Sosial problemlərin həlli
iqtisadi inkişafın rəhnidir
(əvvəli qəzetin 1-3 iyul tarixli sayında)
Azərbaycanda indi – iqtisadi islahatların həyata
keçirilməyə başlanmasından cəmi bir neçə
il sonra iqtisadi və sosial inkişaf prosesləri
arasında qarşılıqlı əlaqə
yaranmışdır. İqtisadi səmərəlilik
müəyyən mənada cəmiyyətin sosial
yönümlülüyündən, sosial problemlərin həllinin
vaxtamüvafiqliyindən və miqyaslılığından
asılı olmağa başlamışdır. Öz növbəsində, sosial proseslərin
inkişafında, rəngarəng sosial proqramların
genişliyində və həyata keçirilməsində
iqtisadi səmərəliliyin əhəmiyyəti aydın
görünür. Dövlətin bütün iqtisadi siyasəti iqtisadi və sosial inkişaf prosesləri
arasında optimal nisbətin əldə edilməsinə
yönəldilmişdir.
Məlumdur ki, Azərbaycan Republikasının iqtisadi siyasətinin əsasını
və uzunmüddətli dövr
üçün birinci dərəcəli vəzifəni
möhkəm və sabit iqtisadi artım təşkil edir. Bu da təsadüfi deyildir. İqtisadi
artımın baş verdiyi şəraitdə dövlət
hakimiyyəti cəmiyyətin sosial cəhətdən
müdafiə olunmayan üzvlərinin (əlillərin, yetim
uşaqların, yoxsulların və s.) taleyinə daha çox
diqqət yetirə bilər.
Sosial problemlərin həllinə iqtisadi artımın əlverişli
təsiri aşağıdakı mühüm istiqamətlər
üzrə baş verir: 1) İqtisadiyyatda məşğul
olanların əməkhaqqı və həyat səviyyəsi
yüksəlir: 2014- cü ilin yanvar-aprel aylarında ölkə
iqtisadiyyatında muzdla çalışan işçilərin
orta aylıq nominal əməkhaqqı 436,7
manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma
sənayesində, maliyyə və sığorta fəaliyyətində,
informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət
sahəsində, tikintidə orta aylıq nominal əməkhaqqı
daha yüksəkdir;
2) İstehsalın genişləndirilməsi hesabına
yeni iş yerləri yaradılır və işsizlərin bir
qismi işə düzəlmək imkanı əldə edir.
Son on il ərzində Azərbaycanda 1 milyon
240 min yeni iş yeri açılmışdır. Onların böyük hissəsi bölgələrin
payına düşür. Təkcə keçən il 110 min yeni iş yeri
açılmışdır ki, bunun da 80 mini daimi iş
yeridir. Ölkədə işsizliyin səviyyəsi 5
faizə düşmüşdür. 2014-cü il mayın 1-nə
olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin sayı 1 milyon 510,5
min nəfər olmuş, onlardan 900,7 min nəfəri
iqtisadiyyatın dövlət bölməsində, 609,8 min nəfəri
isə qeyri -dövlət bölməsində fəaliyyət
göstərmişdir. Muzdla işləyənlərin 22,7 faizi
təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin
təmiri sahəsində, 12,4 faizi sənayedə, 8,7 faizi əhaliyə
səhiyyə və sosial xidmətlərin göstərilməsində,
6,6 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında,
3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində,
2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı
və baramaçılıq sahəsində, 1,8 faizi informasiya
və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın
digər sahələrində məşğul olmuşdur;
3) Müəssisələrin (firmaların) maliyyə vəziyyəti
yaxşılaşır, buna uyğun olaraq, işçi heyətinə
sosial yardım, uşaq tərbiyə-təhsil müəssisələrinə,
qocalar evlərinə sponsor yardımı göstərmək və
s. üçün potensial imkanlar artır;
4) Dövlət büdcəsinə pul daxilolmaları
artır. 2014-cü ilin əvvəlinə Azərbaycanın
valyuta ehtiyatları 50 milyard dollara çatmışdır ki, bu da ümumi
daxili məhsulun 70 faizini təşkil edir. Nəticədə
dövlət işsizlərə və əhalinin sosial cəhətdən
digər müdafiə olunmayan və ehtiyacı olan təbəqələrinə
(tənha qocalara, uşaqlara, əlillərə, yoxsullara və
s.) daha çox diqqət yetirir.
Bütövlükdə, sosial sferanın iqtisadi mahiyyəti,
onun iqtisadi artım göstəricilərinə və səviyyəsinə
təsiri, iqtisadiyyatın real sektoru ilə
qarşılıqlı fəaliyyətinin xarakteri problemi vacib müstəqil
problem olaraq qalmaqla, daha dərin araşdırmalar tələb
edir. Həm də ona görə ki, sosial
sferanın inkişafının iqtisadi artıma təsirinə
bir sıra Qərb iqtisadçıları birmənalı
yanaşmırlar. Onların bir qismi iddia
edir ki, sosial sfera iqtisadi artım tempinə təkcə
müsbət deyil, hətta ləngidici təsir göstərir.
Məsələn, bu nöqteyi-nəzərin fəal tərəfdarlarından
biri monetarizm nəzəriyyəsinin banisi amerikalı alim
M.Fridmendir. Bazar proseslərinə dövlətin
müdaxiləsinə qarşı çıxış edərkən
o, eyni zamanda, əhalinin aztəminatlı təbəqəsinə
dövlət yardımı göstərilməsinin qatı əleyhinə
çıxırdı. Aydındır ki, bu halda insan fəaliyyətinin
iki sferasının
inkişafında optimal nisbəti və aşağıdakı
vacib məqamları nəzərə almaqla onların səmərəli
qarşılıqlı fəaliyyəti məsələsi
meydana çıxır: birincisi, sosial-iqtisadi inkişafın
konkret tarixi şəraiti və ölkənin milli xüsusiyyətləri;
ikincisi, müsbət beynəlxalq təcrübə. Zəngin iqtisadi potensiala, təbii
ehtiyatlara və insan resurslarına, kifayət qədər
maliyyə imkanlarına malik olan Azərbaycan üçün
vahid tamın tərkib hissəsi olan iqtisadi və sosial səmərəliliyin
optimallaşdırılması problemi bu potensialdan istifadə baxımından
xüsusi aktuallıq kəsb edir.
Dövlət müstəqilliyinin bərpa
edilməsi ilə əlaqədar siyasi həyatda və bazar
münasibətlərinə keçidlə bağlı
iqtisadi siyasətdə baş verən çox mühüm dəyişikliklər
sosial və iqtisadi tərəqqi üçün böyük
imkanlar və real perspektivlər açır. Etibarlı sosial müdafiə sistemi və sosial xidmətlərin
bütöv kompleksi bu şəraitdə xüsusi əhəmiyyət
kəsb edir, çünki bazar sisteminə uyğunlaşmaqla
bağlı məsələlərin bütöv spektrini həll
etməyə imkan verir.
Bu gün sosialyönümlü bazar
iqtisadiyyatı artıq daha məqsəd yox, dövlət
strukturları ilə əhali arasında fəal şəkildə
formalaşdırılan yeni münasibətlər sistemidir. Onun başlıca fərqli xüsusiyyəti məhsuldar
qüvvələrin daha da inkişaf etdirilməsi, cəmiyyətdə
nəzərəçarpacaq iqtisadi və sosial tərəqqinin
əldə edilməsidir. Bazar
iqtisadiyyatına keçid qarşıya prinsip etbarilə bir
sıra yeni vəzifələr qoymuşdur ki, onlardan da ən
vacibi yeni sosial-iqtisadi şəraitə adekvat olan səmərəli
idarəetmə sisteminin yaradılmasıdır.
Çünki sosial iqtisadiyyat konsepsiyasının işlənib
hazırlanması və həyata keçirilməsinin
özü təkcə iqtisadi artım üçün deyil,
həm də əhalinin sosial müdafiəsi: işsizliklə
mübarizə və tam məşğulluğun əldə
olunması, adamların əmək və həyat şəraitinin,
sağlamlığının
yaxşılaşdırılması, ətraf mühitin
mühafizəsi, təhsilin inkişafı və s.
üçün cavabdeh olan idarəetmə
strukturlarının işinin səmərəliliyindən
asılıdır. Yeni sosial siyasət idarəetmə
strukturlarının işinin keyfiyyətinə və səmərəliliyinə
daha yüksək tələblər irəli sürür,
bunsuz isə sosial siyasətin
formalaşdırılmasını təsəvvür etmək
çətindir.
Hazırda sosial iqtisadiyyatın formalaşması şəraitində
sosial-iqtisadi proseslərin idarə olunmasının beş əsas funksiyası fərqləndirilir:
1. Sosial-iqtisadi proseslərin analizi və qiymətləndirilməsi
(monitorinqi).
2. Sosial-iqtisadi proseslərin inkişafının strateji
planlaşdırılması.
3. Sosial-iqtisadi tənzimləmə proseslərinin təşkili.
4. Sosial-iqtisadi proseslərin inkişaf
tendensiyalarının proqnozlaşdırılması.
5. Layihələrin və normativ qərarların həyata
keçirilməsi.
Sosial iqtisadiyyata keçdikcə idarəetmənin
prinsipləri də dəyişir. Bu
prinsiplər sosial və iqtisadi siyasəti həyata keçirərkən
idarəçilərin rəhbər tutmalı olduqları əsas
ideyaları, qayda və normaları əks etdirir. İdarəetmənin
yeni, bazar prinsipləri: sistemlilik, hakimiyyətin mərkəzsizləşdirilməsi
və idarəetmənin ilkin vəsiləsinin rolunun artması, dövlət tənzimləməsinin
təsirliliyi, resurslardan istifadənin iqtisadi səmərəliliyinə
görə yüksək məsuliyyət, idarəetmə
işçilərinin peşəkarlığı
və səriştəliliyi, sosial ədalət, adekvat
mükafatlandırma və s. bərqərar olur. Yeni idarəetmə strukturlarının fərqli
xüsusiyyətlərindən biri onların resurslardan istifadənin
iqtisadi səmərəliliyinə görə yüksək məsuliyyət
daşımalarıdır. Bu, yeni şəraitdə idarəetmənin mahiyyəti
və məqsədləri ilə yanaşı, onun prinsip və
funksiyalarında da özünü büruzə verir.
Sosial iqtisadiyyatın idarə edilməsinin
başlıca fərqləndirici xüsusiyyəti iqtisadi,
siyasi, sosial və mənəvi maraqlardan cəmiyyətin səmərəli
inkişafı üçün bacarıqla istifadə edilməsi
zərurətidir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev demişdir: “Azərbaycan düzgün yoldadır. Bizim apardığımız siyasət real işlərdə
– insanların həyat səviyyəsinin yaxşılaşmasında,
şəhərlərimizin gözəlləşməsində,
ölkəmizin güclənməsində və Azərbaycanın
iqtisadi inkişafında özünü göstərir.
Bu gün bölgələrdə vəziyyət
tamamilə dəyişmişdir. Yeni
müəssisələr, fabriklər yaradılır,
abadlıq işləri sürətlə gedir, iri infrastruktur layihələri
həyata keçirilir.
Biz bunu dünyada mövcud olan ən
yüksək səviyyədə edirik. Bölgələrin inkişafı nəticəsində
Azərbaycanın hərtərəfli inkişafı təmin
olunur. Biz
dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycanda,
bizim şəraitimizə uyğun şəkildə tətbiq
edirik, ən yeni texnologiyaları Azərbaycana gətiririk.
Bizim niyyətimiz ölkəmizi müasirləşdirməkdir.
Bizim yolumuz inkişaf yoludur. Biz
bu yolla uğurla gedirik və gedəcəyik".
Dövlət müstəqilliyinin arxada qalan illəri ərzində
Azərbaycanda idarəetmə sistemində əvvəllər
mövcud olmayan yeni, sosial problemləri daha fəal surətdə
həll etməli olan
strukturlar meydana gəlmişdir. Bunlar
iqtisadi siyasətin sosialyönümlülüyünü
gücləndirmiş, bununla da sosial ziddiyyətlərin həllinə
və bazar təsərrüfatçılıq sisteminin sosial
çatışmazlıqlarını və
qüsurlarını aradan qaldırmağa kömək
etmişdir.
Sosial iqtiadiyyatı formalaşdırarkən nəzərə
almaq lazımdır ki, o, korrupsiyanın hər hansı təzahür
formaları, mülkiyyətin qanunsuz olaraq ələ
keçirilməsi, “kölgə iqtisadiyyatı”, ilkin
kapitalın qeyri-sivil və başlıcası, kriminal
xarakterli yığımı, ictimai nemətlərin
hamılıqla qəbul edilmiş normalarından yayınmaq və
s. ilə bir araya sığmaz. Dövlətin iqtisadi və sosial
funksiyalarının daha da möhkəmlənməsi, cəmiyyət
həyatının demokratikləşdirilməsi korrupiyaya
qarşı mübarizədə əhəmiyyətli nəticələr
verir. Sosial iqtisadiyyat ideyalarının daha mütərəqqi
və bütün xalqın mənafelərinə cavab verən
sosial-iqtisadi sistem olmasının ictimai şüur tərəfindən
dərk edilməsi tam şəffaflıq, istisnasız olaraq bütün idarəetmə
aparatı qulluqçularından davranışda və konkret
hərəkətlərdə təmizlik, düzlük tələb
edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi - “ASAN xidmət” mərkəzlərinin
yaradılması və uğurla fəaliyyət göstərməsi
bu mənada nümunə ola bilər.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
2014-cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında demişdir: “Keçən ildə
olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa
qarşı çox ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri
vardır. Kompleks tədbirlər
görülür.Keçən ilin əvvəlində
”ASAN xidmət"in fəaliyyətə başlaması
bu sahədə böyük bir dönüş yaratdı, bir
yenilik gətirdi. “ASAN xidmət” Azərbaycan məhsuludur,
Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz minlərlə
insan bu xidmətə müraciət etmişdir. Bu günə qədər eşitməmişəm
ki, hər hansı bir şikayət və ya narazılıq
olsun. Bütün xidmətlər şəffaf,
mədəni şəkildə göstərilir. “ASAN xidmət”də
göstəriləcək xidmətlərin sayı
artırılmalıdır və bu il
regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə,
Sumqayıt şəhərlərində mərkəzlər
vardır və səyyar xidmət də göstərilir. Biz
bu il bölgələrdə ən azı
dörd, bəlkə də beş “ASAN xidmət” mərkəzi
tikməliyik, yaratmalıyıq və bu, investisiya
proqramında da öz əksini tapmalıdır”.
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı sahəsində Prezident İlham
Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi
ilə həyata keçirilən proqramların — Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008-ci illər)”, Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın, Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 27 fevral tarixli fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın, eləcə də “Bakı şəhərinin
qəsəbələrinin 2006-2007-ci illər üzrə
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı”nın, “2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı”nın və
“2014-2016-cı illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”nın, habelə
ayrı-ayrı
regionların sosial-iqtisadi inkişafına dair əlavə
tədbirlərlə bağlı dövlətimizin
başçısı tərəfindən qəbul edilmiş
bir sıra sərəncamların icrası iqtisadi inkişafla
sosial problemlərin həllinin uzlaşdırılması
üzrə dövlət siyasətinin ardıcıl, məqsədyönlü
xarakter daşıdığını sübut edir.
İndiki mərhələdə
və yaxın gələcəkdə regionların iqtisadi
inkişafını
sürətləndirmək
üçün hansı
istehsal sahələrinə
üstünlük verilməsi
və qarşıda duran vəzifələrin qənaətbəxş nəticələrlə, habelə
yüksək səmərə
ilə həlli gündəmə çıxan başlıca məsələlərdəndir. Bu cəhətdən ölkəmizə
əvvəlki inkişaf dövrlərindən miras qalmış istehsal
potensialını lazımi dərəcədə qiymətləndirib
ondan məqsədyönlü istifadə edilməsi
imkanlarını nəzərə almaq çox vacibdir.
Bilavasitə neft strategiyasının
ardıcıllıqla gerçəkləşdirilməsinin
yaratdığı əlverişli
şərait, xüsusən Dövlət Neft Fondunda toplanan vəsaitlərin həm
də ölkədə
yeni istehsal sahələrinin inkişafı məqsədləri
üçün istifadə edilməsi
vəzifəsinin müəyyənləşdirilməsi,
aparılan islahatların uğurları, Azərbaycan
iqtisadiyyatının hərtərəfli kompleks
inkişafının ildən-ilə daha miqyaslı xarakter alması, milli
sahibkarlığın
inkişafı üçün
müstəsna şəraitin yaradılması, demək olar ki,
bütün regionların sosial-iqtisadi yüksəlişinin təmin
edilməsini şərtləndirir. Rayonlarda bir sıra sahələrin
inkişafına olan böyük tələbat və bu tələbatı gerçəkləşdirmək
imkanı qazanmış milli sahibkarların fəaliyyətinin
uzlaşdırılması müasir mərhələdə
regionlarda məhsuldar qüvvələrin yüksəlişinin
əsas yolu olmalıdır. Regional istehsal sahələrinin
çoxunun dirçəldilməsinin nisbətən az əsas kapital tələb etməsi, qoyulan vəsaitin
yüksək mənfəətlə tez qaytarılması bu vəzifənin
həllində böyük dönüş yaratmağa imkan verər.
Son illərdə Azərbaycanda sahibkarlığı
inkişaf etdirmək ölkənin iqtisadi siyasətinin əsas
istiqamətlərindən
biri hesab edilir. Təsadüfi deyildir ki, bazar iqtisadiyyatı prinsiplərinin dönmədən həyata
keçirildiyi bir şəraitdə bu məsələ dövlət
başçısının daimi
diqqətindədir. Sahibkarlığın inkişafı ilə
bağlı onun
imzaladığı
mühüm sənədlər, yerli
və xarici iş adamları ilə keçirdiyi görüşlər özəl təsərrüfat sisteminin
formalaşmasına əhəmiyyətli
dərəcədə təsir
göstərmişdir. Azərbaycan Respublikasında kiçik
və orta
sahibkarlığa dövlət köməyi proqramının həyata keçirilməsi,
sahibkarlığın
inkişafına mane olan müdaxilələrin
qarşısının
alınması haqqında
prezident fərmanları əməli fəaliyyətdə öz əksini tapmışdır.
Eyni zamanda, Azərbaycanın bütün iqtisadi
rayonlarında məhsuldar qüvvələrin ümumi inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində son vaxtlar
respublikada aparılan məqsədyönlü işlər,
o cümlədən ölkə Prezidentinin kiçik və
orta sahibkarlığın daha miqyaslı inkişaf etdirilməsi
üçün həlledici əhəmiyyət kəsb edən
əhatəli tədbirlər
sisteminin həyata keçirilməsi üzrə qərarları
özünün müsbət səmərəsini tezliklə verəcəkdir. Milli sahibkarlığın inkişafı üçün
yaradılan yeni şərait və imkanlar tezliklə respublikanın ümumi sosial-iqtisadi inkişafının xeyli
güclənməsində
öz ifadəsini tapmalıdır. Bu
inkişafın
başlıca tərkib
hissəsini isə ölkə ərazisinin müxtəlif regionlarında yeni iş
yerləri açmaqla əhalinin güzəranının müntəzəm olaraq
yaxşılaşdırılması təşkil edir.
Elə buna görə, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində,
ilk növbədə, istehsal
yönümünə
üstünlük verilməsi vəzifəsi ön plana
çəkilmişdir.
Son zamanlar həyata keçirilən aqrar islahatlar nəticəsində
bir sıra kənd təsərrüfatı məhsullarının
istehsalında böyük nailiyyətlər qazanılması
göstərir ki, sənaye
potensialı yaratmaq meyli daha yüksək olan başqa ənənəvi kənd təsərrüfatı
sahələrinin də (pambıqçılıq, üzümçülüq,
çayçılıq, tütünçülük,
zeytunçuluq və s.) inkişafının gücləndirilməsi əksər
rayonlarda sənayeləşmə prosesini xeyli sürətləndirərdi.
Kənd təsərrüfatının məhsuldarlıq
imkanlarını yüksəltmək,
ona texniki və başqa xidmət
növləri üzrə yardım göstərmək, habelə yığılan məhsulun
itkisinə yol verməmək və bununla da istehsalçıların maddi
marağını artırmaq məqsədilə respublika ərazisinin müxtəlif hissələrində
təşkil olunması dövlət
tərəfindən tənzimlənən və müasir tələblərə cavab verən regionlararası müvafiq özəl qurumların yaradılması da
bölgələrin ümumi sosial-iqtisadi inkişafına əhəmiyyətli təsir
göstərə bilər.
Azərbaycan
iqtisadiyyatının daha bir
mühüm sahəsi -
müalicə-istirahət və turizm
kompleksi də respublikanın əksər regionlarının inkişafında əhəmiyyətli
rol oynaya bilər. Bu sahənin
üstünlüklərindən biri də ondan ibarətdir ki, onun bu
və ya digər istiqamətinin
inkişafı
üçün respublikanın hər bir regionunda
böyük imkanlar vardır. Bundan başqa, bu sahənin inkişafına yönəldilən vəsait tezliklə böyük mənfəət gətirir.
Onun geniş miqyasda inkişafı, hər şeydən
əvvəl, respublikanın
özünün
böyük tələbatı
ilə şərtlənir və kifayət dərəcədə yüksək faydası
ilə təşviq olunur.
Bu halı da nəzərə
almaq lazımdır ki, sahənin
inkişafının maliyyə vəsaitlərinə tələbatı nisbətən əlçatan
olduğundan onun genişləndirilməsində və yeni mərkəzlərin yaradılmasında ya
müstəqil halda, ya
da vəsaitlərini birləşdirmək yolu
ilə əsasən yerli
sahibkarların fəaliyyəti
hesabına çox
böyük işlər
görülə bilər.
Regionların inkişafı mənafeyindən dövlətin
maliyyə tədbirlərində belə bir cəhət də diqqəti cəlb edir ki, idxal məhsullarını əvəz edən yerli
istehsal sahələrinə üstünlük verilməsi, yəni
daxili bazarı qorumaq
üçün, ölkənin
valyuta
imkanlarını
artırmaq məqsədilə daha çox
ixracyönümlü və idxaləvəzedici məhsulların
hasilatını genişləndirmək, habelə turizmin inkişafını həvəsləndirmək
üçün daha çox
vəsait ayrılması məqsədəuyğun
sayılır.
Ölkənin
demokratiya yolu ilə inkişafının bariz nümunələrindən biri - yerli
özünüidarə
orqanı olan bələdiyyələrin geniş
fəaliyyəti regionların sosial-iqtisadi yüksəlişində
çox böyük imkanlara
malikdir. Bələdiyyələr haqqında qanunvericiliyə əsasən, onlar malik olduqları kifayət
qədər əmlak,
torpaqlar (hazırda respublika torpaqlarının 1/3 qədəri
bələdiyyələrin sərəncamındadır),
yerli büdcə və büdcədənkənar
fondlar hesabına geniş
iqtisadi fəaliyyət aparmaqla, zəruri istehsal sahələrinin,
xidmət sferasının
inkişafına
güclü təkan verə bilər, təkcə mənsub
olduqları inzibati rayonlar çərçivəsində deyil,
tərkibində olduqları müvafiq bölgələr
üçün həlli zəruri olan birgə
böyük layihələrin həyata
keçirilməsində də öz səy və
imkanlarını birləşdirməklə, ümumi tərəqqiyə
mümkün olan köməyi göstərə bilərlər.
Ölkədə baş
verən böyük yüksəlişin nəticələrini də nəzərə almaqla,
tezliklə Azərbaycan regionlarının miqyaslı
sənayeləşməsi
və bu əsasda onların ümumi
sosial-iqtisadi yüksəlişi
daha
sürətlə həyata keçiriləcəkdir. Bunun üçün indi
respublikada çox
ciddi əlverişli inkişaf mühiti
yaranmışdır.
Respublikanın regionlarında aparılan irimiqyaslı
tikinti, abadlıq və quruculuq işləri, insanların
yüksək səviyyəli həyat tərzinin təmin edilməsi
məqsədilə inşa olunan ən müasir sosial obyektlər,
gerçəkləşdirilən nəhəng infrastruktur
layihələri, yaradılan güclü iqtisadi potensial, kənd,
qəsəbə və şəhərlərimizin
başdan-başa dəyişən siması son on ildə Azərbaycanın
sürətli, dinamik, hərtərəfli və irimiqyaslı
sosial-iqtisadi inkişafı barədə indiki və gələcək
nəsillərdə aydın təsəvvür yaratmaq
üçün istifadə oluna bilən sanballı əyani vəsaitdir.
Prezident İlham Əliyev
demişdir: “Bizim gözəl iqlimimiz, təbiətimiz,
torpağımız var, əlverişli coğrafi vəziyyətimiz,
zəngin təbii ehtiyatlarımız, gözəl,
istedadlı insanlarımız var. Bunlar olan halda, biz mütləq
və mütləq Azərbaycanı müasir, zəngin,
qüdrətli dövlətə çevirməliyik və
çevirəcəyik”.
Son on ilin yekunları sübut edir ki, məhz
belə də olacaqdır. Bunun
üçün, deyilənlərdən əlavə, Azərbaycanda
çox mühüm daha iki amil mövcuddur: dövlət rəhbərliyinin
siyasi iradəsi və xalqın dəstəyi. Bunlar var ikən
ən çətin və mürəkkəb vəzifələrin
də öhdəsindən gəlmək mümkündür!
Ayaz
ORUCOV,
Azərbaycan
Respublikası
Milli Məclisinin
deputatı,
iqtisad
elmləri doktoru
Xalq qəzeti.- 2014.- 4 iyul.- S.3.