Azərbaycan nümayəndə
heyəti Kalmıkiyada
Kalmıkiya
Muxtar Respublikasında yaşayan azərbaycanlıların istəyi
ilə gerçəkləşən və Dünya Azərbaycanlılarının
Mədəniyyət Mərkəzinin (DAMM) vitse-prezidenti Rasim Məmmədovun
başçılıq etdiyi nümayəndə heyəti bu
ölkədə iki günlük səfərdə
olmuşdur.
DAMM-ın ağsaqqallar şurasının üzvü, yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Əvəz Mahmudov, adı çəlilən mərkəzin icraçı direktoru, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Aygün Zeynalova, iş adamı İlşad Süleymanov, Prezident təqaüdçüsü, tarzən Atabəy İsmayılov, pianoçu Samirə Kərimova və saz ifaçısı Vahid Babaşovun daxil olduğu nümayəndə heyətinin səfəri Şahmat Mərkəzi ilə tanışlıqla başlamışdır. Sonra nümayəndə heyəti Kalmıkiya Respublikasının prezidenti Aleksey Orlovun anası Svetlana Alekseyevna ilə görüşmüş, qonaqlara ziyafət verilmişdir.
Səfər çərçivəsində Azərbaycan və Kalmıkiyanın mədəniyyət və incəsənət xadimləri ilə birgə konsert proqramı təşkil olunmuşdur. Konsertdə Azərbaycan və digər xalqların diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.
İyulun 2-də həmyerlilərimizi Kalmıkiya Muxtar Respublikasının prezidenti Aleksey Orlov qəbul etmişdir. Görüş zamanı iki xalq arasında dostluq və qardaşlıq münasibətlərindən söz açılmışdır. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı görülən genişmiqyaslı işlərdən və Heydər Əliyev Fondunun fəaliyyətindən danışmışdır.
Azərbaycanda reallaşdırılan islahatları, həyata keçirilən quruculuq işlərini yaxından izlədiyini bildirən Kalmıkiya Respublikasının prezidenti cənab İlham Əliyevlə eyni vaxtda Moskvada təhsil aldıqlarını və sıx dostluq münasibətlərinin olduğunu xatırlatmışdır.
Ulu öndərin hakimiyyəti dövründə Azərbaycanda görülən işləri yüksək qiymətləndirən Kalmıkiya prezidenti fəaliyyətində ümummilli liderin ideyalarından bəhrələndiyini də diqqətə çatdırmışdır.
Görüşdə Kalmıkiya prezidenti Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən dahi rəhbər Heydər Əliyevin xatirəsinə təsis edilən “Əbədi lider” qızıl döş nişanı və Fəxri fərmanla təltif olunmuşdur. Kalmıkiya Muxtar Respublikasının prezidenti Aleksey Orlova həmçinin ulu öndərin portreti əks etdirilən xalça hədiyyə edilmişdir.
Səfər şərçivəsində Kalmıkiya Respublikasının Milli Muzeyində Heydər Əliyev guşəsinin açılması ilə bağlı razılıq əldə olunmuşdur. R.Məmmədovun sözlərinə görə, guşə geniş bir sahəni əhatə edəcəkdir. Burada ümummilli liderin Azərbaycana müxtəlif dövrlərdə rəhbərliyindən bəhs edən foto-stendlər, sənədlər yerləşdiriləcəkdir. Eksponatlar muzeyə Bakıdan gətiriləcəkdir. Bu məqsədlə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi tərəfindən muzeydə hazırlıq işlərinə başlanılması üçün nümayəndəliyin rəhbəri Raqif Abbasova müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycan nümayəndə heyəti Kalmıkiyada dini məbədi olan Prumu da ziyarət etmiş, buradan zəngin təəssüratla ayrılmışdır.
Qonaqlar prezident Aleksey Orlova qarşıdan gələn prezident seçkilərində uğurlar diləmiş, seçkidən sonra Kalmıkiyaya yenidən səfər edəcəklərini bildirmişlər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 5
iyul.- S.6.