Prezident İlham Əliyev: Bu gün
ölkələrin milli təhlükəsizliyinə
enerji təhlükəsizliyindən ayrı baxıla
bilməz
Münaqişənin həlli
üçün atılacaq addımları aydın şəkildə
müəyyən edən ATƏT-in qərarları, xüsusən
də Lissabon Zirvə görüşünün qərarları
da kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurasının Parlament
Assambleyası, İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı
və digər təşkilatlar qərar və qətnamələr
qəbul ediblər. Ermənistan, sadəcə, onlara
məhəl qoymur. Onlar
özlərinə məxsus olmayan ərazilərdən
çıxmaq istəmirlər, mövcud
vəziyyəti qoruyub saxlamaq
fikrindədirlər. Onlar hətta
ATƏT-in Minsk qrupunun
həmsədr ölkələrinin dövlət
başçılarının verdiyi bəyanatlara
belə məhəl qoymurlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimindəki çıxışından. 28 iyun, 2014-cü il.
Bakı çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etsə də, ATƏT Parlament Assambleyasının bu qəbildən olan illik sessiyası paytaxtımızda ilk dəfə keçirilirdi. Söhbət qurumun “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında təşkil olunan növbəti illik sessiyasından gedir. Sessiyanın plenar iclasının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq təşkilatlarla çoxşaxəli və səmərəli əməkdaşlığının uğurlu nəticələrindən, görülmüş işlərdən və qarşıda duran vəzifələrdən faktlar, rəqəmlər və arqumentlər əsasında söz açdı.
Dövlət
başçımız qeyd etdi ki, təxminən 23 ildir ki, biz
müstəqil ölkə kimi
yaşayırıq. Bu illər dövlətçiliyimiz,
inkişafımız, gələcəyimiz üçün
mühüm illər olub.
Biz müstəqil dövlət qurmalı,
müstəqil dövlətin əsaslarını yaratmalı,
eyni zamanda, yeni siyasi sistem
yaratmalı idik. Əslində, əvvəllər
bizim heç bir siyasi sistemimiz
olmayıb. Ona görə də demokratik təsisatların yaradılması, siyasi islahatların aparılması uğurlu inkişafımızın əsasını
təşkil edib.
Azərbaycanın
müstəqil dövlət kimi əsas məqsədinin müasirləşmə olduğunu xüsusilə xatırladan Prezident qeyd etdi ki, biz
olduqca qısa vaxtda müasir, özünə arxalanan
ölkə qurmuşuq. Gələcəyimiz
üçün isə planlarımız çoxdur.
Dövlət
başçımız, eyni zamanda, əminlik ifadə etdi
ki, ATƏT
və digər beynəlxalq təsisatlar qarşısında götürdüyümüz öhdəliklər
və apardığımız əməkdaşlıq
planlaşdırdığımız bütün
işləri icra etməyə imkan yaradacaqdır: “Azərbaycan çoxsaylı mühüm beynəlxalq təsisatların üzvüdür. Biz bu üzvlüyü dünya ilə daha
yaxşı əlaqələr qurmaq
fürsəti kimi qəbul edirik.
Biz Qoşulmama Hərəkatının,
Avropa Şurasının, İslam
Əməkdaşlıq Təşkilatının və bir çox digər beynəlxalq
təşkilatların üzvüyük”.
Xatırladaq
ki, ölkəmizin xarici
siyasət sahəsində əldə etdiyi
ən böyük nailiyyətlərdən
biri də iki il yarım əvvəl dünyanın 155
dövlətinin böyük dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməyimiz idi. Həmin fakt gənc
müstəqil dövlət üçün beynəlxalq səhnədə mümkün olan ən böyük siyasi və diplomatik nailiyyət idi. BMT Təhlükəsizlik
Şurasının fəal üzvü kimi Azərbaycan iki il ərzində sülh, təhlükəsizlik,
sabitlik, ədalət amallarının və
beynəlxalq hüquq normalarının həyata
keçirilməsini kifayət qədər
təşviq etmək imkanı qazanmışdı. Elə
Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə
başlamağımız da həm tarixi fakt kimi
əlamətdar idi, həm də həmin
mərasimdə geniş
çıxışı ilə dünya
ictimaiyyətinin böyük
marağına səbəb olmuş
dövlət başçımızın dəmir iradəsinin,
siyasi qətiyyətinin, natiqlik
mədəniyyətinin, liderlik
keyfiyyətlərinin təsdiqi kimi yaddaqalan oldu.
Ancaq bütün bunlara baxmayaraq,
dünyanın müxtəlif qütblərində Azərbaycana
münasibətdə ikili standartları məqsədəuyğun
sayan qüvvələr hələ də mövcuddur.
ATƏT Parlament Assambleyasının
Bakı sessiyasında çıxış edən Prezident İlham Əliyev
həmin məsələni də qonaqların diqqətinə
çatdırdı:
“Əfsuslar olsun ki,
biz ayrı-seçkiliyə əsaslanan
yanaşmanın şahidi oluruq.
Bu məsələ Azərbaycan xalqını
çox narahat edir. Görürük ki, BMT Təhlükəsizlik
Şurasının bəzi qətnamələri bir neçə saat ərzində
icra olunur. Digər qətnamələr
isə, sadəcə, kağız üzərində qalır.
Azərbaycana gəldikdə, bu, artıq
20 ildir ki, davam edir. Buna görə də ümumi meyarların, beynəlxalq təşkilatların
qərarlarının həyata keçirilməsi mexanizmlərinin
işlənib hazırlanması Avropa
Şurasının Nazirlər Komitəsinin sədri kimi bizim, o
cümlədən beynəlxalq ictimaiyyət üçün
prioritetlərdən biridir. Belə olmasa, mühüm təşkilatların
qərarları kağız üzərində qalacaqdır. Həmin
təşkilatlara olan etimad
da azalacaqdır”.
Ermənistan – Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
regionun sosial-iqtisadi
inkişafına vurduğu ziyandan
söz açan Prezident bu problemin kökləri və
nəticələri barədə də qonaqları növbəti
dəfə məlumatlandırmışdır: “ Dağlıq
Qarabağ Azərbaycanın tarixi hissəsidir, Azərbaycanın 20 ildən
çoxdur ki, Ermənistan
tərəfindən işğal edilən
əzəli torpağıdır. Beynəlxalq səviyyədə
tanınan ərazimizin 20 faizi işğal altındadır, 1 milyon
azərbaycanlı öz doğma
ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləməyə məruz
qalmışıq. Ermənilər Xocalı şəhərində
azərbaycanlılara qarşı soyqırımı törədiblər.
Bu soyqırımı artıq
dünyanın bir sıra ölkəsi tərəfindən
tanınıb. Beynəlxalq hüquq
normaları pozulub. BMT Təhlükəsizlik
Şurası Ermənistan qoşunlarının işğal edilən ərazilərdən
qeyd-şərtsiz və dərhal
çıxarılmasını tələb edən 4 qətnamə
qəbul edib. Bu qətnamələr
icra olunmamış qalır, kağız
üzərində qalır. Münaqişənin həlli üçün atılacaq addımları
aydın şəkildə müəyyən edən ATƏT-in
qərarları, xüsusən də Lissabon
Zirvə görüşünün qərarları
da kağız üzərində
qalır. Avropa Parlamenti,
Avropa Şurasının Parlament
Assambleyası, İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı
və digər təşkilatlar qərar və qətnamələr
qəbul ediblər. Ermənistan, sadəcə, onlara
məhəl qoymur. Onlar
özlərinə məxsus olmayan ərazilərdən
çıxmaq istəmirlər, mövcud
vəziyyəti qoruyub saxlamaq
fikrindədirlər”.
Sessiya bilavasitə ATƏT-in tədbiri olduğuna və iclasda bu mötəbər beynəlxaq təşkilatın
ali vəzifəli rəsmilərin iştirak etdiyinə görə Prezident ermənilərin
və Ermənistan dövlətinin məhz bu
qurumun sənədlərinə də
hörmətsizlik nümayiş etdirdiyini yada
salmışdır : “Onlar
hətta ATƏT-in Minsk qrupunun
həmsədr ölkələrinin dövlət
başçılarının verdiyi bəyanatlara
belə məhəl qoymurlar. ABŞ, Rusiya və Fransa prezidentləri
aydın şəkildə bəyan ediblər ki,
status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, status-kvo dəyişilməlidir.
Status-kvonu dəyişmək üçün Ermənistan öz
qoşunlarını torpaqlarımızdan
çıxarmağa başlamalıdır. Lakin
Ermənistan bu bəyanatlara məhəl qoymur. Buna görə də beynəlxalq təşkilatların
qərarlarının icrası, Azərbaycanın ərazi bütövlüyünün bərpası və
münaqişələrin ölkələrin ərazi bütövlüyü əsasında həlli
hər hansı qarşıdurmanın uğurla
aradan qaldırılması üçün əsas şərtlərdən
biridir”.
Ermənilərin
bütün dünyanı çaşdırmaq məqsədi
ilə beynəlxalq hüququn millətlərin
öz müqəddəratını təyinetmə
prinsipini bilavasitə Dağlıq Qarabağ münaqişəsinə şamil etmək istəyinin bu
münaqişəyə qətiyyən
dəxli olmadığını dəfələrlə söyləyən Prezident növbəti dəfə
xatırlatmağa ehtiyac hiss
edir: “Öz müqəddəratını təyinetmə
prinsipinə gəldikdə isə, biz Helsinki Yekun Aktına diqqətlə
baxsaq görərik ki,
öz müqəddəratını təyinetmə
prinsipi ölkələrin ərazi bütövlüyünü şübhə
altına salmamalıdır. Bundan əlavə,
ermənilərin artıq müstəqil dövləti
vardır, onlar artıq öz
müqəddəratını təyin ediblər. Buna görə də tarixi
Azərbaycan ərazilərində ikinci
erməni dövlətinin yaradılması üçün
heç bir əsas yoxdur. Nəzərə almalıyıq ki, hazırkı Ermənistan dövləti Azərbaycan
torpaqları hesabına yaradılıb”.
Dünya ictimaiyyətinin nəzər-diqqətinə
çatdırılmalı olan əsas məqamlardan
biri də odur ki, erməni
işğalına və həlli bilərəkdən
uzadılan münaqişəyə baxmayaraq,
Azərbaycan sürətli iqtisadi
inkişafını davam etdirir. Son 10 il ərzində
ölkəmiz dünyada
ən sürətlə inkişaf edən
iqtisadiyyata malikdir. Sosial və iqtisadi islahatlar firavanlığı təmin edir, işsizliyi və yoxsulluğu azaldır. Təbii ki, hökumətimizin
ən böyük nailiyyətlərindən
biri məhz
sürətli iqtisadi inkişafın güclü sosial siyasətlə
müşayiət olunmasıdır.
Bütün bunları, üstəgəl,
Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasına Azərbaycanın verdiyi
töhfələri xatırladan dövlət
başçımız qeyd etmişdir ki, enerji siyasəti, enerji təhlükəsizliyi
və enerji diplomatiyası sahəsində
uğur qazanmaq üçün maraqların
tarazlığının
təmin olunması mühüm şərtdir.
Ekspertlərin fikrincə , bu, rəsmi Bakının Avropa siyasətçilərinə və
parlamentarilərinə növbəti bir
çağırışı, xatırlatmasıdır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 3 iyul.- S.6.