Azərbaycan strateji əhəmiyyətli
layihələrdə iradə nümayiş etdirən
regional gücə çevrilmişdir
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir. Nəticədə hazırda Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcminə görə beynəlxalq miqyasda 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur.
Beynəlxalq maliyyə-kredit
təşkilatları və aparıcı analitik
mərkəzlər qlobal iqtisadi
artımın bu il də
davam edəcəyini
proqnozlaşdırırlar. Belə ki, Beynəlxalq
Valyuta Fondunun
açıqladığı son proqnozlara görə, 2014-cü ilin sonunadək qlobal iqtisadi artımın 3,6 faiz
olacağı gözlənilir.
Bu gün ölkəmizdə
daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi,
ixracın şaxələndirilməsi strateji
vəzifələrdəndir. Qeyri-neft sektorunda ixracyönümlü
iqtisadi artımın təmin olması və
bu artımın əsasən özəl daxili və xarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin
və tədiyə balansının
dayanıqlığının artırılmasına xidmət
edir. Xatırladaq ki,
ixracyönümlü inkişaf
modeli ticari sektorun iqtisadi artım və
məşğulluqda yüksək xüsusi
çəkisinin formalaşmasını nəzərdə tutur.
Dövlət
tərəfindən tənzimlənən tarif
və qiymətlər, inflyasiyanın tələb amilləri, dünya bazarında qiymət dinamikası,
habelə tərəfdaş ölkələrdə qiymətlərin
səviyyəsi və valyuta məzənnələri
bu il inflyasiyaya
təsir edən əsas amillərdir. Bu amillər, habelə
pul siyasəti qərarlarının iqtisadiyyata ötürücülük
qabiliyyəti nəzərə alınmaqla inflyasiya
proqnozuna nail olmaq üçün Mərkəzi
Bank hazırda hökumətlə birlikdə
adekvat tənzimləmə tədbirləri
həyata keçirir.
Regionlarda elektron bank xidmətlərinə
çıxış imkanlarının daha
da artırılması təşviq olunur. İnnovativ ödəniş
alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin
artması üçün
stimullaşdırma tədbirləri davam etdirilir. Elektron ödəniş xidmətləri sahəsində
qanunvericilik bazasının
formalaşdırılması işlərinə də
başlanılmışdır.
Hazırda
uğurla reallaşdırılan şaxələndirmə
prosesi daxili tələblə
yanaşı, qeyri-neft ixracının da iqtisadi artımda rolunun daha da
güclənməsi üçün zəmin
yaradır. Şaxələndirmə prosesinə dəstək olaraq Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin
qorunmasını təmin edir. Bunun üçün
adı çəkilən bank
inflyasiyanın birrəqəmli səviyyədə tənzimlənməsinə
dəstək məqsədilə müxtəlif tədbirlər
həyata keçirir.
Azərbaycan
iqtisadiyyatının bir çox
sahələrində, xüsusilə də qeyri-neft
sektorunda nəzərə çarpan
yüksəliş bir tərəfdən
ölkəmizin geniş inkişaf
potensialını əks etdirir, digər tərəfdən
isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə
tədbirlərin reallaşdırılması zərurətini ortaya
qoyur.
Yaxın
illərdə qarşıda duran əsas məsələlərdən
biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından
asılılığı aradan
qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun
aparıcı tərkib hissəsi olan sənaye
sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması,
texnoparkların sənayeləşmədə strateji
layihələr kimi yer
alması Prezident İlham
Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında da başlıca hədəflər
sırasındadır.
Son illər Azərbaycanda
sahibkarlığın inkişafının yeni
təşkilati-iqtisadi modellərinin - xüsusi
iqtisadi zonaların, sənaye şəhərciyinin
və biznes inkubatorların tətbiqi sahəsində
müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq
strukturlarının yaradılmasının məqsədəuyğun
istiqamətləndirilməsi və
stimullaşdırılması vasitəsilə innovasiyaya
əsaslanan yüksək keyfiyyətli əmtəələrin
və xidmətlərin təklifinin sabit
artımına dövlət tərəfindən müvafiq
şərait yaradılmışdır. Ötən illərdə
vergi yükünün
azaldılması və vergi
prosedurlarının asanlaşdırılması, dövlət
qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin
tətbiqi, sahibkarlıq subyektlərinə güzəştli
kreditlərin verilməsi özəl sektorun
inkişafını daha da
sürətləndirmişdir.
Sahibkarlığa
Kömək Milli Fondu
tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində
fəaliyyət göstərən sahibkarlıq subyektlərinin
investisiya layihələrinin maliyyələşdirilməsi
bu baxımdan mühüm
önəm daşıyır. Adı çəkilən fondun icraçı direktoru
Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində ölkə üzrə
2460 sahibkarlıq subyektinin investisiya
layihəsinin maliyyələşdirilməsinə 122 milyon manat güzəştli
kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən
layihələrin reallaşdırılması 5600-dən çox yeni iş yerinin
yaradılmasına imkan verir.
Azərbaycan
hazırda investisiya cəlb edən ölkədən
investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə
nümunə göstərən regional
gücə çevrilmişdir. Son illərdə ölkəmiz öz
təbii ehtiyatlarından, coğrafi
mövqeyindən uğurla
faydalanmış və dünya
iqtisadiyyatının fəal iştirakçısına
çevrilmişdir.Qarşıdakı aylarda
və illərdə uğurlarımız daha
böyük olacaqdır. Azərbaycan Prezidenti İlham
Əliyevin qeyd etdiyi kimi, Azərbaycan yenə də özünü
dünyaya yenidən müasir,
dinamik inkişaf edən,
güclü dövlət kimi
təqdim edəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev
iyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər
kəs üçün təhlükəsizliyə
doğru” devizi
altında iyirmi üçüncü
illik sessiyasının plenar
iclasının açılış mərasimində ölkəmizin
sosial-iqtisadi uğurları barədə ətraflı
bəhs etmişdir. Dövlət
başçımız demişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinə
baxmayaraq, Azərbaycan sürətli iqtisadi inkişaf nümayiş etdirir. Son 10 il ərzində
ölkəmiz dünyada ən sürətlə
inkişaf edən iqtisadiyyata
malik olmuşdur. Bu dövrdə iqtisadiyyat
3 dəfədən çox
artmışdır. Bu, dünyada
ən sürətli inkişaf göstəricisidir.
Eyni zamanda, yoxsulluq demək olar ki, 10 dəfə azalmışdır.
Hazırda yoxsulluq 5 faiz
səviyyəsindədir. Çox sabit maliyyə sistemi mövcuddur. Azərbaycanın xarici
borcu ümumi daxili məhsulun yalnız 8 faizini
təşkil edir. Bu, dünyada ən yaxşı göstəricilərdən
biridir. Valyuta
ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizdən çoxunu
təşkil edir. Bunun
sayəsində Azərbaycanın sərmayə qoymaq və beynəlxalq bazarlarda
kredit götürmək imkanı
vardır. Ölkəmizin kredit reytinqi “S&P”, “Moody’s” və
“Fitch” kimi əsas reytinq agentlikləri tərəfindən
yaxşılaşdırılmışdır. Azərbaycan xarici sərmayələri lazımi qaydada qoruyan ölkə kimi yaxşı nüfuza malikdir. Ötən 10 ildə Azərbaycana 170 milyard dollar məbləğində
sərmayə yatırılmışdır. Keçən il bu göstərici 28 milyard dollar olmuşdur. Bu rəqəmin
70 faizi yerli, 30 faizi isə xarici sərmayədir.
Gələcək üçün iqtisadi perspektivlər çox
müsbətdir.
Azərbaycan beynəlxalq
aləmdə həm də etibarlı tərəfdaş kimi nüfuz
qazanmışdır. Ölkəmizin təşəbbüskarı
olduğu transmilli
layihələr hazırda Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
vasitəsilə Xəzər dənizinin enerji
resursları region ölkələrinə
və Avropaya nəql edilir.
Transanadolu və Transadriatik
qaz kəmərləri isə enerji əməkdaşlığımızı
genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından
birinə çevirəcəkdir.
Diqqətçəkən
başqa bir fakt. Bu gün
Azərbaycan regionda əlverişli
mövqeyə malik olan
mühüm tranzit mərkəzidir
ki, bu da ölkənin cəlbediciliyini
daha da artırır. Son 10 ildə respublikamızda 6 beynəlxalq hava limanı istifadəyə verilmiş,
TRASEKA və Şimal-Cənub dəhlizləri çərçivəsində
magistral yollar yenidən
qurulmuşdur.
Hazırda tikinti işləri
respublikamızın bütün bölgələrini
əhatə etməklə yanaşı, regional
xarakter almışdır. Belə ki, mühüm nəqliyyat
və kommunikasiya xarakterli
inşaat layihələri Azərbaycanla bərabər,
digər qonşu dövlətlərin də
ərazisini əhatə edir ki, bu da
bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin
yaradılması deməkdir. Qədim İpək
Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində
tranzit marşrutlarının dünya səviyyəsində yenidən
qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin
sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyev demişdir: “Bizim
düşünülmüş siyasətimiz,
eyni zamanda, planlı
addımlarımız məhz ona
hesablanıb ki, bütün
infrastruktur layihələri uğurla başa
çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin
yaradılması sovet dövründən
başlamışdır. Onların bir
hissəsi köhnəlmiş, bir hissəsi
sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni
texnologiyalar vardır, yeni
ixtiralar üzə
çıxıbdır. Biz elə etməliyik
ki, bizim infrastruktur sahəsində heç
bir çatışmazlıq
olmasın...”.
Prezident İlham Əliyev qeyd
etmişdir ki, bu cür layihələr həm
ölkəmizin sosial-iqtisadi vəziyyətini
yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla
təmin olunmasına səbəb olur, həm
də Azərbaycanın regionda gücünü artırır.
Avropanın
“Neurope.eu” informasiya
portalına Prezident İlham
Əliyevin verdiyi müsahibədə
dövlət başçımız müxbirin
“...10 il öncə qarşıya qoyduğunuz vəzifələr artıq
reallığa çevrilib?” sualına
cavabında demişdir:...İqtisadi
inkişaf templəri baxımından Azərbaycan
dünya liderinə çevrilmişdir. Bu isə ölkəmizi
daha da gücləndirmişdir.
Düşünülmüş proqramlara əsaslanan məqsədyönlü
fəaliyyət nəticəsində son 10
ildə ümumi daxili
məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft
sektoru 2,6 dəfə, büdcə gəlirləri
16 dəfə artmış, həmçinin strateji
valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçmişdir.
Milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə
yatırılmışdır...Bu cür sürətli inkişaf
vətəndaşlarımızın rifahının yüksəlməsinə
səbəb olmuşdur. Son
10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı isə 5,5 dəfə
artmışdır.
Cənab İlham Əliyev müsahibəsində həmçinin
demişdir ki, Azərbaycanın
uğurları beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri
tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun 2013-2014-cü il
üzrə Qlobal Rəqabətlilik
Hesabatına əsasən Azərbaycan dünya
ölkələri arasında 39-cu sıradadır. Bu illər ərzində ölkəmizin
dünyadakı mövqeyi güclənmişdir.
Azərbaycan beynəlxalq münasibətlər sistemində
yaxşı imic və hörmət
qazanmışdır. Bir çox
beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi
ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni
mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin
mühüm beynəlxalq tədbirlərə
ev sahibliyi etməsi
artıq ənənə halı almışdır. 2013-cü
ildə İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində Fələstinə yardım
məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və
digər yüksək səviyyəli qlobal
tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir.
Dövlət
başçımız müsahibəsində Azərbaycanda son illər ərzində İKT-nin
inkişafı sahəsində əldə edilən uğurlardan da
danışmışdır. Ölkə Prezidenti
demişdir ki, Azərbaycanın
həyata keçirdiyi iqtisadi
siyasətin üstünlüyü
ondadır ki, bütün
işlər ölkənin real imkanları, ən yaxşı beynəlxalq
təcrübələr və xüsusi proqramlar üzərində qurulur.
Təcrübə göstərir ki, müasir texnologiyaların tətbiqi rəqabətədavamlı
iqtisadiyyat üçün
ilkin şərtdir. Bu səbəbdən də innovasiyadan təkcə iqtisadiyyatda
deyil, eyni zamanda, digər sahələrdə də geniş istifadə edilir. İnformasiya-kommunikasiya texnologiyaları
sürətlə inkişaf edir və böyük gələcəyə
malikdir. 2003-cü ildə Milli
İKT Strategiyasının, sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət
Proqramının qəbul olunması bu
sahənin inkişafına böyük təkan
vermişdir. Müstəqillik illərində
Azərbaycanda İKT-nin inkişafına 3
milyard ABŞ dollarından artıq vəsait
yatırılmışdır. Nəticədə son 10 ildə informasiya və
rabitə sahəsinin inkişafı 8,2 dəfə
artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması və ölkədə
kosmik sənayenin əsasının
qoyulması tarixi hadisədir. Növbəti
illərdə daha iki peykin orbitə buraxılması ilə
bağlı işlər aparılır.
Göründüyü kimi, təməli
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi
siyasətin uğurla həyata
keçirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik,
davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş,
əlverişli biznes və investisiya mühiti
yaradılmışdır.
Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf
tempinə görə dünyada öncül yerlərdədir. Ötən
dövrdə ölkə həyatının bütün
sahələrində misilsiz yüksəliş
baş vermişdir. Bu nailiyyətlərin təməli isə, heç şübhəsiz, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulan sosial-iqtisadi inkişaf strategiyasının Prezident
İlham Əliyevin rəhbərliyilə uğurla
reallaşdırılmasıdır
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 5 iyul.- S.1.