Media azadlığı media
məsuliyyəti fonunda
Demokratiyanın əsas atributlarından biri olan azad medianın meydana gəlməsi dünyada sivil, demokratik dəyərlərin inkişafı tarixində böyük uğurlardan biri sayılır. Lakin jurnalistika özünü cəmiyyətdə müstəqil sosial institut kimi təsdiq edənə kimi kəskin ideya-siyasi mübarizələrdən keçməli olmuşdur. Müasir dövrdə dünya jurnalistikası qarşısında duran əsas problemlərdən biri də azad medianın inkişafının media məsuliyyəti fonunda təmin edilməsidir.
Məlum
olduğu kimi, mətbuat
azadlığı ideyasını Avropanın maarifçi
filosofları irəli sürüblər. İngilis
mütəffəkkiri Con Milton
“söz və düşüncə
asadlığını”, onun həmyerlisi
Con Lokk “idarə edilənlərin
razılığı ilə əla hökumət”,
fransalı filosof Şarl
Monteskye “hökumətdə hakimiyyətin bölüşdürülməsi”
ideyalarını təbliğ edirdilər. Bu mütərəqqi ideyalar azad mətbuatın
yaranması üçün etibarlı
bünövrə rolunu oynadı. Amma o dövrün
kral sülalələrinin hökmranlıq etdiyi
Avropa heç bir vəchlə mətbuatın azad fəaliyyət göstərməsi ilə
barışmaq istəmirdi.
“Köhnə qitə”dən
fərqli olaraq, Amerikada
XVIII əsrin ortalarından başlayaraq mətbuat
bu ölkənin istiqlal
mücadiləsinin aparıcı siyasi
qüvvəsinə çevrildi. Mətbuat azadlığı ideyası dünyada ilk dəfə
yazılı şəkildə məhz Amerika
Birləşmiş Ştatlarının Konstitusiyasında əks
olundu. 1791-ci ildə ABŞ
Konstitusiyasına “Birinci düzəliş”
qəbul edildi və orada
“bani atalar”ın demokratik
cəmiyyət üçün vacib hesab etdikləri əsas
azadlıqlar - söz, mətbuat, din və sair
azadlıqlar təsbit edildi.
Xatırladaq ki, “Birinci düzəliş”
bu sözlərlə başlayır: “Konqres qanun
yaratmalıdır...”. Mətbuata gəlincə, fikir bu cür
tamamlanır ki, “Konqres
mətbuat azadlığını məhdudlaşdıran qanun qəbul edə bilməz”. Ədalət
naminə demək lazımdır ki, Amerika dövlətçiliyinin bütün tarixi boyu bu mühüm
prinsipə sədaqət nümayiş etdirilib. Birləşmiş
Ştatlarda milli
azadlıq mücadiləsində (1767-1773) olduğu
kimi, Vətəndaş müharibəsi
(1861-1865) illərində də, XX əsrin əvvəllərində
Amerikanın iqtisadi inkişafı üçün təhlükə yaradan inhisar və korrupsiyaya qarşı həlledici mübarizədə
və eləcə də sonrakı dövrdəki başqa milli taleyüklü ictimai-siyasi proseslərdə azad
mətbuat bu ölkənin həyatında
pozitiv rol oynadı.
Dərhal qeyd edək ki, Amerikada jurnalistikanın tarixini
yalnız “çəhrayı rənglərlə” təsvir etmək
də düzgün olmazdı. Belə ki, dünyada ilk dəfə “sarı mətbuat” nümunələri
də məhz Amerikada yaranıb. XIX əsrin ikinci
yarısında Amerikada
mətbuatın kütləviləşməsi
başlanmışdı və bir çox tanınmış qəzetçilər
(Cozef Pulitser, Uilyam Hörst və
başqaları) daha çox
qazanc əldə etmək üçün
sahib olduqları mətbu nəşrlərdə
gen-bol bayağı, ucuz
sensasion yazılar dərc edirdilər.
Bu qəzetlərin əməkdaşları
öz yazılarında hər cür saxtakarlığa, hətta şər və
böhtana belə əl atmağı
özlərinə rəva bilirdilər. O dövrdə olduğu kimi, bu gün də “bulvar və şantaj” mətbuatı
cəmiyyətdə jurnalistikanın imicinə yalnız mənfi
təsir göstərir.
Yaxşı
ki, Amerikada tezliklə
başa düşdülər ki, jurnalistikanın əsas missiyası şərə,
pozuculuğa yox, cəmiyyətin
tərəqqisinə xidmət etmək olmalıdır. 1851-ci
ildə “Nyu-York Times” kimi klassik keyfiyyətli mətbuatın
parlaq nümunələrindən birinə
çevrilən qəzet nəşrə başladı.
Sonrakı dövrdə ABŞ-da başqa
nüfuzlu qəzetlər, eləcə də
“The National Geografic”, The “Riders Daygest” kimi sanballı jurnallar
işıq üzü gördü.
Bu populyar mətbu nəşrlərin
təkcə Amerikanın özündə deyil,
bütün dünyada
böyük
oxucu auditoriyası vardı və təbii
ki, belə nəşrlərin ictimai fikrə təsir imkanları güclü idi. Böyük Fransa
İnqilabından (1789-1994) sonra Fransada və bütövlükdə Avropa dövlətlərində azad mətbuatın
demokratik proseslərdə iştirakı
gücləndi.
XIX əsrin
sonları, XX əsrin əvvəllərində radio və televiziyanın yaranması, ənənəvi
çap mətbuatı ilə
yanaşı, daha kütləvi informasiya vasitələri olan
radio və televiziya meydana çıxdı və medianın cəmiyyətin
ictimai-siyasi həyatına təsir
imkanları daha da
artdı. Media güclü
təbliğat vasitəsinə çevrildi.
İkinci dünya müharibəsi
xalqlara böyük fəlakətlər
və dağıntılar gətirdi. Bəşəriyyət
yeni fəlakətlərin bir
daha baş verməməsini,
dünyanın hər yerində demokratik dəyərlərin
bərqərar olunmasını arzulayırdı. Həmin
dövrdə sivil, demokratik
dövlətlərdə olduğu kimi, söz,
düşüncə və media
azadlığının bütün dünyada demokratik
proseslərin inkişafında böyük
rol oynayacağına böyük
ümidlər yaranmışdı.
Azad sözün, müstəqil jurnalistikanın
tərəqqiyə böyük töhfə
verə biləcəyinə olan dərin inam BMT-nin ilk
hüquqi sənədlərindən başlayaraq, demək olar ki, bütün başqa sənədlərində əks olundu. 1948-ci ildə BMT İnsan
Hüquqları Haqqında Ümumdünya Bəyannaməsi qəbul edildi. Bu mühüm
sənədin 19-cu maddəsində azad sözün və mətbuatın
inkişafı ilə bağlı deyilir:
“Hər kəsin fikir və ifadə
azadlığı vardır: bu hüquqa müdaxilə olmadan
öz şəxsi fikrinin
olması, sərhədlər nəzərə alınmadan hər
hansı bir media vasitəsilə
informasiya və fikirlər axtarmaq,
almaq və vermək daxildir”.
Avropa məkanında
söz və mətbuat azadlığı
sahəsində əsas sənəd 1950-ci ildə qəbul edildi. Bu, “İnsan
Hüquqları üzrə Avropa
Konvensiyası” (İHAK) idi. Onun 10-cu maddəsi
söz və ifadə
azadlığına həsr olunub. İHAK
söz və ifadə azadlığını
təqdir etsə də, məxfilik və günahsızlıq
prezumpsiyasını da müəyyən etdi. Konvensiyanın 12-ci maddəsində
yazılıb: “Heç kimin
gizli həyatına, ailəsinə, evinə
və ya kiminləsə
yazışmasına sərbəst şəkildə
müdaxilə edilməməlidir. Hər kəsin bu cür müdaxilə və
hücumlara qarşı qanunla
müdafiə olunmaq hüququ
vardır”.
Beləliklə,
media azadlığı ilə media məsuliyyətinin ahəngdar
inkişafını təmin etmək üçün
beynəlxalq təşkilatlar səviyyəsində cəhdlər
edildi. 1966-cı ildə BMT başqa bir mühüm sənəd - Mülki
və Siyasi Hüquqlar
üzrə Beynəlxalq Razılaşmanı qəbul etdi. Burada yalnız söz və
mətbuat azadlığı yox (19-cu maddə),
həmçinin din azadlığı
(18-ci maddə) da nəzərdə tutulurdu. Bu mühüm
sənəddə məxsusi olaraq göstərildi
ki, media
azadlığı hər hansı bir
ölkədə insanların milli, dini heysiyyatlarına toxunmaq
hüququ vermir.
Bu gün də azad medianın cəmiyyətdə yeri və rolu, onun geniş oxucu kütləsi və ya
tamaşaçı auditoriyası qarşısındakı məsuliyyəti
barədə ciddi polemikalar
davam edir. Media məsuliyyəti media
azadlığını inkar edirmi, yaxud onların hüquqi, mənəvi-etik nisbətləri necə
olmalıdır? Bu və başqa
suallar, problemlər peşəkar jurnalistləri
də, ekspert və siyasətçiləri
də daim məşğul edir. Mətbuat azadlığı nəyə
görə bu qədər vacib
və əhəmiyyətlidir? Ona görə
vacibdir ki, azad və sərbəst media
cəmiyyəti düzgün məlumatlandıraraq
vətəndaş üçün
hökumətlərin yaxşı və pis
işləmələri barədə seçim
etmək imkanı yaradır. Azad media demokratik idarəetmə
prosesi üçün
möhkəm zəmin rolunu oynayır və
son nəticədə cəmiyyətin mədəni,
sosial, iqtisadi
inkişafına yardım edir. Sivil inkişaf üçün media
azadlığının alternativi yoxdur. Bu, birmənalı
belədir və bu həqiqəti heç bir sağlam düşüncəli, ciddi şəxs inkar etmir.
Bununla bərabər, müasir
dünya ölkələrində
medianın azad, ya qismən
azad olması, ya da heç azad
olmaması faktı reallıqdır. Bu da bir həqiqətdir ki, mütləq media
azadlığı olmur. Dünyada
pozitiv qüvvələr olduğu
kimi, neqativ,
dağıdıcı qüvvələr də mövcuddur. Azad media yalnız media məsuliyyəti
fonunda inkişaf edərək
təkmilləşdirilməlidir. Cəmiyyət daim inkişafda olduğu üçün,
müvafiq olaraq media azadlığının səviyyəsi də
cəmiyyətin sivil inkişafının
səviyyəsi ilə birbaşa
bağlıdır. Bəzən deyirlər ki,
cəmiyyət layiq olduğu
qədər media azadlığına malik olur.
Medianın cəmiyyətdəki
“sərhədlərini” müəyyənləşdirmək, təbii
ki, asan deyildir. Məsələn, müasir
dövrdə jurnalistin vəzifəli
şəxsin və ya ictimai
xadimin şəxsi həyatı barədə
yazmaq hüququ
varmı? Bu məsələ Qərb mətbuatında uzun illərdir ki, ciddi müzakirə
olunur. Ümumən qeyri-rəsmi qəbul olunmuş prinsip belədir
ki, hər hansı bir
siyasətçi, və ya vəzifəli
şəxs əhalinin müəyyən bir
kontingenti tərəfindən
seçildiyi və imtiyazlar
əldə etdiyi üçün
cəmiyyət qarşısında müəyyən
öhdəliklər daşıyır və onun
şəxsi həyatı gələcəkdə yenidən düzgün seçim etmək
üçün seçicilər,
ictimaiyyət üçün
maraqlıdır. Yeri gəlmişkən, bir çoxları
bu mövqe ilə
razılaşmırlar. Hazırda Avropada
medianın özünütənzimləmə orqanları
sayılan mətbuat şuraları da bu məsələlərlə məşğul
olurlar. Bir sıra
ölkələrdə isə məsələyə sırf hüquqi konteksdən yanaşaraq,
“Diffamasiya haqqında” qanun
qəbul edilib.
Yeri gəlmişkən, son
illər dünyada informasiya-kommunikasiya
texnologiyalarının sürətli inkişafı qlobal media sistemində bir sıra hüquqi
problemlərin həllinə yenidən baxılmasına ehtiyac yaradıb. Bəllidir ki,
internetin yaranması və inkişafı
jurnalistikanın hüdudlarını son dərəcə
genişləndirib. Təkcə peşəkar mediada
deyil, bütövlükdə sosial şəbəkələrdə ideoloji rəqabət hazırda kəskin xarakter alıb. İndi daha çox vətəndaşın
jurnalistikada özünü,
necə deyərlər, sınamaq imkanları yaranıb. Lakin internetin hüdudsuz imkanları başqalarına şər,
böhtan atmaq
meydanına çevrilməməlidir. Bir çox ölkələrdə hazırda internetin məhdudlaşdırılmasına cəhdlər
edilir. Təbii ki, bu, real
çıxış yolu deyildir.
Bu istiqamətdə beynəlxalq jurnalist təşkilatları son
vaxtlar bir sıra dəyərli
təkliflərlə çıxış edirlər. Mənəvi
çağırışlar da səsləndirilir.
Görünür, ən yaxşı nəzarət
hər bir müəllifin, xüsusilə
də peşəkar jurnalistin peşə
etikasına riayət etməsidir.
Düşünürük ki, jurnalistlər hər
zaman haqqın, ədalətin tərəfində
durmalı, obyektiv və qərəzsiz
olmalıdırlar. Təəssüf ki, həmişə
belə olmur. Görünən budur ki, qloballaşma
prosesi öz müsbət
və mənfi cəhətləri ilə jurnalistikadan
da yan keçməyib.
Bu gün informasiya
dünyanın ən ucqar guşələrinə
belə bir gözqırpımında çatsa da, müasir oxucu, dinləyici
və ya tamaşaçı heç də dünyada baş verən mühüm
hadisələr barədə obyektiv və
qərəzsiz məlumat ala bilmir. Səbəb bəllidir: Qlobal informasiya
axınına böyük dövlətlər
və transmilli korporasiyalar
nəzarət edirlər. Dünya hadisələrə
sanki bir mərkəzdən
və onun nəzarətində olan mətbu orqanların gözü
ilə baxır.
Siyasi, dini, ideoloji maraqların toqquşduğu
belə bir çətin dönəmdə
Azərbaycan jurnalistikasının xalqımızın milli-mənəvi
dəyərlərini, xüsusilə dövlətçilk
maraqlarını qoruya bilməsi olduqca vacibdir. Bu gün xoşbəxtlikdən
ölkəmiz yüksək intellektə, milli
təəssübkeşlik ruhuna mənsub olan azad mediaya,
peşəkar jurnalistikaya sahibdir.
Azərbaycan Prezidenti İlham
Əliyev bu günlərdə Strasburqda Avropa
Şurasındakı çıxışı zamanı demişdir: “KİV tam azaddır
və Azərbaycanda gündəlik, həftəlik, aylıq çoxlu sayda qəzet və
jurnal çap olunur, ölkədə çoxlu
sayda televiziya
kanalları, eləcə də regional kanallar fəaliyyət göstərir. Azərbaycanda
40-dan çox gündəlik qəzet,
200-dən çox həftəlik və
aylıq qəzet, ölkə üzrə 9 televiziya, 14 regional televiziya və 14 kabel televiziyası var. Bundan başqa, ölkəmizdə
internet tam azaddır və
əhalinin 70 faizindən çox internetdən
istifadə edir. Azad internetin olduğu,
senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə
azadlığını məhdudlaşdıra bilmərik.
Əksinə, KİV-in
azadlığını daha da genişləndiririk. Çünki
mətbuatın azad olması demokratiya deməkdir”.
Müstəqil Azərbaycan
bu gün
dünyanı təkcə böyük iqtisadi uğurları ilə heyrətləndirmir.
Ölkəmiz söz, vicdan
azadlığı, dini, etnik
tolerantlıq sahəsində də yaxşı nümunəyə
çevrilir. Sivil, demokratik tərəqqi yolunu
seçən Azərbaycanda media
azadlığı media məsuliyyəti fonunda inkişaf edərək
ölkəmizin tərəqqisinə öz
töhfəsini verir.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçündür.
Xalq qəzeti.- 2014.- 4 iyul.- S.6.