Azərbaycan Respublikası regional lider kimi
beynəlxalq birliyin əsas subyektlərindən
biridir
Avropa Şurasına qoşulmaq bizim
düşünülmüş seçimimiz oldu. Çünki
biz islahatların genişləndirilməsi üçün bu
təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa Şurasına
qoşulmağımız, həmçinin öhdəlikləri
nəzərdə tutacaqdır. Biz isə
bunlara hazır idik. Bu günə qədər
biz öhdəlikləri yerinə yetiririk. Xanım sədrin
qeyd etdiyi kimi, biz demək olar ki, 60-a yaxın konvensiyaya
qoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik.
Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə
çox müsbət mühit yaradır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Strasburq, 24 iyun 2014-cü il
Gənc müstəqil respublikamızın sosial-iqtisadi
inkişafı, iqtisadi qüdrəti və hərbi
gücü artdıqca Azərbaycan beynəlxalq aləmdə
daha çox söz sahibi olur və səsimizi eşidənlərin
çevik reaksiyasını görürük. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il iyunun 24-də Avropa Şurası Parlament
Assambleyasının sessiyasındakı
çıxışı və parlamentarilərin
suallarını cavablandırması zamanı bir daha bunun
şahidi olduq. Sessiyada iştirak etmiş nümayəndə
heyətimizin üzvlərinin dediklərinə və dünya
mətbuatının yazdıqlarına görə, Azərbaycanı
Avropada nəinki 10 il əvvəki, heç
beş il əvvəlki kimi də deyil, tamamilə fərqli
bir şəkildə qarşılayırlar. İndi
artıq Avropada hamı Azərbaycana böyük hörmət
və ehtiramla yanaşır. Təbii ki, köhnə qitədəki
erməni lobbisinin çörəyi ilə yaşayan bir qrup
avantürist istisna olmaqla.
Respublikamızın təkcə regionda deyil, eləcə
də bütün dünyada aparıcı söz sahibinə
çevrilməsinin əsas səbəbləri ölkə
daxilində həyata keçirilən islahatların dünya təcrübəsi
səviyyəsində nəticələr verməsi, sivil,
hüquqi, demokratik dövlət quruculuğu istiqamətində
həyata keçirilən çoxsaylı tədbirlər,
beynəlxalq təşkilatlar qarşısında
götürdüyümüz öhdəliklərin mərhələli
şəkildə, prinsipiallıqla yerinə yetirilməsidir.
Bu sırada Azərbaycanın BMT Təhlükəsizlik
Şurası kimi mötəbər beynəlxalq təşkilata
sədrlik etdiyi dövrdə ortaya qoyduğu qətiyyət və
bəşəri dəyərlərə söykənən
prinsipiallıq da öz sözünü demiş,
Bakının ən müxtəlif beynəlxalq tədbirlərə
ev sahibliyi etməsinin xüsusi rolu
olmuşdur. Ona görə də beynəlxalq aləmi
təmsil edən politoloq və siyasi ekspertlər bu fikirdədirlər
ki, Azərbaycan AŞPA Nazirlər Komitəsinə sədrlik
müddətində də özünəməxsus nümunə
formalaşdıracaq. Elə Prezident
İlham Əliyevin AŞPA Nazirlər Komitəsinə sədrliyimizin
başlandığı sessiyadakı
çıxışı və sualları
cavablandırması bir daha sübut etdi ki, qarşıdakı
aylarda AŞPA tribunasına yeni nəfəs gələcək.
Dövlət başçımız
özünün tarixi çıxışında Azərbaycan
həqiqətlərinin bütün məqamlarına toxundu. Prezidentin nümayiş etdirdiyi qlobal
düşüncə tərzi, beynəlxalq aləmdə
yaşanan ictimai-siyasi proseslər haqqında məlumatlılıq
səviyyəsi, müxtəlif məsələləri təhlil
edərkən göstərdiyi prinsipiallıq, qabiliyyət, qətiyyət
onun dəmir iradəsi ilə təqdim olunurdu. Məhz bu keyfiyyətlər üzərində
qurulmuş tarixi çıxış təkcə Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə növbəti
dəfə olduğu kimi təqdim edilməsi ilə deyil, həm
də Ermənistan dövlətinin
işğalçılıq siyasətinin və bəşəri
dəyərlərə qənim kəsilən ermənilərin
ikrah yaradan əməllərinin ifşa olunması ilə
yaddaşlarda qaldı.
Təbii ki, bu gün Avropanın və
bütövlükdə dünyanın ən çox diqqət
yetirdiyi məsələlərdən biri də əsas insan
hüquq və azadlıqlarının qorunmasıdır. Ona görə
də dövlət başçımız öz geniş
çıxışının əvvəlində bu məsələlərə
toxunaraq əhatəli məlumat verdi : “Azərbaycanda
bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət
azadlığı vardır. Yüzlərlə
siyasi təşkilat, partiya mövcuddur. İfadə
azadlığı, mətbuat azadlığı vardır.
Qırxdan artıq gündəlik və təxminən
iki yüz həftəlik və aylıq qəzet
çıxır. Respublika səviyyəsində
doqquz televiziya kanalı vardır. On
dörd bölgə və on dörd kabel televiziya kanalı fəaliyyət
göstərir. Bizdə azad internet
vardır. Azərbaycanda internet istifadəçilərinin
sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz
böyük sərmayələri tələb edən layihəni
həyata keçirməkdədir: genişzolaqlı internet hər
bir şəhər və kənd üçün təmin
edilməlidir. Digər sözlə, azad internetin
mövcudluğu, senzuranın olmaması şəraitində
biz mətbuat azadlığını məhdudlaşdıra
bilmərik. Əksinə, biz mətbuat
azadlığının tərəfdarıyıq,
çünki media azadlığı demokratiya deməkdir.
O, hökumətə çatışmazlıqlara diqqət
yönəltməyə yardım edir. O, hökumət ilə
cəmiyyət arasında zəruri əlaqələrin
qurulmasına zəmin yaradır. Bu, Azərbaycanın,
müasir Azərbaycanın ən böyük zənginliklərindən
biridir. Biz bundan qürur hissi duyuruq. Bu səbəbdən, biz bir daha söyləyə bilərik
ki, mətbuat azadlığı tam şəkildə təmin
edilir”.
“Yüz illər boyu ölkəmizdə tolerantlıq
mühiti qorunub saxlanılır” – deyə öz fikirlərini
davam etdirən Prezident gənc müstəqil dövlətimizin
bu sahədə əldə etdiyi uğurlardan
danışmışdır: “Bizdə dini azadlıq
vardır. Bu da ölkəmizin ən
böyük varlığıdır. Biz
çoxmillətli və çox dinlərin olduğu cəmiyyətik.
Əsrlər boyu müxtəlif millətlərin
və dinlərin nümayəndələri Azərbaycanda
sülh şəraitində layiqli həyat sürüblər.
Multikulturalizm dəyərləri sədrliyimiz
zamanı diqqət yetirəcəyimiz prioritetlərdən biri
olacaqdır. Azərbaycan 2008-ci ildə Avropa
Şurasının mədəniyyət nazirlərinin
toplantısında başlamış Bakı prosesinin təşəbbüskarı
olub. Biz həmin tədbirə İslam
Əməkdaşlıq Təşkilatının mədəniyyət
nazirlərini dəvət etdik. Bu, tarixdə
ilk dəfə idi ki, iki mühüm beynəlxalq təşkilatın
nümayəndələri Bakıya
toplaşmışdılar. Növbəti il,
2009-cu ildə əksinə etdik: biz Avropa Şurasının mədəniyyət
nazirlərini İslam Əməkdaşlıq Təşkilatının
Bakıda keçirilən tədbirinə dəvət etdik. Bir sözlə, multikulturalizm üstünlüklərdən,
böyük varlıqlardan biridir. Sədrliyimiz
zamanı biz bu məsələyə birmənalı olaraq diqqət
yetirəcəyik”.
Azərbaycan Prezidenti liderlik və ümumxalq rəhbəri
keyfiyyətlərini nümayiş etdirərək bilavasitə
Avropa siyasətçilərinin qarşısında dünya
siyasətinin konturlarını cızan bəzi dairələrin
gizlədə bilmədiyi ikili standartları da ciddi şəkildə
tənqid etmişdir: “Digər prioritetlərə gəldikdə,
biz diqqətimizi beynəlxalq təşkilatların qətnamə
və qərarlarının icrasına yönəldəcəyik.
Çünki bizə gəldikdə, Ermənistan ilə Azərbaycan
arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik
Şurasının, Avropa Şurası Parlament
Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi
bir sıra mühüm qərar və qətnamələrdən
heç biri icra olunmayıb. Beləliklə,
nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul
edilmiş qətnamələrin həyata keçirilməsi
mexanizmi olmalıdır. Bu mexanizm
hamımız tərəfindən yaradılmalıdır.
Digər halda, bu qətnamələr öz mahiyyətini
itirir. Biz beynəlxalq hüququn norma
və prinsiplərini qəti şəkildə təşviq edəcəyik".
Prezident Avropa rəsmilərinə çox ciddi şəkildə
xəbərdarlıq etdi ki, Ermənistan-Azərbaycan
münaqişəsi bütün regionu təhlükə
altına salır: “ Bu, dondurulmuş
münaqişədir. Lakin bu münaqişə,
əslində, donmuş hesab edilə bilməz. O,
dondurula bilməz, çünki münaqişə öz həllini
tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın
tarixi hissəsidir. Azərbaycanlılar
Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar.
Ermənilər bu yerlərdə iki yüz ildən az müddət öncə yaşamağa
başlayıblar. Tarixi abidələr,
Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda
erməni işğalçı ordusu tərəfindən
dağıdılıb. Münaqişə
Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazisinin 20 faizinin işğalı ilə
nəticələnib. Biz erməni
silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə
məruz qalmışıq. Bir milyon azərbaycanlı
öz ölkəsində qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb.
Dağlıq Qarabağ və onun ətrafında
yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki,
işğal altındadır. Bu, çox
böyük ədalətsizlikdir”.
Azərbaycan Prezidenti haqlı olaraq öz
etirazını bildirdi ki, “Dünyanın ən ali
beynəlxalq orqanı - BMT-nin Təhlükəsizlik
Şurası erməni işğalçı qüvvələrin
işğal olunmuş ərazilərdən dərhal və
qeyd-şərtsiz çıxarılmasını tələb
edən dörd qətnamə qəbul edib. Təəssüf
ki, öncə qeyd etdiyim kimi, bu qətnamələr icra edilməyib.
Bu, bir daha ikili standart siyasətini göstərir.
Çünki bəzən görürük ki,
BMT-nin qətnamələri bir neçə saat ərzində
icra edilir. Bizə gəldikdə isə bu,
iyirmi ildən çox çəkir. Mexanizm
isə yoxdur. Ermənistan əraziləri tərk
etmək istəmir. Onlar işğal etdiyi ərazilərdən
çıxmaq istəmir. Onlar hər bir
şeyi olduğu kimi saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər.
Bu, beynəlxalq vasitəçilərin göstərdiyi
səylərə tam ziddir. ATƏT-in Minsk
qrupu və həmsədrləri, BMT-nin Təhlükəsizlik
Şurasının daimi üzvləri - Birləşmiş
Ştatlar, Rusiya və Fransa - onların prezidentləri dəfələrlə
aydın bəyan ediblər ki, status-kvo qəbuledilməzdir.
Bu, o deməkdir ki, Ermənistan işğal
edilmiş ərazilərdən öz işğalçı
qüvvələrini çıxarmağa
başlamalıdır”.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Strasburqdakı
tarixi çıxışından iki gün sonra - iyunun 26-da
Silahlı Qüvvələr Günü münasibəti ilə
keçirilən möhtəşəm hərbi təlimdə
iştirak edən zabit və əsgərlərlə
görüşündə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinin
uzanmasının yolverilməz olduğunu, rəsmi
Bakının ölkənin ərazi
bütövlüyünü bərpa etmək
üçün bütün variantları məqbul
saydığını söyləmişdir. Bunun
üçünsə, təbii ki, güclü ordu
lazımdır. Belə bir ordunun Azərbaycanda
formalaşdırıldığını söyləyən
Prezident demişdir: “Bu gün təmas xəttində əldə
etdiyimiz üstünlük artıq reallıqdır. Azərbaycan cəmiyyətində, Azərbaycan
Ordusunda ruh yüksəkliyi müşahidə olunur. Ermənistanda, Ermənistan ordusunda ruh
düşkünlüyü müşahidə olunur. Əgər belə olmasaydı, təkcə birinci
rübdə 40 min erməni öz ölkəsini həmişəlik
tərk etməzdi. Ermənistanda ciddi
demoqrafik böhran yaşanır. Bu
böhranın əsas səbəbi onların
işğalçı siyasətidir. Onlar
hesab edirlər ki, müharibədə üstünlük əldə
ediblər. Hanı bu üstünlük?
Erməni xalqı səfalət içində
yaşayır. Ermənistan sadəcə
olaraq müstəqil ölkə kimi sayıla bilər. Amma real müstəqilliyi əldən verib. Nəyə görə? İşğalçı
siyasətinə görə.
Azərbaycan isə müstəqil siyasət
aparır. Azərbaycan güclənir,
regionda güc mərkəzidir. Bizim iqtisadi
gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı
artıracağıq, bundan sonra da danışıqlar
masasında prinsipial mövqeyimizi gücləndirəcəyik.
Bizim prinsipial mövqeyimizin əsas mənbəyi
Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan
Ordusudur, Azərbaycan əsgəridir. Mən
əminəm ki, Azərbaycan ərazi
bütövlüyünü bərpa edəcəkdir. Bunu biz bu gün də edə bilərik".
Keçirilən hərbi təlimin nəticələrindən
məmnunluq ifadə edən Ali Baş Komandan 20 ildən bəri
ürəyi yurd göynərtisi ilə sızıldayan
çoxsaylı qaçqın-köçkünlərimizə
məhz dövlət başçısının dilindən
səslənən bir ümid verdi:
“Bugünkü təlimlərdə göstərilən peşəkarlıq,
bizim texniki imkanlarımız, cəmiyyətdə yaşanan və
güclənən vətənpərvərlik ruhu istənilən
anda məsələnin tezliklə, hərbi yolla həll edilməsinə
şərait yaradır. Düşmən bunu
bilir və ona görə qorxu içindədir. Biz hələ ki, danışıqlara sadiq
qalacağıq. Ancaq bir daha demək istəyirəm
ki, səbrimiz tükənir və Azərbaycan Ordusu hər an
Ali Baş Komandanın əmrini yerinə yetirməyə
hazırdır, buna qadirdir. Bizim əsas vəzifəmiz
ərazi bütövlüyümüzün bərpasıdır.
İşğal edilmiş torpaqlar ilk növbədə
azad olunmalıdır, ondan sonra Dağlıq Qarabağ, - o da
işğal edilmiş torpağımızdır, - Azərbaycan
nəzarətində olmalıdır. Azərbaycan
bayrağı işğal edilmiş bütün şəhərlərdə,
o cümlədən Şuşada, Xankəndidə
qaldırılmalıdır və qaldırılacaqdır.
Bu, bizim əsas vəzifəmizdir. Biz bu vəzifəyə çatacağıq.
Biz hər gün, hər an bu hədəfə
yaxınlaşırıq. Bugünkü təlimlər
bir daha onu göstərir ki, biz bu hədəfə bir addım
da yaxınlaşmışıq”.
Bir daha AŞPA-nın adıçəkilən
sessiyası barədə qeydlərə qayıdaraq
xatırladaq ki, Prezident İlham Əliyev tədbirdəki
çıxışından sonra sualları cavablandırarkən
həm ermənilərin işğalçılıq siyasətindən
əl çəkmədiyini, həm beynəlxalq aləmdəki
bəzi qüvvələrin ikili standart siyasətini davam
etdirdiyini, bütün bunların fonunda Azərbaycan
iqtisadiyyatının və hərbi potensialımızın
sürətlə artdığını söyləmiş, ərazi
bütövlüyümüzü bərpa etmək
üçün bütün variantlardan istifadə etmək
hüququmuzun olduğunu xatırlatmışdı. Bunların hamısı qətiyyət nümunəsi
idi. Ancaq siyasi ekspertlərin fikrincə, Azərbaycan
Prezidenti ən böyük qətiyyəti öz ölkəsinə
ünvanlanan şər və böhtanları eşidərkən
nümayiş etdirib. Belə ki, Flin
soyadlı bir deputat utanmadan bəyan edib ki, guya Azərbaycanda
hansısa jurnalist əsassız olaraq cəzalandırılıb
və seçkinin nəticələri düzgün
hesablanmayıb. Azərbaycan Prezidenti ona çox kəskin
və konkret cavab verdi: “Verdiyiniz qısa
sualda iki dəfə yalan danışdınız. Siz iki dəfə yalan dediniz və mən bunu
sübut edəcəyəm. İndi isə
mənə qulaq asın. Azərbaycanda
jurnalistlər ittiham olunmur və 2009-cu ildən bəri
heç kəs böhtana görə həbs olunmayıb.
Heç bir kəs. Bu, sizin
birinci yalanınızdır. İkinci
yalanınız isə seçkilərin saxta olması ilə
bağlıdır. Avropa Şurasının Parlament
Assambleyası seçkini müşahidə etmək
üçün nümayəndə heyəti göndərmişdi
və çox güman ki, siz bu nümayəndə heyətinin
tərtib etdiyi hesabatla tanış
deyilsiniz. Əgər siz hesabatla tanış
deyilsinizsə, həmkarlarınızla əlaqə
saxlayın. Onlar Azərbaycanda keçirilən
seçkiləri müsbət dəyərləndiriblər.
Mindən çox beynəlxalq müşahidəçi
seçkilərdə iştirak etmişdir, beynəlxalq təşkilatlar
tərəfindən bir neçə exit-poll keçirilib.
Bütün bu təşkilatlar seçkilərin
rəsmi nəticələrini dəstəkləyib. Beləliklə, onların da verdiyi qiymət fərqli
olmayıb. Avropa Şurası Parlament
Assambleyası nümayəndə heyəti göndərmişdi
və onların tərtib etdiyi hesabat müsbət olub. O
hesabat burada tərtib olunub. Avropa Parlamenti
nümayəndə heyəti göndərmişdi, hesabat
müsbət olmuşdur. ATƏT-in Parlament
Assambleyası da nümayəndə heyəti göndərmişdi,
bu da müsbət nəticə vermişdir. Niyə görə siz burada yalan
danışırsınız? Seçkilər
azad və ədalətli idi və seçkilərin nəticələri
burada bu təşkilat tərəfindən təsdiq olunub.
Ola bilsin ki, bu vəziyyət sizin ölkənizdə
baş verir”.
Beləliklə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin həm Avropa
Şurası Parlament Assambleyasının sessiyasındakı,
həm də Silahlı Qüvvələr Günü
münasibəti ilə keçirilmiş hərbi təlimdən
sonrakı çıxışları milli dövlətçiliyimizi
sevən, onu qoruyub saxlamaq istəyən adamlar tərəfindən
məmnunluqla, bədxahlarımız tərəfdən isə
təlaş, təşviş və həyəcanla
qarşılandı. Amma, bu məqamdan
nəticə çıxarmalı olan üçüncü tərəf
də var idi. Biz həmin ünvanı üçüncü tərəf
adlandırsaq da oradakılar xalqlara və dövlətlərə
münasibətdə həmişə ikili standartla fəaliyyət
göstərən və yaşayanlardır. Fikrimizcə, nəticə
çıxarmağın vaxtıdır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 4 iyul.- S.1.