Sosial problemlərin
həlli iqtisadi inkişafın rəhnidir
(əvvəli
qəzetin 1 iyul 2014-cü il tarixli sayında)
Ayrıca mühüm əhəmiyyətə malik olan
sosial nəticələr bəzən, eyni zamanda, iqtisadi səmərəliliyin
əhəmiyyətli dərəcədə yüksəlməsinə
yardım göstərir. Sosial nəticələr
qismən iqtisadi göstəricilər vasitəsilə
ölçülə bilər və beləliklə, iqtisadi nəticələrə
sırf əlavə kimi nəzərə alına bilər.
Şəxsiyyətin intellektual inkişafına, təhsilə,
səhiyyəyə, məşğulluğun təmin edilməsinə,
əmək şəraitinin yaxşılaşdırılmasına,
əməkhaqqının artırılmasına və ən
başlıcası, əhalinin aztəminatlı təbəqəsinin
sosial müdafiəsinə çəkilən xərclər
bir sıra vacib sosial nəticələrin əldə
olunmasına kömək edir ki, sosial iqtisadiyyatın
formalaşdırılması baxımından bunlar da birinci dərəcəli
əhəmiyyətə malikdir. Bu zaman sosial xidmətlərin
həmin növlərinə
çəkilən xərclərin, demək olar ki,
hamısı və ya ən azı, əsas hissəsi iqtisadi səmərəliliyin
artırılmasına kömək edir və iqtisadi cəhətdən
bu və ya digər dərəcədə dürüstlüklə
qiymətləndirilə bilər. Bununla əlaqədar olaraq,
istehsalın səmərəliliyini əldə edilən sosial
nəticələrin mümkün iqtisadi qiymətləndirmələri
nəzərə alınmaqla təyin etmək daha məntiqi
olar.
Tibbi xidmətin, təhsilin və insanların peşə
hazırlığının, yeni iş yerləri yaradılmasının
və əhalinin məşğulluğunun təmin edilməsinin,
əmək motivasiyasının gücləndirilməsinin, mənzil
və əmək fəaliyyəti şəraitinin
yaxşılaşdırılmasının və s. sosial nəticələrinin
iqtisadi səmərəliliyi adamların əmək qabiliyyətinin
və iş qüvvəsinin keyfiyyətinin yüksəldilməsi
nəticəsində əldə olunur. Sonuncu halda əmək
məhsuldarlığının artırılması,
qeyri-istehsal məsrəflərinin və itkilərin
azaldılması, keyfiyyətli, rəqabət qabiliyyətli məhsulun
(xidmətlərin) istehsalı, əsas fondlardan, maliyyə
resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi,
istehsal və tədavül xərclərinin azaldılması
və s. nəzərdə tutulur. Eyni zamanda, istehsalın sosial
və iqtiasadi səmərəliliyinin daha da yüksəldilməsinə,
sadəcə olaraq, sosial xərclərin artırılması
kömək etmir. Bazar təsərrüfatçılığının
dəyişməz qaydalarına görə, istənilən cəmiyyət,
hətta zəngin iqtisadi imkanlara malik olan cəmiyyətlər
üçün bu sosial nəticələrin hansı səylər
və məsrəflər hesabına əldə olunması əhəmiyyətsiz
deyildir. İnkişaf etməkdə olan digər ölkələr
kimi, Azərbaycan üçün bu da çox vacibdir ki, məhdud
iqtisadi imkanlarla və bazar münasibətlərinə
keçidin asan olmadığı bir şəraitdə
maksimum sosial nəticələri necə əldə etmək
olar.
Buradan belə bir nəticəyə gəlmək olar ki,
istehsalın sosial və iqtisadi səmərəliliyinin
artırılması perspektivlərinə və sosial sahənin
inkişafına onun təsirinin gücləndirilməsinə
məhz bu nöqteyi-nəzərdən yanaşmaq
lazımdır. Bazar iqtisadiyyatı şəraitində əhalinin
bazar hərc-mərcliyinin mənfi təsirlərindən sosial
müdafiəsinin gücləndirilməsinə yönəlmiş
müxtəlif yeni tədbirlər arasında iqtisadi məqsədyönlülük
və onların vəziyyətinin və inkişafının
qiymətləndirilməsinin iqtisadi metodları getdikcə daha
böyük əhəmiyyət kəsb edir.
İnkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, əlverişli sosial şəraitdə və
əmək gəlirlərinin səviyyəsinin yüksək
olduğu təqdirdə əmək motivasiyasının
yüksək olması, işçi heyətin iş qabiliyyətinin
yüksəldilməsi, iş qüvvəsinin keyfiyyətinin
yaxşılaşdırılması və bunun əsasında
əmək məhsuldarlığının artımı,
qeyri-istehsal xərclərinin və kadr
axıcılığının azaldılması, həyati
qüvvələrin və enerjinin daha tez və səmərəli
bərpası, əsas istehsal əməliyyatlarının
yerinə yetirilməsi, keyfiyyətli məhsul
buraxılışı və s. üçün vaxtın
artırılması üzündən resurslardan istifadənin
səmərəliliyi yüksək olur. Məsələn, səs-küyün
azaldılması, havanın temperaturunun, rütubətliliyinin
daha rahat şərtlərədək
dəyişdirilməsi, iş yerlərinin
işıqlandırılmasının normativ səviyyəyədək
artırılması əmək məhsuldarlığını
əhəmiyyətli dərəcədə yüksəltməyə
imkan yaradır. Deməli, əmək şəraitinin
yaxşılaşdırılmasına və sosial səmərənin
əldə olunmasına yönəldilmiş maliyyə məsrəfləri
bütünlüklə öz xərcini çıxarır və
iqtisadi səmərəliliyin artırılmasına kömək
edir.
Yeni iş yerlərinin yaradılmasına və əhalinin
məşğulluq səviyyəsinin yüksəldilməsinə,
işsizliyə qarşı digər tədbirlərin həyata
keçirilməsinə çəkilən xərclər də
təkcə sosial nəticələr deyil, həm də hiss
ediləcək iqtisadi səmərə verir. Bəzən əmək
bazarında həyata keçirilən sosial siyasətdən
alınan iqtisadi səmərənin kəmiyyəti çəkilən
xərclərlə müqayisədə xeyli çox ola bilər.
Lakin praktikada çox vaxt elə olur ki, kadrların işə
düzəldilməsi məqsədilə təhsilə və
ixtisasartırmaya, müavinətlərin ödənilməsinə
və s. çəkilən xərclər
özünü ödəmir, yaxud da ən yaxşı halda
qismən ödəyir.
Almaniyada əmək bazarının və peşələrin
öyrənilməsi məsələləri ilə məşğul
olan institutun alimləri (H.Şmidt, H.Mosli və
başqaları) fəal əmək bazarı siyasətinin səmərəliliyinin
artırılmasına dair tədbirlərin
işlənib hazırlanması və həyata keçirilməsi
ilə bağlı araşdırmaların nəticələrini
dərc etdirmişlər. Onların hesablamalarına görə,
ölkədə fəal əmək bazarı siyasətinin həyata
keçirilməsinə hər il 50 milyard marka vəsait xərclənir.
Araşdırmanın nəticələrinə əsasən,
alman alimlər belə bir qənaətə gəlmişlər
ki, sosial xidmətlərin iqtisadi səmərəliliyinin səviyyəsi
ölkədə ümumi iqtisadi vəziyyətdən bilavasitə
asılıdır. Əməyin məhsuldarlığına və
bütün resurslardan istifadənin səmərəliliyinə
elmi-texniki tərəqqinin inkişafı əsasında əmək
şəraitinin yaxşılaşdırılması, əməyin
mühafizəsi və onun təhlükəsizliyinin
yüksəldilməsi, əməkhaqqının artımı
və digər sosial amillər müsbət təsir göstərir.
Təbii ki, məhsuldarlığın artımı istehsal
olunan məhsulun (xidmətlərin) əmək tutumluluğunun
və maya dəyərinin aşağı salınmasına gətirib
çıxarır.
İctimai əmək bölgüsündə sosial
sferanın fərqləndirilməsi və sivil bazar münasibətləri
şəraitində onun keyfiyyətcə təkmilləşdirilməsinin
yüksək templəri gərgin səylərin nəticəsidir
və insan fəaliyyətinin bütün sahələrində
tərəqqi üçün vacib şərtdir. Dünya
miqyasında elmi-texniki inqilabın nəticələrindən
səmərəli istifadə eləmiş ölkələr
ağıllı tərpənərək insana sərmayə qoyuluşlarını
artırmağı lazım bilmişlər. Qərb ölkələrində
bunu sosial sfera sahələrinə büdcə maliyyələşdirməsini
artırmaqdan daha çox bütün əhalinin gəlirlərinin
(ilk növbədə də əməkhaqqının)
artırılması yolu ilə həyata keçirmişlər.
Faktlar göstərir ki, bu ölkələrdə “insana sərmayə
qoyuluşları”nın artırılması müsbət səmərə
vermiş və elmi-texniki tərəqqinin bəhrəsi olan
yüksək məhsuldar və resursqoruyucu texnologiyalardan
istifadə edilməsi hesabına
yüksək iqtisadi artım tempi və iqtisadi
inkişafın səmərəliliyi ilə özünü
doğrultmuşdur. Çünki sosial sfera və onun keyfiyyət xarakteristikaları
(təhsil, səhiyyə, intellektual və fiziki inkişaf)
insan vasitəsilə iqtisadi inkişafın sürətinə
və səmərəliliyinə fəal təsir göstərir.
Maddi istehsal isə iş qüvvəsinin keyfiyyət
xarakteristikalarının yüksəldilməsi əsasında
özünün məhsuldarlığını artıraraq,
öz növbəsində, əhali gəlirlərinin və sosial sferanın maliyyələşdirilməsinin
əsas mənbəyi olan dövlət büdcəsinin
artımına yardım edir.
Bütövlükdə dövlətin sosial siyasəti
dövlət hakimiyyəti orqanlarının sosial inkişaf
sahəsində aşağıdakı məqsədlərə
nail olmağa yönəlmiş tədbirlərinin sistemidir: – Əhali gəlirlərinin
və istehlakının artımı; – həyat fəaliyyətinin
keyfiyyətinin yüksəldilməsi; – vətəndaşların
sosial müdafiəsi.
Ölkənin yeni siyasi quruluşunun təşəkkül
tapdığı bazar münasibətlərinə keçid
şəraitində dövlətin sosial siyasəti bir
neçə səviyyədə işlənib
hazırlanır və həyata keçirilir:
1) Dövlətlərarası səviyyə–tərəflərin
bağladıqları müqavilə və sazişlərdə
nəzərdə tutulmuş miqrasiya, pensiya və sosial təminat
məsələlərinin həlli, idman və mədəni əlaqələrin
inkişaf etdirilməsi üçün sosial-iqtisadi, siyasi və
digər xidmət bölmələrinin qarşılıqlı fəaliyyət
səviyyəsi;
2) ümumdövlət səviyyəsi;
3) regional və regiondaxili səviyyə;
4) mövcud sahələr və qüvvədə olan
mülki qanunvericiliklə nəzərdə tutulmuş təşkilati-hüquqi
təsərrüfatçılıq formaları (səhmdar cəmiyyətləri,
assosiasiyalar, birliklər, fondlar və s.) səviyyəsi;
5) ictimai təşkilatlar və vətəndaş
birlikləri (veteranlar cəmiyyətinin, istehlakçılar cəmiyyətinin
həmkarlar ittifaqları) səviyyəsi;
6) şəxsiyyətlər və ailələr səviyyəsi.
Regionlarda isə sosial siyasət
aşağıdakıları nəzərdə tutur:
– təhsil, peşə hazırlığı, mədəni
artım, tibbi yardım almaq üçün bərabər
imkanların yaradılması;
– əmək fəaliyyəti seçimi
azadlığı, işsizliklə mübarizə, istismara yol
verilməməsi, sinfi antoqonizmlərin aradan
qaldırılması;
– əhali gəlirlərinin indeksləşdirilməsi və
tənzimlənməsi;
– əhalinin aztəminatlı təbəqəsinin
ünvanlı yardımla təmin edilməsi;
– mənzil islahatının aparılması;
– qeyri-bazar sosial sferasının (səhiyyə, bədən
tərbiyəsi və idman, təhsil, elm, mədəniyyət
və incəsənət) dəstəklənməsi;
– fəlakət halları üçün fondların
yaradılması.
Sosial siyasətin birinci dərəcəli vəzifəsi
əməyin ödənilməsi və əmək münasibətləri
sahəsində vəziyyəti əsaslı şəkildə
yaxşılaşdırmaqdır. Məhz bu baxımdan, birinci
Dövlət Proqramının uğurlu icrasını və
beş ildə bütün sahələrdə əldə
olunmuş nailiyyətləri real qiymətləndirən
Prezident İlham Əliyev 2009-cu il 14 aprel tarixli fərmanı
ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nı təsdiq etmişdir. Qlobal iqtisadi böhran vəziyyətinə
baxmayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi,
bölgələrin infrastruktur və kommunal xidmətlərlə
təminat səviyyəsinin və xalqın rifahının daha
da yüksəldilməsi yeni proqramın əsas hədəfləri
kimi müəyyən edilmişdi.
Bu hədəflərə
çatmaq üçün makroiqtisadi sabitliyin qorunması,
dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin
daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsi,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi,
ixracyönümlü məhsul istehsalının
artırılması başlıca vəzifə kimi irəli
sürülmüşdü.
Dövlət proqramlarının icrası nəticəsində
ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi,
iqtisadiyyatın şaxələndirilməsi, tarazlı regional
və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi,
əhalinin həyat səviyyəsinin daha da
yaxşılaşdırılması istiqamətində
mühüm uğurlar əldə edilmişdir.
İki proqramın icrası nəticəsində
ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə,
kənd təsərrüfatı istehsalı 3,3 dəfə
artmışdır. İnvestisiyalar 6,5 dəfə, əhalinin
gəlirləri 6,5 dəfə çoxalmış, ölkədə
1 milyon 240 min yeni iş yeri yaradılmışdır ki, bunun
da 71 faizi, yəni 882 mini regionların payına
düşür.
Bütövlükdə, 2004-2013-cü illərdə
ölkənin bütün regionları üzrə 55,615 yeni müəssisə
açılmışdır. Yeni iş yerlərinin və
yeni müəssisələrin yaradılması hesabına
yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən
2008-ci ildə 13,2 faizə, 2013-cü ildə isə 5,3 faizə
endirilmişdir. Yeri gəlmişkən, yoxsulluğun aradan qaldırılması dedikdə,
insan amilinin geniş spektrdə nəzərə
alınması, onun təkcə
ərzaqla deyil, istehsal
imkanlarına yiyələnməsi,
işlə təmin olunması, təhsil alması,
sağlamlığına
şərait yaradılması, kommunal
xidmətlərdən istifadə etməsi və digər bu
kimi əhəmiyyətli məsələlərin
həyata keçirilməsindən söhbət gedir.
Bununla əlaqədar
Dövlət Proqramına uyğun olaraq iqtisadi artımın imkanlarından əhalinin yoxsul
təbəqələrinin güzəranının yaxşılaşdırılması
üçün istifadə edilməsi dövlət büdcəsinin
layihələri tərtib edilərkən nəzərə alınmışdır.
Ötən on ildə Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox
sahibkarın fərdi layihələrinin maliyyələşməsinə
1,2 milyard manat güzəştli kredit verilmiş və bu layihələr
hesabına 110 minədək yeni iş yeri
yaradılmışdır. Kreditlərin 78 faizi,
açılan iş yerlərinin isə 81 faizi regionların
payına düşür.
Böyük potensiala malik olan və regionların
iqtisadiyyatının əsasını təşkil edən
aqrar sektorun inkişafının dəstəklənməsi
siyasəti, o cümlədən bu sahənin vergilərdən
azad olunması, fermerlərə subsidiyaların verilməsi,
“Aqrolizinq” xətti ilə onların güzəştli şərtlərlə
kənd təsərrüfatı texnikası, avadanlıq,
toxum, gübrə və cins mal-qara ilə təmin edilməsi,
dövlətin dəstəyi ilə regionlarda aqroservislərin
və logistik mərkəzlərin yaradılması ölkə
iqtisadiyyatının inkişafının mühüm istiqamətlərindəndir.
Həyata keçirilən aqrar siyasəti və ərzaq
təhlükəsizliyi proqramı nəticəsində bu
gün regionlarda iri quşçuluq, heyvandarlıq,
taxılçılıq, üzümçülük təsərrüfatları,
kənd təsərrüfatı məhsullarının
istehsalı, tədarükü, saxlanması, emalı və
satışı üzrə komplekslər
yaradılmış, bir sıra ərzaq məhsulları
üzrə daxili istehsal artmışdır.
Son 10 ildə inşa edilmiş və ya əsaslı təmir
olunmuş yüzlərlə su anbarı, hidroqovşaqlar,
kanallar, drenaj şəbəkələri, subartezian quyuları
aqrar sektorda sahibkarlığın inkişafını sürətləndirmiş,
yeni torpaqların dövriyyəyə cəlb edilməsinə,
içməli su və enerji təchizatının daha da
yaxşılaşdırılmasına imkan
yaratmışdır.
Qeyri-neft sektorunun davamlı inkişafını təmin
etmək, ölkədə innovativ və yüksək
texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye
istehsalının inkişafı üçün münbit
şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye
müəssisələrini təşkil etmək, bu sahədə
sahibkarlığı dəstəkləmək və əhalinin
istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə
dövlət başçısının müvafiq sərəncamları
ilə Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye
Parkı yaradılmışdır və hazırda digər
iri sənaye mərkəzlərinin təşkili işi həyata
keçirilir.
Son 10 il ərzində regionlarda 500-dən çox iri sənaye
müəssisəsi, o cümlədən Naxçıvanda
sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə
alüminium, Goranboyda gips məhsulları, Mingəçevirdə
polietilen borular, elektron avadanlığı, Sumqayıtda
kağız emalı, bitki yağları, günəş
panelləri, Masallıda və Abşeronda kərpic,
Hacıqabulda seramik plitələr, Gədəbəy və
Daşkəsəndə qızıl emalı, Oğuzda
qarğıdalı emalı və qlükoza, İmişlidə
şəkər, bitki yağları və qarışıq
yem zavodları, Masallıda mebel fabriki, habelə yüzlərlə
digər istehsal və emal müəssisələri fəaliyyətə
başlamışdır.
Birinci və ikinci dövlət proqramlarında
infrastruktur layihələrinin icrası prioritet məsələ
olmuşdur. On il ərzində
Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik
stansiyası, o cümlədən regionlarda 10 elektrik
stansiyası - “Şahdağ” , “Sumqayıt”, “Cənub”,
“Füzuli” , “Qusar-1”, “İsmayıllı-1”, “Göyçay-1”, “Biləv”,
Arpaçay və Taxtakörpü su elektrik stansiyaları
tikilib istifadəyə verilmiş, 10 min kilometrdən çox
elektrik xətti və 1500-dən çox yarımstansiya
inşa edilmiş və yenidən qurulmuşdur. İndi
ölkənin ümumi generasiya gücü artıq 6300 meqavata
çatdırılmışdır ki, bunun da 2300 meqavatı
son on il ərzində yaradılmışdır. Bu gün
ölkənin enerji təhlükəsizliyi artıqlaması ilə
təmin edilmiş, təxminən 600-700 meqavat həcmində
ixrac potensialı yaradılmışdır. Ölkədə
alternativ enerjinin əldə edilməsi istiqamətində
görülən işlər çərçivəsində
Qobustan rayonunun ərazisində 5 meqavat gücündə hibrid
tipli eksperimental poliqon və tədris mərkəzi istifadəyə
verilmişdir.
2004-cü ildə ölkə üzrə
qazlaşdırma səviyyəsi cəmi 39,8 faiz təşkil
edirdisə, 2013-cü ildə bu rəqəm 89,8 faizə, o
cümlədən Bakı şəhəri üzrə 99 faizə,
regionlar üzrə 83,4 faizə
çatdırılmışdır. Ölkə əhalisi
üzrə qaz abunəçilərinin sayı 2004-cü ildə
700 mindən aşağı olduğu halda, bu gün 1 milyon
600 mindən artıqdır. Bunun üçün ümumi
uzunluğu 4800 kilometrdən artıq magistral qaz kəmərləri,
25 min kilometrdən çox müxtəlif diametrli
daşıyıcı xətt çəkilmiş, 8 min
kilometrə yaxın boru xətti əsaslı təmir
olunmuşdur. Qazlaşdırma layihələri çərçivəsində
18 yeni qazpaylayıcı stansiya inşa olunmuş, 41
qazpaylayıcı stansiya yenidən qurulmuş və ən
müasir qurğularla təchiz olunmuşdur. Uzun – 13 illik fasilədən
sonra Naxçıvan Muxtar Respublikasına təbii qaz verilməsi
bərpa edilmiş, Lerik, Yardımlı rayonları və
Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə olaraq təbii
qazla təmin edilmişdir.
Sosial infrastrukturun yaradılması ilə bağlı
işlər də diqqət mərkəzində olmuşdur.
Son on il ərzində dövlət proqramlarına uyğun
olaraq 22 şəhərdə su təchizatı və
kanalizasiya sistemlərinin yaradılması
yekunlaşmış, 12 şəhərə yeni mənbələrdən
suyun verilməsi təmin edilmişdir. Əhalinin ekoloji cəhətdən
təmiz su ilə təminatının
yaxşılaşdırılması üçün 400 mindən
çox əhalisi olan 222 yaşayış məntəqəsində
modul tipli sutəmizləyici qurğular
quraşdırılmışdır.
Birinci və ikinci dövlət proqramları çərçivəsində
regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya
xətti, 96 su anbarı, 39 su və kanalizasiya nasos stansiyası
tikilmişdir. Dövlət proqramlarının icrasından əvvəl
ölkə üzrə xidmət göstərilən əhalinin
cəmi 26 faizi fasiləsiz içməli su alırdısa,
hazırda bu rəqəm 55 faizə
çatdırılmışdır. Bakıda 10 il bundan əvvəl
əhalinin cəmi 29 faizi 24 saat ərzində su ilə təmin
edilirdisə, indi bütün gün ərzində tam su təminatı
əhalinin 78 faizini əhatə edir.
Ölkənin hərtərəfli
inkişafı üçün böyük əhəmiyyət
daşıyan yol infrastrukturunun inkişaf etdirilməsi məsələləri
daim diqqət mərkəzində olmuş, magistral yolların,
şəhərlərarası və kəndlərarası
yolların, şəhərdaxili və kənddaxili yolların
tikintisi, təmiri və yenidən qurulması işləri
geniş vüsət almışdır.
Ümumilikdə, 2004-2013-cü illəri əhatə edən
iki Dövlət Proqramı və əlavə tədbirlər
daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr
respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli
avtomobil yolları çəkilmiş və təmir
edilmişdir. Bundan əlavə, ümumi uzunluğu 10087 metr təşkil
edən 222 körpü və yol ötürücüsü tikilmiş,
85 körpü əsaslı təmir olunmuşdur. Bu dövr ərzində
16 avtovağzal tikilmiş, 9 avtovağzal yenidən qurulmuş,
iri və orta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşların
istifadəsinə verilmişdir. Bu müddət 400 kilometrdən
çox dəmir yolu əsaslı təmir olunmuş,
regionlarda yeni 4 hava limanı tikilmiş, 2 liman tam yenidən
qurularaq istismara verilmiş, yeni hava gəmiləri
alınmışdır. Yol-nəqliyyat kompleksi üzrə bu
tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən
8,2 milyard manat vəsait sərf olunmuşdur.
Bu dövrdə əhəmiyyətli ekoloji tədbirlər
həyata keçirilmiş, mühafizə olunan təbiət ərazilərinin
sahəsi iki dəfə artırılaraq 900 min hektara
çatdırılmış, 9 milli park yaradılmış,
20 milyon ağac və bəzək kolu əkilmişdir.
Rabitə xidmətlərinin keyfiyyətinin daha da
yüksəldilməsi məqsədilə regionlarda telefon
stansiyaları və poçt binaları istifadəyə
verilmiş, bütün rayon mərkəzlərinə
fiber-optik kabel çəkilmişdir. Bu gün regionlarda hər
100 nəfərdən 60-ı internet istifadəçisidir.
Proqramlar çərçivəsində regionlarda 2708 məktəb,
38-i mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə,
700-ə yaxın mədəniyyət, 250-dən çox idman
və gənclər obyekti tikilmiş və ya əsaslı təmir
olunmuş, 41 Olimpiya İdman Kompleksi
yaradılmışdır.
Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
bilavasitə təşəbbüsü və dəstəyi ilə
regionlarda uşaq bağçası-körpələr evlərinin,
məktəblərin, səhiyyə müəssisələrinin,
mədəniyyət obyektlərinin tikintisi, yenidən qurulması,
təmiri, eləcə də tarixi-mədəni abidələrin
bərpası və qorunub saxlanması sahəsində
irimiqyaslı layihələr həyata keçirilmişdir.
Ümumilikdə,
2001-2013-cü illərdə qaçqın və məcburi
köçkünlər üçün yeni salınan 82 qəsəbədə
və ya məhəllədə 40 min mənzil istifadəyə
verilmişdir. Son 10 ildə məcburi köçkünlərin
mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə 12
çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə
və məhəllə salınmış, burada 37 min ailə
yerləşdirilmiş, 170 minə yaxın köçkün
yeni evlərə köçürülmüşdür.
Qaçqın və məcburi köçkünlər
üçün salınmış qəsəbə və məhəllələrdə
120 orta məktəb, 6 musiqi məktəbi, 33 uşaq
bağçası, 37 tibb müəssisəsi tikilmişdir.
Bu təbəqədən olan insanların sosial müdafiəsi
üçün ümumilikdə indiyədək 4,4 milyard
manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 84 faizi son 10
ildə ayrılmışdır. Eyni zamanda, əlil və
şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi
işləri davam etdirilmiş, 2788 mənzilli, o cümlədən
regionlarda 2041 mənzilli yaşayış binaları və
450-dən çox fərdi ev tikilmişdir.
Turizmin inkişafı ilə bağlı atılan
böyük addımlar, xüsusilə bölgələrdə
hər cür şəraiti olan otellərin istifadəyə
verilməsi, yeni turizm mərkəzlərinin
açılması Azərbaycanın zəngin turizm
potensialını ölkənin inkişafına, xalqın
rifahının yaxşılaşmasına yönəltmək
məqsədlərinə xidmət edir. Son beş ildə
Qusarda “Şahdağ” Qış-Yay Turizm Kompleksinin, Qəbələdə
“Tufan” Dağ-Xizək Mərkəzinin yaradılması Azərbaycanda
turizmin inkişafı üçün mövcud imkanlardan səmərəli
və yaradıcı istifadənin bariz ifadəsidir. Bu gün
artıq keçmiş şöhrətini bərpa etməkdə
olan Naftalanda inşa edilmiş möhtəşəm
“Çinar” və “Qaşaltı” otel kompleksləri buranı
turizm və sağlamlıq mərkəzi kimi daha cazibədar
etmişdir. Bütövlükdə, ötən müddətdə
14-ü beşulduzlu otel olmaqla, regionlarda turizm komplekslərinin,
istirahət mərkəzlərinin istifadəyə verilməsi
turizmin inkişafında yeni mərhələ
açmışdır.
İstehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət,
idman, turizm və digər sahələri əhatə edən
müəssisələrin, komplekslərin yaradılması sahəsində
Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən hərtərəfli, çoxşaxəli və
sistemli sosial-iqtisadi siyasət, genişmiqyaslı quruculuq
işləri bu gün Azərbaycanı müasir, dinamik
inkişaf edən, iqtisadi cəhətdən qüdrətli
ölkəyə, çiçəklənən bir diyara
çevirməklə, xalqımızın rifahını
gündən-günə yaxşılaşdırmaqla
yanaşı, müstəqilliyimizin möhkəmlənməsinə,
əbədiliyinə və dönməzliyinə birbaşa
xidmət edir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Biz
regionların sosial-iqtisadi inkişafının bütün
istiqamətlərində istədiyimizə nail ola bilmişik. Bu gün regionların siması dəyişir,
şəhərlərimiz öz qədim simasını
saxlamaqla müasirləşir, gözəlləşir,
abadlaşır. Bölgələrdə iri infrastruktur layihələri
icra edilir, sosial obyektlərin tikintisi həyata keçirilir.
Bizim ildən-ilə artan iqtisadi
imkanlarımız bizə şərait yaradır ki, quraq,
yaradaq, tikək, ölkəmizi abadlaşdıraq, güclü
infrastruktur yaradaq. Bununla da Azərbaycanın gücü
artır.
Azərbaycan yüksək sürətlə
inkişaf edir. Biz bunu həyatda görürük, bölgələrin
inkişafında, bölgələrdə yaradılan
müasir iqtisadi, sənaye, nəqliyyat, səhiyyə, təhsil
infrastrukturunda görürük. Biz bütün bu işlərlə
Azərbaycanın hərtərəfli inkişafına nail ola
bilmişik”.
Ayaz
ORUCOV,
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı,
iqtisad
elmləri doktoru
Xalq qəzeti.- 2014.- 3 iyul.- S.5.