İnformasiya Texnologiyalarının İnkişafı
Dövlət
Fondu Milli Strategiyanın tərkib hissəsidir
Bu
gün İKT respublikanın davamlı inkişafının təmin
edilməsi, intellektual potensialının gücləndirilməsi,
biznesin irəliləməsi, korrupsiya ilə mübarizə,
yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə
şəffaflığın və demokratiyanın inkişaf
etdirilməsində əhəmiyyətli rol oynayır.
Dövlət idarəçiliyi,
təhsil, səhiyyə, biznes, bank işi və digər
sahələrdə yeni dəyərlər
yaradan İKT ictimai-iqtisadi
münasibətlərin vacib tərkib hissəsinə
çevrilmişdir. Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası"nda müəyyən
edilmiş əsas hədəfə çatmaq üçün
növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi,
İKT-nin iqtisadi
potensialının gücləndirilməsi, cəmiyyətin
İKT ehtiyaclarının ödənilməsi tələb olunur. Dövlətin daimi qayğı
göstərdiyi bu
sahənin ölkə iqtisadiyyatının gələcək
inkişafı üçün prioritetlərdən
olduğu bəyan edilmiş
və Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 16 yanvar tarixli sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.
Məhz bunun təzahürüdür
ki, bir çox
beynəlxalq hesabatlarda, o
cümlədən Dünya İqtisadi Forumunun “The Global Information
Technology Report” hesabatında
Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri
nəzərə alınmağa başlanılmış və
2013-cü ilin hesabatında “İKT-yə
dəstəkdə hökumətin
uğurları” və “Hökumətin gələcək
baxışlarında İKT-yə verilən əhəmiyyət”
indekslərinə görə ölkəmiz dünya
üzrə ilk onluqda yer almışdır. Ümumilikdə isə bu hesabatda Azərbaycan
şəbəkə hazırlığı indeksi
üzrə 144 ölkə arasında 56-cı yeri
tutmuş və MDB ölkələri arasında liderlər qrupunda
olmuşdur. 2005-ci və 2010-cu illərdə
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq
edilmiş Azərbaycan Respublikasında
rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə dövlət
proqramları, həmçinin, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il
14 may tarixli sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında 2010-2011-ci illərdə ”Elektron
hökumət"in formalaşdırılması üzrə
Fəaliyyət Proqramı" İKT-nin
inkişafı ilə bağlı əməli tədbirlərin
həyata keçirilməsini təmin etmişdir.
Bütün bunlar İKT-nin
inkişafı üçün yeni imkanlar açmaqla
yanaşı, sahə üzrə azad bazar və sağlam rəqabət
prinsiplərinin gözlənilməsinə, vətəndaşların
və dövlət orqanlarının İKT-dən geniş istifadəsinə şərait
yaratmışdır.
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün
Milli Strategiya” (Milli Strategiya)
hazırlanmışdır.
Milli Strategiyaya əsasən informasiya və biliklərə əsaslanan
iqtisadiyyatın inkişaf etdirilməsi, rəqabətqabiliyyətli
və ixracyönlü yüksək texnologiyalar sektorunun
inkişafı, investisiya cəlbediciliyinin
yüksəldilməsi, ölkədə dünya
səviyyəsinə uyğun elmtutumlu və yüksək texnoloji
məhsulların yaradılması və onların tətbiqini təmin edən innovasiya sisteminin
formalaşdırılması əsas məqsədlərdəndir.
Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə yaradılan Azərbaycan
Respublikası İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondu (Fond) uzunmüddətli
perspektivə hesablanmış siyasətin və Milli Strategiyanın tərkib hissəsidir. Fondun əsas
məqsədi İKT sahəsində dövlət siyasətinin
həyata keçirilməsinə yardım etmək,
sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini
stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və
orta sahibkarlıq subyektlərinə
maliyyə dəstəyi göstərmək, bu
sahəyə yerli və xarici
investisiyaları cəlb etməkdən ibarətdir.
Fondunun yaradılması İKT sahəsində fəaliyyətin
stimullaşdırılmasına, innovasiyaların tətbiqinə,
habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə,
istehsal yönümlü
fəaliyyətin dəstəklənməsinə, bu sahəyə yerli və
xarici investisiyaların cəlb
olunmasına xidmət edir. Fond mütərəqqi
proqram təminatının və innovativ İKT məhsulları nümunələrinin
hazırlanması, həmçinin innovativ
infrastrukturun inkişafı, müasir texnologiyalar əsasında
informasiya şəbəkələrinin
yaradılması, İKT xidmətlərinin genişləndirilməsi,
o cümlədən internet
xidmətlərinin inkişafı layihələrinin inkişaf etdirilməsi və onların
kommersiyalaşdırılmasına maliyyə dəstəyi
göstərir. Fond İKT sahəsində
sahibkarlığı inkişaf etdirmək
məqsədilə yeni yaranan
“start-up” şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini
həyata keçirməyə başlayıb. Artıq Fond tərəfindən elan
olunan 1-ci qrant
müsabiqəsi başa
çatmaqdadır. Belə ki, Fonda təqdim edilən 194 layihədən 59-u uğurla ilkin və kompleks ekspertizanı keçərək yekun qərarın verilməsi üçün
Fondun Müşahidə Şurasına təqdim
olunub. Fondun təqdim etdiyi qrantlar müsabiqə
yolu ilə seçilən və fondun fəaliyyət istiqamətinə uyğun olan layihələrə
veriləcəkdir. Həmçinin, fond İKT sahəsində
elmi-tədqiqat işlərinin genişlənməsi, innovativ fəaliyyətin stimullaşması və
istehsal yönümlü
fəaliyyətin dəstəklənməsi kimi
vacib məqsədlərə xidmət edəcək
və bu məqsədlərə nail olmaq üçün
maliyyə resurslarının cəlb edilməsi, bundan səmərəli istifadə
olunmasını həyata keçirəcəkdir. Azərbaycan
Respublikası Prezidentinin 5 noyabr
2012-ci il tarixli fərmanı ilə
yaradılmış Yüksək Texnologiyalar
Parkının rezidentləri və biznes-inkubator
layihələri üçün maliyyə-donor
rolunun bir hissəsinin
Fond tərəfindən yerinə yetirilməsi
gözlənilir.
Fondun fəaliyyətinin əsas istiqamətlərindən
biri də İKT sahəsində fəaliyyət
göstərən sahibkarlıq subyektərinə müvəkkil
kredit təşkilatları vasitəsilə
güzəştli kreditlərin verilməsidir. İKT sahəsində
fəaliyyət göstərən sahibkarlıq subyektləri
artıq güzəştli kreditlərin alınması üçün müvəkkil banklara müraciət etməyə
başlayıblar. Fondun kreditlərindən
istifadə etməklə sahibkarlar daha iri həcmli İKT
layihələrini həyata keçirməyə nail olacaqlar. Kreditlərin
qaytarılmasında güzəşt müddətinin
olması, həmçinin faiz dərəcəsinin
5 faizə qədər müəyyənləşdirilməsi bu maliyyə alətini sahibkarlar
üçün əlçatan edir.
Bundan əlavə, Fond İKT sahəsində
fəaliyyət göstərən hüquqi
şəxslərin fəaliyyətində payçı və
ya səhmdar kimi iştirak edərək, investisiya
maliyyələşdirilməsini həyata keçirir.
İnvestisiya maliyyələşdirilməsi
hüquqi şəxsin nizamnamə
kapitalının bir hissəsinin Fondun maliyyə vəsaiti hesabına formalaşdırılması və
ya artırılması yolu
ilə həyata keçirilir. Fond, özü investisiya subyekti kimi çıxış etməkdən əlavə,
birgə layihələrə cəlb olunan
xaric investisiyaların qorunmasına təminat
verərək ölkənin İKT sektoruna
xarici investisiyaları cəlb etməyə
şərait yaradır. Fondun maliyyə dəstəyi ilə ölkədə müasir İKT sənayesinin təşəkkül
tapacağı, innovativ startapların, həmçinin
sahə üzrə iri layihələr həyata
keçirəcək sahibkarlıq subyektlərinin ölkədə
“bilik iqtisadiyyatı”nın qurulmasına böyük töhvə verəcəyi
şübhəsizdir. Görülən işlər sayəsində
İKT sahəsinin inkişaf tempinin daha da
artacağı, sahənin ÜDM-dəki payının 2020-ci
ilədək hədəflənən 10 faizi
ötəcəyi də real görünür.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 5 iyul.- S.6.