Azərbaycan Texniki
Universitetində elektron
təhsil sisteminin açılış
mərasimi olmuşdur
İyunun 30-da Azərbaycan
Texniki Universitetində
bu ali
təhsil müəssisəsinin
və Koreya Respublikasının Beynəlxalq
Əməkdaşlıq Agentliyinin
(KOİCA) birgə layihəsi
olan elektron təhsil sisteminin açılış mərasimi
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, əvvəlcə Azərbaycan və Koreya respublikalarının
dövlət himnləri
səslənmişdir.
Azərbaycan Texniki
Universitetinin rektoru, professor Havar Məmmədov layihənin
əhəmiyyətindən danışmışdır.
Bildirmişdir
ki, “Azərbaycan Texniki Universitetinin elektron təhsil sisteminin qurulması” layihəsi KOİCA və Azərbaycan Respublikasının
Təhsil Nazirliyi arasında imzalanmış
qrant sazişinə əsasən həyata keçirilmişdir.
Layihənin məqsədi
Azərbaycan Texniki Universitetində Koreya Respublikasının ali təhsil müəssisələrində istifadə olunan ən son informasiya-kommunikasiya
texnologiyaları əsasında
müasir təhsil idarəetmə sisteminin hazırlanmasıdır. Layihə universitetin
akademik təhsil,
portal, “Groupware”, distant təhsil sistemlərini əhatə
edir.
Layihədə
universitetdə akademik
təhsil sisteminin yaradılması, Azərbaycan
Texniki Universitetinin rəsmi portalının, elektron sənəd dövriyyəsinin qurulması,
distant təhsil üçün
kontent nümunələrin
təşkili məsələləri
öz həllini tapmışdır.
Qeyd
olunmuşdur ki, yeni sistemin qurulmasında
ən müasir texnologiyalardan istifadə olunmuş, avadanlığın
seçilməsinə və
quraşdırılmasına xüsusi diqqət yetirilmişdir. Mükəmməl funksiyalara malik cihazlar quraşdırılmış,
koreyalı mütəxəssislər,
universitetin əməkdaşları
üçün təlimlər
təşkil edilmişdir.
Layihə
çərçivəsində ən vacib məqamlardan
biri isə ölkəmizdə ilk dəfə
olaraq distant təhsil sisteminin yaradılmasıdır.
Müxtəlif
proqramları özündə
birləşdirən yeni
təhsil kontentləri
2014/2015-ci tədris ilindən
tələbələrin istifadəsinə
veriləcəkdir. Bu kontentlər texniki
universitetin nəzdində
fəaliyyət göstərən
televiziya studiyasında
koreyalı mütəxəssislərin
iştirakı ilə
universitetin mütəxəssisləri
tərəfindən hazırlanmışdır.
Diqqətə çatdırılmışdır
ki, yeni layihənin tədrisin keyfiyyətinin yaxşılaşdırılması,
şəffaflığın təmini, tədrisdə yaranan mənfi halların qarşısının
alınması, valideynlərin
və tələbələrin,
tədris prosesinə nəzarət sisteminin sadələşdirilməsi, distant təhsil sisteminin qurulması, təhsilin və ixtisasartırmanın
imkanlarının genişləndirilməsi,
elektron sənəd dövriyyəsinin, onlayn yazışmanın təsdiqi
kimi üstünlükləri
vardır.
Tədbirdə
ölkə rəhbərliyi
tərəfindən təhsilin
inkişafına göstərilən
dövlət qayğısından
da danışılmışdır.
Koreya Respublikasının
ölkəmizdəki səfiri
Çoi Suk-İn ölkəsində
informasiya-kommunikasiya texnologiyaları
sahəsində görülən
işlərdən danışmışdır.
Qonaq universitetdə tətbiq olunan elektron təhsil sisteminin layihəsinin Azərbaycan təhsilinə öz layiqli töhfəsini verəcəyini demişdir.
Mərasimdə çıxış
edən Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev,
Təhsil Nazirliyinin bölmə müdiri Sülhəddin Gözəlov,
Azərbaycan Texniki Universitetinin prorektoru,
professor Mustafa Babanlı elektron
təhsil sisteminin səmərəli və məqsədyönlü istifadə
edilməsindən söz
açmışlar.
Tədbirdə,
həmçinin layihə,
eləcə də elektron portal sistemi haqqında geniş məlumat verilmiş,
KOİCA-nın layihəsi
ilə bağlı
film nümayiş etdirilmişdir.
Sonda tədbir iştirakçıları server
otağı ilə tanış olmuşlar.
Xalq qəzeti.- 2014.- 1 iyul.- S.9.