Vətənpərvərlik insanın

daxili zənginliyidir

 

 ...Bu, duyğular duyğusudur. İnsanı zirvələrə, səmalara yüksəldir. Qəlbini sardımı, qəhrəmanlığa, fədakarlığa, məğlubedilməzliyə köklənirsən. Özünə inamın artır. Başlıcası isə mənsubiyyətinlə öyünürsən, haradan gəlib, hara getdiyini bilirsən.

 

Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Cavad xan, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur  soydaşlarımızın, həmçinin  çağımızın milli qəhrəmanlarının nümunəsi xalqımızın əzəli cəngavərliyinin əlvan tablolarıdır.

Türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərləri, vətənpərvərlik tərbiyəsini hər bir zaman üçün vacib amil sayırdı. Unudulmaz dahi şəxsiyyətin bu barədə söylədiyi qanadlı fikirlər daim duyğu və düşüncələrimizin səmasında pərvaz edir, ürəklərimizin ən dərin guşələrinə şölə saçır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

...Bakıda keçirilən bir tədbirdə ümummilli liderin Səməd Vurğunun “Azərbaycan” şeirindən bir parçanı söyləyərkən necə kövrəldiyi hər kəsin xatirindədir:

 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən.

Anam, doğma vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Bu misraları canlandıran ehtizazlı səs bir anda hamını necə də duyğulandırmışdı!

Heydər Əliyev əlində Azərbaycanın xəritəsi ölkələri gəzərək yorulub-usanmadan haqq işimizi  dünyanın soyuqqanlı siyasilərinin şüurlarına yeridir, əziz bayramlarını qaçqın və məcburi köçkün soydaşlarımızla birgə keçirirdi. Onun örnək vətənpərvərliyi sönməz məşəl kimi milyonların ürəyinə şölə saçır.

Əsrlərin o üzündən gələn bir deyim var: “Torpağı qoruyarsan, Vətən olar, qorumazsan, kəfən”. Vətənə sədaqət  ən çətin anlarda belə adamların qüvvələrini azadlıq uğrunda mübarizəyə səfərbər edir. Vətən sevgisi, yurd təəssübü gənc nəslin milli mənlik şüurunun inkişafında əsas aspektləri müəyyənləşdirir.

Ümummilli liderin layiqli davamçısı,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətənpərvərliyi gənclər üçün parlaq nümunədir.

Nəbzi daim vətənin nəbzi ilə vuran dövlət başçımızın qarşıya qoyduğu əsas vəzifələrdən biri torpaqlarımızı işğaldan qurtarmaq, yurd-yuvalarından didərgin salınmış soydaşlarımızı öz ata-baba torpaqlarına qaytarmaqdır. İlham Əliyev hələ Milli Məclisin deputatı olduğu zaman yüksək siyasi fəallığı ilə seçilmişdir. Biz bunu onun Azərbaycan parlamenti nümayəndə heyətinin AŞPA-dakı məhsuldar fəaliyyətində, parlaq çıxışlarında dönə-dönə görmüş və haqlı iftixar hissi keçirmişik. Separatçı qüvvələrin Qarabağ müharibəsinin başlıca səbəbləri və əsl  günahkarları haqqında ört-basdır etməyə çalışdıqları həqiqəti İlham Əliyev Strasburqda böyük qətiyyətlə bütün dünyaya bəyan etmiş, erməni nümayəndə heyətini çıxılmaz vəziyyətə salmışdır.

ABŞ-a səfərlərindən birində cənab İlham Əliyev Asiya Cəmiyyətinin Kaliforniya Mərkəzi və Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən Los-Anceles şəhərində təşkil olunmuş seminarda iştirak etmişdir. Bildiyimiz kimi, Los-Anceles erməni diasporunun ən güclü mərkəzlərindən biridir. Diaspor orada ictimai rəyi Ermənistanın xeyrinə formalaşdırmaq üçün fəal iş aparır, Qarabağ münaqişəsində ölkəmizi günahlandırmağa cəhd göstərir. Buna görə də Azərbaycanın haqq səsinin, real vəziyyətin ABŞ ictimaiyyətinə çatdırılması baxımından həmin   seminarın böyük önəmi var idi. İlham Əliyev bu beynəlxalq tədbirdə böyük cəsarətlə çıxış etdi və  geniş yayılmış “erməni mifi”nə ağır zərbə vuran ilk azərbaycanlı  oldu. Sonra erməni diasporunun liderlərinə, xalqı şəxsi maraqlarının girovuna çevirmiş daşnaklara mesaj göndərdi: “Birdəfəlik başa düşmək lazımdır ki, Dağlıq Qarabağı heç bir ölkə, heç bir qurum müstəqil dövlət kimi tanımayacaq. Azərbaycan da indi düşdüyü vəziyyətlə heç vaxt razılaşmayacaqdır. Azərbaycan öz torpaqlarının bir hissəsinin zəbt edilməsinə razı ola bilməz. Ermənistan silahlı qüvvələri zəbt etdikləri torpaqlarımızı gec-tez tərk etməlidirlər”.

Vətənpərvərlik konkret əməli işə söykənəndə, fədakar addımlarla müşayiət olunanda daha möhtəşəm təsir bağışlayır. İlham Əliyev məhz belə böyük vətənpərvərdir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin cəbhənin təmas xəttindən alınaraq Vətəndə torpağa tapşırılması, Macarıstanda bizim dövlət bayrağımızı təhqir etdiyinə görə erməni zabitini ölümlə cəzalandırmış Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və dərhal azad edilərək dövlət təltifinə layiq görülməsi,... bu kimi digər faktlar hər birimizin qəlbini sonsuz vətənpərvərlik duyğuları ilə coşdurmuşdur.

İşğalçı ermənilərlə döyüşdə böyük şücaət göstərərək qəhrəmanlıqla həlak olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov və Prezident sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovla vida mərasimində   Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı hər bir iştirakçı üçün əsl vətənpərvərlik dərsi sayıla bilər: “Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə  5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olubdur. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir. Fərid Əhmədov döyüş vəzifəsini icra edərkən həlak olmuşdur. Hər ikisi ölümündən sonra Azərbaycan dövləti tərəfindən yüksək mükafatlarla təltif olunmuşdur... Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə qəhrəmanlar böyütmüşlər. Onların verdiyi tərbiyə - vətənpərvərlik tərbiyəsi Mübarizi və Fəridi mənəviyyat zirvəsinə ucaltmışdır.

Təmas xəttində hər bir itki bizi sarsıdır, hər bir itki bizim üçün ağırdır. Ancaq biz müharibə şəraitində yaşayırıq və Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir... Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar”.

Burada xalqımızın tarixinə “qanlı şənbə” kimi daxil olmuş 20 Yanvar hadisələrini xatırlamaq vacibdir. O vaxt insanlar Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi. Hadisələr Azərbaycan xalqının haqsızlıqdan cana doyduğunu  və buna görə də ayağa qalxdığını göstərdi. Şər imperiyası milli hərəkatı, milli şüuru 70 il ərzində   amansızlıqla boğmuşdu. Ancaq Azərbaycan xalqı sübut etdi ki, onun milli qüruru  sınmayıb. İndi azadlıq aşiqlərinin uyuduğu Bakının dağüstü parkındakı Şəhidlər Xiyabanı, digər şəhər və rayonlardakı müqəddəs məzarıstanlar xalqımız üçün çox böyük ziyarətgaha, and yerinə çevrilmişdir.

Tarixin ibrət dərsləri unudulmur. Qanlar bahasına qazanılanların qədrini bilməyə, Vətəni göz bəbəyi kimi qorumağa səsləyir, bu yolda can qurban etməyə ürəkləndirir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı üçün Vətən anlayışı yaratdığı milli dövlətə münasibətdə yeni məna daşımağa başlamışdır.

Gənclərin vətənpərvərlik tərbiyəsində dövlət rəmzlərinin təbliği mühüm rola malikdir. Bir çox ölkələrdə bayrağa, gerbə və himnə, milli bayramlara hörmət hisslərinin möhkəmləndirilməsi vasitəsilə gənclərdə vətənpərvərlik amalının formalaşdırılması üçün məqsədyönlü iş aparılır. Məsələn, ABŞ-da bir çox ailələr öz evlərini, eyvanlarını, sürücülər minik və yük  maşınlarını bayraqlarla bəzəyirlər. ABŞ himni çalınanda hər on amerikalıdan doqquzu onu sonacan fəxrlə ifa edir. Çin Xalq Respublikasında gənclərin milli-vətənpərvərlik tərbiyəsində məqsəd kimi milli dəyərlərin qorunması əsas götürülür və bunun  köməyilə sürətli inkişafa nail olunur. Bizdə isə, etiraf edək ki, dövlət himnini  məktəblilər, tələbə və idmançılar istisna olmaqla, heç də hamı əzbər bilmir və himn oxunanda bəzilərimiz yalnız ayağa durmaqla kifayətlənməli oluruq.

Ölkəmizdə qeyri-ənənəvi radikal dini qruplar və missioner sektalar da fəaliyyət göstərir. Azərbaycana heç də xoş münasibət bəsləməyən   qüvvələrin dəstəklədiyi həmin qruplar öz sıralarına bəzi gəncləri cəlb edə bilir. Bu isə mənəvi dəyərlərin səhv qavranılmasına, davranışlarda kriminal xarakterli sapıntılara yol aça bilər. Odur ki, İslamın mahiyyəti gənclərə doğru-düzgün  izah edilməli və bu yöndə məqsədyönlü siyasət davamlı şəkildə aparılmalıdır. Zəruri istinadımız da var. Azərbaycan Prezidentinin 30 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi dövlət proqramı”, Nazirlər Kabinetinin 17 fevral 1999-cu il tarixli  qərarı ilə təsdiq edilmiş “Gənclərdə vətənpərvərlik və  vətəndaşlıq hisslərinin yüksəldilməsi Proqramı” və digər sənədlər bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ayrı-ayrı konsepsiyalar həmin sənədlərin həyata keçməsi üçün yardımçı rol oynayır.

Uğrunda qan tökülən torpaq Vətəndir. Qədim dövrlərdən Azərbaycan işğal hücumlarına məruz qalmışdır. Bu zaman qəhrəmancasına müqavimət göstərilməsinə dair örnəklərimiz vətənpərvərliyimizin qürur görüntüləri sayılır. Amma milli mücadilə taleyimizdə Xocalı faciəsi kimi səhnələr də var ki, bunlar bizim vətənpərvərliyimizin qan sızan yaralarıdır. Nə qədər ki, ərazi bütövlüyümüz təmin edilməyib, bu yaralar köz bağlamayacaq.   Dövlətimizin və ordumuzun get-gedə güclənməsi, dünyada və regionda gedən proseslər bu sarıdan nikbinliyimizi xeyli artırır.

...Cəbhə bölgələrindən gələn hər uğur xəbərinin həmin an necə də qürur xəbərinə çevrildiyini izah etməyə ehtiyac yoxdur. Dəfələrlə atəşkəs rejimini pozaraq əsgərlərimizə, hətta dinc əhaliyə güllə atan mənfur düşmənin cavab atəşləri ilə susdurulması, onun döyüş postlarının dağıdılması barədə kiçicik xəbərlər belə bizi yetərincə ruhlandırır. Böyük qələbə xəbərinin gələcəyi gün də  uzaqda deyil.

Ötən əsrin görkəmli ictimai-siyasi xadimi və yazıçısı Nəriman Nərimanovun bu fikirlərini illərdir ki, qeyd dəftərçəmə yazmışam: “Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün... Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt vətən deyə bilərsiniz ki, onun sahibi olasınız”.

Doğma torpaqlarımızın hər qarışına sahib olmağa bizim tam haqqımız və iqtidarımız var.

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul – Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar  elan etdiyi müsabiqəyə təqdim etmək üçündür.

 

Xalq qəzeti.- 2014.- 5 iyul.- S.4.