Prezident İlham
ƏLİYEV:
İqtisadi inkişaf templəri baxımından
Azərbaycan dünya liderinə çevrilmişdir
Bu
fikir dövlət başçımızın Avropanın
“Neurope.eu” informasiya
portalında
dərc olunmuş müsahibəsində səslənmişdir
Azərbaycan hazırda dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Son on ildə xarici siyasətdə, iqtisadi və mədəni sahələrdə əldə edilən uğurlar ölkəmizin sürətli inkişaf yolunda olmasından xəbər verir. Artıq dünyanın nüfuzlu qurumları da öz tədbirlərini Azərbaycanda keçirməyə üstünlük verirlər. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir. Bu, ölkəmizə olan inam və etimadın göstəricisidir.
Bu günlərdə
Azərbaycan Prezidenti İlham Əliyevin Avropanın “Neurope.eu”
informasiya portalında dərc olunmuş müsahibəsində
bu barədə daha ətraflı məlumat verilmiş, ölkəmizin
dünyanın inkişaf etmiş dövlətləri
sırasına qoşulması faktı öz əksini
tapmışdır. Son 10 ildə əldə olunan uğurlar,
iqtisadi, siyasi və mədəni sahələrdə
qazanılan nəticələr 23 illik müstəqillik tarixi
olan bir ölkə üçün,
təbii ki, böyük nailiyyyətdir. Keçmiş
SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış
MDB dövlətləri arasında məhz Azərbaycanın beynəlxalq aləmə sürətli
inteqrasiyası, reytinqinin getdikcə artması siyasi uzaqgörənliyin,
davamlı və məntiqli strategiyanın nəticəsidir.
Ölkəmizin sürətli inkişafı, xalqın ulu öndər Heydər
Əliyev siyasi xəttinə inamını daha da
artırmış və bu siyasi kursun alternativi
olmadığı barədə inam yaratmışdır.
Ümummilli lider Heydər Əliyevin
möhkəm özüllər üzərində
qurduğu daxili və xarici siyasəti Prezident İlham
Əliyev uğurla davam etdirir.
Artıq Azərbaycan
iqtisadi inkişaf templəri baxımından dünyada lider dövlətə çevrilmişdir. İqtisadi
qüdrətimizin getdikcə möhkəmlənməsi ölkəmizi
daha da gücləndirmişdir. Bəzi faktlara əsaslanaraq respublikamızın son 10 ildə
qazandığı nailiyyətləri diqqətə
çatdırmaq istərdik. Düşünülmüş
proqramlara əsaslanan məqsədyönlü fəaliyyət
nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə,
iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri
16 dəfə artmış, həmçinin strateji valyuta
ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını
keçmişdir. Milli iqtisadiyyata 170 milyard ABŞ
dollarından artıq sərmayə
yatırılmışdır. Təbii ki, bütün bunlar əhalinin
yaşayış tərzinin yaxşılaşmasına
böyük təsir göstərmişdir. Bunun nəticəsidir
ki, son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta
aylıq əməkhaqqı isə 5,5 dəfə
artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə, işsizlik
isə 5 faizə düşmüşdür.
Bir neçə il əvvəl
dünyanı iqtisadi və maliyyə böhranı
ağuşuna aldığı bir vaxtda Azərbaycanda həyat
öz axarınca davam etmiş, üstəlik əhalinin
pensiyaları, əmək haqları, sosial müavinətləri artırılmış, aztəminatlı
ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsi
istiqamətində əhəmiyyətli tədbirlər həyata
keçirilmişdir. Bu uğurlara siyasi və iqtisadi
strategiyanın düzgün müəyyənləşdirilməsi
nəticəsində nail olunmuşdur. Onu da qeyd edək ki,
ölkəmizin qazandığı nailiyyətlər
dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən
də yüksək dəyərləndirilir. Məsələn,
Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə Qlobal Rəqabətlilik
Hesabatına görə Azərbaycan dünya ölkələri
arasında 39-cu sıradadır.
Əhalini ən
çox narahat edən işsizlik probleminin aradan
qaldırılması Prezident İlham Əliyevin
qarşıya qoyduğu prioritet vəzifələrdən biri
olub. Bu barədə “Neurope.eu” informasiya portalının əməkdaşının
“Regionların sosial iqtisadi inkişafı ilə bağlı
üçüncü Dövlət Proqramı qəbul
edilmişdir. Bu proqram 2014-2018-ci illəri əhatə edir.
İlk iki proqramın həyata keçirilməsini necə
qiymətləndirirsiniz və üçüncü proqramdan nə
gözlənilir”– sualını cavablandıran dövlətimizin
başçısı demişdir: “2004-cü ildə ilk
regional inkişaf proqramını qəbul edərkən məqsədimiz
bölgələrin hərtərəfli inkişafını təmin
etmək və paytaxtla ölkənin qalan hissəsi
arasındakı uyğunsuzluğu aradan qaldırmaq
olmuşdur. Hətta 2003-cü ildə keçirilən
seçkilərdən öncə demişdim ki, əgər
xalq mənə etimad göstərsə, ilk növbədə,
regionların inkişafı məsələsi ilə məşğul
olacağıq və bu məqsədlə xüsusi dövlət
proqramı qəbul ediləcək. Bu, baş verdi. 2004-2008-ci və
2009-2013-cü illəri əhatə edən iki dövlət
proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin
imzalanması və həyata keçirilməsi regionların
inkişafında dönüş nöqtəsi olmuş və
bölgələrimizin sosial-iqtisadi mənzərəsini dəyişmişdir.
Nəticədə, regionlardakı ictimai xidmətlərin
keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə
təkmilləşmiş, biznes mühiti daha əlverişli
olmuş, sərmayələr artmış, minlərlə yeni
müəssisə istifadəyə verilmiş və 900 mini
daimi olmaqla, 1,2 milyondan artıq yeni iş yeri
yaradılmışdır. Son 10 ildə regionlarda məhsul
buraxılışı 3,2 dəfə, sənaye istehsalı
isə 3,1 dəfə artmışdır. Azərbaycanın
bütün regionları və qəsəbələri
abadlaşmış və müasirləşmişdir.
İnamla qeyd edə bilərəm ki, həyata
keçirilmiş proqramlar ölkəmizin regionlarının,
ümumilikdə Azərbaycanın iqtisadi potensialının
inkişafına böyük töhfə vermişdir”.
Respublikamızda
dünya standartlarına uyğun
istehsal və sənaye müəssisələrinin yaradılması
xarici ölkə vətəndaşlarının da diqqətindən
yayınmamışdır. Onlar işləmək
üçün ölkəmizə
üz tutmuş və hazırda da bəzi müəssisələrdə
çalışırlar. Halbuki, bir vaxtlar
soydaşlarımız iş axtarmaq üçün müxtəlif ölkələrə üz
tuturdular. Ölkəmizdə yaradılmış davamlı
ictimai-siyasi sabitlik çoxlu sayda iri investorun Azərbaycana sərmayə
qoymasına geniş imkanlar açmışdır.
Sahibkarlığın inkişafına yaradılmış əlverişli
şərait də buna təkan vermişdir. Məhz bunun nəticəsidir
ki, son illər Azərbaycanda işləmək istəyən
xarici şirkətlərin sayı getdikcə artmaqdadır.
Son on ildə xarici
siyasət sahəsində qazanılan uğurları müstəqillik
tariximizin zirvə nöqtəsi hesab etmək olar. Ancaq bu
uğurlar bizim üçün son hədd olmayacaq. Azərbaycan
Prezidenti “Ölkənin həm iqtisadi, həm də sosial
inkişafı, eyni zamanda, həm də güclü beynəlxalq
status deməkdir. Xarici siyasətinizin uğurları barədə
nə deyə bilərsiniz”— sualına cavab verərkən son 10 ildə bu sahədə əldə
olunan nailiyyətləri yüksək qiymətləndirərək
demişdir: “Azərbaycanın hərtərəfli
inkişafı, iqtisadi potensialının güclənməsi,
həyata keçirilən fəal xarici siyasət ölkəmizin
nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə
daha sıx inteqrasiyasını, ikitərəfli və
çoxtərəfli əlaqələrin möhkəmlənməsini
təmin etmişdir. Bu gün Azərbaycan müstəqil siyasət
yürüdən, qlobal siyasi proseslərlə və beynəlxalq
əlaqələr sistemi ilə bağlı öz mövqeyi
olan və böyük beynəlxalq nüfuza malik bir ölkə
hesab edilir. 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi tarixi nailiyyət
və xarici siyasətimizin böyük uğuru, həmçinin
dünyadakı nüfuzumuzun göstəricisi olmuşdur.
Aydın görünür ki, beynəlxalq aləm dövlətimizin
mövqeyini dəstəkləyir, addımlarımızı təqdir
edir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə
çıxış edir və öz maraqlarını hər
şeydən üstün tutur. BMT Təhlükəsizlik
Şurasına ikiillik üzvlüyümüz, həmçinin
təşkilata sədrlik dövründə Azərbaycan qlobal
təhlükəsizliyə, dünyada sülhün bərpasına,
ölkələr və sivilizasiyalararası dialoqun
inkişafına öz töhfəsini vermişdir”.
Bu gün hər bir
soydaşımızı narahat edən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin hələ də
öz həllini tapmamasıdır. Bunun əsas səbəblərindən
biri Ermənistanın bu gün də
işğalçılıq siyasətindən əl
çəkməməsi, qeyri-konstruktiv mövqe nümayiş
etdirməsi, digər səbəb isə özlərini insan
hüquq və azadlıqlarının müdafiəçisi
kimi tanıdan bəzi beynəlxalq təşkilatların ikili
standart nümayiş etdirməsidir. Ermənistan dövləti 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20
faizini işğal altında saxlayır. Bu işğal nəticəsində
bir milyondan artıq soydaşımız öz doğma
ocaqlarından didərgin salınaraq qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb. Ermənistan silahlı qüvvələrinin
işğal altında saxladığı Azərbaycan ərazilərindən
qeyd-şərtsiz çıxmaları barədə nüfuzlu
beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin
bu vaxta qədər icra olunmaması da ikili standartların nəticəsidir.
Dünya birliyinin bu ədalətsizliyə hələ də
göz yumması erməniləri daha da
azğınlaşdırır və onlar hər gün atəşkəs
rejimini pozurlar. Ermənistan dünya birliyində artıq
işğalçı və terrorçu dövlət kimi
tanınır. Onların qəddarlığı
artıq beynəlxalq aləmdə məlumdur. Dövlətimizin
başçısı müsahibədə bu məqamları
da vurğulayaraq demişdir ki, artıq bəzi Latın
Amerikası ölkələri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişlər.
Ümumilikdə, dünyanın 10 ölkəsi Ermənistan
silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycanın
Xocalı şəhərində törətdiyi
qırğını soyqırımı aktı kimi
tanımışdır. Bu ölkələrin parlamentləri
müvafiq qərarlar qəbul etmişlər.
Ermənistanın
işğalçılıq siyasətinin
qarşısının alınacağını qətiyyətlə
bildirən Azərbaycan Prezidenti qeyd etmişdir: “Ermənistan rəhbərliyi
başa düşməlidir ki, Azərbaycan öz
torpaqlarında ikinci erməni dövlətinin
yaradılmasına heç zaman imkan verməyəcəkdir.
Münaqişə Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməlidir və həll ediləcəkdir. Münaqişə
həll olunmadıqca, Ermənistan dövləti bütün
transmilli və regional layihələrdən kənarda qalacaq,
erməni xalqının acınacaqlı vəziyyəti daha da
pisləşəcək və ölkənin bütün
imkanları tamamilə tükənəcəkdir”.
“Qarşınıza
qoyduğunuz strateji məqsəd nədir”– sualına dövlətimizin
başçısının verdiyi cavab da çox tutarlı olmuşdur: “Gündəliyimizdəki
strateji məqsəd Azərbaycanın müstəqilliyini
bundan sonra da gücləndirmək və ölkəmizi
dünyanın ən inkişaf etmiş və rəqabətə
davamlı ölkələri səviyyəsinə yüksəltməkdir.
Buna görə də müasir dünyanın
çağırışları da nəzərə
alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir.
İnanıram ki, “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi
inkişafı Dövlət Proqramı”nın və digər
böyük layihələrin icrası qeyri-neft sektorunun
davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər
və sosial infrastruktur daha da təkmilləşəcək və
Azərbaycan dünyanın aparıcı ölkələri
sırasına çıxacaqdır.
Bütün bu
uğurlardan sonra ölkəmizdə keçirilən sonuncu
prezident seçkilərində
prezidentliyə namizədlər arasında xalqın
düzgün seçim etməsi labüd idi. Xalq Heydər
Əliyev siyasi xəttinə inanır və böyük
ümid bəsləyir. Uzun illərdir ki, bu inam və
etimadın şahidi olan xalq 2013-cü ildə keçirilən
prezident seçkilərində böyük səs
çoxluğu ilə yenidən cənab İlham Əliyevi dəstəklədi.
Sonuncu seçkilər ölkəmizin ictimai-siyasi həyatında
mühüm hadisə hesab olunur. Bu seçkinin nəticəsi
beynəlxalq birlik tərəfindən də yüksək qiymətləndirilib.
AŞPA, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq
Təşkilatı, MDB və digər nüfuzlu təşkilatlar,
həmçinin seçkilərin gedişini izləmiş
beynəlxalq müşahidəçilər və siyasi
ekspertlər seçkilərin azad, ədalətli, şəffaf
və demokratik şəraitdə keçirildiyini bildirmişlər.
Bütün bunlar
seçkilərlə bağlı xalqımızın və
beynəlxalq ictimaiyyətin fikirlərinin üst-üstə
düşdüyünü göstərir. Azərbaycan
xalqı əksəriyyətlə verdiyi səslə bu günədək
həyatda müşahidə etdiyi siyasətə öz dəstəyini
nümayiş etdirmiş və bu siyasətin davamlı
olması üçün bundan sonra da ölkə Prezidentinin ətrafında
sıx birləşəcəyini bildirmişdir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 3 iyul.- S.1.