Azərbaycan Xalq Cümhuriyyəti dövründə
polis orqanlarının təşkili və fəaliyyəti
Şərqdə ilk demoktarik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə Azərbaycan Milli Şurasının qərarı ilə yurdumuzun dövlət müstəqilliyini elan etdikdən sonra, elə həmin gün Fətəli xan Xoyski başda olmaqla, ilk Müvəqqəti hökuməti təsdiq etmişdir. Həmin kabinetdə Fətəli xan Xoyski, eyni zamanda, daxili işlər naziri təsdiq olunmuşdur. Lakin müvəqqəti hökumət mühacirətdə – Tiflisdə təşkil edildiyindən Daxili İşlər Nazirliyinin yerli orqanlarının yaradılması burada mümkün olmamışdır.
1918-ci ilin
iyun ayının 16-da Azərbaycan Milli Şurası və Müvəqqəti
hökuməti Tiflis şəhərindən
Gəncəyə köçmüşdür.
Bu
vaxtdan cəmiyyətdə asayişin
qorunması, ictimai təhlükəsizliyin
təmin edilməsi və cinayətkarlığa qarşı
mübarizə aparılması sahəsində polis
vahid mərkəzləşdirilmiş
hüquq-mühafizə orqanı kimi əhəmiyyətli
rol oynamışdır.Təbii ki, Azərbaycanda polis
orqanları birdən-birə yaranmamış, digər dövlət qurumları kimi,
polis orqanları da özünün təkamül prosesini
keçirmişdir. Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin
Müvəqqəti hökumətinin təşkil edildiyi gün – 28 may 1918-ci il tarixdə təsis edilsə də, onun aparıcı struktur qurumu olan polis
orqanları bir qədər sonra Gəncədə
yaradılmışdır.
1918-ci il
iyunun 24-də Azərbaycan Xalq
Cümhuriyyətinin Milli hökuməti
“Hökumət müəssisələrinin öz
vəzifələrini tərk etmiş
qulluqçuları haqqında” 178 nömrəli qərar vermişdir. Qərarda bütün nazirliklərə (o
cümlədən DİN-ə) tabeliklərində olan idarələr üzrə hökumət məlumatı
hazırlamaq tapşırılır. Çarizm
və onun devrilməsindən sonrakı
dövrlərdə Azərbaycandakı hökumət müəssisələrində
xidmət edən, lakin hazırda işə
çıxmayan qulluqçulara, o cümlədən polis
orqanlarındakı əməkdaşlara iyulun
1-dən işə çıxmaq təklif olunurdu.
Həmin qərarda yeni yaradılacaq polis
orqanlarının tərkibinə daha çox azərbaycanlıların qəbul
edilməsi nəzərdə tutulurdu.
Bu qərarın həyata keçirilməsi
məqsədilə Azərbaycan hökuməti Daxili
İşlər Nazirliyinin məruzəsi
üzrə 2 iyul 1918-ci ildə xüsusi bir qərar vermişdir. Gəncə quberniyası polisinin yeni ştatları
təsdiq olunmuş və əmək
haqqı da əvvəlki dövrlərlə
müqayisədə artırılmışdır. Qərara əsasən, quberniyanın şəhər
və qəzalarında polis rəisləri,
onların böyük və kiçik köməkçiləri, sahə və
şəhər polis pristavları və milis nəfərləri təsis olunmuş, yeni əsaslarla
fəaliyyət göstərməyə
başlamışdılar. 80 il sonra Prezident Heydər
Əliyev müstəqil Azərbaycanda polis
orqanlarının faktiki yaradılması tarixi olaraq məhz həmin
günü- 2 iyulu 24 may 1998-ci il tarixli fərmanla Azərbaycan Polisi
Günü elan etmişdir.
Azərbaycan
Xalq Cümhuriyyəti digər dövlət
qurumları kimi, polis
orqanlarının inkişafı üçün,
konkret halda, onun maddi-texniki
bazasının möhkəmləndirilməsi, Daxili
İşlər Nazirliyinə əlavə ştat
vahidlərinin verilməsi, polis əməkdaşlarının
əmək haqlarının yüksəldilməsi üçün vaxtaşırı olaraq səmərəli,
məqsədyönlü tədbirlər görmüşdür.
Azərbaycan
hökuməti bacardığı qədər Daxili
İşlər Nazirliyinin mərkəzi və
yerli orqanlarının təşkilatı
və strukturca inkişafı, təkminləşdirilməsi
üçün maliyyə-büdcə xərclərini
artırırdı. Bu, DİN-nin
yerli strukturlarının təşkili üçün imkan verirdi. Məsələn,
1918-ci il sentyabrın sonu
- oktyabrın əvvəllərində Bakıda İçərişəhərdə
polis məmurları hazırlayan (qorodovoy) məktəbləri
açılmışdı. Onun müdiri podpolkovnik Şükür bəy Yüzbaşski
idi. Bu məktəbin
təşkilində daxili işlər naziri əvəzi, polis general-mayoru Məhəmməd Sadıq bəy
Ağabəyzadənin böyük rolu olmuşdur. Hökumətin 14 fevral 1919-cu il tarixli qərarı ilə
baş verən cinayətləri istintaq etmək və xidməti vəzifələrindən
sui-istifadə etməyə qarşı mübarizə məqsədilə
daxili işlər naziri
yanında Təftiş-İstintaq Komisiyası da
yaradılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti
7 aprel 1919-cu ildə “Daxili
İşlər Nazirliyi
qulluqçularının saxlanılması xərclərinin
müvəqqəti artırılması və əlavə bir sıra yeni şatat vahidlərinin verilməsi haqında” Qanun qəbul etmişdir. Həmin qanunun 5-ci maddəsinə
əsasən, vəzifə maaşlarının
artırılması dövlət idarələrində xidmətlərini
dayandırmış şəxslərə tətbiq olunmurdu. 6-cı maddəyə əsasən,
xidməti at saxlayan
Bakı-Balaxanı-Sabunçu polismeysterliyində ayda 600 rubl, ildə isə
7200 rubl ayrılmışdı. Dövlətin
digər yerlərində isə heyvan yemi üçün pul o halda ayrılırdı ki, həmin qurumların atları olsun.
Qanunun 9-cu maddəsinə əsasən, səfər
üçün qəza rəislərinə
ildə 8400 rubl, rəis köməkçiləri
üçün 4200 rubl,
sahə pristavlarına 3000 rubl, onların
köməkçilərinə isə 1800 rubl
ayrılması təsdiq olunurdu. Qeyddə
göstərilirdi ki, atlar
üçün yemə görə pul alanların gediş və
gəliş üçün pul almaq hüququ
yoxdur.
Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti
dövründə xüsusi təyinatlı
polis qurumlarının təşkili təcrübəsindən
də istifadə etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin
parlamenti polis fəaliyyətinin
xüsusiyyətini və gizli şəraiti
nəzərə alaraq, 22 dekabr
1919-cu ildə “Balaxanı-Sabunçu rayonunda
vergi polisi təsis etmək
haqqında” Qanun qəbul etmiş
və bu qurumun ştat vahidlərini də təsdiq etmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti polis
orqanlarının idarə olunmasının təkmilləşdirilməsinə
də biganə qalmamış, onların fəaliyyət xüsusiyyətlərini
nəzərə almaqla, konkret
şəraitdən asılı olaraq müvafiq qərarlar qəbul etmişdi.
Hökumət “Yelizavetpol (Gəncə
şəhəri) şəhər polisinin
müvəqqəti olaraq Yelizavetpol
qubernatorluğunun idarəçiliyinə
keçirilməsi haqqında” 27 iyun
1918-ci ildə qərar qəbul etmişdi.
Hökumət Yelizavetpol quberniyası polisinin ştatları və vəzifə
maaşları haqda 2 iyul
1918-ci il tarixdə müvafiq
qərar qəbul etmişdi. Qərara görə, Yelizavetpol
şəhər polismeystri üçün
aylıq vəzifə maaşı 650 rubl,
rəisin böyük köməkçisinin
550 rubl, rəisin kiçik
köməkçisinin aylıq vəzifə maaşı 500 rubl, yeddi pristavın hər
birinin vəzifə maaşı 375,
onların yeddi köməkçisinin hər birinin aylıq vəzifə
maaşı 300 rubl müəyyən edilmişdi. 36 sıravi polisin
hər biri üçün
aylıq vəzifə maaşı 300 rubl,
70 nəfər sıravi milisin hər birinin aylıq vəzifə maaşı 260 rubl, 20 nəfər atlı milis
nəfərlərinin vəzifə maaşı 260 rubl müəyyən edilmişdi.
Müvəqqəti
hökumət polis işçilərinin əmək
haqlarının vaxtaşırı artırılmasında onu əsas götürürdü
ki, bu, onların gələcəkdə
vəzifələrindən tamah niyyəti
ilə sui-istifadə etmə hallarının
qarşısını almaqda önəmli
rol oynaya bilər.
Konkret peşəsi olmayan şəxslərin
Bakıda ictimai asayişi
və müəyyən edilmiş qayda-qanuna təhlükə törətməsini
nəzərə alaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər
Şurası 25 aprel 1919-cu ildə
“Bakı şəhərinin konkret peşəsi
olmayan şəxslərdən təmizlənməsi
haqqında” qərar qəbul
etmişdi. Qərarda
Bakı portuna yeni gəlmiş
sərnişinlərin şəxsiyyət vəsiqələrinin,
həmçinin dəmir yolları nazirliyinə də dövlət
sərhədlərində ölkəyə gələn sərnişinlərin
buraxılış vəsiqələrinin yoxlanılmasına
nəzarətin artırılması
tapşırılmışdı.
Polis orqanlarının xidməti fəaliyyətlərinin daha da
yaxşılaşdırılması məqsədi ilə Nazirlər Şurası Bakı polisinin ştat vahidlərinin
artırılması üçün onun büdcəsinin əlavə olaraq 5 689 200 rubl
artırılması haqqında 11 iyun
1919-cu ildə qərar qəbul etmişdi.
Azərbaycan
Xalq Cümhuriyyətinin parlamenti
ayrı-ayrı idarələrdə işləyən vəzifəli
şəxslərin cinayətlərini və vəzifələrindən
sui-istifadə hallarının qarşısını almaq üçün 27 iyul 1919-cu ildə “Müxtəlif idarələrdə
cinayətlərin və sui-istifadə hallarının istintaqının aparılması üçün
xüsusi təftiş-istintaq
komissiyasının yaradılması barədə” Qanun da qəbul etmişdi.
Müvəqqəti
hökumət Bakı şəhərinin qubernatoru
və şəhər rəisinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması üçün 1919-cu ilin
xərclərinin artırılmasını da
yaddan çıxarmamış, bu haqda 11 noyabr
1918- ci il tarixdə müvafiq qərar qəbul etmişdi. Qərarın 4-cü bəndinə əsasən,
Bakı şəhər qubernatoru və
şəhər rəisinə dövlət hesabına
qızdırılan və işıqlandırılan mənzillərin
verilməsi nəzərdə tutulmuşdu.
Azərbaycan
Xalq Cümhuriyyətinin Parlamenti
Daxili İşlər Nazirliyinin
aparatında icra
intizamının daha da
təkmilləşdirilməsi və möhkəmləndirilməsi
üçün 4 mart
1920-ci ildə “Azərbaycan Daxili
İşlər Nazirliyi aparatının ştat vahidlərinin artırılması
haqqında” Qanun qəbul etmiş,
nazirliyin dəftərxanasına əlavə 8 qulluqçunun verilməsi ilə əlaqədar
xərclərin 114 min 275 rubl
artırılmasını qərara almışdı. Hələ
bundan əvvəl Nazirlər Şurası
27 iyul 1918-ci ildə “Köçərilərin
qorunması, Şuşa və Zəngəzur
qəzalarında qayda-qanunun bərpa edilməsi
barədə” qərar qəbul etmiş,
Daxili İşlər Nazirliyinin
sərəncamına əlavə olaraq 125
000 rubl ayırmışdı.
Xalq Cümhuriyyətinin Nazirlər Şurası 14 sentyabr 1918-ci ildə “Gəncə
quberniyasında bolşeviklərin
anarxiyası dövründə vurulmuş
ziyanın aydınlaşdırılması haqqında” (aprel 1918-ci il– iyul 1918-ci il dövrü nəzərdə tutulur-
İ.A.) qərar qəbul etmiş və Daxili İşlər Nazirliyinə əkinçilik,
ədliyyə, maliyyə nazirliklərinin nümayəndələrinin komissiyanın tərkibinə
daxil edilməsi təklif olunmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətdə olduğu dövrdə ölkənin
ayrı-ayrı bölgələrində qayda-qanunun,
ictimai asayişin, o cümlədən milli
münasibətlərin tənzimlənməsi üçün Daxili
İşlər Nazirliyinin imkanlarından
istifadə etmişdir. Belə
ki, Qazax qəzasında
azərbaycanlı, erməni və gürcü
millətləri arasında yaranmış münaqişələri
tənzim etmək və bu sahədə yerli hakimiyyət orqanlarının fəaliyyətini
müşahidə etmək məqsədilə 17 fevral 1919-cu il tarixli qərarla Qazax qəzasında Daxili
İşlər Nazirliyinin fövqəladə
müvəkkili vəzifəsi təsis edilmişdi.
Hökumət
Daxili İşlər Nazirliyi
orqanlarının şəxsi heyətinin daha
da gücləndirilməsi və nəticə
etibarı ilə DİN orqanlarına işə yeni qəbul olunmuş əməkdaşların
çağırışı ilə əlaqədar “Daxili İşlər Nazirliyinə xidmətə
yeni çağırış ilə qəbul
ilə əlaqədar əlavə vəsait ayrılması barədə” 28 aprel 1919-cu il tarixində qərar
qəbul etmişdir. Qərarda bu məqsədlə Daxili
İşlər Nazirliyinin sərəncamına
əlavə 25 000 rubl
ayrılmışdı.
Hələ
o zaman Avropa
təcrübəsinə müvafiq olaraq, Azərbaycan Xalq
Cümhuriyyəti Nazirlər Şurasının 11 avqust 1919-cu il tarixli qərarı ilə bütün
türmələr Daxili İşlər
Nazirliyindən alınıb Ədliyyə Nazirliyinin
tabeliyinə verilmişdi.
Bütün bu
sadaladığımız qanun və qərarlardan
görünür ki,
Azərbaycan Xalq Cümhuriyyənin parlamenti və hökuməti polis
orqanlarının və bu qurumların əməkdaşlarının
maddi təminatlarının
artırılması, fəaliyyətinin təkmilləşdirilməsi
üçün nə mümkünsə etmişdir. Daxili İşlər Nazirliyi
isə ilk milli polis orqanlarının formalaşması üçün nə lazımdırsa etmişdir.
Ümummilli lider Heydər
Əliyev bütün bunları nəzərə
alaraq demişdir:
“Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə
yaranmış Xalq Cümhuriyyətinin varisidir”. Azərbaycan polisi
isə Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyinin aparıcı qurumu kimi Azərbaycan Xalq Cümhuriyyətinin polis
orqanlarının şanlı ənənələrini bu gün də davam etdirir və daha da təkmilləşdirir.
İlham ABBASOV,
Ədliyyə Nazirliyi
Ədliyyə Akademiyasının baş
müəllimi,
hüquq üzrə fəlsəfə doktoru,
baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi
Xalq qəzeti.- 2014.- 6 iyul.- S.4.