münaqişə ocaqlarında təhlükəsizliyin,
sülhün təminatına əsgəri dəstək verirlər.
Əlahiddə Azərbaycan Korpusunun
yaradıldığı gün – 26 iyun Prezident Heydər
Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına
əsasən, Azərbaycan Respublikasının Silahlı
Qüvvələr Günü elan olundu.
Bu gün Azərbaycanın qüdrətli
və nizami orduya malik olması məhz ümummilli lider Heydər
Əliyevin gərgin əməyinin bəhrəsidir. Ulu öndərin
ideyalarını layiqincə davam etdirən Prezident, Ali Baş
Komandan İlham Əliyev ordu quruculuğu sahəsində
öz səylərini daha da artıraraq Azərbaycan Silahlı
Qüvvələrinin müasir hərbi texnika ilə təchiz
edilməsinə, möhkəm nizam-intizam, yüksək
döyüş hazırlığı ilə seçilən,
düşmənə sarsıdıcı zərbə
vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Bu gün iqtisadi yüksəlişi ilə dünya
birliyinin diqqətini özünə cəlb edən Azərbaycan
həm də qüdrətli orduya malikdir. Milli
Ordumuz hər bir azərbaycanlının qürur mənbəyinə
çevrilib.
Milli Ordunun maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində qətiyyətli
addımlar atılmış, orduda peşəkarlıq,
döyüş qabiliyyəti artırılmışdır. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin
istehsal etdiyi müxtəlif hərbi təyinatlı məhsullar
Milli Ordumuzun maddi-texniki bazasını daha da gücləndirmişdir.
Yeri gəlmişkən, qeyd edək ki, bu ilin aprel ayında
Malayziyada Azərbaycan istehsalı olan silahların da
nümayiş etdirildiyi beynəlxalq sərgidə 55 ölkənin
830 şirkəti iştirak etmişdir. Həmin
sərgidə ölkəmiz zəngin stendlə təmsil
olunmuşdur. Burada Azərbaycan Müdafiə
Sənayesi Nazirliyi 132 adda silah-sursat nümayiş
etdirmişdir.
Sərgidə iştirak etməkdə əsas
məqsəd Azərbaycanda istehsal olunan silah-sursatı
dünya bazarına çıxarmaq, aparıcı ölkələrlə
əməkdaşlıq etmək idi. Bununla
yanaşı, müasir texnologiya və avadanlıqları Azərbaycana
gətirməklə, yeni müdafiə təyinatlı məhsullar
istehsal etmək də qarşıya qoyulan əsas vəzifələrdən
biri olub.
Qeyd edək ki, Ermənistan bu sərgidə
müşahidəçi kimi iştirak edirdi. Bu fakt artıq Azərbaycanın gücünün
açıq ifadəsidir. Respublikamızın müdafiə
sənayesinin beynəlxalq sərgilərdə uğurla təmsil
olunmasının nəticəsidir ki, ölkəmiz ilk dəfə
olaraq, bu ilin sentyabrında bu tipli sərgiyə ev
sahibliyi edəcək.
Torpaqlarının 20 faizi işğal
altında olan Azərbaycan son illər xaricdən silah
alınmasına böyük vəsaitlər xərcləməklə
yanaşı, özünün müdafiə sənayesini də
inkişaf etdirir. Azərbaycanın ordu
quruculuğunda gedən müsbət inkişaf xarici mətbuatın
da diqqətindən yayınmır. 2013-cü il iyunun
26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
95 illiyi münasibətilə Bakının Azadlıq
meydanında keçirilən təntənəli hərbi parad
bir daha Milli Ordumuzun gücünü, qüdrətini
nümayiş etdirdi. Hərbi paradda Silahlı Qüvvələrin
bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin,
xüsusi təyinatlı təhsil müəssisələrinin,
həmçinin qanunvericilikdə nəzərdə tutulan
başqa silahlı birləşmələrin 5 min nəfərlik
şəxsi heyəti, 300-dək hərbi texnika və silah
sistemləri, 100-dən çox döyüş təyyarəsi
və vertolyot, 40-dək gəmi iştirak edirdi. Paradda, həmçinin,
Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Gürzə”
patrul maşını, “Matodor” və “Marauder” tipli minaya
qarşı qorumalı nəqliyyat vasitələri keçid
etdi. Xüsusi təyinatlı qüvvələrin istifadəsində
yer alan, pulemyot və tank əleyhinə
idarə olunan raket kompleksləri ilə
silahlandırılmış “Gürzə” maşını
ilk dəfə paradda nümayiş olundu.
Bundan başqa, hərbi keçiddə “Cobra”, “Land Rover
Defender”, ZPT, “Storm Sufa” tipli zirehli və zirehsiz hərbi
maşınlar, “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz
uçuş aparatları, nəqliyyat vasitələri üzərində
Azərbaycan müəssisələrində istehsal edilmiş
82 mm çaplı minaatan da nümayiş etdirilib.
Paradda operativ taktiki raketlər, müxtəlif
çaplı yedəkdə daşınan haubitsalar ən
müasir reaktiv yaylım atəş sistemləri, 120 mm
çaplı TR-122 “Sakarya”, “Qrad-1M”, “Leysan”, “Ekstra”, 300 mm
çaplı 9K58 “Smerç”lər, “Toçka-U” raket kompleksləri
tribunanın önündən keçdi. Bu raket
kompleksləri ən uzaq dərinlikdə günün istənilən
vaxtında düşmənin hərbi təyinatlı strateji
obyektlərinə tələfat vermək üçün nəzərdə
tutulmuşdur.
120 mm çaplı İsrail istehsalı olan “Cardom”
avtomatik minaatanı, İsrail istehsalı olan 120 və 160 mm
çaplı reaktiv atəş sistemləri, “Qvozdika”, “Pion”,
“Msta-S” özüyeriyən haubitsaları, TOS-1A “Solntsepyok”
reaktiv alovsaçanı, modernləşdirilmiş T-72 “Aslan”,
silahlanmaya yeni daxil olmuş “T-90 C” tankları, “BMP-2” və
“BMP-3” tipli piyadaların döyüş maşınları
tribuna önündən keçdi. Bununla
yanaşı, Azərbaycan Hava Hücumundan Müdafiə
Qoşunlarına məxsus modernləşdirilmiş S-125
“Peçora”, “Strela-10”, S-200, S-300 “Favorit” zenit raket kompleksləri,
eləcə də, silahlanmaya yeni daxil olmuş “Buk-MB” zenit-raket
kompleksi də qatıldı.
Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25, L-39
döyüş və təlim təyyarələri, Mi-24 və
Mi-8/17 helikopterləri, DSX-nın Mi-35M, FHN-in Ka-32 və Mi-8
helikopterləri də hərbi keçiddə iştirak etdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
ordu quruculuğu sahəsində aparılan islahatlardan
danışarkən demişdir: “Azərbaycan ordusu bölgədə,
hətta, dünyada ən güclü ordulardan biridir”. Ordu quruculuğunun dövlət üçün ən
zəruri sahələrdən biri olduğunu vurğulayan
Prezident İlham Əliyev bildirmişdir ki, bu, bizim
üçün ən başlıca, ən prioritet məsələdir.
Bu, hər bir ölkə üçün belə
olmalıdır. Çünki hər bir
ölkə özünü müdafiə etməlidir. Xüsusilə müharibə şəraitində
yaşayan ölkələr üçün bu, çox
böyük əhəmiyyətə malik olan məsələdir.
Azərbaycan müharibə şəraitində
yaşayır. Müharibə hələ
bitməyib. Müharibənin birinci mərhələsi
başa çatmışdır. Bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi
bütövlüyünü istənilən yolla bərpa
etsin.
Ordu qurucuğuna bundan sonra da xüsusi diqqət göstəriləcəyini
bildirən Ali Baş Komandan mütəmadi olaraq hərbi hissələrə
getdiyini də diqqətə çatdırmışdır:
“Bizim mövqeyimiz güclü ordu ilə tamamlanır. Bu məqsədlə son illər ərzində ordu
quruculuğuna çox böyük diqqət göstərilmişdir.
Ordumuz inkişaf edir. Bu
inkişaf daimi prosesdir. Mən hərbi hissələrə
tez-tez gedirəm, vəziyyətlə tanış
oluram və görürəm ki, ordumuzun döyüş
qabiliyyəti artır. Nizami ordumuz vardır.
Ordumuzun peşəkarlığı artır.
Bütün cəmiyyətdə olduğu kimi,
orduda da vətənpərvərlik ruhu yüksək səviyyədədir.
Orduda xidmət edənlərin mütləq əksəriyyəti
gənclərdir. Mən çox şadam
ki, Azərbaycan gəncləri vətənpərvərlik
ruhunda tərbiyə alırlar. Orduda xidmət
edənlər Vətəninə, xalqına bağlı olan, Vətənini
sevən insanlardır. Bu amillər ordumuzu
daha da gücləndirir. Eyni zamanda, son illər
ərzində ordumuzun texniki təchizatında da çox
böyük inkişaf vardır. Son illər
ərzində ən müasir texnika, silah-sursat
alınmışdır. Son illər ərzində
alınan və Azərbaycanda istehsal olunan texnikanın bir hissəsi
bugünkü paradda nümayiş etdiriləcəkdir. Burada mövcud texnikanın sadəcə olaraq
cüzi bir hissəsi göstəriləcəkdir.
Azərbaycan son illər ərzində hərbi
məqsədlər üçün çox böyük vəsait
xərcləmişdir. Müqayisə üçün deyə
bilərəm ki, 2003-cü ildə hərbi büdcəmiz 163
milyon dollar idi, keçən il bu rəqəm 3,6 milyarda, bu il
isə 3,7 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə onu göstərir
ki, ordu quruculuğu prioritet məsələdir”.
Azərbaycan Ordusunun Cənubi
Qafqazda ən güclü ordu olması artıq dünyanın
aparıcı kütləvi informasiya vasitələrində də
öz əksini tapır. Çünki artıq
bu reallıqdır. Rusiyada dərc olunan “Velikaya epoxa” qəzetində
Azərbaycan Ordusunda həyata keçirilən islahatlarla
bağlı dərc olunmuş məqalədə son illərdə
respublikamızda aparılan ordu quruculuğu, ölkəmizin
xaricdən silah idxalını artırması, ordumuzun
döyüş hazırlığının güclənməsi
və s. məsələlərə geniş yer verilib. Məqalə
müəllifi Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin
(DSTTM) məlumatına əsasən qeyd edir ki, 2013-cü ildə
Azərbaycan xaricdən 1 milyard 257 milyon dollar dəyərində
silah-sursat alıb və bu göstəriciyə görə
dünya ölkələri arasında 15-ci yerdə qərarlaşıb.
Ümumiyyətlə isə, son 10 ildə
respublikada silah idxalı 155 faiz artıb.
Məqalədə Azərbaycanın Cənubi
Qafqaz ölkələri arasında ən güclü orduya
malik olması xüsusi qeyd olunur. Bildirilir ki, son bir neçə ildə Azərbaycan
Prezidenti respublikanın hərbi gücünü
artırmağı hədəf alıb. Hazırda dövlətin
hərbi xərcləri Ermənistanın ümumi büdcəsindən
artıqdır. Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 96-cı ildönümü münasibətilə
Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin
birləşmə və hissələrinin irimiqyaslı birgə
əməliyyat-taktiki təlimində iştirak edən Ali
Baş Komandan İlham Əliyev ordunun döyüş
hazırlığını yüksək qiymətləndirdi.
Xüsusilə qeyd edilməli məqamlardan biri də o idi ki,
Ali Baş Komandan xidmətdə fərqlənən hərbçilərdən
bir neçəsini bilavasitə təlim meydançasında
mükafatlandırdı.
Azərbaycanın
iqtisadi qüdrəti artdıqca Milli Ordumuz daha da güclənir.
Dövlətimizin başçısı, Ali Baş Komandan
İllham Əliyev də bu barədə öz fikrini bildirərkən
qətiyyətlə demişdir: “Həmişə deyirəm
ki, güclü dövlətin güclü ordusu
olmalıdır. Biz indi iri layihələri icra edirik. Azərbaycan
ordusu indiyədək bölgədə, hətta dünyada ən
güclü ordulardan biridir. Ordumuz istənilən vəzifəni
həll etməyə hazırdır. Mən ali baş komandan
kimi ordu quruculuğuna dəstəyimi verəcəyəm”.
Bu gün
Dağlıq Qarabağ problemindən başqa heç bir
problemin qalmadığını deyən Prezident Xankəndidə,
Şuşada Azərbaycan bayrağının
dalğalanacağı günün uzaq
olmadığını bildirib.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 1 iyul.- S.9.