İqtisadiyyatın
şaxələndirilməsi
prioritet vəzifələrdəndir
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi strategiyanı müasir dövrün reallıqlarına uyğun davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir sıra mühüm nailiyyətlərə imza atmış, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Dövlət başçısı İlham Əliyevin elmi əsaslara söykənən praqmatik siyasəti sayəsində Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı təmin olunmuş, son 10 ildə ölkəmizdə ümumi daxili məhsul üç dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə, sənaye məhsulları istehsalı 2,7 dəfə, strateji valyuta ehtiyatları 31 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 18,4 dəfə artmışdır.
Bu dövrdə Azərbaycanda orta illik iqtisadi
artım 12,9 faiz təşkil etmiş, ölkəmizin bu
uğuru dünyada ən
yaxşı nəticələrdən biri
kimi qeydə alınmışdır. Belə
ki, ÜDM-in həcminə
görə Azərbaycan dünya ölkələri
arasında 40 pillə irəliləmiş və 2003-cü ildəki
106-cı yerdən 66-cı yerə yüksəlmişdir. Yeri gəlmişkən, son
illər ərzində qazanılmış sosial-iqtisadi
nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini
tapmışdır. Belə ki, “Dünya rəqabətqabiliyyətliyi 2013-2014”
hesabatında Azərbaycan MDB ölkələri arasında ilk sırada qərarlaşmşdır.
Dünyanın nüfuzlu reytinq
agentlikləri “Fitch”, “Moodys”
və “Standard and Poors” Azərbaycanın investisiya
səviyyəli kredit reytinqini
bir daha təsdiqləmişlər.
Davos Ümumdünya İqtisadi Forumunun
hesablamalarına görə isə, Azərbaycan
iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə
görə 39-cu yerdədir. Yeri gəlmişkən,
ötən il Davos İqtisadi Forumunun
Bakıda keçirilməsi də məhz Azərbaycanın iqtisadi uğurlarına verilən yüksək
qiymətin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Bütün bu uğurların təməli
isə, heç şübhəsiz, ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə işlənib hazırlanmış neft
strategiyasının reallaşdırılması ilə qoyulmuşdur. Xatırladaq ki,
1994-cü il sentyabrın 20-də
Bakıda dünyanın transmilli neft şirkətləri ilə
imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoymuş, ölkəmizin sürətli sosial-iqtisadi inkişafının təminatçısına
çevrilmişdir. Bununla belə, həmin
dövrdə Azərbaycan Dövlət Neft
Şirkətinin birinci vitse-prezidenti
vəzifəsində çalışan İlham
Əliyev neftin bizim üçün məqsəd deyil,
qarşıya qoyulmuş vəzifələrə
çatmaq, müasir
dövlət qurmaq üçün
bir vasitə olduğunu
bildirmişdi. Zaman
Azərbaycanın indiki dövlət
başçısı İlham
Əliyevin böyük uzaqgörənliklə
söylədiyi bu fikrin
həqiqiliyini tam sübuta
yetirmişdir. Belə ki, ötən dövrdə neftdən əldə
olunan gəlirləri iqtisadiyyatın digər
sahələrinin inkişafına, eləcə də bir sıra uğurlu layihələrin
reallaşdırılmasına sərf edən Azərbaycan indi dünyanın sürətlə inkişaf edən dövlətləri ilə
bir sırada addımlayır.
Ölkəmizin son illərdə dinamik
inkişafını təmin edən başlıca amillərdən
biri iqtisadiyyatın şaxələndirilməsi
siyasətinin uğurla həyata
keçirilməsidir. Xatırladaq ki, bir sıra dövlətlərin
təcrübəsində uğurla
sınaqdan çıxmış bu iqtisadi strategiya neftdən əldə
olunan gəlirlərin qeyri-neft
sektoruna, istehsal
sahibkarlığının inkişafına yönəldilməsini,
özəl sektorun ümumi
daxili məhsulda xüsusi
çəkisinin artırılmasını nəzərdə tutur. Məhz buna
görədir ki, Azərbaycan
Respublikası iqtisadiyyatın şaxələndirilməsini iqtisadi siyasətin prioritet
istiqamətlərindən biri kimi müəyyən etmişdir.
Təsadüfi deyil ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafını iqtisadi
siyasətin əsas istiqaməti kimi müəyyənləşdirən
Prezident İlham
Əliyev demişdir: “İqtisadiyyat
inkişaf etdirilmək üçün
şaxələndirilməlidir. Çünki
əlbəttə, təbii sərvət hesab
edilən neft və qaz
uğurlarımızın aparıcı meyarı olub. Hazırda şaxələndirilmə bizim əsas prioritetimizdir.
Çünki neft və
qaz sektoru hesabına çox iş yerləri
açılmır. Buna görə,
iqtisadiyyatın şaxələndirilməsi, sosial
infrastruktura yatırımlar uzaq bölgələrdə belə lazımi həyat
tərzini təmin edir”.
Artıq dörd ilə yaxındır ki,
qeyri-neft sektorunun Azərbaycan
iqtisadiyyatında payı artır. Bu isə
o deməkdir ki,
ölkəmizdə iqtisadi inkişafın
enerji sektorundan
asılılığının azaldılması istiqamətində
görülən işlər, həyata keçirilən uğurlu siyasət öz
müsbət nəticələrini vermişdir.
Təkcə onu qeyd etmək kifayətdir ki,
keçid iqtisadiyyatı dövrünü
uğurla başa
çatdıran Azərbaycanda hazırda ümumi
daxili məhsulun artımı, əsasən,
qeyri-neft sektorunun hesabına
formalaşır. 2014-cü ilin yanvar-may aylarında qeyri-neft
sektorunda 8,3 faizlik
artıma nail olunması və onun ÜDM-də payının artaraq
55,4 faizə yüksəlməsi də bunu
təsdiq edir. Bundan əlavə,
sənayenin qeyri-neft sahələrində
istehsalın həcminin əvvəlki ilin eyni dövründəkindən 3,4 faiz artıq olması da
ölkə iqtisadiyyatının şaxələndirilməsi
ilə bağlı həyata keçirilmiş
tədbirlərin məntiqi nəticəsidir.
İqtisadiyyatın
şaxələndirilməsi siyasətinin mühüm
nəticələrindən biri ölkənin
sənaye potensialının son illərdə
əhəmiyyətli dərəcədə güclənməsidir.
Qeyri-neft
sektorunun davamlı inkişafına nail olmaq üçün
hazırda ölkədə sənayeləşmə siyasəti
çərçivəsində qeyri-neft
sənayesində məqsədyönlü tədbirlər həyata
keçirilir, rəqabət və ixracyönümlü məhsullar istehsal edən müasir sənaye
komplekslərinin yaradılması istiqamətində zəruri
işlər görülür.
Ötən il Azərbaycanda gəmiqayırma,
sement, alüminium,
qızıl zavodları, karton qablar, seramik plitələr
istehsal edən müəssisələr, Cənub
Elektrik Stansiyası da
daxil olmaqla 30-dan çox iri sənaye
müəssisəsi istifadəyə verilmişdir.
Hazırda isə ölkədə 90-dan çox
sənaye müəssisəsinin
tikintisi davam edir. Yeri gəlmişkən,
ölkə Prezidentinin sərəncamı
ilə 2014-cü ilin Azərbaycanda “Sənaye
ili” elan edilməsi də
məhz bu sahəyə göstərilən dövlət
qayğısının növbəti təzahürüdür.
Azərbaycanda
reallaşdırılan sənaye parkları layihəsi qeyri-neft sənayesinin inkişaf
etdirilməsi baxımından xüsusi əhəmiyyət
kəsb edir. Hər şeydən əvvəl,
bu layihə ölkədə güclü sənaye potensialının və
yeni iqtisadi artım
amillərinin formalaşdırılmasına imkan
yaradacaq. Digər
tərəfdən, sənaye parkları Azərbaycanda qeyri-neft sektorunun rəqabət
qabiliyyətinin artırılmasını və onun ixrac
potensialının gücləndirilməsini təmin edəcək.
Regionların ənənəvi istehsal
sahələrinin inkişafı perspektivlərini və xammal bazasının mövcudluğunu
nəzərə alaraq Gəncə və
Mingəçevir şəhərlərində, eləcə də
Bakının Qaradağ rayonunda
müasir sənaye şəhərciklərinin
yaradılması istiqamətində işlər görülür. Bu da gələcəkdə
həmin regionlarda innovativ
və yüksək texnologiyalar əsasında
müasir sənayenin inkişafına təkan
verəcək, qeyri-neft sektorunun
davamlı inkişafını təmin edəcək və əhalinin
istehsal sahəsində məşğulluğunun
artmasına imkan yaradacaq.
Bir
sözlə, Prezident İlham
Əliyevin “Gələcəkdə iqtisadiyyatın bütün sənaye kompleksinin
modernləşdirilməsi prosesi daha da sürətlə
getməlidir” tapşırığına uyğun
olaraq həyata
keçirilən uğurlu sənayeləşmə
siyasəti Azərbaycanın güclü sənaye mərkəzinə
çevrilməsini təmin edəcək.
Ölkə
iqtisadiyyatının ikinci böyük
sahəsi sayılan aqrar bölmənin inkişaf etdirilməsi də iqtisadi
şaxələndirmənin mühüm
istiqamətlərindəndir. Məhz buna görədir ki,
ölkəmizdə kənd təsərrüfatı dövlət
tərəfindən davamlı olaraq dəstəklənir,
fermerlərə subsidiyalar və güzəştli
kreditlər ayrılır, aqrar infrastrukturun yaradılmasına hər cür kömək göstərilir. Azərbaycanın
kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı sahəsində böyük
potensialı mövcuddur. Hazırda
həmin potensialın reallaşdırılması istiqamətində
tədbirlər görülür, daxili tələbatı ödəmək, ərzaq
təhlükəsizliyini təmin etmək, xarici
bazarlara çıxış
imkanlarını genişləndirmək istiqamətində müvafiq
işlər görülür.
Məlum olduğu kimi, XXI əsr informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye əsridir. Hazırda ölkəmizdə
bu istiqamətdə konkret
tədbirlər həyata keçirilir, kosmik sənayenin inkişafı ilə
bağlı mühüm işlər görülür. Dövlət
başçısının müvafiq sərəncamı
ilə “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan
edilmiş 2013-cü ildə Azərbaycanın
ilk telekommunikasiya peyki— “Azərspace-1"orbitə
çıxarılmış, bununla da ölkəmiz dünya kosmik klubunun üzvünə
çevrilmişdir. Növbəti illərdə
isə daha iki peykin orbitə buraxılması üçün hazırlıq görülür.
İqtisadi şaxələndirmənin digər vacib sahələrindən biri
də turizmdir. Azərbaycanın yerləşdiyi
əlverişli coğrafi məkan və iqlim şəraiti burada turizmin inkişaf etdirilməsi
üçün geniş
imkanlar yaradır. Hazırda
ölkənin coğrafi və əlverişli
iqlim şəraitindən yararlanaraq
turizm sənayesinin inkişaf
etdirilməsi istiqamətində zəruri işlər görülür. 2013-cü ildə Bakıda,
Qubada, Qusarda, Qəbələdə,
Şəmkirdə mehmanxana kompleksləri
istifadəyə verilmişdir. “Şahdağ” qış-yay turizm
kompleksində “Şahdağ” və “Pik Palas” hotellərinin
istifadəyə verilməsi Azərbaycanda dağ-xizək və
digər qış idman növlərinin
inkişafı üçün hərtərəfli
imkanlar yaratmaqla,
sürətlə inkişaf edən turizm sektoruna böyük töhfədir. Bundan
əlavə, son illər paytaxtda
6 beşulduzlu otel
istifadəyə verilmişdir. Dövlət
başçısının Bakının elitar
şəhərə çevrilməsi ilə bağlı
tövsiyəsi nəzərə alınaraq bu
istiqamətdə də işlər sürətlə davam etdirilir. Bütün bunlar onu deməyə əsas verir
ki, yaxın illərdə Azərbaycan regionun turizm mərkəzinə
çevriləcək.
Qarşıdakı
illərdə isə ölkəmizdə qeyri-neft
sektorunun sürətli
inkişafını təmin etmək, iqtisadi
şaxələndirməyə nail olmaq məqsədilə genişmiqyaslı tədbirlər
nəzərdə tutulur. Bu
baxımdan “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası
diqqəti xüsusilə cəlb edir. Təsadüfi
deyil ki, Azərbaycanın
növbəti illər üçün əsl
fəaliyyət proqramı kimi qəbul olunmuş bu mühüm dövlət sənədinin əhəmiyyətinə
toxunan Prezident İlham Əliyev demişdir:
“Bizim üçün
davamlı inkişaf gələcək üçün planlaşdırma deməkdir.
Bizim “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyamız
vardır. Bu sənəd gələcəyimizin
əsas bələdçi sənədi kimi
qəbul edilib”. Xatırladaq ki, “Azərbaycan 2020: gələcəyə
baxış İnkişaf Konsepsiyası”nda məhz ölkəmizdə
iqtisadi şaxələndirmə əsas məqsəd,
hədəf kimi qoyulub.
Belə ki, 2020-ci ilə qədər Azərbaycanda
qeyri-neft sektorunun orta illik artım tempinin 7 faizdən az olmamaqla təmin edilməsi mühüm
bir vəzifə kimi
müəyyənləşdirilmişdir. Qeyri-neft
ixracının adambaşına düşən həcminin min dollara
çatdırılması da əsas hədəflərdəndir.
“Azərbaycan 2020: gələcəyə
baxış İnkişaf
Konsepsiyasının reallaşdırılması nəticəsində
ölkəmizdə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında xüsusu çəkisi ildən-ilə artaraq 2017-ci ildə
71 faizə, 2020-ci ildə isə 80 faizə
çatdırılacaq. Eyni zamanda, qeyri-neft sektorunun ÜDM ilə yanaşı, ixracatda və dövlət büdcəsinin gəlirlərində
payı da xeyli artacaq. Göründüyü
kimi, Azərbaycan yeni bir yolun
başlanğıcındadır. Bu yol Azərbaycan iqtisadiyyatının köklü surətdə dəyişdirilməsinə,
ölkəmizdə rifahlı cəmiyyətin
yaradılmasına yönəlik bir yoldur.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli – Mətbuat Günü ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçündür.
Xalq qəzeti.- 2014.- 4 iyul.- S.6.