Naxçıvan Muxtar Respublikası
2014-cü ilin birinci yarısında
Xəbər
verdiyimiz kimi, iyunun 28-də dördüncü
çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin doqquzuncu sessiyası
keçirilmişdir. Sessiyada 2014-cü ilin birinci
yarısında Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmiş,
Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət
büdcəsinin icrası təsdiq
olunmuş,"Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
haqqında" Naxçıvan Muxtar Respublikasının
Qanununda dəyişiklik edilmişdir.
2014-cü ilin birinci yarısında Naxçıvan
Muxtar Respublikasının sosial-iqtisadi inkişafının
yekunları ilə əlaqədar məruzədə
bildirilmişdir ki, cari ilin yanvar— may ayları ərzində
muxtar respublikada tikinti-quruculuq işləri uğurla davam
etdirilmişdir. Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasına
ümumilikdə 18 milyon manat vəsaitin ayrılması burada
gedən quruculuq işinə böyük töhfə
olmuşdur.
Hesabat dövrü ərzində təhsil, mədəniyyət,
səhiyyə, rabitə, energetika və digər sahələr
də daxil olmaqla, müasir tələblərə cavab verən
yeni obyektlər istifadəyə verilmiş, yollar
salınmış, körpülər tikilmiş, istehsal, xidmət
sahələrinin yaradılması istiqamətində işlər
davam etdirilmişdir. Həyata keçirilən
tikinti-quruculuq işlərində keyfiyyət əsas
götürülmüş, muxtar respublikada istehsal olunan yerli
tikinti materiallarından istifadəyə üstünlük
verilmişdir.
Muxtar respublikada mövcud olan iqtisadi
potensialdan tam və səmərəli istifadə olunması,
sosial-iqtisadi vəziyyətin
yaxşılaşdırılması və iqtisadiyyatın
tarazlı inkişafını təmin etmək məqsədilə
genişmiqyaslı tədbirlər həyata
keçirilmişdir. Maşınqayırma,
metallurgiya, kimya, mədənçıxarma, yeyinti,
yüngül və digər sənaye sahələrinin təşəkkülü
və inkişafının davamlı xarakter alması nəticəsində
2014-cü ilin yanvar-iyun aylarında 471 milyon 580 min manatlıq sənaye
məhsulu istehsal edilmişdir.
Əvvəlki illərdə olduğu kimi,
2014-cü ilin ötən dövründə də
sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas
istiqamətlərindən olmuş, ümumi daxili məhsul
istehsalında özəl bölmənin payı 87 faizə
çatmışdır. Muxtar
respublikada fəaliyyəti bərpa edilmiş və ya yeni
qurulmuş istehsal müəssisələrində istehsal olunan
məhsulların sayı 349-a
çatdırılmışdır. Hazırda
334 növdə məhsula olan tələbat tamamilə yerli
istehsal hesabına ödənilir.
Muxtar respublikanın iqtisadiyyatında müşahidə
olunan dinamik artım cari ilin ilk 6 ayında da
saxlanılmış, ötən ilin müvafiq dövrü ilə
müqayisədə ümumi daxili məhsulun həcmi 2,4 faiz,
sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən
investisiyalar 1,6 faiz, kənd təsərrüfatının
ümumi məhsulu 6,4 faiz, ixracın həcmi 14,5 faiz, orta
aylıq əməkhaqqı isə 2,1 faiz artmışdır.
Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi, ikinci yeri isə
22,9 faizlik xüsusi çəkiylə tikinti sektoru
tutmaqdadır.
Cari ilin ilk 6 ayı ərzində
informasiya və kommunikasiya texnologiyalarından istifadə
imkanları genişləndirilmiş, optik kabel
magistrallarının inşası davam etdirilmiş, dövlət
orqanlarının elektron xidmətlər sahəsində
işi daha da təkmilləşdirilmiş, yeni nəsil
telekommunikasiya sistemi istifadəyə verilmişdir. 2014-cü
ilin məhsulu üçün muxtar respublikamızda 60 min 829
hektar sahədə əkin aparılmış, ötən
dövrdə muxtar respublikadan kənara 25 milyon ABŞ
dollarından artıq həcmdə kənd təsərrüfatı
məhsulları ixrac olunmuşdur. Cari ilin ötən
dövründə muxtar respublikada əhalinin məşğulluğunun
təmin olunması da diqqət mərkəzində
saxlanılmış, 1457 yeni iş yeri
açılmışdır.
Naxçıvan Muxtar Respublikasının dövlət
büdcəsinə 2013-cü ildə bütün mənbələr
hesabına 55 milyon manat proqnoza qarşı, 64 milyon 857 min 623
manat vəsait daxil olmuş, tapşırıq 117,9 faiz icra
olunmuşdur. 2013-cü ildə büdcə
daxilolmalarının 84,1 faizi Vergilər Nazirliyi, 12,9 faizi
Dövlət Gömrük Komitəsi tərəfindən təmin
edilmiş, 3 faizi isə büdcə təşkilatlarının
ödənişli xidmətlərindən daxil olmuşdur.
2013-cü ildə dövlət büdcəsinə Vergilər
Nazirliyi tərəfindən 49 milyon 600 min manat proqnoza
qarşı 54 milyon 560 min 817 manat vəsait daxil olmuşdur ki,
bu da nəzərdə tutulan məbləğdən 4 milyon 960
min 817 manat çox olmuşdur.
2013-cü ildə Dövlət Gömrük Komitəsi
tərəfindən dövlət büdcəsinə 4 milyon
manat proqnoza qarşı 8 milyon 354 min 793 manat vəsait daxil
olmuşdur ki, bu da nəzərdə tutulan məbləğdən
4 milyon 354 min 793 manat artıqdır. Naxçıvan Muxtar
Respublikası dövlət büdcəsinin xərcləri
2013-cü ildə 332 milyon 700 min manat təyinata qarşı
332 milyon 8 min 10 manat və ya 99,8 faiz icra olunmuşdur.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının
2013-cü il dövlət büdcəsinin icrası
haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu və
“Naxçıvan Muxtar Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman)
haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə qanun qəbul
olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbov sessiyada çıxış edərək
demişdir:
— Ümummilli lider Heydər Əliyev tərəfindən
müəyyənləşdirilən inkişaf
strategiyasının davam etdirilməsi nəticəsində bu
gün Azərbaycan Respublikasının bütün bölgələrində,
o cümlədən Naxçıvan Muxtar Respublikasında
iqtisadi və sosial həyatın bütün sahələrində
dinamik inkişafa nail olunmuşdur.
Muxtar respublikada davamlı olaraq əldə edilən
uğurlu nəticələr Naxçıvan Muxtar
Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar
elan olunmuş “Muxtariyyət ili”nin ötən
6 ayında da qorunub saxlanılmışdır.
Hesabat dövrünün ən yaddaqalan
hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin
Naxçıvan Muxtar Respublikasına səfəridir. Hörmətli
Prezidentimiz muxtar respublikanın inkişafı barədə
demişdir: “Naxçıvan sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər
uğurla icra edilir. Bu səfər mənim
Naxçıvana son 10 il ərzində
11-ci səfərimdir. Demək olar ki, hər il
Naxçıvana gəlirəm, burada gedən inkişafla
tanış oluram. Sevinirəm ki, bu gün
Naxçıvan çiçəklənən bir
diyardır”.
Ölkə rəhbərinin muxtar
respublikada görülən işləri yüksək dəyərləndirməsi
hər birimizdə iftixar hissi yaratmaqla yanaşı, məsuliyyət
hissini də artırır. Blokada şəraitinin
çətinliklərinə baxmayaraq iqtisadi fəaliyyətin
bütün sahələrində tərəqqiyə nail olmaq,
əhalinin yaşayış səviyyəsini yüksəltmək,
maddi rifah halını yaxşılaşdırmaq naminə
muxtar respublikanın hakimiyyət və təsərrüfat
strukturları bundan sonra da bütün səylərini səfərbər
edərək “Muxtariyyət ili”ni daha yüksək nəticələrlə
başa vurmalıdır. Bunun üçün
2014-cü ilin qalan dövründə aidiyyəti orqanlar
qarşısında daha ciddi vəzifələr dayanır.
Sosial-iqtisadi sahədə davamlı
inkişaf tempinin təmin edilməsi muxtar respublika büdcəsinin,
eləcə də iqtisadi fəaliyyətin bütün sahələrinə
ayrılan maliyyə vəsaitlərinin həcminin ildən-ilə
artmasına səbəb olmuşdur. Bu isə
öz növbəsində maliyyə vəsaitlərindən səmərəli
istifadə olunmasının əhəmiyyətini
artırır. Maliyyə Nazirliyi və onun yerli
orqanları maliyyə sektorunda fəaliyyətin güclənməsinə
nail olmalı, pul vəsaitlərindən təyinatı üzrə
səmərəli istifadəyə diqqəti
artırmalıdırlar.
Muxtar respublikada dövlət
proqramlarının icrası iqtisadiyyatın çoxsahəli
inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə
başlaması, investisiya qoyuluşlarının həcminin
artması üçün geniş imkanlar açıb. İndi əsas
vəzifə bu dinamikanı qoruyub saxlamaq və muxtar
respublikanın hər bir sakininin rifahına xidmət edən
iqtisadi artıma nail olmaqdır. Bunun
üçün İqtisadiyyat və Sənaye Nazirliyi yerli
xammal və ehtiyatlar əsasında rəqabətqabiliyyətli
məhsul istehsal edən yeni müəssisələrin
yaradılmasına diqqəti artırmalı, texnoloji nailiyyətlərə
əsaslanan layihələrə üstünlük verilməlidir.
Yerlərdə məskunlaşmaya və məşğulluq
səviyyəsinin yüksəldilməsinə xidmət edən
sahələrin, o cümlədən xalq tətbiqi sənətinin
müxtəlif növlərinin, eləcə də yerli təsərrüfatçılıq
ənənələrinə əsaslanan kiçik və orta
sahibkarlıq subyektlərinin fəaliyyəti üçün
hərtərəfli şərait yaradılmalıdır. Sahibkarlığın inkişafı və əhalinin
işgüzar fəaliyyətinin artırılması sahəsində
dövlət maliyyə yardımının göstərilməsi
məqsədilə qısamüddətli və kiçikhəcmli
kreditlərin verilməsi davam etdirilməlidir. Təqdim olunan biznes layihələr ciddi təhlil
olunmalı, onların səmərəliliyi düzgün qiymətləndirilməli,
ayrılmış kreditlərin təyinatı üzrə
istifadəsinə və vaxtında qaytarılmasına nəzarət
olunmalıdır.
Ali Məclisin sədri daha sonra demişdir ki, 2014-cü il ölkəmizdə “Sənaye ili” elan
olunmuşdur. İqtisadiyyat və Sənaye
Nazirliyi muxtar respublikamızda sənaye sahələrinin vəziyyətini
təhlil etməklə sənaye parklarının
yaradılmasını sürətləndirməli, müəssisələr
qurularkən məşğulluq probleminin həlli və yerli
xammaldan istifadə imkanları nəzərə
alınmalı, istehsalın ərazi və xammal prinsipi üzrə
səmərəli yerləşdirilməsi təmin edilməlidir.
Bazarlarda qiymətlərin süni şəkildə
artmasının qarşısını almaq məqsədilə
monitorinqlər aparılmalı və tədbirlər
görülməlidir. Yerli kənd təsərrüfatı
və digər istehsal məhsullarının birbaşa
istehsalçılar tərəfindən
satışını təşkil etmək üçün
Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyətləri
ilə birlikdə həftənin şənbə və bazar
günlərində Naxçıvan şəhəri və
rayon mərkəzlərində satış
yarmarkalarının təşkilini bundan sonra da davam etdirməlidirlər.
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi aidiyyəti orqanlarla birlikdə
istehlakçıların hüquqlarının qorunmasına,
ticarət, ictimai-iaşə, məişət və digər
xidmət sahələrində norma və
qaydalara əməl olunmasına, istehlak bazarında məhsulların
keyfiyyətinə, müvafiq standartlara uyğunluğuna ciddi
diqqət yetirməlidir.
Daxili bazarın keyfiyyətli ərzaq və
kənd təsərrüfatı məhsulları ilə təmin
olunması üçün Dövlət Gömrük Komitəsi
idxal-ixrac əməliyyatlarının mövsümə
uyğun tənzimlənməsini diqqət mərkəzində
saxlamalıdır.
İqtisadiyyatın vacib sahəsi olan aqrar
sektor daim diqqət və qayğı ilə əhatə
olunmalıdır. Kənd Təsərrüfatı
Nazirliyi Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə
birlikdə torpaqlardan səmərəli istifadə, müasir əkin
metodu və suvarma üsulları ilə bağlı əhali
arasında maarifləndirmə tədbirlərini gücləndirməlidir.
Bununla yanaşı yeni torpaqların əkin
dövriyyəsinə cəlb edilməsi də təmin
olunmalıdır.
Əkinçiliyin inkişafında su
ehtiyatlarından səmərəli istifadə vacib məsələdir. Dövlət
Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra
hakimiyyəti orqanları ilə birlikdə suvarma suyunun
bölgüsünə və sudan səmərəli
istifadəyə nəzarəti gücləndirməli, su
itkisinin qarşısı alınmalıdır.
Hazırda kənd təsərrüfatı
məhsullarının kütləvi yığım
dövrüdür. Tələbatdan artıq
istehsal olunan kənd təsərrüfatı məhsullarının
tədarükü və tələbatın ilboyu yerli məhsullarla
ödənilməsi məqsədilə İqtisadiyyat və Sənaye
Nazirliyi tədbirlər görməlidir.
Strateji təyinatına görə
mühüm əhəmiyyət kəsb edən taxılın
vaxtında və itkisiz yığılaraq ehtiyat anbarlarına
və dəyirmanlara qəbulu davam etdirilməlidir.
Ərzaq təhlükəsizliyinin təmin
olunmasında əkinçiliklə yanaşı,
heyvandarlıq da mühüm əhəmiyyətə malikdir. Dövlət Baytarlıq Xidməti və onun yerli
orqanları yaradılmış şəraitdən
düzgün istifadə etməli, işlərini günün
tələbləri səviyyəsində qurmalıdırlar.
Hesablaşmalar zamanı ödənişlərin
nağdsız aparılmasına üstünlük verilməli,
ticarət və xidmət obyektlərində
quraşdırılan POS-terminallardan səmərəli istifadə
olunmalı, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası
İdarəsi və Vergilər Nazirliyi dövriyyədə
olan nağd pul kütləsinin azalması üçün tədbirlər
görməli, POS-terminallardan istifadə ilə bağlı əhali
arasında təbliğat xarakterli tədbirlər gücləndirilməlidir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
muxtar respublikada telekommunikasiya və poçt xidmətlərinin
keyfiyyətinin yaxşılaşdırılması, rəqəmsal
televiziya yayımının və simsiz internetin əhatə
dairəsinin genişləndirilməsi, aidiyyəti orqanlarla
birlikdə “Elektron hökumət” portalında təklif olunan
elektron xidmətlərin işlək olması
üçün səylərini daha da artırmalıdır.
Tikinti-abadlıq işləri keyfiyyətlə
aparılmalıdır. Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi bununla bağlı təsirli tədbirlər
görməli, müasir və qədim memarlıq elementlərindən
istifadə edilməli, inşaat işlərində daha
çox keyfiyyətli yerli tikinti materiallarına
üstünlük verilməlidir. Su,
kanalizasiya, yol, rabitə, elektrik və qaz çəkilişi
ilə məşğul olan təşkilatların fəaliyyətində
əlaqələndirmə və ardıcıllıq təmin
edilməli, izafi xərclərə yol verilməsinin
qarşısı alınmalıdır.
Muxtar respublikanın enerji təhlükəsizliyinin
təmin olunması istiqamətində tədbirlər cari ildə
də davam etdirilməlidir. Dövlət
Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi
tərəfindən enerji daşıyıcılarından
qanunsuz istifadə hallarının, qaz və elektrik enerjisi
itkilərinin qarşısı alınmalı, istehlak olunan
qazın və elektrik enerjisinin dəyəri vaxtında ödənilməlidir.
Dövlət Statistika Komitəsi muxtar
respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı
təhlili materialların hazırlanaraq kütləvi informasiya
vasitələrində işıqlandırılmasını
bundan sonra da davam etdirməlidir.
Mədəniyyət və Turizm Nazirliyi muzeylərdə
kadrların yerləşdirilməsi, onların peşə və
xarici dil biliklərinin artırılması istiqamətində
əməli tədbirlər görməli, mədəniyyət
müəssisələrində iş intizamına riayət
olunmalıdır.
Gənclər və İdman Nazirliyi
uşaq-gənclər idman məktəblərinin fəaliyyətini
gücləndirməli, gənclərin fiziki
sağlamlığının təmin edilməsi məqsədilə
onların idmana cəlbinə, eləcə də muxtar
respublika ərazisində olan idman qurğu və obyektlərindən
səmərəli istifadəyə diqqəti
artırmalıdır.
Təhsil Nazirliyi tabeliyində olan məktəblərdə
informasiya-kommunikasiya texnologiyaları üzrə biliklərin
artırılması istiqamətində tədbirləri davam
etdirməli, yeni tədris ilinə qədər təhsil müəssisələrində
elektron təhsilin tətbiqi ilə bağlı aidiyyəti
orqanlarla qarşılıqlı fəaliyyəti təmin etməlidir.
Dövlət Sosial Müdafiə Fondu yeni əmək
fəaliyyətinə başlayan işçilərin fərdi
uçotunun təşkilinə, onların sosial sığorta
şəhadətnaməsi ilə təmin olunmasına diqqəti
artırmalı, sığorta-pensiya sistemi ilə əlaqədar
maarifləndirici tədbirləri gücləndirməlidir.
Şəhər və rayon icra hakimiyyətləri
abadlıq işlərinin keyfiyyətlə aparılmasına,
tullantıların vaxtlı-vaxtında
yığışdırılmasına,
yaşıllıqların mühafizəsinə diqqəti
artırmalı, vətəndaşların müraciətləri
qanuni həll olunmalıdır. Müəssisə və təşkilatlarda
nizam-intizam gücləndirilməlidir.
Hüquq-mühafizə
orqanlarının rəhbərləri, muxtar respublika ərazisində
yerləşən ordu, hərbi hissə və birləşmələrin
komandan heyətləri maarifləndirmə tədbirlərinin və
nizam-intizamın artırılmasına diqqəti
artırmalıdırlar.
Naxçıvan MR Ali
Məclisinin sədri Vasif Talıbov
çıxışını bu sözlərlə
bitirmişdir:
— Biz bu gün
2014-cü ilin birinci yarısında görülən işlərə
yekun vurduq. Hesabat dövrü ərzində sosial-iqtisadi sahədə
əldə olunan nəticələr Naxçıvan Muxtar
Respublikasının 90 illik tarixi ərzində ən yüksək
göstəricilərdir. Biz buna ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi
yoluna sadiq olmağımızla, əməli işimizlə
nail olmuşuq.
Xalq qəzeti.- 2014.- 1 iyul.- S.4.